ÜRƏYİN EHTİYACI
O, yaxşı bilirdi bu güc nə
gücdür. Özü
güclü insan idi və güc
daşıyan dəyərlər
onu daim cəzb edirdi. Ümumən, bu, tarix boyu elə
güclülərin ayrılmaz
keyfiyyəti olub. Cövhərində güc
olanlar onları daha güclü edə biləcək nə varsa, o səmtə meyl ediblər və bu minvalla qovuşan
güclər onları
Qüdrətə çevirib.
Heydər
Əliyev mətbuata həmişə məxsusi
münasibət bəslədi:
diqqətcil, tələbkar,
qayğıkeş, dözümlü
və müəyyən
qədər də həmkarcasına, hətta
bir az da ərkli.
Hər
an istənilən ən
qəliz suala da cavab verməyə hazır olduğundan jurnalist həmsöhbəti
səviyyəcə daha
yüksək olduqca o,
danışmağa daha
çox həvəslənir,
daha artıq açılırdı. İstər
bizimki olsun, istər xarici - onunla üzbəüz dayanan jurnalistin əsl peşəkarına
rəğbətlə yanaşardı.
AzTV-də işlədiyindən
xarici ölkələrə
səfərlərdə onu
müşayiət edən
jurnalist dəstəsinə
hər dəfə adı əlavə edilən bir müxbir növbəti dəfə yenə ütülü, basmaqəlib
sualını verəndə
dözmədi: "Yaxşı
sual da verə bilmirsiniz!
Özü mahiyyətcə daim
axtarıcılığa, tədqiqata,
hər mətləbin
dərininə getməyə
mail olduğundan, mətbuatın
və jurnalistin də üstdən gedəninə deyil, dərin qatlara enməyə qadir olanına rəğbət
bəsləyirdi, mikrofondan,
kameradan qaçan siyasətçilərə heç
bənzəməzdi, hələ
sovet dövründə
belə ayrı yüksək çinli partiya və dövlət xadimlərindən
fərqli olaraq, köntöy suallar verməyə adətkərdə
əcnəbi jurnalistlərdən
çəkinməz, o zamanların
meyarlarıyla sovet siyasət adamı üçün gözlənilməz,
qəliblərdən kənara
çıxan cəsarətli
cavabları ilə heyrətləndirərdi.
Səbəbsiz deyil ki, 1969-cu ilin
yayında Azərbaycan
respublika rəhbərliyinə
gəldiyi ilk aylardan
ta ömrünün sonunacan
Heydər Əliyev müdam mətbuatla oldu.
Müxtəlif respublika qəzetlərini
oxuyarkən çəkilmiş,
həmin qəzetlərin
də indi iftixarla, əziz bir yadigar kimi
dönə-dönə çap
etdiyi fotoları qalır. Belə fotoların miqdarca çoxluğunun səbəbi
o deyil ki, əlində,
masasının üstündə
qəzetlər düzülən
şəkillərini məqsədli
olaraq bol çəkdirib. Yox, səbəb daha sadə, daha üzdə olan və təbiidir. Qəzetə, mətbuata, jurnalistlərə o qədər
bağlıydı ki, onlarla
birlikdə olduğu anlar da çox idi və əslində
onun mətbuatlı şəkillərinin hamısı
çəkilmiş olsaydı,
indi bildiklərimizdən
də qat-qat çox çıxardı.
Heydər
Əliyev mətbuata arxalanırdı, ondan öz niyyətlərinin gerçəkləşməsi yolunda səmərəli istifadə edirdi, mətbuata dövlət işində ən etibarlı və qüvvətli silahdaş,
köməkçi kimi
yanaşırdı.
Azərbaycan Televiziyası 1969-cu ildə
hələ sütül
idi - 13 yaşı vardı. Ancaq artıq Azərbaycan mühitinə yetərincə
sirayət etmişdi. Televiziyanın açdığı
imkanlardan dövlət
və millət quruculuğu səmtində
Heydər Əliyev yolunun başlanğıcından
hakimiyyətini sürdüyü
ən son dövrəcən
ağılla, səriştə
ilə, ustalıqla
gen-bol istifadə etdi. Dövləti və xalqı yalnız kabinetdən deyil, həm də ekrandan idarə etdi. Mahiyyəti ilə müəllim olan bu insanın yüzminlərə gündəlik
dərslərini verdiyi,
Azərbaycan boyda auditoriyaya açılan geniş və etibarlı pəncərəsi,
kürsülərin ən
yüksəyi saydığı
efir kimi yüksək kürsüsü
vardı. Təbii, bunlar Heydər Əliyevdən əvvəlki
və sonrakı respublika başçılarının
da ixtiyarında olmuşdu.
Amma heç biri əsl mənada sərvət, güc daşıyıcısı olan
həmin vasitələrdən
onun kimi yararlanmamışdı və
heç yararlanmağa
hazır da deyildi.
