Güneydən ucalan vətən harayı: Məsud Haray poeziyası
Məsud
Harayın adı təkcə o taylı-bu taylı Azərbaycanda deyil, Türkiyədə,
İraq, Kərkük və
digər türk ellərində də yaxşı tanınır.
Çağdaş Güney
Azərbaycan ədəbiyyatının
istedadlı yaradıcılarından
biri sayılır o. Bəziləri imzasının
Haray olmasının özəl bir anlamı olduğunu qeyd edir və
vurğulayırlar ki, bu
haray, "Güney Azərbaycanın 1925-ci ildən,
yəni pəhləvilər
dönəminin başlanğıcından
bu günə kimi "parn-urdu" və "fars" qəlibində yaşamağa
məhkum edilmiş Güney türklərinin harayı, fəryad səsi, ünüdür".
Və bu haray öz içində
bircə anlamı daşıyır: "Öz
kimliyinə, kültürünə
və ədəbiyyatına
sahib çıxmaq hər
bir toplumun ən qutsal görəvidir, əks təqdirdə həmin toplum yox olmaq
təhlükəsi ilə
üz-üzə qalır,
məhvə məhkum
edilir..." Bu, Məsudun
şeirlərində göstərdiyi
gerçəkliyin acı
mahiyyəti, fəlsəfəsidir.
Əlbəttə, bu, məsələnin
bir yanıdır. Digər yanı isə bu Haray
adının haradan və necə gəlməsi, soyad kimi status qazanması ilə bağlıdır və açıqlanmalı
durumdur. 1974-cü ildə
Güney Azərbaycanda,
Xoy şəhərinin
yuxarı Şavanlı
(Şamanlı) kəndində
dünyaya göz açan kiçik Məsud oxul yaşına çatdığında
beşikdəykən laylalarını
dinlədiyi anasının
dilində deyil, yabançı bir dildə eyitim almağa məcbur buraxılarkən, mövcud
duruma qarşı üsyanını hayqırmaqla
poeziya dünyasına
ilk addımlarını atır.
Lakin 1996-cı ildə 22 yaşlı
gənc ikən kimliyini, soy-kökünü,
hardan gəlib hara getdiyini o qədər içdən anlayıb dərk edir ki, farsca yazdığı bütün şeirlərini,
adı keçən və şeirləri basılan dərgiləri,
aldığı təqdir
və təltif məktublarını bir araya gətirir, bəlkə də tam mənası ilə hələ özünə
də bəlli olmayan kükrəyən bir qəzəblə od vurub yandırır.
Bir il sonra, 1997-ci ildə isə "Haray" adlı bir şeir
yazır və həmin şeir "Ümid Zəncan" həftəliyində yer alır. Gənc Məsud bu şeirə
görə tutuqlanır
və həbs olunur. Bu olay şairin gəncəcik ürəyini dərindən
yaralayır, yaşamında
etkiləyici bir iz buraxır. Beləliklə, "Haray"
soy ismini qullanmağı
hələlik içinin
üsyanını bəlirləyəcək
ən uyğun yol sanır. Elə həmin şeirdən sonra da şair Məsud Haray adı ilə tanınmağa başlayır. İlk şeirlərini
klassik şeir qəliblərində - əruz
vəzninin müxtəlif
bəhrlərində yazsa
da, Güney Azərbaycanda
ilk sərbəst şeir,
ən kiçik həcmli - minimalist modern şeirlər
yazanlardan biri olur. Bu gün əminliklə demək olar ki, onun qələmə
aldığı kiçikhəcmli
modern şeirlərin bir
çoxu məna yükünün ağırlığına
görə aforizm siqlətində, gücündədir.
Bu havada mənə
buyur bir sigaret çək
deməyin.
İçimdəki dinamitlər tərlidilər,
Qor düşürsə, patlayaram...
