Məhəbbəti hürriyyətə qurban verən  

 

O anadan şair doğulmuşdu bütün başqa əsərlərindən - bir neçə poeması, romanı, pyesi, gündəlikləri, yol qeydləri, siyasi məqalələri silsiləsindən savayı, 26 illik sərgüzəştlərlə dolu sürəksiz ömür içərisində necə yazıb çatdırdığı heyrət doğuran minə yaxın şeiri qalıb. Amma bizə bircə şeiri çatmasaydı belə, ömür yolunun kəc bəxtinin keşməkeşlərindən, bitməz qarşıdurmalarından agah olan hər kəs tərəddüdsüz təsdiqlərdi ki, bu aqibətin sahibi mütləq şair olub. Qisməti olan ömür yolu lap başlanğıcdan, ilk uşaqlıq illərindən onu həyata hamı kimi deyil, fərqli - bir qədər şairanə, bir az filosofcasına baxmağa ayrı cür görə bilməyə səmtləndirmişdi.

İlk şeiri 1842-ci il mayın 22-də, 19 yaşında ikən işıq üzü görüb. Əlyazmasını poçtla redaksiyaya göndərib, onlar da çap ediblər. Bundan sonra yeddicə il yaşayıb. yaradıbsa, hamısı o 7 ilin bəhrəsidir həmin 7 ildə yüz cür sıxıntılar, təqiblər, döyüşlər axarında çırpına-çırpına macar ədəbiyyatının heç vaxt sönməyəcək ulduzuna çevrilməyi bacarıb.

Onu, yaşadığı 26 il boyunca bədxahlar, paxıllar, nadanlar mütəmadi incidib, ömrünə zəhər qataraq dirigözlü öldürmək, həyatdan çiyrəndirmək üçün əlləşən xəbislər az olmayıblar. Qara bəxtində, düyünlü alın yazısında elə diri-diri öldürülməyi binədən cızılıbmış - 1849-cu il iyulun 31-də Transilvaniyada onun son saatı çatır. O əbədi ayrılıq anı ilə bağlı xeyli rəvayətlər var. Bir hekayət budur ki, savaşda həlak olmuş bəziləri ağır yaralı döyüş yoldaşları ilə bərabər Şandoru da qardaşlıq məzarına dönəcək nəhəng çalaya tolazlayırlar. Cəsədlərin üstünü torpaqla örtməyə başlayanda, şair zarıyır: "Məni basdırmayın, mən sağam, mən Petöfiyəm". Düşmən əsgəri bu səsə məhəl qoymadan soyuqqanlılıqla əlindəki beli növbəti dəfə torpaqla dolduraraq Şandorun üstünə atır...

Şandor Petöfinin ədəbi kəhkəşanda parladığı 1844-1848-ci illər macar ədəbiyyatı tarixində "qızıl dövr" kimi dəyərləndirilir. Məşhur macar romançısı Mor Yokai (1825-1904) yazırdı ki, "Şandor Petöfi bir kometa kimi səmaya dikəldi, ən yüksək nöqtəyə yetişərək həmin ucalıqda da qaldı. İtmədi, enmədi, indi həmin yüksəklikdə parlamaqdadır".

Yeri göylər olan Şandor Petöfini diri-diri torpağa gömdülər. Onu göylər adamı edən Allah idi, amma bu nur parçasının, Özünün bu nadir Əsərinin nəfəs ala-ala, gözü görə-görə, sağ ikən torpağa basdırılmağından da hər şeyi bilən görən Allah xəbərdar deyildimi?

Onsuz da Şandor müxtəsər həyatı ərzində o qədər ölüb-dirilmiş, o qədər məhrumiyyətlər təqiblər yaşamışdı ki, ölüm hürküsünü çoxdan içərisindən qovmuşdu. Yazılı sübutu var - bu sətirləri həmin faciəli sonluqdan neçə illər öncə qələmə alıb: "Fikirləşirdim ki, şeirlərimi sata bilsəm, yaxşı olar. İşdir, sata bilməsəm, yenə yaxşıdır. Onda ya acından keçinərəm, ya donub ölərəm. Ən azı mənim əzablarım sona yetər".

