Aqil Abbasın Odisseyası
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan"
zalında bir neçə müddət
öncə Aqil Abbasın
"Çay qırağında
bitib, susuz qalan ağacların sağlığına" kitabının
təqdimatı oldu.
Aqil müəllim 30 ildir
yayımlanan "Ədalət"in
təsisçisidir, uzun
illər bu qəzetin baş redaktoru olub, 6 nəsr kitabının müəllifidir, "Şöhrət"
və "Vətənə
xidmət" ordenli,
"Qızıl kəlmə"
və "Humay" ödüllüdür, Əməkdar
jurnalist, millət vəkilidir, bir sözlə, adı-sanı
dünya-aləmlə birdir.
V.Yusiflinin diliylə desək, "Bu, Aqil Abbasdır!"
və sadəcə adını çəkməyin
özü onun haqqında artıq çox şey deyir.
Amma Aqil müəllimin yığıncağına
gələnlər gərək
"Natəvan"a sığmayıb,
foye və koridorlara
daşa, kameralar yan-yana düzülə, fotoaparatlar şimşək
kimi çaxa, parlamentdə deputat, Ədəbiyyat İnstitutunda
alim, mətbuatda qəzetçi,
mağazalarda gül-çiçək
qalmayaydı! O istəsə,
bütün bunları
bir göz qırpımında eləyər,
amma onda Aqil Abbas olmazdı. Mən hələ 20 il öncə
"Ədalət" qəzetində
"Körpü" ədəbiyyat
əlavəsinə redaktorluq
eləyəndə başqalarının
düşüncə özgürlüyünü
Aqil müəllimin necə
önəmsədiyinin, mövqe
üstünlüyünü işə salıb, kiminsə iradəsini zorlamaq, kimisə nəyəsə təhrik
eləməkdən necə
uzaq olduğunun şahidi olmuşam və ona sayğım
yaranıb - vicdan sahibi olduğunu görmüşəm. Bəzən
yazılarında duyğularını
cilovlamayıb yetərincə
jarqonlar işlətsə
də, A.Abbas,
əslində, ən etik yazarlarımızdan biridir. Nədən ki vicdan etik anlayışdır
və onun olmadığı yerdə
ən nazik ibarələri işlətsən
də, bu, hansısa elitarlıq, hansısa kübarlığın
əsla və əsla göstəricisi
ola bilməz! Əsl kübarlıq da, ən böyük elitarlıq da
vicdanlı olmaqda, məzluma, kimsəsizə
dayaq durmaqdadır və A.Abbas
həmişə xalqın
sözünü deyib.
Onun öz 70 illiyini sıradan bir yığıncaq kimi keçirməsi özü də, məncə, hər cür vicdansız təmtərağa səssiz
etiraz idi. Əlbəttə, təqdimatda
yetərincə nüfuzlu
şəxslər - alim, tənqidçi,
deputat, şair-yazıçı,
jurnalist vardı, amma hiss olunurdu ki, çıxışlar, təriflər,
bir sözlə, bütün bu təqdimat haqq-hesabı özəl hazırlıq
olmadan öz axarıyla yaranıb və hər cür zahiri effekt çabası, nümayiş tonu, dəbdəbə ahəngindən
uzaqdır - eynən
Aqil müəllimin özü
kimi! Bu, sadəcə Millət Vəkili yox, millətin vəkilinin, saçı-saqqalı
yurd həsrəti, el-oba dərdindən ağarmış bir ağsaqqalın yığıncağını
xatırladır, təqdimatla
yanaşı, yazıçının
70 yaşının tamam
olduğunu göz önünə alanda isə bu fakt
daha qabarıq görünürdü.
Əminəm ki, yazıya Aqil müəllimin
sözü yox, özündən başlamağıma
təəccüblənmədiniz. Nədən ki, onun özündən danışanda
sözündən, sözündən
danışanda isə
özündən danışdığımı
bilirsiniz. Filoloji dillə desək, A.Abbas realist yazıçı, "Çay
qırağında bitib,
susuz qalan ağacların sağlığına"
povesti isə realizm üslubundadır - yazıçı nəyi
necə görübsə,
elə də yazıb. Onun personajları həyati prototipləri olan, bəziləri yazıçının
öz kökləriylə
bağlı olduğu
Ağcabədi və Ağdam camaatı, bəziləri isə müəllif də daxil olmaqla B.Vahabzadə, Rəmiş,
Q.Ağsəs və sair kimi bütün
ölkənin tanıdığı
gerçək şəxslərdir.