Televiziya
ilə uzunmüddətli
yol yoldaşlığı
etməyi elə
1969-cu ilin yayından,
respublikaya rəhbərliyə
başladığı ilk günlərdən
qət etdiyindəndir
ki, ilk tapşırıqlarından biri oradakı gerçək vəziyyət
barədə müfəssəl
arayış hazırlanması
olmuşdu.
1969-cu il sentyabrın 30-da Mərkəzi
Komitənin növbəti
büro iclası gedirdi və gündəlikdəki əsas
məsələlərdən biri elə həmin
geniş arayışın
müzakirəsi, radio-televiziyanın
sonrakı aqibəti haqqında qərar qəbul edilməsi idi.
...Sovet dönəmində təxminən bütün
kinoteatrlarda Vladimir Leninin
məşhur sözlərini
yazıb divardan asardılar: "Bütün
incəsənət növlərindən
bizim üçün
ən əhəmiyyətlisi
kinodur". Lenin olanda
nə olar. Kişi tam haqlı idi. Dübbədüz demişdi. Sovet hökumətinin yeni ayaq tutduğu çağlarda
kütlələrə kinodan
daha güclü və tez təsir
edəcək ayrı qüvvəni təsəvvür
etmək mümkün
deyil. O vaxt üçün kino həm
radio idi, həm televiziya, həm qəzet idi, həm də şəhər-şəhər, kənd-kənd gəzib dolaşan qabil təbliğatçı.
Televiziyadan Heydər Əliyevin
dövlət işinin
mühüm tərkib
hissəsi kimi daim yararlanması öz yerində, amma mavi ekran
(Azərbaycan ekranının
ağ-qaralıqdan çıxıb
sürətlə rəngliləşməsi
də SSRİ-də ən ilklərdən biri kimi elə
onun ardıcıl səyləri ilə baş verdi) həm də onun sirayətedici səsiylə, oturuşu-duruşu,
ədaları, qətiyyəti
və səmimiyyəti
ilə Azərbaycan insanı ilə qaynayıb-qarışmasının, nəsil-nəsil soydaşımızın
yaddaşına əbədilik
həkk olunmasının
körpüsünə çevrildi.
Heydər Əliyev cavanlığından ixtiyar
çağlarınacan yollarda
oldu. Azərbaycanın
bu başından o başına ömrü uzunu neçə dəfə səfər etdi. Az kənd-kəsək
olar ki, Heydər Əliyevin ayağı oralara dəyməsin. Amma hər halda hər bir evə
ki baş çəkməyib!
Buna heç ömür
də çatmazdı.
Ancaq Heydər Əliyev həm də hər evdə olmaq istəyirdi, hər azərbaycanlıyla birgə
olmağı arzulayırdı.
Və ola bildi də. Heydər Əliyev dönəmində
yaşamış azərbaycanlıların
hər birinin şüuruna, varlığına
yalnız bu ad yox, bu səs,
bu iradə, bu cazibə elə hopub ki, onların hamısının
tərcümeyi-halının ayrılmaz parçası
kimidir. O, müdrik, dünyagörmüş idi.
Yaxşı anlayırdı
ki, hər gün, günaşırı ekranlardan
üz-üzə dayandığı
milyonlarla insanın arasında onu istəyənlər saysızcasa
da, bu qədər camaatın içində müxalifi də var, ondan inciyi də,
tərs düşünəni
də. Onun insanlarla efir təmasları həm də bir təlqin
idi. Heydər Əliyev dünyanın o həqiqətindən agah idi ki, gözün, qulağın yaddaşından
ürəyə gedən
yol uzaq deyil, bu şəkil,
bu səs, onun güclü varlığıyla insanlara
ötürdüyü enerji
itib-batmayacaq, onlarla biryolluq qalacaq, o da hər bir adamın
varlığında ömrünü
davam etdirəcək. Onun ali peşəkar
kimi bariz məziyyətlərindən biri
bu idi ki, hər işin hər tərəfini, bütün yaxşı-yaman
cəhətlərini saf-çürük
etməyi xoşlardı.
Bunu da düşünməmiş
deyildi ki, geci-tezi var, bəlkə gün gələcək, onu dananlar çoxalacaq, bəlkə vaxt yetişəcək, kölgəsini
qılınclayanlar artacaq,
fəqət illər ahəstə-ahəstə burulğanları
duruldacaq, sulara qatışmış lillər
dibə çökəcək,
hər şey səngiyəndən, aydınlaşandan,
zaman tozanaqları yatandan
sonra onu keçmişlərdəkindən daha artıq xiffətlə, həsrətlə,
məhəbbətlə anacaqlar,
ona dünənlərdəkindən
də artıq dəyər verəcəklər.
Hələ Heydər Əliyevlə
ayrılıqdan nə
ötüb ki! Başqalarını
qoyuram bir qırağa, Heydər Əliyev dövrünün
ona ən barışmaz münasibət
bəsləmiş ən
qart müxalifətinin
belə dilindən oxşar ürkək etirafları eşitdiyimiz az olmayıb ki, onun dövrü başqa dövr idi, qədrini bilməmişik!
