Böyük kişinin böyük oğlu
ƏLİƏKBƏR BƏY
ƏLİMƏRDAN BƏY OĞLU TOPÇUBAŞI
Böyük millətlər özlərinin
görkəmli insanlarının
nəinki özünün,
nəinki ailə üzvlərinin, hətta
dost-tanışlarının da həyatını ən incəliyinədək öyrənərək
soydaşlarına tanıdırlar.
Təəssüf ki, bizim
Azərbaycanda durum başqadır.
İstənilən ən
tanınmış şəxsiyyətimizi
götürsək, onun
yalnız özü haqqında bilgi əldə edəcəyik.
"1920-ci ilədək ali
məktəblərdə oxumuş
azərbaycanlılar" çoxcildliyimizi
hazırlayarkən məşhurlarımızın
bir çoxunun ya anasının, ya həyat yoldaşının,
ya da övladlarının
hətta adını belə heç bir qaynaqdan tapa bilmədik. Təsadüfən
adı öyrənmək
mümkün olarsa da,
şəxsin doğum-ölüm
illəri, təhsili və fəaliyyəti barəsində məlumat almaq əlçatmaz arzuya dönür. Bu dediyimiz, nə yazıq ki, Azərbaycan Cümhuriyyətinin (1918-1920) istisnasız
olaraq bütün qurucularına, o sıradan
Əlimərdan bəy
Topçubaşıya, onun
ailə üzvlərinə
də aiddir. Doğrudur, bu çox nəhəng şəxsiyyətə həsr
olunmuş olduqca qiymətli monoqrafiyalar, hədsiz məqalələr
ortaya qoyulub, ancaq onlarda yalnız
Əlimərdan bəyin
özü araşdırılıb,
ailə üzvləri
isə kölgədə
qalıb. Məsələn,
bu gün Azərbaycan oxucusunun Əlimərdan bəyin
(1863-1934) yoldaşı Pəri
xanım (1873-1947), övladları
Əliəkbər bəy
(1896-1977), Sara xanım (1899-1982), Rəşid bəy
(1901-1926), Sevər xanım
(1903-1977-dən sonra) və
Ənvər bəy
(1912-1977-dən sonra) haqqında
nə qədər bilgisi var? Təəssüf
ki, çox az. Bu yazı
çağdaş Azərbaycan
tarixində ən
BÖYÜK KİŞİlərdən biri olan Əlimərdan
bəyin sözün həqiqi və məcazi mənasındakı
böyük oğlu Əliəkbər bəyin
ömür yolunu xalqımıza tanıtmaq
yolunda ilk ciddi təşəbbüsdür. Xatırladırıq
ki, burada əksini tapmış bütün bilgilər yalnız sənədli qaynaqlara söykənir.
ÖZÜNÜN
YAZDIĞI YARIMÇIQ TƏRCÜMEYİ-HALI
15 (27) sentyabr 1896-cı ildə Tiflisdə dünyaya gəlmiş Əliəkbər
bəyin Moskva arxivindən
üzə çıxardığımız
tələbə şəxsi
işində onun Bakıda öz əli ilə 26 iyun 1913-cü ildə yazdığı 5 səhifəlik
geniş özkeçmişi
(tərcümeyi-halı) saxlanılır.
Ömrünün yalnız
ilk 17 ilini əhatə
edən bu sənədi qısaltmadan
öz tərcüməmizdə
oxuculara təqdim edirik:
"Mən 15 sentyabr 1896-cı
ildə Bakı şəhərində doğulmuşam;
elə həmin vaxt atam məhkəmə
sistemində işini tərk edib andlı vəkillər təbəqəsinə daxil
olaraq buraya Tiflis şəhərindən gəlmişdi.
