Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə qiymətli
töhfə
Azərbaycan Xalqının Ümummili
lideri Heydər Əliyev ədəbiyyata həm də xalqların dostluq və mədəniyyətlər
körpüsü kimi
yanaşaraq: "Xalqların
dostluğu ədəbiyyatların
dostluğudur" - demişdi.
Bu baxımdan xalqların
əsrlər boyu birgə yaşayışında,
sülh və əmin-amanlıq içərisində
olmasında, dostluq və qardaşlıq münasibətlərinin inkişafında
ədəbi əlaqələrin
böyük rolu olub. Son dövrlərdə
Azərbaycanın çox
böyük birləşdirici
bir rol oynadığı
türk dünyasının
birliyi məsələsi
və təşkilati
fəaliyyətində Azərbaycan
xalqının ədəbi
simalarının da mühüm
rolu danılmazdır.
Həm ideya, həm də təşkilati fəaliyyət
olaraq ədəbiyyat və ədəbi simalar böyük ideoloji, mədəni körpü rolu oynamış, xalqların
bir-birinə yaxınlaşması
və qardaşlıq
münasibətlərinin qurulmasında
faydalı xidmətlər
göstərmişlər. Bu cəhətdən Azərbaycan-özbək
ədəbi əlaqələrinin
inkişafı da həm
qədim bir tarixə, həm də zəngin ənənələrə malikdir.
Azərbaycan-özbək ədəbi
əlaqələrinin qurulmasında
böyük Azərbaycan
şairi Nizami Gəncəvinin ədəbi
ənənələrinə müraciət və əsərlərinə həsr
edilən nəzirələr
bu ədəbi əlaqələrin tarixi kökündə dayanır.
Görkəmli elm xadimi,
akademik İsa Həbibbəyli
Azərbaycan-özbək ədəbi
əlaqələri barəsində
yazır: "Azərbaycan-Özbəkistan
elmi-ədəbi və
mədəni əlaqələri
çoxəsrlik qədim
tarixə və böyük ənənələrə
malikdir. İbn Sinaların,
Xarəzmi və Buxarailərin, Uluqbəylərin
əsərləri qədim
zamanlardan Azərbaycanda
oxunmuş və həmişə böyük
marağa səbəb
olmuş, silinməz izlər qoymuşdur. Eyni zamanda, Nizami
və Xaqaninin, Nəsimi və Füzulinin də əsərləri Özbəkistanda
həmişə oxunmuş
və rəğbətlə
qarşılanmışdır... Əlişir Nəvai ilk dəfə türk dilində "Xəmsə"
yaratmaq missiyasını
həyata keçirmiş
qüdrətli özbək-türk
şairidir". Bu yanaşmadan
irəli gələrək
demək olar ki, böyük özbək şairi Əlişir Nəvainin Azərbaycan şairi Nizaminin "Xəmsə"sinə yazdığı
nəzirə bu ədəbi əlaqələrin
qurulması və inkişafına ilkin təməl və vəsilə olub. Bu ənənəni sonrakı
özbək sənətkarlarının
çoxu davam etdirərək ədəbi
əlaqələrin zənginləşməsinə
xidmət etmişlər.
Özbək sənətkarları
böyük ustad Nizamiyə müraciət etdikləri kimi, Azərbaycan şairləri
də XV yüz il türk şeirinin qüdrətli nümayəndəsi,
özbək şairi Əlişir Nəvainin yaradıcılığına diqqət
kəsilmişlər. Beləliklə,
bu ədəbi əlaqələrin intensivliyində
Nizami Gəncəvi özbək xalqı üçün, Əlişir
Nəvai də Azərbaycan xalqı üçün sevimli, doğma ustad sənətkara çevrilib.
Təsadüfi deyildi
ki, böyük Azərbaycan
şairi Səməd Vurğun "Əlişir
Nəvai bizdə bir Azərbaycan şairi kimi tanınmışdır", - deyə bu doğmalığı
yüksək qiymətləndirmişdi.
