Böyük kişinin böyük oğlu

 

ƏLİƏKBƏR BƏY ƏLİMƏRDAN BƏY OĞLU TOPÇUBAŞI

 

(Əvvəli ötən sayımızda)

 

 

ŞAGİRDLİKDƏN TƏLƏBƏLİYƏ

13 iyun 1912-ci ildə verilmiş 1465 saylı attestatdan aydın olur ki, Əliəkbər bəy 1 sentyabr 1906-cı ildən 11 iyun 1912-ci ilədək Bakı edadi (real) məktəbində oxuyaraq əsas bölmənin tam kursunu bitirib. Attestatındakı 13 qiymətdən ikisi "5" (coğrafiya fizikadan), qalanlarının hamısı (şəriət daxil) "4"dür. Ancaq oxuduğu bu 6 sinif təhsili ona ali məktəbə girmək hüququ vermirdi, buna görə həmin məktəbdə 8 iyun 1913-cü ilədək əlavə - 7-ci sinifdə oxuyaraq tam orta təhsilini başa vurub bu haqda 1031 saylı şəhadətnamə alıb. Xatırladırıq ki, bu zaman onun sinif yoldaşları Həbib Babayev, Mirzədavud Hüseynov, Mövsüm bəy İsrafilbəyov, Qafar xan Rzayev, Musa Xəlilov, Abdulla Şahbazov, Əliövsət Əfəndizadə, İsrafil Ağayev, Aslan bəy Axundov, İsgəndər xan Talışinski olublar.

Əliəkbər çox sonralar xatırlayıb ki, məktəbdə ilahiyyat dərsi keçirdik. Bu dərsi bizə Abdulla Şaiqin qardaşı Axund Yusif Ziya Talıbzadə deyirdi. O, dərsə Qur'an  ayəsi oxumaqla başlayır, sonra isə Azərbaycan tarixinə keçirdi, çünki Azərbaycan tarixinin tədrisi rusca məktəblərdə yasaqlanmışdı. Məhz Axund Yusifin şəxsi təşəbbüsü sayəsində biz vətən tarixini öyrənirdik.

Əliəkbər bəy Topçubaşı atasının dəfnində (Paris, 8.11.1934-cü il).

Moskva Kommersiya İnstitutunun (MKİ) direktoruna 17 iyun 1913-cü ildə ərizə yazan "Bakı real məktəbində tam kursu bitirmiş, Bakı şəhərində Zabit küçəsindəki (indiki Məmməd Əfəndiyev, keçmiş Musəvi küçəsi) 9 ¹-li evdə atası vəkil Əlimərdan bəy Topçubaşovun mənzilində yaşayan" Əliəkbər bəy İnstitutun iqtisad bölməsinə qəbul olunmasını istəyib diləkçəsinə gərəkli bəlgələri qoşub. Ancaq görünür ki, sənədlərdə bəzi çatışmazlıqlar olub İnstitut dəftərxanası bu haqda ona 20 iyunda 514 saylı xəbərdarlıq məktubu yollayıb, bundan sonra yerdə qalan bəlgələr (3 fotoşəkli daxil) ayrıca bir ərizə ilə MKİ direktoruna göndərilib.

Elə həmin il Topçubaşov Moskva Kommersiya İnstitutunun iqtisad bölməsinə qəbul olunub. Ancaq İnstitutun ona açdığı şəxsi qovluğunun üstündəki qeyddən aydın olur ki, o, 1913-cü ildəcə bu məktəbi tərk edib. Səbəbini bəlli edəcək bəlgələr əlimizdə yoxdur. Çox güman ki, o, eyni zamanda başqa ali məktəbə ərizə verərək qəbul edilib təhsilini orada davam etdirib. Əlimizdə, təəssüf ki, bu haqda da danılmaz sənəd yoxdur. Ancaq prof. Vilayət Quluyev'in tərtib etdiyi "...Doğma Azərbaycanın mənafeyini qoruyacağıq!" kitabında Əliəkbər bəy haqqında yazdığı qeyddə oxuyuruq: "Peterburq Texnologiya İnstitutunda təhsil almışdı".