Həzrət Əlinin "Nəhc
ül-bəlağə"sində yaşayan köhnəlməz
hikməti var: "Bizdən
qabaqda gedənlər bizi gözləyəcək,
bizdən sonra gələnlər özlərini
bizə çatdıracaq.
Çünki bizim yolumuz haqq yoludur!"
17 səhifəlik arayışın
əsasında hazırlanmış,
altında Heydər Əliyevin imzası olan bu qərar
əslində Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsinin
yaxın 5-10 il üçün
fəaliyyət proqramı
və getməli olduğu gələcək
yolun layihəsi idi. Həmin arayışın altında
komitədə yoxlama aparmış qrupun rəhbəri, "Azərbaycan
kommunisti" jurnalının
baş redaktoru Kamran Rəhimov və bu işdə onun müavini, Mərkəzi Komitənin Təbliğat və təşviqat şöbəsinin
müdiri İskəndər
Axundovdan başqa 16 imza dayanır (Araşdırmanı jurnalistlər,
yazıçılar, alimlər,
texnika, avadanlıqlar və yayım üzrə mühəndislər,
digər mütəxəssislər,
ümumilikdə 20 nəfər
aparmışdı). Bu son səhifə
özü ayrıca bir tarixi sənəddir.
Haçansa Azərbaycan
radio-televiziyasının layiqli
muzeyi yaranarsa, orada yer alası
qiymətli yadigar. Ad-soyadları açıq yazılmayıb, sadəcə,
müxtəlif rəngli
qələmlərlə çəkilmiş
qollardır. Ancaq elə həmin imzalara baxınca adları Azərbaycan radio
və televiziyasının
tarixində həmişəlik
qalacaq, millətimiz üçün böyük
xidmətlər göstərmiş
bu məkanın başlanğıc dövrünün
peşəkar qurucuları
sırasında həmişə
sayğıyla anılacaq
tanış surətlər
canlanır göz önündə. Bu arayışı
da bütün istiqamətlər
üzrə dəqiq təhlillər apararaq elə tərtib ediblər ki, Heydər Əliyevin imzalayacağı,
radio-televiziyanın həyatında
yeni səhifə açacaq
qərara köməyi
dəyə bilsin.
1969-cu ildən çox onillər keçib. Ancaq o vaxt mənzərə
necə idi və çıxarılan
qərar hansı dəyişikliklərə meydan
açdı söhbətini
yalnız ona görə xırdalamıram
ki, bütün bunlar Heydər Əliyevin həyatının səhifələridir.
İş ondadır
ki, o vaxt bu arayış əsasında
çıxarılmış qərar elə mətləblərə toxunur
və radioya, televiziyaya bu xalqın elə vacib dəyəri kimi baxır, onun çəkisini, gücünü artırmaq
üçün elə
vəzifələr müəyyənləşdirir
ki, indi də onlara yenidən qayıtmağa, yolun bundan sonrakı hissəsinin daha düzgün gedilməsindən
ötrü onlardan yararlanmağa lüzum var.
1968-ci ildən başlayaraq yoxlamayadək sürən
son 1 il 3 ayda komitəyə
İmran Mirzəyev sədrlik
edirmiş.
Xatirimdədir ki, 1980-ci illərin sonlarına
qədər radio-televiziyaya
hər gün yüzlərlə məktub
gələrdi. Dinləyici,
tamaşaçı məktublarının
çoxluğu onların
sistemləşdirilməsi, ayrı-ayrı redaksiyalar arasında bölüşdürülməsini
təmin etməkçün
xeyli əməkdaşı
olan, hər gün işlə qaynayan ayrıca məktublar redaksiyası yaradılması zərurətini
doğurmuşdu.
Sonralar insanlarımızın bu məkana əvvəlki inam və istəklə
baxmaması, üstəlik,
məktubyazma ənənəsinin
də qəfilcə soyuması ucbatından o redaksiya da ləğv edildi, radio-televiziyanın
da insanlarımıza əvvəlki
məhrəm münasibətlərindən
əsər-əlamət qalmadı.
Arayışda yazılırdı ki, komitəyə 1966-cı ildə
vətəndaşlar 8.926 məktub
yollamışdısa, bu
rəqəm 1968-ci ildə
15.848-ə çatmışdı. Amma
yeni rəhbərliyin dövründə
bu rəqəm keçmişdə hər
il artdığı halda
kəskin aşağı
düşmüşdü. 1969-cu ilin ilk 6 ayı ərzində Mehdi Hüseyn
küçəsi 1-ə cəmi
6.254 məktub yollanmışdı.
Və Heydər Əliyevin göstərişi
ilə araşdırmanı
aparanlar məktubların
azalmasını verilişlərin
keyfiyyətinin aşağı
düşmə səbəblərindən
hesab etməkdən əlavə göndərilən
məktublardan gələn
səslərə diqqətin
zəif olmasından
da gileylənərək yazırdılar
ki, məktublardan istifadənin
bircə yolunu bilirlər - bunların əsasında sifariş konsertləri tərtib etməkdən o yana keçmirlər. Halbuki o məktublar neçə maraqlı verilişə qida verə bilərdi.