Tiflis şəhəri həm
atamın, həm də bizim bəy
nəslindən olan bütün Topçubaşovlar
familiyasının vətəni
idi. Hələ gürcü çarları
zamanında əcdadlarımdan
biri - ulu babam Əlimərdan bəy Tiflisin qala hissəsinin
hakimi təyin edilmişdi və onun Gəncə (indiki Yelisavetpol) xanı, ulu babamın qohumu Cavad xan'la
danışıqları zamanı
gürcü hökumətinə
göstərdiyi xidmətlərə
görə gürcü
çarı Georgi'dən
"Topçubaşı" rütbəsi almışdı.
Bu türk sözü
hərfi tərcümədə
"topçuların başçısı",
indiki anlamla "topçular rəisi" deməkdir.
H.Z.Tağıyevin Aleksandra qız
rus-türk məktəbinin
açılışı günü (1901-ci il). Soldan. Orta
cərgə: 1) Fərrux
bəy Vəzirov – məktəbin Hamilər Şurasının üzvü,
2) A.Txorjevski – Bakı
valiliyi və Dağıstan əyaləti
xalq məktəblərinin
müdiri, 3) Məryəm
xanım Sulkeviç
– məktəbin müəllimi,
4) Sona xanım Tağıyeva
– məktəbin Hamilər
Şurası sədrinin
müavini, 5) Hacı Zeynalabdin Tağıyev – məktəbin qurucusu və Hamilər Şurasının sədri,
6) Hənifə xanım
Məlikova – məktəbin
müdiri, 7) Sara xanım
Xuramoviç-Talışinskaya – məktəbin müəllimi,
8) Həsən bəy
Məlikov-Zərdabi – məktəbin
Hamilər Şurasının
üzvü, 9) Pəri
xanım Məlikova-Topçubaşova,
10) Əlimərdan bəy
Topçubaşov – məktəbin
Hamilər Şurasının
üzvü, 11) Əliəkbər
bəy Topçubaşov
(atasının qucağında).
Rus hakimiyyətinin Qafqazda bərqərar olması ilə familiyamızın bir neçə üzvü dövlət qulluğuna, özü də, əsasən orduda qulluğa keçdi, çünki Qafqazdakı imtiyazlı siniflər üçün,
özəlliklə müsəlmanlar
arasında XIX yüzilin
ikinci yarısınadək
hərbi xidmət ən cəlbedici sayılırdı. Özəlliklə
Zaqafqaziya bəylərinin
oğulları Əlahəzrətin
qarovulunda (konvoyunda) qulluğa can atırdılar.
Bu qarovulun tərkibi hər dörd ildən bir yenidən yığılır,
xidmətini başa vurmuş qarovulçu milis zabitliyinə keçirilirdi. Babam və əmim belə zabitlərdən idi; özü də, babam Əliəkbər bəy Varşava süvari alayında hərbi xidmətini davam etdirib. Ancaq istisnalar da olub, məsələn, ulu babam
(ruscası: "dvoörodnıy
deduşka" - M.M., Ə.T.) Mirzə Cəfər Topçubaşov ötən
yüzilin 40-60-cı illərində
S.Peterburq Universitetində fars dili professoru olub; müxtəlif fakültələr üzrə
ən yaxşı əsərlərə görə
mükafat vermək üçün orada ölümündən sonra
sərmayə qoyub gedib. O, Gizli Müşavir çininədək
yüksəlib, İmperator I Nikolay'ın özəl iltifatından yararlanıb
və heç yana çıxmadan, demək olar ki, 40 il yaşadığı Peterburqda
vəfat edib. Həmin Peterburq Universitetində hüquq fakültəsini atam Əlimərdan bəy bitirib. O, bu Bakı qəzetlərinin keçmiş redaktor-naşiridir:
rus dilində "Kaspi" və "Bakinski Torqovo-Promışlennıy
Listok" və türkcə "Həyat";
Bakı Şəhər
Dumasının üzvüdür;
həm ümumi, həm özəlliklə
müsəlman işlərinin
hamısında iştirak
edib; 1906-cı ildə
Bakı şəhərində
Birinci Dövlət Dumasına üzvü seçilib, indi vəkildir.
Anası
Pəri xanım kiçik qardaş Ənvərlə (1920-ci il).