Professor Cəmil Həsənli isə "Tarixi şəxsiyyətin tarixi. Əlimərdan bəy Topçubaşov" kitabında yazır ki, atası Petroqrad Politexnik İnstitutunda oxuyan böyük oğlu Əliəkbər bəydən tez-tez məktublar alırdı. Əliəkbər bəy 1916-cı ilin fevralında göndərdiyi məktubda zarafatyana yazıb:

"Uzunətəkli pencəkdən başqa mənim heç bir kostyumum yoxdur. Mənim ancaq uzunətəkli dəstim var bundan başqa heç nəyim yoxdur. Yaxşı ki, mənim toxunma idman köynəyim var, onu evdə geyirəm, İnstituta da geyirəm, lakin bir müddətdən sonra onu geymək mümkün olmayacaq, onu gəzdirmək isti olacaq. Sonra isə mənim paltom yoxdur. Bir paltom var ki, hər zaman - qışda, yazda, yayda, yayda payızda düz iki il yarım şərəflə mənə xidmət edib. İndi isə o, acizanə şəkildə istefaya yollanmaq istəyir".

Məktubun təsviri bitdikdən sonra C.Həsənli yenə yazır ki, "iyirmi yaşlı Əliəkbər bəy artıq Petroqrad Politexnik İnstitutunda tələbə idi".

Əliəkbər bəy Topçubaşı İradə xanım Hacıyeva ilə (Paris, 1968-1969-cu illər).

Doğrudur, Peterburq Texnologiya İnstitutu Peterburq Politexnik İnstitutu tələbələrinin əlimizdəki siyahılarında Əliəkbər bəyin adına rast gəlməmişik, ancaq hər iki alimin hansısa etibarlı bir bəlgəyə söykəndiyini düşünürük. Bu zaman Əliəkbər bəyin müxtəlif zamanlarda adıkeçən institutların ikisində oxuduğuna inanmağa məcburuq, çünki onlardan hansının doğru olduğunu təsdiqləyəcək bəlgəmiz yoxdur.

Bunu da hökmən bildirməliyik ki, Əliəkbər bəy 1918-ci il daxil olmaqla tələbə sayılıb (az sonra bu faktı təsdiqləyəcək bilgiləri oxucularla paylaşacağıq). Belə çıxır ki, o, Peterburqda oxuyub, ancaq təhsilini yarımçıq qoymalı olub.

TƏLƏBƏLƏRİN VƏKİLİ

Azərbaycan Cümhuriyyətinin "Azərbaycan" qəzetinin 31 kanuni-əvvəl (dekabr) 1918-ci il tarixli 75-ci sayında "Tələbələrin orduya dəvəti münasibətilə" başlıqlı yazı dərc edilib. Onu tələbələrin vəkilləri olan Yusif Axundov, Mirəbdüləziz Seyidov Əliəkbər bəy Topçubaşov imzalayıblar. Həmin yazıda oxuyuruq:

"Maarif nazirinin 22 dekabrdakı elanıyla tələbələri Gəncə Hərbiyyə Məktəbinə qeyd olunmağa dəvət etməsi münasibətilə bir dəstə müsəlman tələbələri tərəfindən Nəzarətə (nazirliyə - M.M., Ə.T.) zeyldəki ərzi-hal (aşağıdakı ərizə - M.M., Ə.T.) verilmişdir:

"Biz, bir neçə müsəlman tələbəsi, Sizin dəftərxanaya müraciətən işbu elanın bəzi yerlərinin şərhini xahiş etdik. Sizin elanınızı tələbələr Nəzarət tərəfindən könüllü olaraq Məktəbi-Hərbiyyəyə daxil olmaq təklifi kibi tələqqi edərək (qəbul edərək, düşünərək - M.M., Ə.T.) icbari olmadığını düşünürlər. Bundan maəda (bundan başqa - M.M., Ə.T.), tələbələrin edadi məktəbləri itmam edənlərin əksəri Maarif, Ədliyyə Nəzarətlərində sair müəssisələrdə xidmətdə bulunuyorlar. Arkadaşlarımız ilə xüsusi söhbətlər əsnasında onlardan hökumət müəssisələrində çalışanlar kəndilərini hərbi qulluqdan azad, qalanlar isə bu elanı könüllü olaraq Məktəbi-Hərbiyyəyə daxil olmaq təklifi anlamış olduqlarını duyduq.