Həmişə komitədə radio daha
yüksək səviyyəsi
ilə seçilmişdi.
Yalnız ona görə yox ki, milli radiomuz televiziyadan 30 yaş böyük idi. Sadəcə, əvvəldən iş elə qurulmuşdu ki, bura təsadüfi adamları götürməmişdilər.
Böyük əksəriyyəti
istedadlı insanlar idilər, ona görə də çoxu sonralar Azərbaycanın adlı-sanlı
şairləri, yazıçıları,
alimləri kimi tanındılar, sevildilər,
hazırladıqları verilişlərin
əksəri "qızıl
fond"da həmişəlik
qorunmaq haqqı qazandı. Televiziyanı qüvvətləndirmək üçün
daim radioya arxalandılar. O vaxtlar radionun 9 baş redaksiyası olduğu halda televiziyada bu rəqəm 7 idi. Əlbəttə, illər ötdükcə
televiziyanın imkanları
artmalı idi. Artdı da. Ancaq heyiflər ki, zəngin ənənələri olan
Azərbaycan radiosunu naşı idarəçiliklə
nəhayətdə cılızlaşdıra-cılızlaşdıra
aciz duruma gətirdilər.
O vaxtlar radionun ayrıca "Araz" proqramı vardı ki, çox sevilərdi. O çağlar respublika radiosunun gündəlik səslənişi elə
"Araz"la birlikdə
sutkada 32 saatmış.
Televiziyamızsa 29 saat
göstərirmiş. İndi televiziyanın saatları
qat-qat artıbsa da, radionunku
azalıb. Bir zamanların
örnək Azərbaycan
radiosunu, təəssüflər
ki, özəl radiolara
oxşatmaq kimi yanlış, xətalı
yol tutulub.
Heydər
Əliyevin imzaladığı
qərar Azərbaycan
radio və televiziyasını
ən əvvəl daha öyrədici etməyə yönəldirdi.
Ucuz musiqi parçaları ilə doldurulan bolluca konsert proqramlarının əvəzinə tanınmış
yazıçıları, alimləri,
ziyalıları cəlb
etməklə məzmunlu
verilişlər hazırlamaq,
verilişlərin böyük
hissəsinin daha çox qonorar almaq xatirinə elə əməkdaşlar
tərəfindən hazırlanması
vərdişinə son qoyaraq
qüvvətli qələmi
olan kənar müəlliflərdən geniş
istifadə tövsiyə
olunurdu. Xaricə verilişlərin həcminin
də, məzmununun
da, keyfiyyətinin də
artırılması vəzifə
kimi qarşıya qoyulur, respublika mətbuatında radio-televiziya
haqqında mütəmadi
təhlil yazılarının
dərc ediləsi, bununla da efir məkanının həmişə
nəzarəti hiss etməsi,
daim səfərbər
olması istənilirdi,
komitənin nəzdində
fəaliyyət göstərmiş,
artıq ləğv edilmiş olan simfonik orkestrin bərpa edilməsinin məqsədəuyğunluğundan əlavə yeni musiqi kollektivlərinin yaradılması
gərəkli bilinirdi.
Üstündən yarım
əsr sovuşandan sonra isə o vaxt o cür yarıtmaz işləmişlərin
dayaz mənəvi varisləri zəngin ənənələri və
irsi olan simfonik orkestri də, radio-televiziyanın
digər musiqi kollektivlərini də ləğv edəcək, uzun yaşlı sanballı verilişləri
öz gödək arşınları ilə
ölçərək gərəksiz
sayacaq, qapadacaq, elə 50 il qabakı kimi, yenə efiri ortabab, bəzənsə lap ortadan
da aşağıbab musiqi
horralarıyla dolduracaqlar.
Respublikanın intellektual qüvvələrinin
komitənin işinin daha səviyyəli qurulmasına cəlb edilməsi, əməkdaşların
müasir tələblərə
uyğun peşəkarca
yetişdirilməsi ilə
bağlı tədbirlər
görülməsi, radio-televiziyanın
maddi-texniki bazasının
gücləndirilməsi qət
edilirdi. Əgər sən radio-televiziyanı özünə silahdaş
və mötəbər
dayaq kimi seçirsənsə, gərək
onun inkişafı üçün əlindən
gələni də edəsən.
Və Heydər Əliyev də bu işi
elə respublikanın
birinci şəxsi təyin edildiyi ilk aylardanca başladı. Həmin qayğının
bəhrəsini xalq da
gördü, radio-televiziyadan
dövlət maşınının
mühüm hissələrindən
biri kimi yararlanan hakimiyyət də, bilavasitə elə həmin dövlət maşınının
əsas sükançısı
olan Heydər Əliyev özü də.