Amma A.Abbasın realizmi sovet yazarlarının sosrelizmi,
60-cıların psixoloji realizmi,
yaxud italyanların neorealzimi deyil, hər nədirsə, bütün sosio, psixo və neo-su ilə birlikdə
dünyanın dürlü
yazıçıları arasında
yalnız və yalnız onun özünə məxsusdur.
Yəni bu əsərin metodoloji və üslubi yönləri müəllifin
çoxillik fərdi daxili gəlişmə məntiqinin sonucu kimi meydana çıxıb
və yazılma prosesində yaranıb. A.Abbas realizminin
öz yolu var, o, başqalarını yamsılamaq
bir yana, öz-özünü də
təkrarlamır və
yazıçı təbiəti
baxımından hər
dürlü üslub nümayişi çabasından
uzaqdır. Onun üçün ədəbiyyat
sözün gözəlini
yox, düzünü deməkdir. Amma nə qədər qəribə də olsa, A.Abbasın sözünün
bəzəyi öz əsərlərini hər
cür bəzək-düzəkdən
uzaq sadə xalq dilində yazmasından irəli gəlir və bu paradoks əksinə
çevrilmə qanunundan
doğur. Yəni istənilən bir şey nə qədər gəlişirsə,
onun limiti bir onca tükənir və bəlli anda öz əksinə
çevrilir. A.Abbasın düşüncə
biçimi, yazı dili və üslubu
üçün səciyyəvi
olan hər cür bəzək-düzəkdən
uzaqlıq da son sınıra
varınca özü bir bəzəyə çevrilir, əks qütblər bir-birinə
elə qaynayıb-qarışır
ki, onları gülü
özündən olan
parçanın materialı
ilə naxışı
kimi bir-birindən ayırmaq çətin olur. Burda parçanın
materialını gerçək
olaylara, naxışlarını
isə yazıçının
ona vurduğu bəzəyə bənzətmək
olar. Ən önəmlisi budur ki, materialla naxışların
rəngi eynidir, yəni yazıçı
həyat materialına
nəinki üçüncü,
dördüncü, yüzüncü,
hətta ikinci rəngi də vurmur, öz təxəyyülü, fərqli
kitablar, dürlü
"izm"lərdən gələn
təsir və plagiatlarla onun boyasını dəyişmir.
Təsadüfi deyil
ki, 114 səhifəlik povestdə
cəmi bir, ya iki yerdə
60-cı illər poetik
nəsrindən gələn
dil-üslub təsiri duyulur ki, bunların da ümumi həcmi yarım səhifəni aşmır. Bu üzdən
"literaturşinadan" A.Abbas qədər uzaq ikinci yazıçı
tapmaq çətindir.
O, birbaşa həyatdan,
gerçəklikdən gəlir
və mətnə həyatı, gerçəkliyi
gətirir. Çağdaş
jurnalistikamızın patriarxı
C.Məmmədlinin dediyi kimi, "Aqilin əsərlərinin
güc mənbəyi
real həyatın özüdür".
A.Abbasın Molla Nəsrəddin gülüşü, Sabir sarkazmı,
C.Məmmədquluzadə tragikomizmi
ilə səsləşən
məqamlarına gəlincə,
bunlar onun folklor və klassikadan etkilənməsindən
daha çox, hamının vahid ana mətn - həyatın özündən gəlməsinin
göstəricisidir. Bir sözlə,
bədii söz və gerçəkliyi A.Abbas qədər
aşırı eyniləşdirən
ikinci yazıçımız
yoxdur desək, yanılmarıq. Həyatın
ən amansız gerçəklərinə göz
yummadan həm də bu amansızlığın
içindəcə həzin
lirizm, şeiriyyət
görmək və göstərmək, bu iki bir-birindən ən uzaq qütbün
ortaq məxrəcini tapmaq, əkslikləri bir nöqtəyə gətirmək və sinirləri gərilmiş
oxucunu bu qütblərin toqquşmasından
doğan partlayışla
anidən yaxalayaraq gözləri yaşarıncaya
qədər kövrəltmək!
A.Abbas realizminin
birinci və ən qabarıq özəlliyi budur. Bəs digər özəllikləri nədir?
Bu sualı cavablandırmaq
üçün birbaşa
söz konumuz olan povesti araşdırmağa
keçməyib, yazıçının
yaradıcılığına genəl bir baxış eləmək istəyirik.
lll
Yazıçı Qarabağda - Ağcabədinn
Kolanı kəndində
dünyaya gəlib və onu hamımızın
tanıdığı Aqil Abbas eləyən Qarabağ mövzusundakı romanlarıdır.