Ölkəmizdə ədəbiyyatların dostluğu xalqların dostluğu kimi həmişə mədəni
əlaqələrin təşkilində
faydalı rol oynayıb. Hələ Ulu öndər Heydər Əliyevin rəhbər olduğu illərdə bir sıra xalqlarla
mədəni əlaqələrin
təşkili istiqamətində
Azərbaycan-özbək ədəbi
əlaqələri də
öncüllük təşkil
edib. Azərbaycanın
dövlət müstəqilliyini
bərpa etməsindən
sonra türk dünyası qardaş xalqlarının birliyi istiqamətində inkişafın
təməlini mədəni
əlaqələr təşkil
edib, münasibətlərin
möhkəm təməllərini
müəyyənləşdirib. Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin başlatdığı
yeni münasibətlər kontekstində
bütün digər türk xalqları kimi, özbək xalqı ilə hərtərəfli əlaqələrin
təşkili başlıcalıq
təşkil edir və artıq ən yüksək inkişaf dönəminə
qədəm qoyub.
Qeyd edək ki, vaxtilə ölkəmizdə Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrinin
təşkili elmi müstəvidə daha dərindən inkişaf təzahürü tapıb,
XX yüz ilin böyük ədəbiyyatşünas
alimlərindən olan
Firidun bəy Köçərlidən başlayaraq
S.Mümtaz, İ.Hikmət, B.Çobanzadə,
H.Araslı, M.Arif, X.Rza və b. kimi çoxsaylı alimlər bu əlaqələrin inkişafı
və zənginləşməsində
mühüm xidmətlər
göstəriblər. Müasir
dövrdə də bu əlaqələrin inkişafına xidmət edən çoxsaylı alimlər fəaliyyət göstərməkdədir. AMEA-nın N.Gəncəvi
adına Ədəbiyyat
İnstitutunda "Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri"
şöbəsinin fəaliyyət
göstərməsi də
bu sahənin ölkəmizdə maraq kəsb etdiyi və yüksək inkişaf pilləsinə
malik olduğu qənaətini
təsbit etməkdədir.
Son dövrlərdə çap
edilən bir sıra əsərlər və aparılan elmi tədqiqatlar da bu əlaqələrin inkişafına olan marağı və inkişaf səviyyəsini
nümayiş etdirməkdədir.
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin yenicə nəşr olunan "Məhəmməd
Salih. Şeybaninamə" əsərinin tərcüməsi
də bu sahədə qiymətli mənbələrdən birini
təşkil edir.
Ümumiyyətlə, Ə.Quliyev
Azərbaycanda elmi-ədəbi
əlaqələr və
tərcümə sənəti
sahəsində sanballı
alimlərdən biri kimi tanınır. Tərcüməçi alim bir
sıra əsərlərin
müxtəlif türk
xalqlarının dillərindən
və eyni zamanda onların dillərinə tərcümə
edilməsində mühüm
rol oynayıb. Alim A.V.Borovkovun "Orta Asyada bulunmuş
Kuran tefsirinin söz varlığı
(XII-XIII yy.)" (Ankara: 2002), "Mövlana Cəlaləddin
Rumi. Məsnəvi, üç
cilddə, (Naxçıvan:
2012-2013) tərcümə əsərləri,
"General Veysəl Ünüvar.
Naxçıvan: təlatüm
və burulğanlar"
(Naxçıvan: 2007), "Qazi Mustafa Kamalın dostu" (Bakı: 2008), "Mustafa Kemalın
dostu İbrahim Ebilov"
(Ankara: 2011), "Veysəl Ünüvar.
8 ay bolşeviklərlə üz-üzə"
(Naxçıvan: 2014) kimi
əsərləri uğurla
tərcümə edərək
geniş oxucu kütləsinə tanıdıb.
Qeyd edək ki, Ə.Quliyev
özbək şairi Məhəmməd Salihin
"Şeybaninamə" əsərinin
tərcüməsi üzərində
uzun illər çalışıb. Nəhayət,
tamamlanan bu sanballı iş 2022-ci ildə kitab olaraq çap edilib, geniş oxucu kütləsinə təqdim
olunub. Əsər Azərbaycanda Atatürk Mərkəzinin
maliyyə dəstəyi
ilə çap edilib. Çap olunan əsərin məsləhətçisi akademik
Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.
Kitaba müəllifin yazdığı
"Müqəddimə"yə yığcam, lakin təfərrüatlı məlumat
sığdırılıb. Burada "Şeybaninamə"
əsəri, onun müəllifi Məhəmməd
Salih haqqında ətraflı
məlumatlar verilir. Əsərin həsr edildiyi özbək-cığatay
hökmdarı Şeybani
xan barəsində də müfəssəl məlumatlar verən müəllif əsərin
yazılma səbəbi,
ümumi məzmunu, bədii xüsusiyyətləri
haqqında bəhs edir. "Müqəddimə"də
deyilir: "Şeybaninamə"
80 babdan ibarət böyük bir məsnəvi olub, dastanın birinci babı münacatdır, 5
babı lirik mənzumələrdir və
qalan bablar da tarixi hadisələrin təsvirinə ayrılmışdır.
