Anarın neorealizmi: "Kəbirlinskinin
son etirafı"
Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatında realizm
cərəyanı tam yeni bir
mərhələyə qədəm
qoyub. Müstəqil Azərbaycanın yaranması
ilə sosialist realizmi ədəbiyyatda
hakim cərəyan mövqeyini
itirdi və müstəqillik dövrünün
reallıqları fonunda
realizm cərəyanı
yeni çalarlar qazanaraq
ön plana keçdi.
Bu dövr Azərbaycan
ədəbiyyatında yeni ədəbi
meyarlara əsaslanan ədəbi prosesin meydana çıxması ilə yadda qaldı. Bu
yeni ədəbi prosesdə
aparıcı mövqedə
duran yeni realizmin sələfləri erkən
realizm (M.P. Vaqif), tənqidi realizm (C.Məmmədquluzadə), sosrealizm (Süleyman Rəhimov) ədəbi mətnlərdə mükəmməl
şəkildə əks
olunmuşdu. Müstəqillik
dövründə isə
realizmin iki qolu - magik realizm
və neorealizm ədəbi prosesdə
hakim mövqe qazandı.
Neorealizm Azərbaycan ədəbiyyatında Xalq
yazıçısı Anarın
yaradıcılığında daha aydın şəkildə izlənir.
Yazıçının 2021-ci ildə dərc olunmuş neorealist "Təhminənin
son sirri" hekayəsi
ədəbi mühitdə
rezonans doğurmuş,
əsərlə bağlı
müxtəlif spektrli
fikirlər səsləndirilmişdi.
Bu hekayə ilə Anar müstəqillik dövründə öz arxetipikləşməyə doğru
gedən əsərlərinin,
obrazlarının yeni, dekonstruktiv
versiyasını yaratmaq
tendensiyasının əsasını
qoydu. 2023-cü ilin ədəbi gündəmində
yenə də Anarın yeni qələmə
aldığı neorealist hekayəsi
olan "Kəbirlinskinin
son etirafı" rezonans
doğura bildi.
Feyzulla Kəbirlinski Anarın Azərbaycan ədəbiyyatına
bəxş etdiyi nadir
obrazlardandır. "Dantenin
yubileyi" əsərində
Kəbirlinski istedadsız,
lakin sənəti, səhnəni böyük
məhəbbətlə sevən
bir aktyor obrazıdır. Sadəlövh,
təmiz və "bu dünyanın adamı olmayan" Kəbirlinski həm bədbəxt, həm də xoşbəxt adamdır. Bədbəxtdir,
ona görə ki, həyatda öz yerini tapa bilməyib, həyat yoldaşı Həcəri və oğulluğu Eldarı cəmiyyətin gözündə
gülünc vəziyyətə
salıb, ailə başçısı və
işçi kimi hörməti yoxdur, saflığı, sadəlövhlüyü
başına bəla olub. Amma Kəbirlinski həm də xoşbəxtdir. Çünki
cəmiyyətin sındırıb
qəlibə sala bilmədiyi insandır. Cəmiyyətin tələb
etdiyi kimi yox, öz qəlbinin
qərarı ilə yaşamaq cəsarətinə
malikdir. Kəbirlinski öz dünyasında yaşaya bilən, teatrı nəfəsi kimi sevən, istedadı olmasa da, sənət məbədinə
bütün qəlbi ilə bağlı, sənətin aliliyinə vurğun insandır. "Dantenin yubileyi" əsəri Feyzulla Kəbirlinskinin mövcud olmayan yubiley tədbiri ilə aldadıldıqdan sonra həyat yoldaşı Həcəri yeni açılan
metroda gəzdirməsi
ilə bitir: "Feyzulla arvadının təəccübündən daha
da həvəslənir, təcrübəli
bələdçi kimi
metronun müxtəlif
möcüzələrini Həcərə
göstərir, danışır,
izahat verirdi.Həcər
də elə hər şeyə təəccüblənir, hər
şeydən zövq alır, elə hey içini çəkirdi.
Sabah yəqin ki, Həcər
yenə deyinəcək,
söylənəcək, Feyzullanın
gününü göy
əskiyə bükəcəkdi.
Amma bu gün onun könlünü qırmaq istəmirdi. İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır - metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara
gedib gəlir". Əsər boyu ilk dəfə bu son məqamda oxucu Həcərin Kəbirlinskiyə
olan əsl münasibəti ilə tanış olur. Daim həyat yoldaşını qabiliyyətsizlikdə
ittiham edən Həcərin əslində
ona nə qədər acıdığını,
hamı kimi yaşaya bilməməsini
anladığını yazıçı
əsərin sonunda oxucuya açır. Əslində Anar 1968-ci ildə tamamladığı
əsərdəki elə
bu məqamla da
2023-cü ildə "Kəbirlinskinin
son etirafı" hekayəsinin
yazılması üçün
zəmin hazırlamışdı.