Sən,
Vətəndən uzaq
vətənsizsən,
Mən isə Vətəndə vətənsiz.
Yazılarında bomba gizlətmə,
şeirlərində barıt, qələmində qurşun
Sən,
ölümünə şeir
qoşma şair...
Addım-addım geri dön dedilər.
Ama bilmədilər atom deyilən
-
Bir zərrəciyin patlayış
gücünü.
Bu gün çağdaş Güney Azərbaycan ədəbi prosesi məhz bu yöndə
addım-addım öz
axarı ilə getməkdə, dinamik inkişaf yolunda nəfəsini dərə-dərə
irəliləməkdədir. Bu yolun çox möhtəşəm, dönməz
yolçuları sırasında
Tağı Rüfətdən
başlanılan yeni düşüncə
ədəbiyyatının Mirzə
Həsən Rüşdiyyə,
Məhəmmədhüseyn Şəhriyar, Həmidə
Rəiszadə Səhər,
Əli Təbrizli, Əlirza Nabdil Oxtay, Bulud Qərəçorlu
Səhənd, Həbib
Sahir, Mərziyə Üskülü Dalğa,
Həmid Nitqi Aytan, Manuçöhr Əzizi Haray, Məcid Şəbbağ Yalqız, Telimxan, Hüseyn Fəzlullahi Vəhid kimi çox ünlü şairlər yer alır. Onların keçdikləri ömür
və yaradıcılıq
yolunu, irəli sürdükləri ədəbi
düşüncəni bu
gün Məsud Haray kimi güclü
şairlərimiz davam
etdirir, irəli aparırlar. Məsud Haray əksər şeirlərinə ad verməkdən çəkinsə
də, zamanın ritmi onun gerçəkləri
yansıdan əsərlərində
vurur, ədəbi təfəkkürünün, yaşamla,
özgürlük, milli kimliklə
bağlı anlayışının,
qavramının doğurduğu
möhtəşəm poeziya
örnəklərinin ruhunu,
ünvanını bəlləndirir.
Adıma göndərdiyi
bir qutlamanı xatırlatmağın yeridir,
məncə. Bu qutlama
məktubunda belə Məsudun Güney Azərbaycanın, Qarabağın,
bütün türk ellərinin - Türküstanın
özgür, bağımsız
olması diləyi boy
verir: "Qışın
istibdadı bitdi. Qar əridi. Sazaqlı günlər başa çatdı. Günəş isindirdi həyatı və özgürlük çiçəkləri
bəzədi dərəmizi,
dağımızı, düzümüzü...
Bu münasibətlə yağı
düşmən əlində
əsir düşmüş
Qarabağımıza, Güney
Azərbaycanımıza, Türküstanımıza
özgürlük diləyilə,
sizi - dürlü fikirdaşımı, dostumu,
Bacımı və Qardaşımı bayram münasibətilə ürəkdən
təbrikləyirəm. Sevgilərimlə:
Məsud Haray..."
"Dünyada dinsiz-imansız dinçilərdən savayı,
heç nədən,
heç kimsədən
qorxmadan" söz meydanında Vətən naminə, azad Təbriz uğruna savaşan, "Yazmaqdan yorulmaram, Yazmamaqdan boğularam... Düşündüm
ki, sən varsan, Umudum var, ey Vətən! - deyib Vətəni son umudu sayan Məsud Harayın əsir el-obasının haraylarını
eşidib ürəyi
şan-şan olanda, hərdən dünyanın
ən darıxan yeri olanda, yer
kürəsinin, mavi göyün kiçildiyini,
hətta bir-birinə girdiyini düşünən
anlarında yer kürəsinin kiçildiyinə,
mavi göylərin daralmasına görə belə sevdiyinin darıxmasını istəmir!
