Dərələyəzdən Kəngərliyə uzanan yurd yolu:
Çalxanqalada yaşayan
yaddaş
Naxçıvan Muxtar Respublikası
Kəngərli rayonunun
dağlar qoynunda yerləşən bir kəndi var - Çalxanqala.
Xalq etimologiyasına görə, bu kəndin adı yaxınlıqda yerləşən
qalanın adından götürülüb və
"Çal xanın
qalası" deməkdir.
Elmi araşdırmalarda
isə Çalxanqala sözü tayfa adlarından yaranmış
yer adı kimi göstərilir. Çelkan və qala sözlərinin birləşməsi kimi
"çelkanların qalası"
mənasında izah olunur. Budəfəki ekspedisiyamızın məqsədi
qədim torpaqlarımız
Qərbi Azərbaycandan
- Dərələyəz mahalından
buraya məcburi köçürülmüş kənd əhalisi ilə görüşmək
idi.
Bu kənd tarixin keşməkeşlərinə sinə
gərmiş qədim
yurd yerlərimizdən
biridir. Buraya XIX əsrdə gəlmə ermənilər yerləşdirilib.
Sonralar kəndin adı da süni surətdə dəyişdirilərək
digər qədim türkmənşəli yer-yurd
adlarımız kimi təhrif olunub. 1980-ci illərin sonlarında gərginləşən Azərbaycan-Ermənistan
münasibətləri indiki
Ermənistan ərazisindəki
qədim torpaqlarımızda
yaşayan soydaşlarımızın
öz ata-baba yurdlarından didərgin salınmasına gətirib
çıxardı. Çalxanqala
ərazisinə də
bu torpaqlardan köçməyə məcbur
edilmiş azərbaycanlılar
pənah gətiriblər.
Bu gün kəndin əhalisininin hamısı
Dərələyəz mahalının
indiki Ermənistan ərazisində olan hissəsindən olan məcburi köçkünlərdən
ibarətdir. Kəndin
həmin sakinlərindən
biri olan Qərbi Azərbaycanın
Paşalı rayonunun indi Gülüstan adlandırılan İtqıran
kəndinin 88 yaşlı
sakini Gülxanım İmanova ilə həmsöhbət olduq. Gülxanım nənə
İtqıranın yerli
sakinləri olan Zamanlı tayfasındandır.
Onlar 1988-ci ilin noyabr ayında öz doğma kəndlərini tərk etmək məcburiyyətində
qalaraq Naxçıvana
pənah gətiriblər.
Əhalisinin hamısı
azərbaycanlılardan ibarət
olan İtqıran kəndi haqqında Gülxanım nənənin
yurd yanğısı,
doğma torpaqların
həsrəti ilə və keçmiş xatirələrini gözündə
canlandıraraq verdiyi məlumatlardan aydın olur ki, mənfur qonşularımızın əsrlər
boyu törətddiyi vəhşiliklər həmin
ərazilərin yer adlarında da öz əksini tapıb. Onların yaşadığı
rayonun ərazisində
Çalxan adlı yer var və bura 1905-07-ci illərdə
ermənilərin həmin
ərazini qana çalxayaraq törətdikləri
qırğınlara görə
xalq arasında belə adlandırılıb.
Həmçinin rayonun
Zeytə kəndi ərazisindəki Uşaqqırılan
dərəsinin adı
da orada böyüklərlə
birlikdə uşaqların
da vəhşiliklə qətlə
yetirildiyini ifadə edir. Tarixin acı
gerçəkliyi budur
ki, bu bölgənin əhalisi öz nənə-babalarından eşitdikləri
bu vəhşiliklərin
bənzərlərinin özləri
də 80-ci illərin sonlarında şahidi olublar və nəticədə Qərbi
Azərbaycan kimi böyük bir ərazimiz itirilib. Lakin xatirələr varaqlandıqca
Gülxanım nənə
sanki öz qədim yurd yerlərinə qayıdır
və oradakı güzəranını xatırlayır.
Ermənilərin dönə-dönə
başlarına açdıqları
oyunlardan ürək yanğısı ilə danışaraq deyir:
"O vaxt mənim babam "qlava" - başçı imiş.
Çıxırmış səngərə. Erməni
də səngərdən
enir gəlir aşağı. Hamı məcbur qalıb qaçır. Amma mənim
nənəmin nənəsi
xəstə olduğu
üçün nənəm
onu qoyub qaçmaq istəmir. Erməni doluşur həyətə. Həm xəstə qadını,
həm də nənəmi vururlar. Babam bunu yuxarıdan
görür və düşüb gəlib elə həyətdə toxmacər cəvizin altında onları dəfn edir. Amma bununla da bizim müsibətimiz bitmədi.
Bizim dövrümüzdə
ermənilər bir də igidlərimizi qırdılar. Doğmalarımızın
məzarları o torpaqlarda
qaldı. Biz də dolu evimizdən, dolu qapımızdan, dolu kəvşənimizdən
didərgin düşdük.
Nəyimiz var idi qoyub çıxmağa məcbur olduq. Bizim Dərələyəz
camaatı çox zəhmətkeş idi və öz zəhmətlərinin bəhrəsini
də görürdülər.