12-13 yaşları olanda Şandor artıq slovak, alman, latın, fransız dillərini bilirdi. Amma onun ana dili macarca idi.

Əsl sənətkarı heç vaxt yalnız ata-anası doğmur. Hər böyük sənətkarın digər, bəlkə daha əsas valideyni onu doğan mühitdir. Əslə-kökə qalsa, Şandor Petöfi ikdiş idi - anası slovak qızı idi. "Mənim dinim xalqımdır" deyən Şandor Petöfi macar ruhunun övladı idi, ona bir şair olaraq canı qanı macar ədəbiyyatı verdi, o, bütün varlığıyla sonacan məhz macar olaraq qaldı macarlar yurdu üçün canını qurban verməyə hər an hazır olduğunu yalnız şeirlərində, məqalələrində, məktublarında bəyan etmədi. Həm hər an ən dərin səmimiyyət qətiyyətlə buna hazır oldu, digərlərini eyni fədakarlığa səslədi:

 

Alçaq, iyrənc, heç - o kimsə

Bu gün doğma Vətənindən,

Ona daha əzizdirsə,

Vecə gəlməz quru bədən...

 

Şandor Petöfinin ilk kitabının haçan çıxdığı bəllidir. 1844-cü ildə Şandor qoltuğunda şeir dəftərləri gəlir Budapeştə, naşirlərə üz tutur, üz göstərmirlər, başdan eləməkçün onu "Milli çevrə" adlı cəmiyyətə yönəldirlər. Etinasızlıqla qarşılanır, ancaq millətə sözdən don biçməkçün bu dünyaya gəlmiş gənc şairə adı tarixə düşməyə layiq bir macar dərzi dayaq durur. Nəşr üçün maddi kömək edəcəyini söyləyib bəlli bir məbləği ortaya qoyur ona digərləri qoşulur. 1844-cü ilin oktyabrından 1846-cı ilin aprelinədək Şandor Petöfi 5 dəfə doğulur - 5 şeirlər toplusu basılır. İldırım sürəti ilə şöhrətlənir, dönüb olur bütün macarların ən istəkli şairi, şeirləri dil-dil gəzir, yazdıqları nəğmələşir, bu arada gözügötürməz bədxahların başqa şeyə gücü çatmayanda mırıldanırlar ki, "Bu adamın əsl-nəcabəti başqadır, onun macarlığa aidiyyəti?!"

 

Rəzillər elə deyirdi, macar anaları isə balalarına Şandorun şeirlərini layla kimi oxuyurdular...

Gənc idi, ilhamlı idi, gözəllik vurğunu idi təbii, eşqə düşürdü. Bu şeiri bir qəşəng macar qızına yazmışdı:

Ah, sevgi dediyin necə inadkar,

Bənzər bir qaranlıq, dərin quyuya.

Eşqin ürəyimə düşdüyü vaxtdan,

Özümü hiss etdim həmin quyuda.

 

Ancaq bu misralardakı həqiqət yalnız Şandorun göyçək qız-gəlinə deyil, elə yurduna, xalqına, məsləyinə məhəbbətində həmişə qarşısına çıxacaq. Sevgiləri yolunda çox məşəqqətlər yaşamalı olacaq.

Şandor Petöfi ömrünün bitməsinə az qalmış, 1848-ci il iyunun 16-da bir jurnalist dostuna məktubunda ürəyini belə açırdı: "Sən elə təsəvvür edirsənsə ki, mənim nəzərimdə xalq idealdır, yanılırsan. Yox, dostum, mən xalqı heç vəchlə ideal, yaxud sənin təsvir etdiyindən artıq təsəvvür etmirəm. Ancaq mənim həyatdakı başlıca məqsədim budur ki, xalq indi olduğu vəziyyətdə qalmasın. Xalqı daha nəcib etmək maarifləndirmək, çoxlarının qənaətincə, Sizif əməyidir. Ancaq mən əksini düşünürəm. Ona görə xalqın maraqları uğrunda mübarizə aparmağa güc tapıram. Mən gözəl günlərə qədər yaşamasam da, başqaları o günlərə yetişəcək. Qoy hətta mənim əməklərimin izi belə bu böyük millət işinin içərisində itib-batsın. Qoy mənim adımı xalqı dəyişmək yolunda çalışmışların sırasında heç yad eləməsinlər, istənilən halda, mən bəxtiyar öləcəyəm. Çünki böyük fərəh hissi ilə dərk edirəm ki, insanların tapınacağı o müqəddəs suya mənim əlimdən bircə damcı düşüb".

