Fortepiano sənətinin gözəl siması - Fəridə Xəlilova  

 

Azərbaycan fortepiano ifaçılığı tarixində Fəridə Xəlilovanın məxsusi yeri var. Geniş profilli pianoçu, pedaqoq, tədqiqatçı - F.Xəlilova şərəfli zəhmət, acı məyusluq parlaq nailiyyətlər dolu keşməkeşli maraqlı bir həyat yaşamışdır.

Fəridə xanım görkəmki alim-riyaziyyatçı, ilk azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm texnika xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun (1911-1974) ailəsində dünyaya göz açmışdır. Fundamental elmin inkişafında böyük xidmətləri olan bu şəxsiyyətin miqyasını sərgiləmək üçün onun bioaqrafiyasından bəzi faktlara müraciət etmək zəruridir.

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının fizika sektorunda fəaliyyətə başlayan Z.Xəlilov riyaziyyat nəzəri fizika bölməsini, sonra isə riyaziyyat şöbəsini yaratmışdır. Riyaziyyat Mexanika İnstitutunun (1967-1974-cü illərdə institutun direktoru olub), Azərbaycan SSR EA Kibernetika İnstitutunun yaradılması onun gərgin fəaliyyətinin nəticəsidir. Təsadüfi deyil ki, 1962-ci ildə Z.Xəlilov Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilmişdir. Zahid müəllim funksional analiz məktəbinin banisi idi. Onun hələ 1948-ci ildə nəşr olunan "Funksional analizin əsasları" dərsliyi 2018-ci ildə Moskvada "Fizika riyaziyyat üzrə elmi irs" seriyasında yenidən işıq üzü görüb. Alimin nüfuzlu həmkarları A.Bitsadze, N.Boqolyubov, İ.Vekua, Y.Mitropolski, S.Sobolevin yazdığı kimi, dünya elmində riyaziyyatın bir çox aktual problemlərinə  ilk müraciət edənlərdən biri məhz  Azərbaycan alimi Z.Xəlilov olmuşdur. Alimin vaxtilə fəaliyyətə başladığı Gürcüstandan, Elmlər Akademiyasından  1974-cü ilin fevralında alınan başsağlığı teleqramı Z.Xəlilovun necə bir nüfuza malik olduğuna dəlalət edir: "Sovet riyaziyyat elmi öz ən görkəmli təmsilçisini, Azərbaycan elmi öz yaraşığını, Zaqafqaziya riyaziyyatçıları öz ideya öndərlərindən birini, gürcü riyaziyyatçıları isə qüdrətli parlaq istedad sahibi, qeyri-adi mənəvi gözəllik, büllur dürüstlük alicənablıq mücəssəməsi olan ən yaxın dostu sevimli qardaşını itirdilər".

Məhz belə - gözəllik, dürüstlük, nəciblik, elmə sədaqət, sənət sevgisi aşılanmış mühitdə Zahid müəllim Səidə xanım Ələsgərovanın övladları - Fəridə Rəfiqə boya-başa çatırdı. Xəlilovların qonaqpərvər evinə alimlər, yazıçılar, musiqiçilər tez-tez toplaşırdılar. Ev sahibinin özü dünya ədəbiyyatı, musiqisi, kinosuna yaxşı bələd idi. O, atam - filoloq  Araz Dadaşzadə ilə saatlarla incəsənətə, ədəbiyyata dair söhbətləşə, dünyagörüşünün hüdudsuzluğu ilə hamını heyran edə bilərdi. Yadımdadır, onlar - atam dayım soyuq qış günündə gecə  yarısınacan G.Kozintsevin təzəcə ekranlara çıxan "Kral Lir" filmini ehtirasla müzakirə edirdilər. Mən yalnız təəssüflənirəm ki, o vaxt bu maraqlı müzakirəni qeydə almamışam.

Zahid müəllim royal arxasına keçib sevdiyi musiqi parçalarını, məsələn, Üzeyir bəyin "Sevgili canan" "Sənsiz"ini çalıb oxumağı sevirdi. Bəzən isə, anamın xatırladığı kimi, gərgin saatlarının arasında ənənəvi musiqiyə qulaq asar, sevdiyi muğamlardan parçaları pəsdən zümzümə edərdi.

40-50-ci illərdə ziyalı ailələri öz uşaqlarını böyük həvəslə konservatoriya nəzdində musiqi məktəbinə verirdilər. Xəlilovlar ailəsi istisna olmadı: ailənin böyük övladı o illərdə çiçəklənmə  mərhələsinə qədəm basmış bu gözəl məktəbdə oxumağa başladı. Fəridənin müəllimi Peterburq konservatoriyasının məzunu, ünlü pianoçu A.Yesipovanın şagirdi Tsesiliya Solomonovna Qruşko idi.  Qruşkonun sinfində bir sıra gözəl musiqiçi, o cümlədən, Elmira Səfərova təhsil almışdır. Bir dəfə Fəridə təhsil illərinə dönərək azca incik tərzdə demişdir: "Qruşko, şübhəsiz, əla pedaqoq idi, lakin onun dərs demək üsulu - həddindən artıq qəddar - bizim uşaq psixikamızı zədələyirdi. Axı məni sidqi-ürəkdən sevən  valideynlərim qızlarının hər dərsdə stress  yaşamasına necə biganə qala bilərdilər?