Müsəlmanlar arasında indinin
özündə də
alitəhsilli adamlar azdırsa, ziyalı müsəlman qadınlar və analar onlardan da azdır. Ancaq üzvü olduğum ailə bu sarıdan xoşbəxtdir. Anam Pəri xanım təhsilli valideynlərin qızıdır, Tiflis Müq.
Nina qadın məktəbində
oxuyub və orada kursu bitirib.
Elə bu məktəbdə anamın
anası, Şimali Qafqazda, Elbrus altında yaşayan "balkar" adlı kiçik bir xalqdan çıxmış
nənəm də (Hənifə xanım Abayeva-Məlikova (1856-1929) nəzərdə
tutulur - M.M., Ə.T.) təhsil
alıb. Nəhayət,
ana tərəfdən babam,
bütün Qafqazda publisist, müəllim və ictimai xadim kimi məhşur
olan Həsən bəy Məlikov-Zərdabi
müsəlmanlar arasında
ali təhsilin pioneridir və deyəsən, altmışıncı
illərdə Moskva Universitetinin
təbiiyyat fakültəsini
bitirmiş ilk müsəlmandır.
O, vətənə dönərək
türk dilində
"Əkinçi" qəzetini
nəşr etməyə,
orada ölkə müsəlmanları arasında
əkinçilik üzrə
sağlam anlayışlar
təbliğ etməyə
başladı, eyni zamanda, Bakı edadi (real) məktəbində
təbii tarixdən dərs dedi, ictimai səciyyəli bütün işlərdə,
özəlliklə maarif
sahəsində fəal
iştirak etdi, Qafqaz mətbuat orqanlarında çıxış
etdi və s.
Mən valideynlərimin və indi mərhum (1907-ci ildə) babamın (H.b.Zərdabi nəzərdə tutulur -
M.M., Ə.T.) qayğısı ilə əhatə olunaraq böyümüş,
tərbiyələnmiş və
oxumuşam. Həm atam, həm də babam birlikdə
başlıca olaraq
"Kaspi" qəzetində
çalışıblar; yuxarıda
dediyim kimi, onu mənim atam nəşr və redaktə edib. Redaksiyanın özü və mətbəə bizim mənzilin olduğu binada yerləşirdi. Mən gündən-günə
qəzetdə atamın
yanında yığıcılarla,
əməkdaşlarla üzləşirdim.
Onlara öyrəşdim
və tez-tez xidməti və redaksiya otaqlarına baş çəkməyə
başladım. Mətbəənin
yığıcıları və başqa işçiləri ilə
tezliklə rusca danışmağa başladım.
Mənə bunda o da kömək etdi ki, evimizdə doğma türk dili ilə yanaşı rus dilində də danışırdılar.
Artıq 4-5 yaşım
olanda rusca danışırdım; buna görə
məni hər cür əzizləyən
yığıcılara daha
çox borcluyam. Onlardan mətbəədə
tezliklə rus əlifbasının baş
hərflərini öyrəndim.
Öncə onların
yardımı ilə,
sonra isə müstəqil şəkildə
mətbəəmizdə iri
hərflərlə çap
edilmiş nə vardısa hecalayıb oxumağa başladım. Özəlliklə teatr və sirk afişalarını,
yaxud hər hansı müxtəlif ticarət-sənaye firmasının
elanlarını həvəslə
oxuyurdum. Mənim çox yaxşı hafizəm var və yaxşı xatırlayıram
ki, 6 yaşım olanda
bir tarix dərsliyindəki Rürik'dən
başlayaraq bütün
rus böyük knyazlarının və çarlarının portretlərinə
baxmaqla adlarını
deyirdim. Bir dəfə
bu biliyimlə Peterburqdan gəlmiş bir artist xanımı heyran etdim və
o, paytaxtdan mənə
üstündə "balaca
tarixçiyə" yazılmış
yaxşı sehrli bir fanar göndərdi.