Bu barədə Hərbiyyə Maarif Nəzarətlərinin rəyini bilmək içün cənab maarif naziri hüzuruna müraciətən mətbuat vasitəsilə bu məsələnin aydınlaşdırılması[] rica ediyoruz: əvvəla, bu elan hamı içün qanuni bir tələbdirmi? Saniyən (ikincisi - M.M., Ə.T.), hökumət müəssisələrində xidmət edənlər[i] əsgərlikdən azad ediyormu əgər ediyorsa hanki vəzifələr[i] azad ediyor?

Əliəkbər bəy Topçubaşı İradə xanım Hacıyeva ilə Əlimərdan bəyin məzarı başında (Paris, 1968-1969-cu illər).

Maarif Nəzarətinin bu yolda çalışmasına səmimi-qəlbdən müvəffəqiyyətlər diliyor bu məsələnin aydınlaşdırılmasıyla ən yakın bir zamanda gənc ordumuzun səfləri (sıraları, cərgələri - M.M., Ə.T.) böyük əhəmiyyəti haiz olan münəvvər (işıqlı, aydın - M.M., Ə.T.) fikirli ünsürlər ilə doldurulacağına ümid ediyoruz".

Maarif naziri Nəsib bəy Yusifbəyli bu ərizəyə qəzetin həmin sayında "Müsəlman tələbələrinə" adlı baş məqalə ilə cavab verib bildirib ki, tələbələrin əsgərlikdən azad edilməsi haqqında qanun maddəsini hökumət ləğv edib.

"Qafqazın azadlığı müstəqilliyi uğrunda" kitabının müəllifləri qeyd edib ki, Əliəkbər bəy Paris Ali Kommersiya Araşdırmaları Məktəbinin xarici tələbələr üçün olan Kommersiya Akademiyası'nın diplomunu alıb.    

AZƏRBAYCAN HEYƏTİ-MÜRƏXXƏSƏSİNİN TƏRKİBİNDƏ

1919-cu ildə Paris Sülh Konfransına Azərbaycan Heyəti-Mürəxxəsəsi göndərilib. Əlimərdan bəy Topçubaşovun sədrlik etdiyi bu Heyətin 3 katibi nəzərdə tutulmuşdu: Səfvət bəy Məlik-Zərdabi, Əliəkbər bəy Rəşid bəy Topçubaşov qardaşları. Əliəkbər bəy toplantı protokollarının rusca yazılmasından məsul katib idi. O, bu vəzifədə 1919-cu ilin 20 yanvarından 20 aprelinədək çalışıb. Əliəkbər bəy eyni zamanda Heyət üzvü Əli bəy Hüseynzadəyə kömək etməli idi. O həm diplomatik kuryer vəzifəsinə təyin edilib. Əlimərdan bəy Azərbaycan Cümhuriyyəti rəhbərlərinə göndərdiyi ən önəmli sənədləri bəzən məhz Əliəkbər bəylə Bakıya yollayıb. Məsələn, o, hələ Parisə gedərkən İstanbulda olduğu zaman - 18 aprel 1919-cu ildə Cümhuriyyətin Baş nazirinə (N.b.Yusifbəyliyə) göndərdiyi məktuba bu cümlələrlə başlayıb:

"Sabah Əliəkbər bəy Topçubaşov buradan ingilis gəmisində yola düşür. O, hökumətin Azərbaycan Cümhuriyyətinin Sülh Konfransındakı Heyəti-Mürəxxəsəsinin kuryeri kimi Bakıya geri dönür. Sülh Heyətinin buraya - İstanbula gəlişindən bəri sayca üçüncü olan rəsmi məlumatı onunla göndərirəm". 

Əliəkbər bəy Topçubaşı dostu Aleksandr Nikolskoyun qızı Anna ilə (Paris, 1963-cü il).