"Kəbirlinskinin son etirafı"
hekayəsi Həcərin
Feyzullanı xəstəxanada
ziyarəti ilə başlayır. Bu dəfə
yazıçı "Dantenin
yubileyi" əsərinin
əvvəlindəki deyingən
Həcəri yox, əsərin sonundakı Feyzullaya rəhmli davranan, onu anlayan
Həcəri oxucuya təqdim edir. Deməli, Anarın Dantenin yubileyində əsas inkişaf etdirdiyi, transformasiaya uğratdığı obrazlardan
biri də məhz Həcərdir. Deməli, "Dantenin yubileyində"ki metro gəzintisindən
sonra Həcər Feyzullanın "gününü
göy əskiyə bükməyib". Ölüm
yatağında olan Kəbirlinski də dəyişib, artıq əvvəllki kimi sadəlövh deyil, Həcərin onu ovutduğunu, sağalıb
ayağa qalxmayacağını,
əslində teatrdan heç kimin onu axtarmadığını
yaxşı bilir. Amma
ilk dəfə Həcərin
sözlərinə inandığını
göstərərək sonuncu
rolunu mükəmməl
ifa edir. Həcərin danışdıqlarından
bircə məqam Kəbirlinskinin dünyasına
işıq salır: Eldar ona dəyməyə
gələcək. Həcərlə
Kəbirlinskinin dəhşətli
sirri - Eldarın Həcərin bacısı
ilə məşhur
alim İsgəndər Muradəliyevin
oğlu olması
"Dantenin yubileyi"
əsərindən oxucuya
məlum idi. Kəbirlinski Eldar ondan ata kimi
xəcalət duyduğu,
utandığı üçün
bu sirri açmağı Həcərə
təklif etmiş, lakin nə Kəbirlinski,
nə də Həcər sirrin açılması ilə
Eldarı əbədi
itirmək ehtimalını
gözə alıb
buna cəsarət edə
bilməmişdilər. Həcərin
getməsindən sonra
yuxuya gedən Kəbirlinski Eldarı yuxuda görür, elə yuxuda da bu sirri ona
açır. Lakin gözlədiyinin
əksinə, Eldar sirri bildiyini söyləməklə yanaşı
Kəbirlinskinin ömrü
boyu xəyalında olduğu amma reallaşacağına heç
zaman inanmadığı sözləri
söyləyir: "Eldar
gözünü qırpmadan:
- Təzə xəbər! -
dedi. - Mən bunu çoxdan bilirdim.
- Bilirdin?
- Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.
Feyzullanın boğazı tutuldu.
Udqundu.
- Mən?
- Əlbəttə... ata.
Feyzulla qəhərdən kəsilə-kəsilə:
- Sağ ol... - dedi
Bir müddət hər ikisi susdu.
Sonra Eldar qəfilcə:
- Mən həmişə səninlə qürur duymuşam - dedi".
Anarın
yenidən öncələr
yaratdığı obrazlara
qayıtması və
təkrar işləməsi
ədəbi cameədə
birmənalı qarşılanmır.
Bu münasibətə ən
gözəl cavabı
Anar "Kəbirlinskinin
son etirafı" hekayəsinin
başlığında verir:
"Mən qəhrəmanlarıma
canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər,
kədərlənirlər, əzab çəkirlər
və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər. Qəribə görünsə
də, mən bir müəllif kimi bəzən özümü personajlarım
qarşısında günahkar
hiss edirəm. Bu hissi izah da edə bilmirəm. Bəlkə Təhminənin etibarına
şübhəylə yanaşmaqda
yanılmışam. Bəlkə
Kəbirlinskiyə qarşı
çox insafsız olmuşam. Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb".
Fikrimizcə, 2021-ci ildə dərc
olunmuş hekayəsini
"Təhminənin son sirri",
2023-cü ildə dərc
olunmuş hekayəsini
isə "Kəbirlinskinin
son etirafı" adlandıran
yazıçı bununla
illər öncə başladığı süjetlərin
son akkordlarını vurmaqla
yanaşı, həm də oxucuya məlum obrazın yeni qatlarını, aspektlərini
açır, həmin
obrazların alternativ,
transformativ variantını
məhz müstəqillik
dövrünün yazıçısı
Anar olaraq təqdim edir.
Elnarə
QARAGÖZOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 23 iyun.- S.11.