Alim Qasımov 2000 tamaşaçı qarşısında
vəsiyyətini etdi:
"Mən öləndə..."
İyunun
18-dən Bakıda başlanan
“Muğam aləmi” VI Beynəlxalq Musiqi festivalının ilk konserti
“Alim Qasımov və onun qonaqları” adlanırdı...
Əslində, dünyanı sənəti
ilə heyran qoymuş, onlarca beynəlxalq festivala fəxri qonaq kimi qatılmış ustad Alim Qasımov 2 saatlıq gecəni şəxsən özü
və şən əhvalla idarə etdi. Salamlaşması, orijinal təqdimatları, xarici qonaqlarla “him-cim” söhbəti,
musiqi nömrələrinə
verdiyi məzəli şərhləri ilə tamaşaçını xeyli
güldürdü. Yəni
böyük festivalların
rəsmiyyətdən uzaq, improvizə
ovqatını Azərbaycanın
ən böyük səhnəsində hamımıza
yaşatdı...
Müasir
zövqlərə uyğun,
başlığa çıxardığım
hadisə isə bəlkə bir neçə dəqiqə
içində baş
verdi. Olsun ki, bunun özü də Alim müəllimin qurduğu dramaturgiyaya daxil idi. Axı
qədim Muğamın
dərin elmi yalnız
həssas, duyğulu, kövrək, yumşaq qəlblərə enir...
“Fərqanə xanım Azərbaycanda çoxdan unudulmuş Nəva muğamının yaddaşlara
qayıtması üçün
bu işi dərindən bilənlərlə
bərabər çox
çalışdı. Nəvada
bir şöbə
var, “Gəvəş”, onu
ilk dinləyəndə qızıma
dedim ki, vəsiyyətimdir,
öləndə məni
bu musiqi ilə yerdən götürün...”
Fərqanə oxudu, hamımızı
yerdən götürdü,
uzaqlara apardı. Muğamda zaman-məkan sərhədləri silindiyindən,
onun yaratdığı
hüzn də ruhun
yüksəlişinə vəsilə
olur...
Sizə
konsertin proqramı barədə heç nə yaza bilməyəcəm.
Çünki izlədiyimiz
tamaşada fraqmentlərin
əlaqəsi elə mükəmməl qurulmuşdu
ki, nömrələri birləşdirən
“vergüllər” konsertin
sonundakı “nöqtə”
ilə tamamlandı. Bir də gördük ki, hindistanlı,
türkiyəli, əfqan
qonaqlar da bizimkilərlə
bərabər təzim
edirlər, dağılışmaq
vaxtıdır. Tək
muğamın deyil, improvizənin də ustadı olan Alim müəllim hər lokal məkanın özünə məxsus fərdiyyəti, üslub xüsusiyyətləri arasındakı
fərqi aradan qaldırıb. Sənətdə
elə bir əmin-aman körpü
salıb ki, üstündən
keçəndə musiqidə,
ladda, ritmdə hansı qədim qaynağın hardan baş aldığını,
bir-birinə harada qovuşduğunu unutmusan.
Buna ilahiyyatda “vəhdətdə
kəsrət” deyirlər
– yəni kəsimlərin
vəhdətə gəlməsi!
Məsələnin məğzi
ondan ibarətdir ki, əgər ünvan eynisə - İlahi
Həqiqət axtarışına
yönəlibsə, müqəddəs
yola çıxanlar arasında kəskin fərqlər dərhal aradan qalxır. Etnik musiqidə də – harayın, nalənin, Tanrıya xitabın bir dildən, bir haldan başqasına necə, harada, nə vaxt keçdiyini
necə müəyyən
etmək olar?..
“Biz aləti kökləyəndə
qorxudan tələsirik,
birdən yorulub hirslənərsiz. Hətta
o vaxt toylara gedəndə gülməli
irad tutanlar da vardı: evdə kökləyib gələydiz
də... Amma bunların
heç nə veclərinə deyil, lazımdırsa, lap səhnədə
də yarım saat rübab kökləyəcəklər... Əlbəttə, axı alət də insan kimidir...” Alim müəllim bunu deyərək yanında
oturub alətinin “könlünü alan” əfqan musiqiçiyə
(Daud Khan Sadozal), hindistanlı
tablo ifaçısına
(Pradhu Edvard) hörmətlə
baxır. Sonra Şərqin
meditativ ahənginə
“Şirvan şikəstəsi”nin
dinamikasını qatır,
bu əsnada bütün alətləri
ehtiyatla dindirir, danışdırır...
Sonra türkiyəli xalq musiqisi sənətçisi
Senem Akdemirlə qızı Fərqanəni
eşqlə, vəsf söyləyərək səhnəyə
dəvət edir...
Sonra Kanadada yaşayan, muğamın plastik biçimini təqdim edən ...sanki göz qabağında dirilmiş marionet, ya hava balonu tək
muğamdan nəfəs
alaraq hərəkətə
gələn xoreoqraf Əlirza Saşarın sufiyanə rəqsinə müşayiət verir...
Sonra nəvəsi Alim Qasımovu
səhnəyə çağırıb
həm söz, həm də ruh verərərk həvəsləndirir. Onun
qəzəlini ağzından
alıb təkrar edən varisinə jestlərlə çiyinlərini,
əllərini hərəkət
etdirrməyin də vacibliyini xatırladır.
Bəs nə?! Plastika işin bəlkə tən yarısıdır.
Odun parçası kimi səhnədə oturub muğamı içindən – damarlarından,
əzəzlələrindən keçirməyənin ürəyindən
nə süzülə
bilər?..
Belə.
Yeni dövrə uyğun,
çağırıcı sərlövhə ilə başladığım mətni
yenə müasir tələblər üzündən
tez tamamlamağın vacib olduğunun fərqindəyəm. Ona görə
də...
Məni konsertə dəvət etmiş əzizim Fərqanəyə minnətdarlıq mesajni elə burdan paylaşım, yazı da bitsin: “Ustadın bircə kəlmə belə danışmadan, minlərcə insanı Muğam aləminə səyahətə apardığı dahiyanə çıxışlarını çox görmüşük. İndi, 65 yaşa çatmış Sənətkarın səhnədən ötürdüyü enerji, əminəm ki, nəinki dünənki gecəyə, hətta festivalın bir həftəsinə də yetər. Bu belədir. Yolu doğru, məqsədi sabit olan insanlardan illər nəsə alırsa, əvəzində daha çoxunu verir. Bilirəm ki, Alim müəllimin vəsiyyəti səni çox kövrəltdi. Darıxma, əzizim, Ustadların səsi, izi aləmlərdə qalır, heç vaxt itmir, silinmir. Sən də, mən də bilirik ki, bu dünyada kimsə Alim Qasımovun nə vaxtsa öləcəyinə inanmaz...”
Sevgilərlə,
Lalə
525-ci qəzet.- 2023.- 20 iyun.- S.8.