Bu romanları akad. N.Cəfərovun janr təyinatı üzrə "Qarabağnamə"
başlığı altında
toplamaq olar. Muğanna öz əsərlərində Muğanlıdan
Odağüz planeti, Ə.Əylisli Əylisdən Eçmiədzin kilsəsinəcən
gedir. A.Abbasın
düşüncə orbiti
isə Qarabağdan Qarabağacandır və bu yöndən o, S.Əhmədli, Elçin,
K.Əfsəroğlu, E.Hüseynbəyli
kimi yazıçılarla
eyni müstəviyə
gəlir. Görəsən,
niyə Əylisli son ünvanını, cənnətini,
ölməzliyini başqa
din və ölkədə,
Muğanna başqa inanc və planetdə,
qarabağlı yazıçılar
isə Qarabağda tapır. Çünki onlar qutsal məkanı
Qarabağın timsalında
görüb və onu başqa yerdə axtarmağı xəyallarından da keçirmirlər.
Onların düşüncəsinin
ilk və son ünvanı,
Məkkə və Mədinəsi, "bismillah" və "əlhəmdülillahı"
Qarabağdır.
A.Abbasın on səkkizinci
yüzildən danışan
"Batmanqılınc"ında bu ünvan özünün
tarixi, "Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz",
"Dolu", "Allahı
qatil edənlər"də
isə çağdaş
səciyyəsilə əks
olunur. Onun üçün dünyada
ən dəhşətli
şey bu ünvanı itirmək, ən böyük səadət ona qayıtmaqdır. Dünya
ədəbiyatının üç-dörd
ana süjetindən biri
Homerlə başlayan və Coysda öz postmodernist çevrilməsini
tapan Odisseya mövzusu, yəni döyüşdən sonra
evə qayıdışla
bağlıdır. A.Abbasın
doğma yurda qayıdış ideyası
üstündə köklənən
qarabağnamələri onun
dürlü variantlarda
yazdığı odisseyasıdır.
İtaka adası Odissey, Günəş şəhəri Platon və Nizami, cənnət Dante və
Milton, vadiyi-vəhdət Nəsimi
və Füzuli, Yoknapatof Folkner, Makonda Markes üçün nədirsə,
Qarabağ da A.Abbas
üçün odur!
Onun tarixi və çağdaş mövzulu odisseyalarının
qayəsi birdir - tarixən
də, bu gün də Qarabağın əsl sahibləri bizik, bu torpaqda yaşamaq
ən çox bizim haqqımızdır və heç kəs bunu bizdən
ala bilməz! Türk paşası, İsmayıl
qalası komendantının
Suvorova ünlü məktubundakı dillə
desək, göylər
uçub yerə tökülər, Kürlə
Araz tərsinə axar, biz Qarabağı vermərik! Qarabağ Azərbaycandır və nida!
A.Abbasın Qarabağ
mövzusundakı çağdaş
məzmunlu romanları
toxunsan, partlayış
törədəcək yüksək
gərginlikli elektrik naqillərini xatırladır
və bu, məntiqidir. Bu əsərlərin
müəllifi nankor qonşular tərəfindən
ədalətsiz savaşa
çəkilən, doğma
yurdundan didərgin düşən, ata-babalarının
qəbirləri dağıdılan,
minlərlə şəhid
verən bir xalqın yazıçısıdır;
sivilizasiyanın ən
yüksək sınırlara
ulaşdığı bir
dönəmdə mağara
insanına məxsus vandalizmin ən ağlasığmaz dəhşətləriylə
qarşılaşan bir
toplumun təmsilçisidir;
supergüclər tərəfindən
ikili standartlarla üzləşən, saxta
nəzakət və diplomatiya maskası taxmış ən dürlü uluslararası qurumların
on illərdən bəri
düzənlədiyi saysız-hesabsız,
üzücü dəyirmi
masalarda min bir bəhanəylə ağzı
boza verilən, əli
hər yerdən üzülən, təklənən,
sonucda "namərdin
gücü var, mərdin
Allahı" inancına
sığınan bir ölkənin sözçüsü,
ən ağrılı
istəklərimizin ifadəçisidir.
Təxminən iyirmi il öncə
yazdığı "Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz"
romanına girişdə
müəllif deyir:
"Elə dərdlər
var ki, onu yazmaq üçün qüdrətli
qələm sahibi olmalısan. Və bu dərdi içimdən
keçən kimi yazmağa qüdrətim çata bilən qədər yazdım".