Millətinə bu təmənnasız eşq elanına, Vətəni naminə bitməz mübarizələrdə mərdanəliklə keçdiyi fırtınalı yollara, qələmiylə yaratdığı solmaz gözəllik dünyasına görə bu ölməz Macar Oğluna, Macarıstanın qurbanı, fədası, bu sevimli Vətən Yavrusuna var olduğu müddətcə macar xalqı minnətdar olmaya bilərmi?!

Azərbaycanda Şandor Petöfi həmişə sevilib onun şeirlərini - Əhməd Cəmildən, Nigar Rəfibəylidən başlayaraq, ta Xəlil Rza Ağasəfaya qədər - çoxları dilimizə çeviriblər yeni tərcümələr yaranmaqda davam edir.

Bu gün Şandor Petöfi poeziyasına Azərbaycandakı maraq sırf həmin irsin bədii məziyyətləri ilə bağlıdırsa, sovet dönəmində bundan əlavə mühüm bir siyasi səbəb vardı. Şandor Petöfinin xalqın azadlıq eşqini, boyunduruqlardan qurtulmaq, öz taleyinin sahibi olmaq kimi çılğın diləklərini ifadə edən şeirlərini Azərbaycan dilində səsləndirən şairlərimiz həm öz könüllərini toxtadır, ürəklərini boşaldırdılar. Bizim özümüzün bunları demək, yazmaq ixtiyarımız yoxdu, amma başqa ölkələrdə bu sayaq başqa rdüşünənlərə qədər şərik olur-san ol, sərbəstsən.

Senzura yasaqlarının yaratdığı maneələr söz ustalarımızı vadar edirdi ki, sovetin bizim dilimizdən səslənməyə icazə vermədiyi mətləbləri icazə verilən üsullardan istifadə ilə xalqa çatdırsınlar. Afrika zəncilərinin azadlıq uğrunda mübarizələrindən yazmağa, onlarla həmrəy olmağa yol açıq idi.

Əlcəzairlilərin fransız müstəmləkəçiliyinə qarşı mübarizəsinə Azərbaycan ədəbiyyatında silsilə şeirlərin həsr edilməsi , bununla pərdələnərək, öz müşküllərimiz azadlıq diləklərimizdən söz aça bilmək fürsəti idi.  

Şandor Petöfinin macarların əsarətə qarşı hayqırışlarına həsr olunan, xalqın haqları uğrunda çarpışmalara səsləyən şeirlərini tərcümə edərək Azərbaycanda nəşr etməyə siyasi senzuranın qadağası yox idi. Ürəyi deşən gerçəkləri, gizli mətləbləri çatdırmağa imkan bu qədər idi qələm adamları da o saf nəfəslikdən azadlığın havasını udur, həmin təmiz istiqlal havasını insanlarımıza da çatdırırdılar. Başqa sözlə, sovet onillərində Şandor Petöfi azərbaycanlılar üçün macar dilində yazaraq, həm Azərbaycanın azərbaycanlıların ülvi niyyət istəklərini dilə gətirmiş söz ustası idi, macarların olduğu qədər həm bizimki idi.

sosializm düşərgəsinin təntənəli çağlarında, bu düşərgəyə lərzə salan 1956-cı ilin oktyabr-noyabrında baş vermiş, əks-sədası dünyaya yayılmış məşhur Macar İnqilabında Şandor Petöfi sağ idi, meydanlarda irəliləyən dəliqanlıların arasında idi, əslində bu etirazlar dalğasını coşduran həm onun püskürməyə daim hazır olan, vulkanlar daşıyan şeirləri idi.