Orada çox zəngin təsərrüfatımız
var idi. Torpaqla məşğul olur, əkib-biçirdik. Öz
güzəranımızı çox gözəl qurmuşduq. Gözəl ev-eşik tikmişdik. Amma
onların heç biri bizi narahat
etmir. Bizi narahat edən torpaq həsrətidir. Ev tikmək, təsərrüfat yaratmaq
həmişə mümkündür.
Biz məskunlaşdığımız otuz beş ildə
burada da öz şəraitimizi qurmuşuq.
Dövlətimiz də
bizə dəstək olub. Amma o torpaqların həsrəti bizi göynədir. Biz o dağların
havasına, suyuna öyrəşmişik. Oranın
hər şeyi bizim üçün indi də doğmadır.
Bizim ən gözəl xatirələrimiz
ora ilə bağlıdır. Bizdə
el şənlikləri
sazlı-sözlü keçərdi.
Ən əziz məclislərimizi aşıqlara
həvalə edər,
Dərələyəz aşıqlarının
şirin söhbətlərindən,
deyişmələrindən doymazdıq. Baxmayaraq ki,
biz ermənilərin əhatəsində
yaşayırdıq öz
adət-ənənələrimizi çox yaxşı qoruyub saxlamışdıq.
Həm dini, həm milli bayramlarımızın
hər birinin özünəməxsus yeri
var idi. Xıdır Nəbi, Novruz, Qurban, Ramazan bayramları bizdə xüsusi qeyd olunardı. Kənd qadınları yığışıb təndirdə
çörək yapardılar.
Evdən-evə pay gedərdi,
böyüklərə xüsusi
ehtiram göstərilərdi".
Gülxanım nənə ata-baba
yurdu haqqında ağızdolusu danışır,
danışdıqca da kövrəlir,
sanki bir anlıq o günlərə
qayıdır, Vətən
həsrəti ilə Qərbi Azərbaycan folklorundan nümunələr
söyləyir:
Dağlara binə gəlləm,
Gedərəm genə gəlləm.
Bir gün qismət olarsa,
Bu yerlərə bir də gəlləm.
Əziziyəm, gülə sən,
Ağlayasan, güləsən.
Bağban
getdi, bağ soldu,
Həsrət qaldın gülə
sən.
Əzizim, çapar
məni,
Dərd talar,
çapar məni.
Yadıma Vətən
düşüb,
Vətənə apar məni.
Çalxanqala kəndinin Dərələyəz
mahalının müxtəlif
kəndlərindən - Əmağu,
Ağkənd, Gülüstan,
Soylan (Çappa Çommaxlı), İtqıran,
Daylaxlıdan gəlmiş
əhalisi ilə söhbətlərdən aydın
olur ki, üstündən uzun illər keçməsinə
baxmayaraq, onlar hələ də yurd yanğısı ilə yaşayırlar. O yerlərin adını çəkdikcə insanların
dəyişən üz
ifadələri, ürəkdolusu
danışdıqları xatirələr
Vətən həsrətini
yenidən xatırladır.
Bu məqamda xatırlamaq yerinə düşər ki, dünyadan köçənə
qədər həmin torpaqların həsrəti
ilə yaşayan və bu həsrəti
ustalıqla sətirlərə
köçürən görkəmli
alim, şair, ictimai xadim Həsən
Mirzə də Çalxanqala kəndinin sakinləri kimi özünün Dərələyəz
dərdini belə ifadə edirdi:
Sənsiz qışa
dönüb baharım,
yazım,
Susubdur kamanım
dillənmir sazım.
Həsənəm, bu dərdi de,
necə yazım?
Didərgin olubdu
el, Dərələyəz!
Göz yaşım
olubdur sel, Dərələyəz!..
Bu gün
bütün mənbələr
Dərələyəzin Azərbaycanın
qədim torpaqları olduğunu sübut edir. Təkcə elə insanların adını çəkdikləri
qədim yer-yurd adlarımız göstərir
ki, bu torpaqlar
qədimdən bəri
türk yurdu olub. Burada formalaşmış
folklor da həmin türk tayfalarının yaradıcılıq
məhsuludur. Bölgə
əhalisi tərəfindən
qorunub saxlanan adət-ənənələr, inanclar
buranın qədim tarixindən xəbər verir və Azərbaycan
xalqının ənənə,
inanclar sisteminin məntiqi davamıdır.
Lakin hiyləgər qonşularımızın uzun
əsrlər yürütdüyü
məkrli siyasətin nəticəsində bu doğma torpaqlar zorla öz sakinlərindən
alınıb. Bu gün həmin torpaqlara qayıtmaq bu insanların mənəvi haqqıdır.
Onlar bu yolda dövlətimizin yürütdüyü siyasəti
dəstəkləyir. Bu
siyasətin uğur qazanacağına insanların
inamı tamdır və onlar səbirsizliklə
gözlədikləri günü,
yetişəcək məqamı
gözləyirlər.
Nuray ƏLİYEVA
Filologiya elmləri doktoru, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
525-ci
qəzet.- 2023.- 24 iyun.- S.23.