Yazıçı, əlbəttə
ki, təvazökarlıq eləyir,
çünki bu roman onillərdən bəri xalqın içində yığılan ağrı,
hirs, qəzəb, hiddət, hikkə qarışıq bir qəhrəmanlıq ehtirası,
vətənpərvər fədakarlığının
fantastik bədii ifadəsidir. Romanın çadır şəhərciyində
yaşayan, illərdən
bəri anormal durum üzündən,
lissabonlar, sammitlər,
minskilər, atətlərin
yalançı vədlərindən
canı boğazına
yığılan Müəllim
adlı qəhrəmanı
gizli yollarla, təkbaşına, ölümünü
gözünün qabağına
alaraq Şuşaya gedir, partlayış törədib çoxlu sayda düşmənin məhvinə səbəb
olur və özü də həlak olur! Bu, təkcə bir yazıçının deyil,
bütün dünyada
təklənmiş bir
xalqın dünyaya, yaşama, batıya, doğuya, yerə, göyə, taleyə, hətta Allahın özünə üsyanı
idi və A.Abbas özgürlük
dönəmi ədəbiyatımızın
ən üsyankar yazıçısıdır! Ən
ilginci budur ki, təkbaşına cəbhə
xəttini keçən,
düşmən ordusuna
ciddi tələfat verərək şəhid
olan, ölümündən
sonra Milli Qəhrəman
adı alan Mübariz
İbrahimov yazıçıya məxsus eyni üsyan və onun qəhrəmanına məxsus eyni rəşadəti bir neçə il sonra həyatda göstərdi! Daha bir neçə
il keçdi, Azərbaycan
ordusunun xüsusi təyinatlı əsgər
və zabitləri Ali Baş Komandan İlham Əliyevin çevik taktiki planı üzrə dünya hərb sənəti tarixində misli görünməmiş bir
qəhrəmanlığa imza
atdı - gecənin gözlənilməz vaxtı
Daşaltının sıldırım
qayalarını aşaraq,
düşməni qəfil
yaxaladı, yüzlərlə
zabit və əsgərimizin şəhadəti
bahasına Şuşanı
düşməndən azad
elədi! Sonra Azərbaycan
Prezidentinin dilindən
qürurla səslənən
bu sözləri bütün dünya eşitdi - "Şuşa,
sən azadsan!"
"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" romanı bədii təxəyyülün
tarixi olayları önləməsinin örnəyidir.
Belə bir önləməni daha öncə S.Əhmədlinin
"Ömür urası"
romanında görmüşdük
və bu romanların hər ikisinə "fantastik"
ruh hakimdir. Amma zəfərdən
sonra Qarabağa elliklə qayıdışı
təsvir eləyən
"Ömür urası"
romanı sözün
həqiqi anlamında fantastik əsərdir, özü də xəyalın gerçəklik
kimi təsvir olunması yönündən
dünya nəsrində,
olsun ki, qarşılığı
olmayan fantastika! Burda fantastika prinsipcə mümkün, amma günün bu günü də baş verməyən olayın özündədir. A.Abbasın romanında
isə "fantastika"
qəhrəmanın xarakterindən
doğur. Mübariz
İbrahimov fenomeni göstərdi
ki, Qarabağa bu şəkildə qayıdış
nəinki prinsipcə,
praktik olaraq da mümkündür. S.Əhmədli ilə
müqayisədə A.Abbasın
xəyalı gerçəkliyə
daha yaxındır və yəqin bu üzdən onun xəyalları artıq gerçəkləşib.
Əminik ki, yaxın gələcəkdə S.Əhmədlinin "fantastikası"
da reallaşacaq və
biz elliklə Qarabağa
qayıdacağıq!
"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"in daha bir ilginc yönü
onun psixoanalitik özülüdür. Roman qəhrəmanının
qeyri-adi hərəkəti
təkcə milli arzuların
ifadəçisi olmaqdan
irəli gəlməyib,
həm də onun fərdi istəkləri, kişilik
instinktlərinin oyanmasından
doğur, milli və fərdi duyğular doğal olaraq birləşir. Çadırda
aylar, illərdən bəri normal həyat yaşamayan Müəllim gəncliyində erməni
qadınıyla sevişdiyi
doğma şəhərə
həm də öz erkəkliyini isbatlayacaq bir yer kimi instinktiv
olaraq üz tutur. Şüuraltı stixiya getdikcə güclənən və partlayışla sonuclanan olayların təsvirinə
sıxılmış yay effekti
və sirli cazibə verir, romanın başdan-sonacan birnəfəsə oxunmasına
nədən olur.