Artıq Parisə çatmış Əlimərdan bəy 8-10 iyun 1919-cu il tarixli məktubunda Baş nazirə bildirib ki, Heyəti-Mürəxxəsə üzvlərindən yalnız Əhməd bəy Ağayev Parisə gələ bilməyib, çünki o, hələ martın başlanğıcında İttihadçılar partiyasına mənsubluqda ittiham olunaraq türk hökumətinin sərəncamına əsasən həbs edilib ona kömək göstərə bilmədik. Həmin məktub bu cümlələrlə bitir:

"Həm bu, həm digər məsələlər barəsində mən Əliəkbər bəy Topçubaşov'la göndərdiyim 18-21 aprel tarixli məlumatda daha ətraflı yazmışdım. Üstəlik , həmin məlumatı şifahi məruzə ilə tamamlamağı da ona tapşırmışdım"

 

1920-ci ilin oktyabrında Gürcüstan hökumətinin Əliəkbər bəyə verdiyi pasportla Əlimərdan bəyin ailə üzvləri Parisə getmiş, Əliəkbər bəy ailəsi ilə birgə orada yaşamış atasının ideyalarının gerçəkləşməsinə yardımçı olmuşdu. O da Parisdə fəaliyyətə başladıqdan sonra "Topçubaşı" soyadı qəbul edib. Azərbaycanı, onun azadlıq müstəqilliyini hər şeydən üstün tutan, bu yolda can-başla çalışan qeyrətli bir yurdsevər olan Əliəkbər bəy atasının 1919-cu ildə Azərbaycandan gətirdiyi milli dövlət bayrağını onun ölümündən sonra müqəddəs bir yadigar kimi qoruyaraq saxlayıb.

1930-cu ildən "Prometey" hərəkatının fəallarından biri olan Topçubaşı 1934-cü ildə atasının vəfat etməsindən sonra da bir müddət siyasətlə məşğul olub, Heyəti-Mürəxxəsənin başqa üzvləri ilə əməkdaşlıqda Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mücadilə aparıb.

Ömər Özcanın araşdırmalarına görə, 14-16 yanvar 23 fevral 1935-ci ildə Brüsseldə gerçəkləşmiş "Prometey" cəbhəsinə mənsub Qafqaz təşkilatlarının toplantısına Azərbaycan adından Məhəmmədəmin Rəsulzadə, Miryaqub Mirmehdizadə, Məhəmməd Məhərrəmov, Abbas bəy Atamalıbəyov Əliəkbər Topçubaşı qatılıb. Qafqaz İstiqlal Komitəsinin adı "Qafqaz Konfederasyonu Şurası" olaraq dəyişdirilib.

"Fransada "Prometey" Mədəniyyət Klubu"nun daimi üzvlərinin siyahısını Paris polisinə 1 may 1939-cu ildə təqdim edən klub sədri A.Asatiani 22 nəfərin adını çəkib. Onlardan 20-cisi "tələbə, azərbaycanlı, Parisin 15-ci dairəsində Olye küçəsi, ¹ 4-də yaşayan" Əliəkbər bəy Topçubaşıdır.

Qaynaqlarda Əliəkbər bəyin 1939-cu ildən Qafqazın Azadlıq Hərəkatı Kassasının katibi işləməsi öz əksini tapıb.

Görkəmli dövlət adamı, mərhum Ramiz Abutalıbov (1937-2022) Parisdə, UNESCO-da məsul vəzifədə çalışarkən - 1971-ci ildə ilk dəfə Əliəkbər bəylə görüşüb onunla səmimi münasibətlər qurub. Bu münasibətlərin ən son nəticəsi o olub ki, Ramiz bəy Parisdə çalışan gənc tarixçi dostu Giorgi Mamulia ilə birgə Əlimərdan bəy Topçubaşının Paris arxivindəki bəlgələri Moskvada 4 cildlik kitab şəklində nəşr etdirdi.

 

ONU BELƏ XATIRLAYIRLAR

 

Bildiyimiz kimi, Əlimərdan bəyin oğul tərəfdən nəsli qalmayıb. Qızı Sara xanım Topçubaşı (1899-1982) Əliəşrəf bəy Sultanov (Kürdəmir) (1889-1969) ilə ailə qurub. Onlar İstanbulda yaşayıblar, Zərifə (1921-2006) Gülnar (1923-2021) adlı qızları dünyaya gəlib.