...Heydər Əliyev iqtidara gələndə respublikada həm statusuna, həm tirajına görə birinci sayılan "Kommunist" qəzeti yarım əsr idi ki, buraxılırdı.
Amma Heydər Əliyev
ilk rəhbər idi
ki, təzə gəldiyi
çağlardan mətbuatdan
onun sözlərini hər kəsə çatdıran vasitə kimi tam həcmdə yararlanmaq, mətbuatın
da səsini həssaslıqla
dinləmək xəttini
tutdu. Qəzet sözünün kəsəri
Heydər Əliyev dönəmində əvvəlki
çağlara baxanda
müqayisəedilməz qədər
artdı.
A.Şopenhauer qəzeti
"tarixin ani atıcıları,
qəzetlərin baş
məqalələrini hadisələr
dramında xor" adlandırır və əlavə edirdi ki, "qəzet çox vaxt ucuz metaldan
hazırlansa da, ara-sıra
hədəfə çox
dəqiq vurur".
Heydər
Əliyevin Azərbaycana
rəhbərliyi haylı-küylü
başlandı. Dünənəcən
gizli qalan, xalq arasında pıçhapıçla danışılan
çox mətləblər
dəlili-sübutuyla qəzet
səhifələrində göründü.
Sovet dönəmində raykom katiblərinə "balaca
padşahlar" deyərdilər.
Səlahiyyətləri sadəcə çox yox, hüdudsuz kimiydi. Bəziləri bu imkandan bir
qədər də sui-istifadə edərək
özlərini həmin
rayonun sərhədlərində
az qala yerin-göyün
sahibi, hakimi-mütləq
kimi aparar, müti rəiyyət kimi baxdıqları adamlarla qudurğan ağa kimi davranardılar.
"Kommunist" qısa
bir zamanda onların da, onlardan da yüksək
vəzifə sahiblərinin
də qoparağını
necə götürdüsə,
bu redaksiyadan gələn müxbirin qarşısında hamısı
özünü yığışdırdı.
Qəzetdə çıxan hər tənqidi yazının respublikada vəlvələ
saldığı, qəzetin
hər sayının əl-əl ötürüldüyü
o illərin canlı şahidi, özü də bir nömrəli
qəzetin elə bir nömrəli müxbirlərindən olmuş
Rəfail Nağıyev
mənə söyləyirdi
ki, qəzetin, mətbu sözün belə qiymətə minməsi qəzetin də hörmətini artırdı, cavanlar arasında jurnalistika ixtisasına yiyələnmək
istəyənlər də
çoxaldı. Rəfail
müəllim söyləyirdi
ki, dünənəcən
kabinetinin qarşısında
qəzet əməkdaşını
da, müxtəlif yüksək vəzifə
sahiblərini də təkəbbürlə saatlar
boyu gözlətməkdən
xoşhallanan neçə
naziri, direktoru, rəisi, idarə müdirinin yüz cür xahiş-minnətlə
"Kommunist" redaksiyasına
gələrək boynubükük
dayandığını çox
görmüşəm. "Kommunist"in də qazandığı bu nüfuza və sanbala görə birbaşa Heydər Əliyev qarşısında
məsuliyyəti vardı.
Heydər Əliyevin
KQB-dən gəlməsinin
çoxlarında olduğu
kimi, onlarda da yaratdığı bir xof da
vardı ki, heç vəchlə sol getməməlisən, bilmərrə cızığından
çıxmamalısan - hökmən
biləcək.
1969-cu ilin sentyabrında
iki gün dalbadal - ayın 27-si və 28-də "Kommunist"də
"Bir məktubun izi ilə" rubrikası altında
"Lənkəran malikanələri"
adlı 2 böyük
məqalə dərc edilir. Qəzetin müxbirləri o yazıları
cənub bölgəsindən
göndərilmiş bir
məktubun dalıyca düşərək yazmışdılar.
Və Heydər Əliyev də göstəriş verir ki, məktubun izi ilə gedilərək
ortaya çıxmış
bu məqalələrdə
bəhs edilənlərin
nə dərəcədə
doğru olmasının
ardınca olsunlar və məsələ müfəssəl şəkildə
araşdırılsın.
Büronun iclasına "Kommunist"in
redaktor müavini də çağırılır.
Çünki tənqid
yazanın başı
həmişə qalda
olar və hər kəskin məqaləsindən sonra
müxbirlərin özlərindən
də Mərkəzi Komitəyə şikayətlər
göndərməyə başlayırdılar
ki, nələrisə düz
yazmayıb, haradasa qərəzkarlıq edib. Hər dəfə belə məqamların müzakirəsi əsnasında
Heydər Əliyev qəzetin, jurnalistin yanında olduğunu büruzə verir, hərdən bunu elə açıqca da dilə gətirir. "Lənkəran malikanələri"
ilə bağlı da
xeyli şikayət məktubları alınmışdı.