Əsərdə diqqət çəkən
üçüncü məsələ
onun ilk baxışdan
qəribə görünən
adıdır - "Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz".
Bu cümlə-ad romançılığımızda,
olsun ki, ilk belə örnəkdir və özəlliklə də,
iyirmi il öncə gözümüzün öyrəşmədiyi
bir şey idi. Sonralar P.Koelyonun "Rio-Pyedranın
sahilində oturdum və ağladım", yaxud "Veronika ölməyə
qərar verir" romanları timsalında cümlə-adların dünya
nəsrində varlığını
gördükcə mövzu
adiləşdi. Yadımdadır
ki, Azərbaycan nəşriyyatında
rastlaşdığım yazıçıdan
romana nə üçün belə ad verməsinin səbəbini soruşdum və o, "Tuncay mənə yazdı ki, romanı belə adlandır" deyə net
cavab verdi. O vaxt Türkiyədə təhsil alan Tuncay yazıçının
oğludur və onun romana nə
üçün bu cür qeyri-standart ad verməsinin əsl nədənini yalnız özü bilir. Mənə gəlincə,
romanın mahiyyəti
ilə bu adın bağlılığını
belə görürəm:
Ü.Hacıbəyov Azərbaycan
kültürü tarixinin
yetirdiyi ən fenomenal şəxsiyyətdir,
o dərəcədə ki, Üzeyir Hacıbəyov demək Azərbaycan,
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz" demək
isə "Çadırda
Azərbaycanın gələcək
nəsli yetişə
bilməz" anlamına
gəlir; Azərbaycan
çadır dövləti
deyil, onun minilləri aşan gələnəkləri var; Üzeyir
bəy kimi dahi yetirən xalqın neçə min
il geri gedib, köçəbə həyat
tərzinə qayıtması,
çadırda doğub-törəməsi
absurddur; həyatımız
bahasına olsa belə, Qarabağı düşməndən geri
almalıyıq, Qarabağsız
Azərbaycanın keçmişi
olmadığı kimi,
gələcəyi də
yoxdur; ya Qarabağ, ya ölüm! Romanın diktə etdiyi ali qayə budur!
A.Abbasın qarabağnamələri
arasında ən geniş rezonans doğuranı "Dolu"
romanıdır. Müəllif
üstlərində göz
yaşlarından başqa
heç bir bəzəyi olmayan şəhid analarına adadığı "Dolu"yla
bağlı suala müsahibələrindən birində
belə cavab verir: "Bu roman haqqında
onun özündən
çox yazılıb"
və doğrudan da, belədir. Mən iki ən səciyyəvi
sitatla yetinəcəm:
yazıçı Elçin
romanı "ədəbiyyatımızda
hadisə", N.Cəfərov isə
öz müəllifinin
"ən dolu əsəri" adlandırır. Roman əsasında
rejissor E.Səfərov
eyniadlı film çəkib
və filmin də taleyi romanınkı kimi uğurlu olub. "Dolu" Birinci Qarabağ savaşı mövzusunda ən yaxşı roman, "Dolu"
isə ən yaxşı film sayılır.
"Humay" ödülü
alan filmin bəzi səhnələri,
özəlliklə də
Hollivudu yada salan döyüş səhnələri
öz mükəmməlliyi
ilə özəl razılıq doğurur.
"Dolu" romanı "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"dən sonra yazılsa da, daha öncəki olayları - Birinci Qarabağ savaşını, konkret desək, Şuşanın
işğalını əks
etdirir. Şübhəsiz
ki, mövzunun özü
bu povestə öncəki və sonrakı qarabağnamələrdən
daha gərgin psixoloji ton verir. Şuşanın işğalı
Birinci Qarabağ savaşının ən kəskin məqamıdır
və buna uyğun romanda qaçılmaz nevrotik ruh hakimdir.
Lakin bu ruh əsərin sonunacan öz başlanğıc tempini saxlamır. Görünür, bu üzdən roman birincinin ikincidən daha yüksək pərdədə
yazıldığı iki
hissəyə bölünür.
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz"dən fərqli
"Dolu" ikinəfəsə
yazılıb və ikinəfəsə də oxunur.
