"35 il sonra"nın doğurduğu suallar cavablar

 

 

Teatr insan hisslərinin, duyğu düşüncələrinin, yaşantılarının səhnədəki əksidir. Eyni səhnədə roldan-rola girən, biçimdən-biçimə düşən aktyor isə tamaşaçılar üçün çox sevilən, əlçatmaz, bəxtəvər bir insan təsiri bağışlayır. Ancaq kimsə aktyorun səhnə arxasındakı həyatından, o rolu oynayarkən keçirdiyi duyğulardan, beynini qəlbini məşğul edən, yoran qayğılardan xəbərdar deyil. Həm bu onun nəyinə lazımdır ki?! Tamaşaçı teatra tamaşaya aktyorun oyununa baxmağa gəlir, onun şəxsi həyatının qaranlıq məqamları ilə maraqlanmağa yox... Amma əgər o qaranlıq məqamlar aktyorun səhnədəki ifasına, lap elə obrazına təsir edirsə, necə..?

Bütün bunları iyunun 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ikən düşünməyə bilmirdim. Gözüm səhnədə, fikrim, xəyalım isə çək-çevir etdiyim sualların yanında idi. Yox, mən o səhnədəkilərə etinasız deyildim. Əksinə, məni bu sualları verməyə cavab axtarmağa vadar edən elə o səhnədə gördüklərim idi.

Həmin gün Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun "İllüziyaçılar" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçirilirdi. Yəqin ki, tamaşanın qəhrəmanının bir aktyor olduğunu deməyimə ehtiyac qalmaı.

Səhnə əsərində bəhs olunan mətləblərə keçməzdən öncə qeyd edim ki, "ArtStudiya"da hazırlanmış yeni tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Əməkdar artist Elnur Bəhramxan (həkim), aktyorlar Kərəm Hadızadə (Kazımir Kant), Zümrüd Quliyeva (Şarlotta) ifa edirlər.

Rejissor Müşfiq Əliyev həm əməkdaşı olduğum Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dram rejissorluğu ixtisası üzrə 3-cü kursunda təhsil alır. Yəni, bu baxımdan da onun işi mənimçün xüsusi maraq doğururdu.

Birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir.  Kazimir Kant Şekspirin əsərlərinin vurğunu mahir ifaçısıdır. Amma o, sənətdə layiq olduğu dəyəri görməyib, arzuladığı uğurları qazanmayıb. Buna mane olan isə onun istedadsızlığı, ya da qeyri-peşəkarlığı deyil, daxilindəki təlatüm, üsyandır. O, həyatını rolları ilə bütünləşdirmiş, özünü bir növ obrazlarının həyatına pərçimləmiş aktyordur. Çünki o öz şəxsi həyatındakı uğursuzluqlarını psixoloji şəkildə məhz bu yolla dəf edir. Həyatda etiraf etməyə qorxduğu, ürəyinin ən dərin yerində basdırdığı hisslərini səhnədə obrazlarının dilində, yaşantılarında üzə çıxarır. Məsələn, Şekspirin "Kral Lir" əsərinin sonundakı monoloqu aktyorun, əslində, öz ömrünə üsyanıdır. Tamaşaçı bunu aktyorun peşəkarlığı kimi qəbul edirsə , onların içindəki çox az insan dərinlikdə basdırılmış duyğuların fərqinə varır.

Kazimir Kantın qızı qucağında ölən obrazını canlandırarkən hisslərini isə təkcə Şarlotta başa düşür. O Şarlotta ki, dramaturqdur yazdığı əsərdəki Tanrı obrazını məhz Kantın oynaması arzusundadır.

Özünü qətiyyən uğurlu aktyor hesab etməyən, elə hey böyük ehtirasla öz uğursuzluğundan, teatr səhnəsində uzun, çox uzun illər yelə verdiyi ömürdən, oynamağı arzulayıb da heç vaxt qismət olmayan rollardan danışan Kant gənc dramaturq qızın onu Tanrı kimi görmək istəyini başa düşmür. Şarlotta isə öz istəyində arzusunda israrlıdır o, hər vəchlə Kantı uğursuz aktyor olmadığıan, əksinə, çox istedadlı peşəkar olduğuna inandırmağa çalışır. Axı, onun "Kral Lir" əsəri qızı qucağında can verərkən söylədiyi monoloq Şarlottanı ağlatmışdı. Əgər Kant istedadsız olsaydı, Şarlotta onun bu monoloquna ağlayardımı?

Ancaq yox! Kant bununla heç cür razılaşmır Şarlottanın israrını anlamaqda çətinlik çəkir.

Tamaşanın maraqlı məqamlarından biri həkimlə Şarlottanın söhbətləridir. Bu, sanki ədəbiyyatla, sənətlə dəqiq elmlərin qarşılıqlı müzakirəsini, bəzi məqamlarda mübahisəsini xatırladır. Həkim elmin, texnologiyanın, riyaziyyatın önəmindən danışdıqca Şarlotta teatrın, ədəbiyyatın insan həyatındakı vacibliyini müdafiə edir hissin, duyğunun, qəlbin hər şeydən öndə olduğunu vurğulayır. Bəşəriyyət yaranandan mövcud olan mübahisə bu sayədə tamaşada da özünün çox maraqlı əksini tapır.

Sonda isə hər kəs ətəyindəki daşları tökür. Şarlotta öz yazdığı pyesinin həyatını əks etdirdiyini, Kant da "Kral Lir" əsərindəki monoloqda varlığını bilib, üzünü görmədiyi qızını xatırladığını etiraf edir. Axı Kant iki dəfə evlənmişdi bir qızı vardı. Ancaq o, indi yetkin bir qadın olan qızını heç zaman görməmişdi. Ta ki o günə qədər...

Şarlotta onun qızı olduğunu etiraf edir bununla tamaşaçı anlayır ki, niyə o, öz pyesindəki Tanrı rolunda məhz Kazimir Kantı görməkdə bu qədər israr edirmiş. Bir övlad üçün atasından böyük Tanrımı var?!

Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm xoşbəxt olur. Müəllif ata qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.

Bəli, ailə, doğma əlaqələr insan həyatının təməlini yaradan əsas strukturdur. Əgər o təməl sarsılıbsa, Kant kimi uğursuz aktyor, Şarlotta kimi bədbin dramaturq olmaq qaçınılmazdır.

Fikrimcə, maraqlı qeyri-adi rejissor yozumu, peşəkar aktyor ifası fərqli mövzusu ilə "35 ildən sonra" tamaşası hələ uzun müddət teatrın repertuarında qalmaqda davam edəcək. Bu gözəl səhnə işi münasibəti ilə yaradıcı kollektivi təbrik edir, uğurlar arzulayırıq!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 21 iyun.- S.13.