Dastanın digər dastanlardan əsas fərqi budur ki, burada əsərin əsasına əfsanəvi
hadisələr deyil, əksinə, şairin öz gözüylə gördüyü hadisələr
alınmışdır"
Ə.Quliyev həmçinin bu
əsərin təhlili
və tədqiqi ilə bağlı "Cağatay ədəbiyyatı:
"Şeybaninamə" məsnəvisi"
adlı məqalə də həsr edib, poema haqqında
geniş bəhs açıb: "Bu məsnəvi
cağatay ədəbiyyatı
tarixində mühüm
hadisə sayıla bilər. Çünki dövrünə aid hadisələri
əks etdirən
realist xarakterli bir poemadır. Əsər Şeybani xanla Teymurilər arasındakı
qanlı savaşları
əks etdirir. M.Salih Şeybani xanın yürüşlərində
iştirak etmiş və gördüyü dəhşətli hadisələri
təsvir etmişdir.
Bu baxımdan əsər
bir cəngnamə səciyyəsi daşımaqdadır.
Burada ordular arasında toqquşmalar, xalqın başına gətirilən müsibətlər
müəyyən qədər
realist boyalarla ifadəsini
tapmışdır. Əruzun
rəməl bəhrində
qələmə alınmış
məsnəvi Şeybani
xanın dövrünə
və fəaliyyətlərinə
işıq tutması
baxımından önəmlidir".
Qeyd edildiyi kimi, XV-XVI əsr şairi Məhəmməd Salih tərəfindən
(1455-1534) poema janrında
yazılmış bu əsər özbək-cığatay
hökmdarı Şeybani
xana (1451-1510) həsr edilib, burada onun Teymurilərlə aparılmış müxtəlif
döyüşlərdəki qəhrəmanlıqları tərənnüm
olunur. 80 babdan ibarət olan əsərin 5 babı orta əsrlər Şərq poema janrının xüsusiyyətlərinə
uyğun olaraq əsərin yazılma səbəbi, Allaha münacat və başqa məzmunda xüsusi lirik formalı hissələrdən
ibarətdir. Qalan digər bablarda Şeybani xanın 1499-cu ildə Buxara səfərindən başlayaraq
apardığı və
1510-cu ilə qədərki
Xarəzmi fəth etməsinədək olan döyüşlərdən bəhs
olunur. Məsnəvi əruz vəzninin rəməl bəhrində
yazılıb. Poema
4447 beytdən ibarət
təşkil olunub.
Divan ədəbiyyatı nümunəsi
olmasına baxmayaraq, əsərin dili sadə və oxunaqlıdır.
Tərcümə aparılarkən bir
tərəfdən əsərin
orijinalda olan mətni, digər tərəfdə, qarşısında
onun Azərbaycan dilinə olan tərcüməsi verilib.
Tərcüməçi öhdəsindən
gələ bildiyi yerlərdə bədii tərcümə təqdim
etməyə çalışıb,
digər yerlərdə
isə filoloji tərcümədən faydalanıb.
O, öz işini P.M.Melioranski, E.Şadıyev
və Y.Kocasavaş kimi tədqiqatçıların
əsərlərinə istinadən
qurub və yeri gəldikcə onların əsərlərinə
istinad edib.
Əsərin son misralarından da məlum
olur ki, Məhəmməd
Salihin "Şeybaninamə"
əsərinin 1510-cu ildə
Qul Qasım tərəfindən üzü
köçürülüb, elm aləminə məlum nüsxə də bu əsər olub. "Şeybaninamə"
poemasının ancaq bir nüsxəsi zəmanəmizə qədər
gəlib çıxıb.
1510-cu ildə üzü
köçürülmüş "Şeybaninamə" məsnəvisinin
yeganə əlyazma nüsxəsi Vyanadakı Avstriya Milli Kitabxanasında
saxlanmaqdadır. Əsərin
sonunda tərcüməçi
"Şəxs adları
göstəricisi" və
"Toponimlər göstəricisi"
kimi bələdçilər
də təqdim edib.
Zülfiyyə İSMAYIL
Ramiz
QASIMOV
(AMEA Naxçıvan Bölməsi)
525-ci
qəzet.- 2023.- 22 iyun.- S.12.