Üstəlik də,
rayon rəhbərləri büroda
da özlərini təmizə
çıxarmaq üçün
jurnalistləri doğru
yazmamaqda ittiham edirdilər.
Heydər
Əliyevdir danışan:
"Burda "Kommunist"
qəzetinin müxbiri
haqqında irad bildirildi. Qəzetin redaktor müavini burdadır. Mən artıq demişəm, bir də deyirəm
ki, ayrı-ayrı müxbirlərlə
əlaqədar bizə
siqnallar gəlir. Biz mətbuatı çox müdafiə edirik. Ancaq sui-istifadəyə də dözən deyilik. Bu məsələni
də araşdırın".
Elə həmin Rəfail Nağıyev deyən məsələdir. İnanırdı,
dayaq dururdu, qoruyurdu, amma açıq və örtülü mətnlə
də xatırladırdı
ki, etibarı itirmək
olmaz, ədalətli olun, düz yazın ki, dostluq axıradək çəksin.
...Zaman ayrı zaman idi. Rayon yerində, kənd-kəsəkdə
yaşayanlar, təbii
ki, fərdi evlər tikmək istəyirdilər.
Daha keçmişdəki
kimi qarğıdan-qamışdan,
lap çiy kərpicdən
ev qurmaq əyyamları keçmişdi.
Ancaq sovet dövrünün öz məhdudiyyətləri də
vardı. Rayonlara ayrılan tikinti materiallarının həcmi
çox olmurdu. Tədricən hamının
istəyinə çata
bilməsi üçün
hər rayona ayrılan taxta-şalban
da, daş-kərpic də
gərək elə insafla, ədalətlə bölünə idi ki, kiminsə işi dərhal düzəlib, kimlərsə illərlə
intizarda qalmayaydı. Lənkərandan gələn
məktublardasa camaat şikayətlənirdi ki, bax,
filankəslər böyük
mülklər tikdirirlər,
bizsə illərdir bir maşın taxta ala bilməyin həsrətini çəkirik.
Bugünün adamlarına belə
söyləmələr nağıl
kimi gələr. İndinin insanı gedir girir dükana,
bəyəndiyi minik maşınını seçir,
pulunu ödəyir, elə bir neçə
saata sənədləşmə
də həll olunur, oturur avtomobilinə, sürüb
gəlir evinə.
Ya hər rayonda, şəhərdə sıra-sıra
inşaat materialları
satılan mağazalar,
sexlər. Gir hansına istəyirsən,
pulun varsa, kimdir qarşısını
kəsən - bir yox, iki maşın
taxta al apar, kimdir sənə
söz deyən! Alış-verişin qəbzini
də cırıb atırlar ki, artıq kağız-kuğuza
nə gərək! Amma uşaqlıq illərimdən yadıma gəlir ki, evimizdə köhnə bir qovluq vardı,
içərisində çox
illər qabaq tikilmiş evimizin inşası əsnasında
alınmış hər
kubmetr taxtanın, hər maşın qumun, hər kisə sementin qəbzləri, arayışları
saxlanırdı və
təxminən hər
evdə də belə qorunan qovluq olardı ki, günlərin birində gəlib "evini necə tikmisən?" soruşulanda
cavab verməyə əldə sənəd-sübut
olsun.
Müxbirlər şikayət məktublarının
izi ilə Lənkərana gedib araşdırmalara başlayanda
görmüşdülər ki, son 5 ilə
yaxın müddətdə
rayon icraiyyə komitəsinə daxil olan 950 ərizənin təqribən 600-ü tikinti
materialları almaqdan ötrüdür. Ərizə
yazıblar, götürülüblər
növbəyə, qalıblar
illərcə gözləyə-gözləyə.
Sağlarında-sollarında kimlərsə nə ərizə yazıb, nə illərlə həsrətlə gözləyib,
yekə-yekə mülkləri
də rahatca tikiblər, qonşular da qalıb baxa-baxa.
Ya bir nəfər gəlib rayon icraiyyə komitəsinə müraciət
edib ki, yaşlaşmışam, şəxsi
istifadədən ötrü
"Volqa" maşınına
ehtiyacım var. Ərizəsinin üstünü
dərhal dərkənarlayıblar
ki, növbədənkənar
təmin edilsin. Həmin adam alır maşını, üstündən vur-tut 9
gün sonra satır Azərbaycan zərgərlik kontorunun Lənkərandakı mağazasının
müdirinə. Gendən
baxan, illərlə növbədə duranlar da çörəyi burunlarına yemirdi. Əhali şikayət ərizələri göndərmişdi,
müxbirlər gedib başlamışdılar eşələməyə.
Sual verirdilər ki, axı niyə
Lənkəranda bir dəstə adamın xüsusi bəxti var?! Vur-tut son
8 ay ərzində 30 qəpiyə alınan lotereya ilə 4 "Volqa", 5 "Moskviç
408", 4 "Zaporojets" udulub və bəxti ayaq üstə olanlar da nədirsə, heç biri kasıb deyil, imkanlı-pullu adamlardır?