Gülnar Kürdəmir 15 aprel 2020-ci ildə araşdırıcı Hafiz Əhmədli ilə müsahibəsində dayısı Əliəkbər bəy haqqında da danışıb. Həmin müsahibədən bir parça:

"- Bəs evin böyük övladı, Əliəkbər Topçubaşı dayınızı (Əlimərdan bəy Topçubaşının böyük oğlu) necə yad edirsiniz?

- Elmi fəaliyyətlə məşğul olardı.

 Yüksək intellekt sahibi idi. Bütün həyatını bu sahəyə həsr etdi. Heç vaxt evlənmədi. Amma bilirəm ki, onun münasibət qurduğu xanımlar vardı. Xatırlayıram ki, ona bu barədə sual veriləndə deyirdi ki, evlənmək şərt deyil ki...

Əliəkbər dayımın İren Məlikova ilə səmimi münasibətləri olub. Bu barədə bilirəm. Mənim atam da İren xanımı yaxşı tanıyırdı, əlaqə saxlayırdılar. Mən isə uşaq idim. Hər şeyi çox da başa düşmürdüm. Əliəkbər dayımın da övladı olmadı..."

Professor Cəmil Həsənli yazır ki, "Əliəkbər bəy ailə qursa da övladı olmadı".

Mərhum Ramiz Abutalıbovun bizə 13 iyun 2014-cü ildə göndərdiyi məktub Əliəkbər bəyin həm evlənmə məsələsinə, həm ümumən onun həyat fəaliyyətinə dair bir çox məqamlara işıq salır. Parisdə yaşayan rus mühacir Aleksandr Nikolskoyun adıkeçən məktuba əlavə olunmuş Əliəkbər bəy haqqında xatirəsini 2011-ci ildə Tatyana Nadejdina qələmə alıb ondan bəzi qaynaqların qismən yararlandığına şahidik. Ancaq biz bu çox qiymətli sənədi qısaltmadan öz tərcüməmizdə oxucularla paylaşırıq. A.Nikolskoy bildirib:

"Mən Əliəkbər Topçubaşı ilə 1952-ci ildə Paris Şərq Dilləri Məktəbində tələbəliyim zamanı tanış olmuşam. O, həmin vaxt Centre d'Etudes Turques (Türk Elmləri Mərkəzi)-in katibi idi. Yadımdadır ki, o vaxt o, bizim üçün türk incəsənəti sərgisinə gözəl  bir gəzinti təşkil etmişdi. Onun İslamın olduğunu bizə aydın başa salmasını da xatırlayıram.

Onun məşhur şərqşünas Rene Grousset'in ölümündən sonra böyük apardığı yadımdadır. Özəlliklə həmin alimin tarixi əsərlərini müşayiət edən Atlas tərtib etmişdi.

O, böyük şərqşünaslar, Orta Asiya monqol-türk xalqlarının tarixi üzrə mütəxəssislər Vadim Yeliseyev professor Paul Pelliot'un - böyük alimlərin kölgəsində, şan-şöhrətdən uzaq qalmış əməkdaşı idi. Sonuncu alim Əli'ni (Əliəkbər bəyi nəzərdə tutur - M.M., Ə.T.) kollektiv böyük "Histoire secrete des Mongols" ("Monqolların gizli tarixi") əsərinin əməkdaşı kimi xatırlayır. Həmin professor onun "Histoire de la Horde d'Or" ("Qızıl Ordanın tarixi") üçün indeks tərtib etdiyini yazır.

Aramızda dostluq yarandı, onu gözdən əlil qvardiya zabiti, hərbi təyyarəçi, Yaltada doğulmuş Krım tatarlarına böyük rəğbət bəsləyən atamın yanına apardım. Əli gəldi onlar oturub xeyli söhbət etdilər, özü , onları həm yəhudilərə masonlara nifrət birləşdirirdi... 

Atamın ölümündən sonra başımı qatdığına görə Əli ilə seyrək görüşsəm dostluğumuz davam edirdi; o, bizim uşaqları sevirdi.