İlk müəllimim anam
oldu. Yığım otağındakı əyani
dərslərdən sonra
əlifbanı mənimsəmək
və rusca sürətlə oxuyub-yazmaq
çətin olmadı.
Eyni zamanda atamın mənim üçün dəvət
etdiyi molladan (böyük ehtimalla Əliəkbər bəy ona türk dilini
öyrətmiş Əli
bəy Hüseynzadəni
nəzərdə tutub
- M.M., Ə.T.) doğma türk
dilini də öyrənirdim. Onun şəxsində türk
dili dərsləri ilə bağlı bu və ya
başqa tələblərini
yerinə yetirməyə
məni məcbur etmək hüququ olan kənar şəxsi ilk dəfə
görürdüm. Bəzən,
ola bilsin, mən mollanın sərt tələblərinə qarşı
etiraz edərdim, ancaq davranış tərzini bəyənən
valideynlərim həmişə
onun tərəfini saxlayırdılar. Ata-anamın
ilk oğlu olsam da və bütün istəklərim yerinə yetirilərək tam azad yaşasam da (mənə elə gəlirdi), müəllim-mollanın atamın
şəxsində dəstəklənən
tələbləri mənə
onun gücünü
hiss etdirirdi və istər-istəməz o tələblərə
tabe olurdum. Bu da, şübhəsiz, həyatımda
intizama tabe olmağın zəruriliyini
öyrədən ilk məqam
idi. O zamandan dərslərə və məktəbə girmək
üçün hazırlaşmağa
daha diqqətlə yanaşdım.
Sankt-Peterburq Arxeologiya-Numizmatika
Cəmiyyətinin qurucuları
(1848-ci il). Soldan. Oturanlar: Y.Y.Reyxel, Mirzə Cəfər Topçubaşov.
Arxada: İ.A.Bartolemey,
B.V.Köne, qraf A.S.Uvarov.
Valideynlərim məni Bakı
Edadi (Real) Məktəbinə
verməyi qərara aldılar. Onun binası bizə çox yaxın idi. Bundan başqa,
bir zamanlar orada müəllim olmuş mərhum babamın (H.b.Zərdabi
nəzərdə tutulur
- M.M., Ə.T.) adı bu
məktəb ilə bağlı idi. 9 yaşım olanda babam əlimdən tutaraq bu məktəbə
apardı və imtahan verərək birinci sinfə qəbul olundum. Yoldaşlarımdan hədsiz
kasıb müsəlman
vaizinin oğlu D.Q. ilə dostlaşdım. Bu
sinifdə başlanan dostluğumuz edadi məktəbdə kurs başa çatanadək davam etdi. Əlbəttə,
dostluq etdiyim başqa yoldaşlarım
da vardı.
Məktəbdəki məşğələlərə
gəlincə, onların
öhdəsindən asanlıqla
gəlirdim. Mən hər şeydən öncə, dərslərə
diqqətlə və həvəslə yanaşır,
onları evdə səliqə ilə hazırlayır və verilmiş bütün işləri yerinə yetirirdim. Mənim heç zaman öyrətmənim
(repetitorum - M.M., Ə.T.) olmayıb,
ancaq çətinlik çəkdiyimdə aydınlaşdırmaq
üçün ya valideynlərimə müraciət
etmiş, ya da yoldaşlarımla birlikdə
çalışmışam. Heç bir sinifdə qalmamışam,
eləcə də heç bir imtahanı ikinci dəfə verməmişəm.
Üçüncü sinfədək
illik bala görə, üçüncüdən
başlayaraq imtahan nəticələrinin uğuruna
görə sinifdən-sinfə
keçmişəm. Atamın
kitabxanasından yararlanmaqla
çox oxumuşam.
Bu zaman hər şeydən
artıq ədəbiyyat
və tarixlə maraqlanmışam. Həmin
vaxt tətbiqi elmlər də məni cəlb edib, edadi məktəbin
tədris emalatxanasında
və fizika kabinetində işləmişəm.
Əliəkbər
bəy Topçubaşı
(1915-ci il).