Heydər Əliyev
belə-belə natəmiz
əməliyyatların varlığından
Dövlət Təhlükəsizlik
Komitəsində 25 illik
yol keçmiş bir şəxs kimi istənilən partiya işçisindən
yaxşı xəbərdar
idi, məsələnin
cikini-bikini, belə sövdələşmələrin də necə baş verdiyini bilirdi. Respublikaya rəhbərliyə başlarkən
də əsas niyyətlərindən biri
sosial ədalətsizliyi
rəf etmək, haqqı, düzgünlüyü
bərqərar etmək
idi. Hadisələrin altından-üstündən bixəbər
olmadığından onu
aldatmaq da çətin idi. Çətin yox, mümkünsüz idi.
1970-ci ilin 24 iyulu idi, büronun
növbəti iclası
gedirdi, çöldə
yayın cırhacırı
idisə də, içəridəki hərarət
heç bayırdakından
geri qalmazdı. Lənkəran hekayətinə
nöqtə qoymaq, qanunu pozanların dərsini vermək, bununla həm də digər rayonların rəhbərliyinə
"Qızım, sənə
deyirəm, gəlinim,
eşit" xəbərdarlığını
çatdırmaq lazım
idi. Heydər Əliyev iclası yekunlaşdırırdı: "Lənkəran Rayon Partiya Komitəsinin katibi Babayev gəlmişdi qəbuluma.
Məni inandırmağa
çalışırdı ki, heç də hər şey obyektiv əks etdirilməyib. Ancaq biz ayrıca
komissiya düzəltmişdik
ki, "Kommunist"in
yazdıqlarını da
araşdırsın. Nə
yazıblarsa, əsasən
düzdür. Biz bu məsələləri
müzakirə etmişdik,
nöqsanlar göstərilmişdi,
özümüz işi
qəsdən uzatdıq
ki, vaxt çox olsun, yoldaşlara imkan verilmişdi ki, islah olunsunlar, vəziyyəti sahmana salsınlar. Nəticədə
nə olub? Bu tənqidlərdən nə katib Babayev,
nə Lənkəran Rayon Partiya Komitəsinin
digər büro üzvləri düzgün
nəticə çıxarıblar.
Özlərinə haqq
qazandırmaq üçün
üsullar axtarıblar".
Söz gəzirdi
ki, Heydər Əliyev respublikaya rəhbərliyə təzə
başlayanda tam barışmaz, çox amansız olub, cəza verəndə baltanı dibindən vurub. Ancaq görürəm
ki, yox, sənədlər başqa
şey deyir. Büronun stenoqramı köhnə günlərin
əhvalatlarını sözbəsöz
dəqiqliyi ilə çatdırır. Yenə
Heydər Əliyevdir danışan, qərarını
elan edir: "Qərar layihəsinə gəlincə, onu qəbul etmək lazımdır. Babayev də, digər yoldaşlar da partiyadan çıxarılmağa
layiqdirlər. Qərar
layihəsində belə
də yazılıb. Ancaq gəlin biz onların işdən çıxarılması
haqda qərar qəbul edək, amma şəxsi işlərinə yazılmaqla
töhmətlə kifayətlənək".
Heydər Əliyevin
xasiyyətində hərdən
qəfilcə ən sərt mövqedən aralanaraq belə mülayimləşmə də
varmış. Yapışdığından
əl çəkməyən
deyilmiş, qarşısındakı
günahlarını səmimiyyətlə
etiraf edəndə bağışlamağa da
hazır olurmuş.
Yəqin, o iclasda
raykom katibinin üzrxahlıqları ona təsir edib ki, artıq qərar layihəsi hazır olsa da, partiyadan xaric etmək cəzasını qoyub qırağa.
Partiya üzvlüyündən
xaricetmə gününə
görə elə ölümə bərabər
bir hökm idi. İşdən çıxarılmısan, nə
eybi, vaxt ötər, yenə haradasa işə düzələrsən, yolun
davam edər. Amma partiyadan qovulmusansa, bu, elə ləkə idi ki, üzünə
bütün qapılar
bağlanırdı.
..."Kommunist" qəzetinin nömrələri
il-il tikilib, cildlənib, kitabxanalarda, arxivlərdə qalır. Oradakı yazıların əksərində yarandığı
vaxtın möhürü
var. O dövr, o siyasət gedib, zəmanənin hökmü
ilə qələmə
alınmış həmin
yazılar da bu gün daha
maraq kəsb etmir. Ancaq vaxtında
o yazıların hər
biri tale dəyişə bilib. Mən həmin Lənkəran məqalələrini
Mərkəzi Komitə
Bürosunda bu məsələnin müzakirələri
ilə bağlı sənədlərlə tanış
olandan sonra aradım. Məqalə yazılıb, böyük
olduğu üçün
iki hissəyə ayrılaraq çap edilib və bircə məqalə aylarca dövlətin diqqət mərkəzində
saxlanılıb. Bircə
məqaləylə bağlı
dövlət səviyyəsində
bir neçə mötəbər komissiya yaradılıb, Lənkərana
gediblər, günlərlə,
həftələrlə araşdırmalar
aparıblar, mövzu iki dəfə Mərkəzi Komitənin Bürosuna çıxarılıb.