Şandor Petöfi himnə, millət şərqisinə çevrilən "Milli nəğməni" XIX yüzilliyin ortalarında macarlar üçün yazmışdı, lakin XX əsrin son çərəyində dəyişməyə başlayan dünyada, müstəqillikləri yolunda ayağa qalxan onlarca xalqdan ötrü bu qoşqu həm onların öz nəğməsi idi.

Şandor Petöfi şeirlərinin mayası bu amallarla yoğurulmuş daha neçə dünya şairinin bu qəbil yurdçu nəğmələri hələ bundan belə neçə əsir, məhkum xalqa "Qalx!" deyəcək!

 

Ey madyar qalx! Vətən səslər!

Gec deyilkən, seçim elə -

Ya qalırsan sən bir nökər,

Ya azadlıq gələr elə!

And içərək həmişəlik

Macar Rəbbinə, deyirik:

Heç vaxt qula çevrilmərik,

And içirik əbədilik!

Macarın uludur adı,

Layiq qədim şöhrət-şana.

Döyüşdən öncə bu andı

İçək macar Tanrısına:

Heç vaxt qula çevrilmərik,

And içirik əbədilik.

 

Şandor Petöfi üz tutduğu hər səmtdə birinci olmaq üçün gələnlərdən idi, qəzavü qədərin doğurduğu bütün barıları aşaraq, daim üstün, qalib olmağı bacardı son olaraq da torpağın üstündə ona  26 il ömür möhləti ayırmış Qisməti yendi - 200 ildir ki, diridir, hələ daha uzun həyatı da qarşıdadır.

Şandor gənc idi, ürəyi , qələmi sevda ilə dolu idi. Çoxüzlü həyatda birüzlü olub yaşamaq çətin idi.

Zərif ruhun daşıyıcısı - təbiətən şair, aktyor olsa da, Şandor Petöfi taleyini hərbçiliklə bağladı, ancaq kazarmada oturan deyil, barıt qoxusunun olduğunu anlayan, döyüş meydanına mərdanəliklə atılan, ölüm gətirən güllədən qorxmayan zabit oldu. Bəlkə o, mahiyyəti ilə daha çox əsgər idi, çünki uşaqlığından üstünə od-alov kimi gələn bəlalara sinə gərərək təslim olmamaq, daim irəli şığımaq ona xas idi. Elə gərilmiş misralarından da bitməyən mübarizələrinin qaynar nəfəsi gəlir.

Yaşı elə yaşı idi, vurulmaya da bilmirdi. Gözəlliyə məftun idi. Sevdiyi qızlar da vardı. Şandor kimi birüzlü, bütöv, mərd adam sevgisinə dönük çıxa bilərdimi? Çox da gənc idi, çox da ki, bu yaşda bir sevgi budağından digərinə qonmaq tez-tez rast gəlinəndir. Axı o özü etiraf edir ki, sevgisi yolunda fəda olmağa hazırdır.  Ancaq bunu da boynuna alır ki, uğrunda ölməyə hazır olduğu məhəbbətindən vaz keçə bilər: Sevgilərin ən ülvisi olan bir duyğunun, məhəbbətlərin ən alisi olan bir eşqin xatirinə! Ən coşqun məhəbbətdən daha qüvvətli olan həmin hissin adı azadlıq eşqidir, Petöfinin "uf" demədən sevgisini qurban verməyə hazır olduğu daha uca istək hürriyyətdir:

 

Sevgi, bir azadlıq,

var bunlardan artıq?!

Mən sevgimin naminə,

Keçərəm canımdan da.

Sevgimi qurban verrəm

Azadlığın yolunda!

 

Dediyi kimi edib. Məhz belə olub. Ona görə tarixdə bir məhəbbət şairi olmaqdan daha əvvəl azadlığa tükənməz sevginin şairi kimi qalır. Bütün məhəbbətlər gec-tez soyuyandır.  Sevgilərin ən dərkedilmişi olan azadlıq eşqindən başqa!

Şandor Petöfini 200 yaşında da gənc saxlayan elə həmin sevgidir!

 

19 iyun 2023-cü il

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 23 iyun.- S.10.