İllər ötdükcə, özəlliklə
yuxarı siniflərdə
Bakı və ətrafında - bu neft səltənətində
az qala yox
olan təbiətə
daha çox ehtiyac duyurdum. Bu böyük boşluğu
yayda Bakıdan müxtəlif yerlərdəki
bağlara getməklə
doldururduq. Bakının
xəsis təbiətinin
vermədiyini Borjom, Abastuman, Pyatiqorsk və Manglisdə tapırdım; ailəmiz yayı hökmən oralarda keçirirdi. Özəlliklə Manglis
(Tiflis valiliyində) özünün
küknar meşəsi
və bulaq suyu ilə çox
xoşuma gəlirdi. Lüteran məktəbinin
binasında yaşadığımız
Pyatiqorsk da məndə
yaxşı təəssürat
oyadıb. Orada yerli ruhaninin (pastorun) şagird olan iki oğlu
ilə möhkəm dostluq edir, onlarla
Mineral suların ətrafına
gəzintiyə çıxırdıq.
Yaxşı yadımdadır
ki, yay tətillərindən sonra özəlliklə yuxarı siniflərdə məndə fiziki çalışmalara güclü
həvəs yaranır,
istənilən idmanla
qızğın məşğul
olurdum, ancaq dərs ilinin ilk rübünün sonuna yaxın sinif məşğələləri və dərs hazırlıqları məni
növbəti yayadək
idmanı buraxmağa məcbur edirdi, ancaq indiyədək futbol oynamağa həvəsim yerindədir.
Son (altıncı və yeddinci) siniflərdə həyatımda yeni amil ortaya
çıxdı; bu,
müxtəlif məsələlərlə
bağlı dostcasına
söhbət üçün
yoldaşların yığıncağı,
şagirdlərin ədəbiyyat
cəmiyyəti oldu.
Bu yığıncaqlar heç
bir mövzu olmadan keçirilir, söhbətlər hazırlıqsız
aparılırdı. Bu, tarix,
ədəbiyyat və
hətta bizi əhatə edən həyatdan götürülmüş
təsadüfi mövzulara
dair sadə düşüncə alış-verişi
idi. Ancaq bu söhbətlər çox xoşuma gəlirdi; məmnuniyyətlə
onlara qatılır və bəzən özümüzdə təşkil
edirdim. VII sinif şagirdlərinin ədəbiyyat
cəmiyyəti isə
rus dili müəllimi V.Mitskeviç'in
rəhbərliyi altında
çalışırdı. Cəmiyyətdə şagirdlərin
özünün oxuduğu
referatlar böyük maraqla qarşılanır
və onların oxusunda bütün şagirlərimiz iştirak
edirdi. Özəlliklə
dinləyicilər arasında
hamını oxunmuş
mövzu ilə bağlı yaranmış
mübahisə maraqlandırır
və cəlb edirdi.
Beləcə yeddi il boyunca dərs illərim heç bir gözlənilməz hadisə
baş vermədən
hamar şəkildə
ötüb keçdi.
Ailədəki şərait,
valideynlərin qayğısı
və məktəb rejimi tələblərinin
səliqə ilə yerinə yetirilməsi mənim kimi astagəl bir adama real məktəbi uğurla bitirməyə imkan verdi.
Atamın
təsiri altında, ictimai qəzet fəaliyyətinə yaxın
adamlarda görə bildiyim ictimai həyat təzahürlərinə
canlı marağım
məndə ictimai elmlərə həvəs
və sevgi oyatdı, buna görə də diqqətin bu elmlər silsiləsinə yönəldiyi
məktəbdə ali
təhsil almaq qərarına gəldim".
OT KÖKÜ ÜSTÜNDƏ BİTƏR
Professor Cəmil
Həsənlinin üzə
çıxardığı 1818-ci il tarixli bir
bəlgədən bunlar
da aydınlaşır
ki, Topçubaşı
nəsli kökçə
Xorasandandır, sonradan
Tiflisə köçürülüb.