Onlarda olarkən arvadı ilə tanış oldum. Öyrəndim ki, o, Fransa müqavimət hərəkatının ilk üzvlərindən Marie Ptchelinska'dır. Onun haqqında başqa heç tapmadım.

Əlinin dəfni zamanı mən Cimetiere de Saint Cloud məzarlığında daş üzərində oyulmuş müsəlman duaları olan gözəl bir abidə gördüm; zənnimcə, bu Əlinin həmişə böyük ehtiramla danışdığı Atasının məzarı idi.

Qəti deyə bilmərəm, ancaq xatırımdadır ki, Əlcəzair müharibəsi zamanı (60-cı illərin başlanğıcı) Fransa təbəəsi, qeyri-ərəb müsəlman olan Əli Paris məscidində cümə xütbəsi oxumaq tapşırığı almışdı.

İnternetdən Əliəkbər Topçubaşının "İslamda mərasimlərin önəmi" əsərinə yönəltmə, eləcə "Üç dilli şair Füzuli" məqaləsi üçün onun tərcüməsinə yönəltmə tapdım.

Onun işləri haqqında bu rəyi tapdım: "Əkbər Topçubaşının əksəri çap olunmamış işləri bizim kabinetimizdə bütöv bir şkafı doldura bilər...".

Ona "Qərbi slavyanların tarixinə sosioloji prinsiplərin tətbiqi" məqaləsində istinad edilib. Ondan "Tehran muzeyində monqol sənədləri" əsəri ilə bağlı işlərdə sitat gətirilib.

Dostum, gözəl insan haqqında yaza biləcəyim bu qədərdir. Bu, 50 il öncə olub; onda gənc idim daha diqqətli olmadığıma görə bu gün təəssüflənirəm".

Müsəllim Həsənovun "Qərib məzarlar. Fransa" kitabında verilmiş həmin Nikolskoyun başqa bir xatirəsində bunları da oxuyuruq:

"Əlinin rəssamlıq istedadı var idi. "Bismillahir-rəhmanir-rəhim" yazılmış bu ayəni mənim valideynlərimə o özü hədiyyə etmişdi. Başqa bir kalliqrafik yazısını isə mənə bağışlamışdı. Bu günə qədər biz hər iki yazı nümunəsini ondan yadigar kimi qoruyub saxlayırıq".

Ramiz Abutalıbov bizə 13 iyun 2014-cü ildə göndərdiyi bir məktubda qeyd edib ki, "Əliəkbər bəy 1896-cı ildə anadan olub, 1977-ci il fevralın 9-da vəfat edib, fevralın 12-də yerə tapşırılıb. Dəfn mərasimində iştirak etmişəm. San-Klu qəbiristanlığında atası, anası qardaşı Rəşidlə bir qəbirdə basdırılıb".

"ACI BİR İTKİ"

İki aylıq fikir-kültür dərgisi "Emel" özünün may-iyun 1977-ci il tarixli 100-cü sayında aşağıdakı nekroloqu (yazını İstanbuldan bizə göndərmiş gənc araşdırıcı Dilqəm Əhmədə minnətdarlığımızı bildiririk - M.M., Ə.T.) dərc edib:

"Acı bir itki

Türk Azərbaycan yurdu rus kommunistlər tərəfindən istila edildikdən sonra bir çox yurd[sevər] millətsevər kimi, düşmən əlində ölümə boyun əyməmək dış hürr məmləkətlərdə yurd millətinin qurtuluşu yolunda çalışmalarına davam etmək üçün Fransaya sığınmış olan Əliəkbər Topçubaşı 9 fevral 1977 tarixində Parisdə ölmüşdür.

Azərbaycanın böyük övladı Əlimərdan Topçubaşı'nın oğlu olan mərhum Əliəkbər Paris Milli Kitabxanasında uzun illərdən bəri məmur olaraq çalışmaqda ikən uzun zamandan bəri çəkdiyi xəstəlikdən qurtulamıyaraq həyata gözlərini yummuşdur.

Yaxın dostlarına, ideal arkadaşlarına başsağlığı diləriz".

 

Misir MƏRDANOV,

Ədalət TAHİRZADƏ

525-ci qəzet.- 2023.- 23 iyun.- S.12-13.