Şair payız

 

 

Bir az darıxmağa başladım yenə..,

elə bil əlimlə vaxtı didirəm...

Payızın ot basmış biçənəyində

dumanın altında bir yol gedirəm.

Səmti  itirmişəm, azmışam bəlkə,

gedirəm bəxtəbəxt payız içində.

Hayana getsəm , fərqi nədi ki,

gəlib qovuşduğum payız köçündə

bu sarı yolların sonu bəllidi...

Payız hicranların ən sevimlisi,

payız həsrətlərin ən gözəlidi,

payız baxışların ən kədərlisi,

payız nəğmələrin ən yanıqlısı,

Payız - sevgilərin dəliqanlısı,

Payızı mən belə sevdim əzəldən!

... qədər gözəlsiz, payız gülləri,

Mən sizə vuruldum hər vaxt təzədən

Qənirsiz, qədirsiz payız gülləri...

...Heç zaman yollardan yorulmadım ki,

Mən yollar keçmişəm saysız-hesabsız...

...Yenə bir-birinə qoşulub gedir   

  Dumanın altında Şair Payız...

 

 

 

Payız ayrılığı

 

 

 

Payız doluxsunub baxır üzümə,

Elə bil anama nəsə deyəcək...

Anam inanacaq onun sözünə,

Mən deyən yalandı, o deyən gerçək...

 

 

Payız deyəcək ki, aldadıb məni,

Deyirdi sevirəm, elçi gəlmədiz,

Adıma söz çıxıb şair oğlunla...

Anam hey baxacaq - bircə kəlməsiz...

 

 

Qolunu boynuna salıb payızın,

Anam deyəcək ki, qızım, ağlama,

Ona ki adaxlı axtarıram mən,

Necə gəlməmisən mənim ağlıma?!

 

 

Mən bir-iki oxlov çəkərəm indi

Ona - anladaram sənin qədrini..

...Payız deyəcək ki, yox, lazım deyil,

Qoy qalsın, onsuz da qırıb qəlbimi...

 

 

Soyuq küləklərlə çıxıb gedərəm,

Baxma saralmışam, qürurluyam mən,

Çox sağ ol, gedirəm, bir ildən sonra

Gəlib öpəcəyəm sənin əlindən...

...Anamın üzünə baxa bilmərəm,

Çaxmaqlar salmamış göydə şaq-şaraq,

O soyuq küləklər gəlməzdən qabaq

Gərək bu yerlərdən çıxıb gedim mən...

 

              

 

Yovşan

 

 

Bu qupquru  yovşanın qoxusundan

min il o yanın səsi gəlir..,

bu qupquru  yovşanı

qoxladıqca

insanın həvəsi gəlir

bir az oxumağa pəsdən,

bir az xatirələrə dalmaq,

bir az da dolmaq,

dolub-daşmaq,

ömürün bu başını o başına-

o başını bu başına daşımaq

həvəsi gəlir,

hər şeyi,

hətta ölən sevgiləri

yenidən yaşamaq

həvəsi gəlir

bu cadar-cadar şoran

Şirvan küdrüsündə...

Bu küdrünün düzündə

çöl yatıb min ilin yuxusunda,

sonsuzluğun qapısıdı sanki

yovşanın hər dəstəsi...

Bu qupquru yovşanın qoxusundan

aşıq Şakirin səsi gəlir -

"Şirvan şikəstəsi"...

 

Mənim adım

 

 

O cür sərt qışlardan keçib gəldim,

O cür acı sazaqlardan keçib gəldim.

O cür uzaqlardan keçib gəldim..,

Vətən ətri gətirdim-

Sevgilərinizin Vətəni

uzaq gəncliyinizdən...

Qoxum  tanış gəlirmi?!

Bu qoxudan

bu qoxunun içindəki yuxudan

gözlərinə yaş gəlirmi?!

Gözlərinə işıq gəlirmi?!

İçindən bir savaş gəlirmi?! -

Taleyə üsyan savaşı!

Canım başdan-başa qoxudu,

hər şeyin qoxusu var orda;

divarı çökmüş məcsiddəki

azan səsi,

anaların uzaaaaq

dumanlı çöhrəsi,

ilk sevgi,

uzuuun hüznlü qəbristan yolu,

gözüyaşlı "vağzalı"      

... hamısı

qoxuya dönüb hopub canıma...

bunların hamısı

canımda gah közərir,

gah qaralır kömür kimi...

Yaşanmış ömür kimi acıdı dadım...

Mən yovşanam,

Acı yovşandı mənim adım!

 

Tofiq NURƏLİ

525-ci qəzet.- 2023.- 23 iyun.- S.15.