Müəllif romanı öncə
"Dünyanın ən
gözəl ölüsü"
adlandırsa da, Markesin
ünlü hekayəsini
xatırlatdığını deyən xanımı İ.Tuncayın təklifiylə qərarını
dəyişib və əsərə "Dolu"
adını verib. Bu
ad birinci qatda təbiət olayı, ikincidə döyüşçülərimizin
üstünə dolu kimi yağan düşmən güllələri,
üçüncüdə taleyin və zamanın başımıza
dolu kimi vurduğu zərbələri
işarələyərək, həm real, həm də rəmzi-simvolik anlam daşıyır. Ad məsələsinə toxunmuşkən,
romanda qəhrəmanlar
və personajların adlandırılması da digər
romanlardan fərqlidir:
Pələng, Drakon, Pələngin anası... Bunlar "Çay kənarında bitib, susuz qalan ağacların
sağlığına" povestindəki gerçək
prototipi olan deyil, savaşın verdiyi adlardır. Savaşın öz qanunları olduğu kimi, söz qanunları da var, burda hər şeyi o diktə edir və insana bircə şey qalır - Şuşada ölməyi arzulayan Pələng kimi şəhadət həsrəti!
Romanın qəhrəmanları ağlasığmaz savaş dəhşətləri
içindən öz
ləyaqət, cəsarət,
mərhəmət, ürək
genişliyi ilə boy
verir. Ermənilərin
neçə illərdən
bəri sürən beynəlxalq informasiya blokadası, böhtan və qaralama kampaniyasına qarşı
yönələn bu təqdimat ikinci planda dünya insanına mesajdır: biz barbar, vandal deyilik; gənclərimiz Pələng
kimi qeyrətli, kişilərimiz ən çətin anda döyüş yoldaşına
dayaq duran Drakon kimi igid,
qadınlarımız şəhid
oğlunun döyüş
yoldaşlarına "hamınıza
qurban olum" deyən Pələngin anası kimi geniş ürəklidir. Pələngin əsir düşmüş erməni
qızını silah
gücünə öz
döyüş yoldaşlarından
qoruması bu yöndən daha səciyyəvidir və azərbaycanlı xarakterini
açmaq baxımından
təkcə A.Abbas
yaradıcılığı deyil, genəlliklə bədii nəsrimizdə ən dramatik, yaddaqalan, böyük təsir gücü və dərin semantik işarələmə
funksiyalı səhnələrdən
biridir. Oxucunu tok kimi vuran
bu epizodu yalnız və yalnız A.Abbas,
özü də məhz bu cür
yaza bilərdi. Azərbaycanlılara qarşı
ağlasığmaz vəhşiliklər
törədən düşmənin
qızına qarşı
bu mərdanəliyin psixoloji altyapısında türk mentaliteti və islam əxlaqı
dayanır. O mentalitet və əxlaq ki, batı bu gün
məhz onlara qarşı xaç yürüşü elan eləyib.
A.Abbas bu
epizodla Qarabağ sorununa ikili standartlarla yanaşan dünya güclərinə
sətiraltı və
sətirüstü ittiham
oxuyur. "Dolu" başdan sonacan özümüzünkü və
özgələrə qarşı
ən sərt qınaqlarla doludur və bunun nədəni
aydındır. Romanın
müəllifi "Ədalət"
hüquq qəzetinin baş redaktoru, söz konusu isə Qarabağ xanlığının siyasi
mərkəzi kimi inşa edilən və Azərbaycanın mədəniyət paytaxtı
kimi biçimlənən
bir şəhər - qürur mənbəyimiz Şuşadır. Şuşa
əldən getdi nədir?! Və daha pisi - Şuşanı
ermənilər aldı
nə deməkdir?! Dünya alt-üst olubmu?! Zaman tərsinə dönürmü?!! Bu suallar
"Dolu"nun hər
cümləsi, hər
sözünün altını
cızır, üstündən
keçir, oxucunun başına dolu kimi yağır!
Roman bizi A.Abbasın
daha bir uzaqgörənliyi ilə tanış eləyir. Tamamilə təkləndiyimiz
Birinci Qarabağ savaşında türkiyəli
qardaşlarımızın harayımıza yetməməsindən
giley eləyən müəllifin arzusu üstündən illər
keçəndən sonra
gerçəkləşdi. Birinci Qarabağ savaşında Azərbaycana
hərbi dəstək
verə bilməyən
Özal və Dəmirəl Türkiyəsindən
fərqli, sayın Ərdoğan Türkiyəsi
İkinci Qarabağ savaşında öz köməyini bizdən əsirgəmədi. Və
yaxın gələcəkdə
Türkiyədən Orta
Doğuya gedən, bütün türk cümhuriyətlərini qapsayan
Turan Federasyonunun qurulmasıyla sonuclanacaq yolda Azərbaycanın mühüm geopolitik və strateji məqamlardan biri olacağına şübhə
yoxdur.