"Dünyalar içimdə"
şeirində bütün
varlığı içinə
daşıyıb dərdinə
üzüləndə qızı
Burla Xatunun üzünə
baxıb gülümsəməsi
yeganə təsəllisi
olur, lakin gizli göz yaşları yenə də içindəki daim təlatümlü, dalğalı dənizə
axır:
Dünyalar içimdə,
yoxsa dünyalar içindəyim?
Üzgünüm, yoxsa üzüntülüyüm?
Sevgilim:
- Bunlari dilə gətirməsən,
şirinləşir həyat, - deyir.
Necə
ki, acı bibərlər
içində,
acı-şirin bibər axtarışı
kimidir.
Və qızım üzümə
güləndə
gülür dünya üzümə,
öylə ki,
Az qalır
göz yaşlarıma boğulam içimdə...
Göz yaşlarını yaradan nəsnələrdən biri
də yaxşı ilə pisin ayırd edilməməsi, insanların yerində olmaması, duyğusuzluğu,
qəlbsizliyi, hər yerindən duranın özünü şair sanması, "bazarında
yazla şora fərq qoyulmaması, nadanların cahiliyidi:
Dağdan-dağa yazanın da adı
şairdi...
Ağı Qara yazanın
da,
Ürəyini şişə taxanın
da...
Adı qoşquçudu, hər qoşquçu eyni...
Adı adamdır hər insanın,
Çoxu
isə İnsan deyil bu adamların...
Ancaq İnsanın həyata bağlılığı, ümumiyyətlə,
inamların, ümidlərin
və arzuların üzərində qurulur, arzular insanın sabaha açılan qol-qanadı, həyatıdır.
Bu həyata olan ümid isə insanın qəlbində
son nəfədək yaşayır.
"Ümid sonda ölur" atalar sözü də bu məsələdən qaynaqlanaraq yaranmışdır.
Lakin Məsud Haray üçün son ümid
Vətəndir və bu, onun üçün
olduqca əziz, qiymətlidir, lap öz varlığı, görən
gözü kimi... Şair məhz bu nədənlə də: "Umudumu, kimsənin əlinə verməm, qoluna bağlamam, mən umudumu içimdə, özüm kimi, gözüm kimi saxlaram", - deyir...
"Miqren" şeirində
"Səni düşündüyümdə,
miqrenim başlar, səni düşünməyəndə
də. Sən miqrenimsən, mən də sənin dəlin, Vətən, - deyərək Vətən
üçün dəli
olmağın belə
mümkünlüyünü hayqırır. "Qara bulut" şeirində Günəş olmasa da, qara buludların bağrını çatladacaq
qədər işıldaya,
nur saça bilir:
Arzılarım geniş, xıyavanlar
darısqal,
küçələr isə pişik yolağı
Burada səni gəzmək,
burada səni bulmak
Burada səni yaşamaq o qədər zor ki,
Arzılarım kiçilir,
könlüm xəncərlə biçilir,
inciyir, Vətən!
Qəlbi
Vətənin bağımsız,
azad günlərini görmək yanğısı
ilə yanıb-tutuşan,
dərdin məngənəsində
nəfəsi daralan Məsud Haray belə anlarında bayatı çağırır,
analarımız, nənələrimiz,
dədə-babalarımız-ulularımız...
zindanlara düşmək,
dar ağacından asılmaq hökmündən
qaçaraq yer üzünə səpələnən,
qürbət acısı
yaşayan bir çox qərib soydaşlarımız kimi:
Dağ üstə dağ olardım
Köynəyi ağ olardım.
Vətən özgürlüyündə
Ölməyib sağ olardım...
Onunla söhbətləşərkən sorduğum: "Sizcədəmi
sevgi şeirləri yazmağın zamanı keçmişdir artıq?"