Nəticədə böyük
bir dəstə adam tutduqları vəzifədən xaric edilib, əhvalatın əks-sədası Azərbaycan
boyu yayılıb, hamı da aşkarca
görüb ki, bütün bu mərəkə bir qəzet məqaləsindən
başlandı.
Köhnə mətbuat işçilərinin
neçəsinin köks
ötürərək xiffətlə:
"Onda mətbu sözün qılınc kimi kəsəri, qəzetin hörmət-izzəti
vardı" dediyini eşitmişəm. Mətbuat
ona görə hörmətliymiş, qəzetin
sözü ona görə itiymiş ki, ona arxalanan
və onun arxalandığı qüvvə
varmış.
İnsan əməyinə
qiymət veriləndə,
ətrafdakılar onun
qəlbən sevərək
gördüyü işə
biganə baxmayanda xoşbəxt olur. Məhz belə - sadəcə sevinmir, yalnız fərəhlənmir,
özünü bəxtiyar
hiss edir. İllər öncə neçə sabiq "Kommunist" əməkdaşı
mənimlə xatirələrini
öyünərək bölüşüb
ki, Heydər Əliyev məqaləmdən
sonra redaksiyaya zəng vurmuşdu, ya felyetonumdan büroda danışmışdı,
yaxud mənim məqaləm vasitəsilə
haqqı tapdalanmış
kimlərinsə vəzifəsinə
qaytarılmasına, müşkülünün
həll olunmasına göstəriş vermişdi.
Çörəkləri qələmdən çıxan,
həyatdakı əsas
zövqü yazı-pozudan
alan o köhnə jurnalistlər sevimli peşələrini, qəzeti
qaldırdıqlarına görə
Heydər Əliyevə
minnətdar idilər.
Artıq müstəqillik
illərində, Azərbaycan
Prezidenti olduğu vaxtlarda başqalarına rəsmi dövlət təltifləri və fəxri adları verən Heydər Əliyevə müxtəlif
redaksiyalar rəmzi
"Mətbuatın dostu"
mükafatları da verdilər, o da getdi, tədbirlərinə
qatıldı, qəbul
etdi. Ömrün, hakimiyyətin, şöhrətin
elə zirvəsindəydi
ki, artıq verilə biləcək nə qədər belə mükafatdan ucada dayanırdı. Ancaq həmin mükafatı bir rəmz sayaraq qəbul edirdi. Di gəl, qəbul
etmədiyi təltiflər
də vardı. Necə ki, dərin
zəkası ilə çoxdan alimlik mərtəbəsinə yüksəlsə
də, elmin inkişafına çox töhfələr versə
də, onu elmi dərəcə və rütbəyə təqdim etmək istəyəndə razılaşmamışdı.
Jurnalistlərin cavan nəslinin onu özlərinə arxa sayaraq mətbuatın dostu kimi mükafatlandırmasını
isə məmnuniyyətlə
qəbul edirdi. Ədəbiyyat, mədəniyyət
xadimlərinin, bir də jurnalistlərin arasında ilk baxışdanca duyulurdu ki, Heydər Əliyev özünü doğma mühit, ruhən ona yovuqların arasındaymış
kimi hiss edir. Hansı xarici səfərə çıxsaydı, yanında
iri bir jurnalist
dəstəsi olardı.
Zahirən bəlkə
də AZƏRTAC-ın,
Azərbaycan Televiziyasının
müxbirləri yetərli
idi ki, səfərin
gedişini bütün
təfərrüatı ilə
işıqlandırsınlar. Ancaq çoxmüxbirli dəstə daim yanında idi. Müstəqilliyin ilk illərində xəzinənin
hələ boş olduğu, özüylə
apardığı hər
jurnalistin əlavə
yük, izafi məsrəflər olduğu
vaxtlarda da, artıq informasiya blokadasını çoxdan
yarmış olduğumuz,
sözünü dünyaya
çatdırmaqçün bəlkə də onu müşayiət edən bu irilikdə
dəstəyə daha
sən deyən ehtiyacı olmadığı
çağlarda da.
Ehtiyacı hər
halda varmış. Bu, ürəyin ehtiyacı idi. Həmişə həqiqi
dost, etibarlı köməkçi saydığı
və özünün
də sədaqətli
dostu, sabit dayağı olduğu mətbuatla, jurnalistlə
- simsarlarıyla birgə
olmaq ehtiyacı.
O, hər cəhətdən
əvəzolunmaz bir şəxsiyyət idi. Elə bu baxımdan
da onun kimisi
olmayıb, çətin
ki, bundan belə də ola!
19 iyun, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci
qəzet.- 2023.- 22 iyun.- S.10-11.