"Dolu" romanının
da, onun əsasında
çəkilən eyniadlı
filmin də bir "boşluğu"
var - onların hər
ikisi sual işarəsiylə bitir və başqa cür də ola bilməzdi. O vaxt Şuşanın taleyi özü sual altındaydı. Yalnız
illər keçəndən,
qəhrəman Azərbaycan
əsgəri qurbanlar verərək Şuşanı
alandan sonra bu sual belini
dikəldib nidaya çevrildi. Bu zəfərin
qazanılmasında "Dolu"
romanı müəllifinin
də mənəvi payı var və bu, həm də
Azərbaycan ədəbiyatının
payıdır!
"Çay kənarında bitib susuz qalan ağacların
sağlığına" povesti göstərir ki, Qarabağ mövzusu A.Abbasın alın
yazısıdır. "Çadırda
Üzeyir Hacıbəyov
doğula bilməz"
kimi bu povest
də qaçqın-köçkün
həyatından danışır,
hər ikisinin qəhrəmanı finalda Qarabağa qayıdır -
birincisi ölmək, ikincisi yaşamaq üçün! Lakin təkcə
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz" deyil, həm də "Dolu"dakı nevroz povestdə psixoza, tragizm isə tragikomizmə çevrilir.
Povestin qəhrəmanı
- kələ-kötür, əhli-kef,
söyüşcül, baməzə
qarmon ifaçısı
Şakir nə ölümünü göz
önünə alıb
təkbaşına Şuşaya
gedən Müəllim,
nə də Şuşada şəhadətə
qovuşmaq istəyən
Pələngdir! Lakin Şakirin
Bakıda qaçqın
kimi keçirdiyi daxili gərginlik, başını qatmaq üçün içkiyə
qurşanması, nəhayət,
finalda Quzanlıya dönüşü göstərir
ki, hər üç
qəhrəmanı birləşdirən
bir ana mövzu var - Qarabağ!
Bəs görəsən, A.Abbasın öncəki
qarabağnamələrindəki tragizm son povestdə niyə (tragi)komizmə çevrilir? Çünki
Qarabağ sorunu artıq çözülmək
üzrə və povest Şuşanın azad edilməsindən sonra yazılıb. Amma biz
bu sorunu əvəzi heç nəylə ödənilməyəcək
qurbanlar bahasına çözmüş, bu zəfərə ağlasığmaz
faciələrdən keçib
gəlmişik. Povestin
tragi(komik) ruhunu da məhz bu amillər
bəlirləyir - qaysaqlamış
yaraların yeri göynəyir!
A.Abbasın qarabağnamələri
dalı da, qabağı
da kəsən qılınc
kimidir: onun bir mütləq həqiqəti var - Qarabağ;
yerdə qalan heç nəyə yanaşması isə birmənalı deyil. Amma
son povestdə bu yön öncəkilərdən
daha qabarıqdır, nədən ki müəllif
olaylara zamanca daha uzaqdan baxır.
Yazçının təqdimində
azərbaycanlıların hamısı
ideal olmadığı kimi,
ermənilər də
elliklə bunun əksi deyil. Povestin ənənəvi müsbət qəhrəman
şablonuna əsla uymayan qəhrəmanı Şakir sxematizmdən kənar canlı insandır: az qala Kvazimoda kimi çirkindir, dünyagörüşü məhduddur,
içkiyə aludədir,
ağzını Allah yoluna
qoyub danışır;
bütün bunlarla yanaşı, rəhmdil, dürüst, qürurludur,
özü ehtiyac içində ola-ola son qəpiyini
yetim-yesirə verir, haramdan uzaq, cəsarətlidir. İkinci
Cahan savaşında həlak olan və Mozdokda basdırılan atasının
qəbrini görməsə
də, qarabağlı
ola-ola tar-kaman yerinə
qarmonda ifa eləsə də, rus mentalitetindən gələn içki aludəçisi olsa da, onun "manqutluğu" xalqın tarixi taleyindən doğan və bir nəfərin
simasında əks olunan faciə, finalda qaçqın həyatına tüpürərək
Qarabağa qayıtması
isə milli yaddaşın
alt qatdan boy verməsi
kimi anlaşılır.
Hər insanın bilincaltında doğma yurda qayıdış kodu var, o, gec-tez özünə qayıtmalıdır!