- soruma cavabı çox ilginc oldu və bu
sevgini yenə də Vətənlə, insanın varoluşunu bəlirləyən ən
qutsal nəsnə ilə bağladı:
"Sevgi şeirlərinin
zamanı heç
zaman keçməz. Ertələnər
zaman-zaman, ancaq yox olub keçməz, məncə. Bir çox sevgi şeirləri ürəyimə gələr
və ağlımda hələ zamanı deyil səslənincə, bir çoxu susub durar ürəyimdə",
- desə də, aşkar görünür
ki, onun da ruhu sevgi ilə, eşq duyğuları ilə qidalanır. Bu duyğuların pənbə
qanadları ilə könlü, ruhu yavaş-yavaş qıdıqlanır
və heç şübhəsiz, sevgi ilə yaşayır. Ancaq bir gerçəklik
də var ki, bu gün milli düşüncə
sahibi olan, bağımsızlığına nail olmaq uğruna hər şeyi gözardı deyil, gözə alan bir şairin yaradıcılığında, təbii ki, sevgi şeiri bir az daldalanır, bir növ arxa
plana keçir. Bu da qaçılmaz
gerçəkliklərdən qaynaqlanan və əslində normal görünən
bir haldır.
Əslində isə yüz illərdir şeirlər yazılır, qələmlərin
ucu bitmir. Duyğular səhifələrdən
dolub-daşır, gözlər
bulağa dönür,
hey axır göz yaşları, sətir-sətir
qəm, kədər, ələm yüklənir
misralara. Sonra bir-bir eşq, sevgi, mutluluk və səfa düzülür ard-ardınca, amma yenə də şairlər doldura bilmir könüllərindəki
boşluğu... Məsud
Haray da bu boşluğu doldura bilməyənlərdəndi və
onun üçün
"Kurşun yağmuru
altında oturub çay içməkdir sevgi..." Və o, "şərabın bardaqlarda
donduğu o gecə, ağlayarkən donmayan göz yaşlarını
əlləri ilə silərkən bu sevginin gerçəkliyinə
inanıb..."
Ani olaraq qəlbindən keçənlər, bəzi
anlarda bir insan olduğunu xatırlayanda duyduqları
şeirləşib ürəyində
və ahəstəcə
qələminin ucundan
ağ vərəqlərə
süzülüb. Nədən
olmasın ki? Haqqı
yoxmu yəni? - kimi bir soruları
da gəlib ağlına.
Axı o da qurşunlu
şeirlər yazan devrimçi şairdən
daha öncə bir insandır, duyan, düşünən,
sevən, hər şeyin gözəlini, ən yaxşısını
arzulayan bir Tanrı bəndəsi:
İnsanların da, Qadınların da
gözəl-göyçəyi
var.
Şairlərin də, ölümün də.
Buyur!
Mən nədən
gözəl-göyçəyini
sevməyim axı?!
Bəzi anlarında,
özündən keçdiyi
məqamlarda tutunduğu,
yanında olmasını
arzuladığı sevdiyinin
(əslində Vətəninin)
ona söykək olmasını istəməsi
ən doğal istək kimi səslənmirmi?!
Hərdən
yadımdan çıxır
ki, adamam,
Dağ kimi
ayaq üstə
Səni düşünürəm.
Gəlsən, mənə söykənsən,
nə olar?!
"Əslində, hər kəsin sevgidən bir anlayışı var, təbii... Mənə görə ən böyük sevgi Vətən sevgisidir. Vətənini sevən bir şair, vətənindəki bütün
nəsnələri sevir:
eşi, dostu, doğanı, dağı,
daşı, torpağı,
gülü, çiçəyi,
quşları, böcəkləri,
suyu, havanı, hər şeyi, habelə özgürlüyü,
insanlığı sevir
demək..." - deyən
şairin səmimiyyətinə
inanmamaq əldə deyil...
Özümü sevdiyim qədər
Mən səni
sevmişəm Vətən.
Tanrı deyə,
ondan betər
Mən səni
sevmişəm Vətən.
(Ardı var)
Esmira
FUAD
525-ci qəzet.- 2023.- 22 iyun.- S.13.