Onların ulu babası Əliəkbər
bəy'ə gürcü
çarı İrakli
topçubaşı rütbəsi
verib. İrakli Azxur adlı yerdə türklərlə
vuruşarkən Əliəkbər
bəy həmin döyüşdə həlak
olub və İrakli onun yetim uşaqları Əlimərdan bəy, Hacıağa bəy və Ağahüseyn bəy'i öz sarayına götürüb.
Ağaməhəmməd şah
Qacar 1797-ci ildə Tiflisi aldıqda Əlimərdan bəyin də bütün ailəsi əsir götürülüb. Gəncəli
Cavad xan onları şahdan pulla alıb və Əlimərdan bəyin qızı ilə evlənərək
onunla qohum olub, ona fəxri
nazir rütbəsi verib.
Əlimərdan bəyin oğlu, görkəmli alim, həyatını 1811-ci ildən
Sankt-Peterburqla bağlamış
Mirzə Cəfər Topçubaşov (1790-1869) Gəncədə
doğulub, ancaq yeniyetmə və gənclik illəri Tiflisdə keçib. Onun oğlu Əliəkbər bəy
(1820-1868), yuxarıda oxuduğumuz
kimi, hərbçi olub, ancaq onun
oğlu, "bizim"
Əlimərdan bəy
(1863-1934) isə bütün
ömrünü hüquq
işlərinə, jurnalistika,
diplomatiya və siyasətə həsr edib.
ƏLİMƏRDAN BƏYƏ
VERİLMİŞ QULLUQ ATTESTATINDAN
İndi isə
Əliəkbər bəyin
Moskva arxivindəki başqa bəlgələri
ilə tanış olaq. Onların arasında Əlahəzrət
İmperatorun göstərişi
ilə Tiflis Dairə Məhkəməsinin
21 may 1896-cı ildə
Əliəkbər bəyin
atası Əlimərdan
bəyə verdiyi 821 saylı attestat diqqəti cəlb edir.
Sənəddə qeyd edilib ki,
keçmiş katib, kollej assesoru Əlimərdan bəy Topçubaşovun əmək
dəftərindən bunlar
aydın olur: 32 yaşı var, müsəlmandır, fərqlənmə
nişanları yoxdur.
Donluğu illik bu qədərdir: maaş 600 manat, yeməkpulu 300 manat və mənzilhaqqı 300
manat, cəmi 1200 manat. Bəy nəslindəndir. Ata-baba mülkü də, sonradan əldə etdiyi mülkü də yoxdur. S.Peterburq İmperator Universitetində hüquq elmlərinin tam kursunu hüquq namizədi dərəcəsi
ilə bitirincə ərizəsinə əsasən
Tiflis Dairə Məhkəməsi sədrinin
təyinatı ilə
9 fevral 1889-cu ildə həmin Məhkəmədə
9 fevral 1889-cu ildən
məhkəmə vəzifələrinə
maaşsız namizəd
qəbul edilib. Həmin Məhkəmə
sədrinin sərəncamı
ilə Tiflis şəhəri 2-ci bölməsinə
sülh hakiminin köməkçisi vəzifəsinin
icrasına göndərilib,
həmin vəzifədə
1889-cu ilin 2 sentyabrından
2 oktyabrınadək və
1889-cu ilin 18 oktyabrından
1890-cı ilin 11 oktyabrınadək
çalışıb. Həmin
sədrin təyinatı
ilə 8 may 1890-cı
ildə Məhkəmənin
Mülki Şöbəsinin
katibi təyin edilib, həmin vəzifəni 16 may
1890-cı ildə qəbul
edib. 20 dekabr 1891-ci ildə kollej katibi, 22 iyun 1893-cü ildə titulyar müşavir, 19 aprel
1895-ci ildə kollej assesoru çinləri alıb. 21 aprel 1895-ci ildə ailə vəziyyəti ilə bağlı ərizəsinə
əsasən vəzifədən
və ümumən qulluqdan çıxıb.