Hər kəsin həyatı bir odisseyadır: öncə
o, döyüş meydanı
olan bu həyata
atılır və sonucda özünə, kəndinə, adasına, yurduna, İtakasına, Kolanısına, Ağdamına,
Ağcabədisinə, Qarabağına qayıdır.
Süjetin əsasında
duran fundamental ideya budur!
Amma povestdə əsas qəhrəmanın daha bir görəvi də var. Rüşvət,
süründürməçilik, mənimsəmə və sair kimi toplumsal
sorunlar kənddən çıxıb Bakıya
gələn Şakirin
"yadpalnetli" baxışında
daha kəskin görünür və qəhrəmanın xarakterinə
uyğun baməzə
rəng alır. Az qala hər epizodu
ilə tragikomik partlayış doğuran povest sarkazmla minalanmış sahəni xatırladır. Lakin bu minalar öldürmür, güldürür, düşündürür,
kədərləndirir, ağladır
və sonucda yaşamağa səsləyir.
Həyat sudan başlayır və "Çay kənarında bitib susuz qalan
ağacların sağlığına"
ölüm yox, yaşam, savaş yox, dinclik, sağlıq
haqqında povestdir!
Povestdə iki obraz - Suren və oğlunun simasında əks olunan erməni məsələsi də özəl açıqlama
istəyir. Şakirin ölümdən qurtardığı
oğul əsl erməni kimi nankor çıxaraq, azərbaycanlılara qarşı
döyüşlərə qatılır. Suren isə
"o, ermənilərdən deyil" və Ağdamdan qaçmaq üçün öz
"Moskviç"ini Şakirə
verir. Amma kim deyə bilər ki, bu "xeyirxahlığın"
altında erməni məkri dayanmır? Erməninin "Moskviç"iylə
bütün Bakını
gəzib dolanan, finalda doğma yerlərə qayıdan Şakir sərhədi keçib, bu "it iyi verən" maşına od vurur. Yazıçı sanki bununla erməni
getsin, maşını
da dalınca deyir. Amma
istənilən halda Surenin "xeyirxahlığına"
müəllif yanaşması
suallar doğurur: bu, yazıçının
hətta erməniyə
qarşı da ədalətimi;
yoxsa povestin həyata yaxınlığındanmı doğur?
Məncə, hər ikisindən! Ədalət yazıçının vicdanında,
cavabsız suallar isə gerçəkliyin özündədir. Fakta siyasətçi
deyil, məhz yazıçı kimi yanaşan A.Abbasın
uğuru da vicdan duyğusundan doğan bu obyektivliyindədir.
Povestin diqqəti çəkən
daha bir yönü onun çoxmənalı adıdır.
Yazıçı "çay kənarında bitib susuz qalan
ağaclar" deyəndə
ata yurdunda, divarları qalmış evlərinin yanından axıb gedən arx kənarında vaxtilə öz əlləriylə əkdiyi,
onillər boyu baxımsız qalan, amma yaşamaq inadıyla qurumayan, öz sahibini gözləyən ağacları
göz önünə
alır. Povestin adı ikinci qatda rəmzi-simvolik anlam daşıyır. Çay bu simvolikada
axıb gedən zəngin maddi sərvətlərimiz, susuz
qalan ağaclar isə insanlarımızı
işarələyir. Çay kənarında bitib susuz qalan ağaclar
kimi bu insanların
da dözümü, dəyanəti, həyat eşqi ən yüksək sözlərə
layiqdir. Son povestin öncəki əsərlərdən önəmli
bir fərqi də məhz ekonomi sorunlarla ilgili üzə çıxır, müəllif
sadəcə dış
yox, həm də iç politikayla uğraşır.
Odissey artıq yurda qayıdıb, odisseya isə hələ davam eləyir.
A.Abbas öz qarabağnamələrinə görə 2022-ci ildə İlyas Əfəndiyev ödülü alıb. Görkəmli yazıçı istər bu əsərlər, istərsə də yarım əsrlik yaradıcılığına görə ən yüksək ödül və fəxri adlara layiqdir. İnanıram ki, fədakarlıq və vətənsevərlik örnəyi olan ömrünün 70 illik zirvəsində sayın yazıçımızın əməyi əlaqədar və səlahiyətli şəxslər tərəfindən dəyərincə qiymətləndiriləcək. Sayğıdəyər yazıçımızı bu əlamətdar yubileyindən dolayı ürəkdən qutlayır, Uca Allahdan ona cansağlığı və yeni yaradıcı uğurlar diləyirəm.
Əsəd CAHANGİR
525-ci qəzet.- 2023.- 24 iyun.- S.20-21.