Düşmənə qarşı
yürüşlərdə bulunmayıb. [...] Saray müşaviri Məlikov'un
qızı, bakirə
Pəri xanım Həsən bəy qızı ilə evlənib. Uşaqları yoxdur.
ƏLİƏKBƏRİN "MOLLA"SI -
ƏLİ BƏY HÜSEYNZADƏ
Professor Cəmil
Həsənli'nin "Tarixi
şəxsiyyətin tarixi.
Əlimərdan bəy
Topçubaşov" kitabından
öyrənirik ki,
1904-cü ildə Bakıda
vəba xəstəliyi
yayıldığına görə
Əlimərdan bəy
uşaqlarını Pəri
xanımla birlikdə Tiflisin 65 kilometrliyindəki
Manglis yaylağına
göndərib. 1903-cü ildə
Osmanlı dövlətindəki
təqiblərdən qaçmış
Əli bəy Hüseynzadə də ailəsi ilə Tiflisə gəlib və Əlimərdan bəy Manglisdə onun ailəsi üçün də yer tutub. Əli
bəy 8 yaşlı Əliəkbərə türk
dilindən dərs deməli idi. 16 iyul 1904-cü ildə Əlimərdan bəy Əli bəyə yazıb:
"İlk növbədə
mən istəyirəm
ki, Siz yay
ərzində yaxşıca
dincələsiniz. Yeganə
bir xahişim ondan ibarətdir ki, gündə iki saat Əliəkbərlə
türk dilindən məşğul olasınız.
Mən xüsusən istərdim ki, o, öz dilini hərtərəfli mənimsəsin.
Xahiş edirəm onu çox ərköyünləşdirməyin, məcbur edin dərslərinə ciddi yanaşsın. Siz onunla xatirə dəftəri yazmağa, ümumiyyətlə məşğul
olmağa başlamısınızmı?
Əgər hansısa
kitabçalar əlimə
keçsə, türk
dili qiraəti üçün göndərəcəyəm.
Başıbəlalı "Şərqi-rus"un bugünkü
nömrəsində dərc
olunmuş gözəl
bir şeiri göndərirəm. O, bir
az uzundur, lakin kifayət qədər ideyalı şeirdir. Siz ona Əliəkbərə
əzbərlədə bilsəniz
çox əla olar. Bir sözlə,
bütövlükdə Siz
onun üçün yolgöstərən-müəllim olun. Bunun üçün
qabaqcadan Sizə çox sağ ol deyirəm... Ümid edirəm Sizə yaxşı tanış olan Manglistdən razısınız.
Çoxluca gəzin və imkan daxilində
Əliəkbəri də
yanınıza alın".
1905-ci ildə Əlimərdan bəy daim evdən uzaqlarda səfərdə olduğuna görə onun ailədə yoxluğu uşaqlara da mənfi təsir
göstərirdi. Məsələn,
Pəri xanım şikayətlə ona yazırdı ki, sənin səfərlərin
bizim üçün
"böyük bədbəxtliyə"
çevrilib. Əliəkbər
son vaxtlar dərslərinə yaxşı
baxmır. O, mənə
qulaq asmır. Bir söz deyəndə
əsəbləşir və
belə hesab edir ki, ona
nöqsan tutmamalıyam.
Saatlarla öz-özünə
deyinir, həmişə
Sara və başqaları ilə sözləşir. Sən
mənə tapşırmışdın
ki, Əliəkbərə
tez-tez acıqlanmaq, onunla kobud rəftar
etmək lazım deyil. Mən indi belə də edirəm, ancaq heç bir nəvaziş, heç bir dilətutma ona təsir etmir. Axırı, mən ona dedim ki,
nə istəyirsən
et, daha sənə heç nə deməyəcəyəm,
ancaq atan gələndə hər şeyi ona söyləyəcəyəm.
Bəlkə də bu, ona təsir
etdi.
(Ardı var)
Misir MƏRDANOV,
Ədalət TAHİRZADƏ
525-ci qəzet.- 2023.- 22 iyun.- S.14-15.