 

Buna baxmayaraq, Qruşkonun sinfində  mənimsənilən vərdişlər Fəridə xanıma orta ixtisas musiqi məktəbini parlaq bitirib, asanlıqla Azərbaycan Dövlət konservatoriyasına daxil olmaq imkanı verdi.

Fəridə xanımın dəqiq elmlərə marağı var idi. Zahid müəllimin tövsiyəsi ilə onun kiçik bacısı (anam Aida) Fəridə orta təhsili başa vurub, öz sənədlərini Moskva Universitetinin astrofizika fakültəsinə vermək niyyətində idilər. Lakin anam xəstələnərək Moskvaya gedə bilmədi. Fəridədə isə musiqiyə sevgi üstün gəldi. Atasının yolunu Fəridənin kiçik bacısı -sonralar riyaziyyat üzrə elmlər namizədi Rəfiqə xanım seçdi.

Bakıda bir il oxuyub, Fəridə öz təhsilini Leninqrad konservatoriyasında, tanınmış pedaqoq N.Qolubovskayanın sinfində davam etdirmişdir. Qolubovskaya  not mətnini bu ya digər bəstəkarın üslubuna görə müstəqil təhlil etmək vərdişinə əsaslanan orijinal pianoçu  məktəbinin yaradıcısı idi. Məhz öz müəllimindən Fəridə xanım ali zövq, özünə qarşı tələbkarlıq, ən əsası, müəllif mətninə dərindən nüfuz etmək kimi keyfiyyətləri əxz etmişdir. A.Zamanovanın müşahidəsinə görə, onun pedalla davranışı  ali peşəkarlığına işarə edir. Bu da təsadüfi deyil, çünki ustadı Qolubovskaya pedalizasiyaya dair dərs vəsaitinin müəllifi idi.

Solist kimi sənətinin cilalanması üzərində dönmədən çalışaraq, Fəridə elə öncədən ansambl ifaçılığına da diqqət yetirirdi. Onu da qeyd edim ki, konservatoriyanı Fəridə 1961-ci ildə ansambl ifaçısı, solist, konsertmeyster pedaqoq kvalifikasiyası ilə bitirmişdir.

Konservatoriyada onun Vladimir Atlantov  - sənətdə ilk addımlarını atan gənc vokalçı  ilə dueti təşəkkül tapmağa başladı.  Musiqiyə hədsiz sevgi təməlində yaranan bu alyans çox qısa zamanda ailənin qurulması ilə nəticələndi: həmin xoşbəxt ailədə sonralar valideynlərinin yolunu davam etdirən Lada adlı qız dünyaya göz açdı.

Çaykovski Raxmaninovun romanslarından ibarət vala yazılmış annotasiyadan öyrənirik ki, F.Xəlilova Atlantov ilə konservatoriya nəzdində opera studiyasında Alfred, Lenski, Xozenin partiyalarını hazırlamışdır. Atlantov  Mariinski teatrına (o zaman S.Kirov adına opera balet teatrı adlanırdı) dəvət olunandan sonra da bu yaradıcılıq işi  davam etdirildi.

60-cı illər iki musiqiçinin həyatında sənət uğurları baxımından dolğun bir dövrdür. Onların yaradıcılıq əməkdaşlığının necə səmərəli olduğuna beynəlxalq arenada qazandıqları müvəffəqiyyətlər dəlalət edir. V.Atlantov Çaykovski adına III beynəlxalq müsabiqədə 1-ci yer qızıl medala (1966, Moskva), gənc opera müğənnilərinin Sofiyadakı müsabiqəsində 1-ci mükafata (1967), vokalçıların Monrealdakı beynəlxalq müsabiqəsində 4-cü mükafata (1967) layiq görülür.

Təkcə bu faktlar V.Atlantovun zirvələr fəth etməsində konsertmeysteri, gecə-gündüz onunla çalışan, ən çətin məqamlarda yanında olan musiqiçi-müəllim Fəridə Xəlilovanın rolunu vurğulamağa əsas verir.

Çaykovski müsabiqəsinin üçüncü turunda Fəridə xanımın təklifi ilə V.Atlantov Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyasını, özü Azərbaycan dilində ifa edib. Fəridə xanım bu hadisəni belə şərh edirdi: "Müsabiqənin şərtlərinə görə, finalda iştirakçılar müasir bəstəkarın operasından ariya ifa etməli idilər. Sovet opera ədəbiyyatında praktiki olaraq parlaq vokal nömrələr yox idi. V.Atlantovla qərara gəldik ki, ifaçıya həm vokal, həm aktyorluq bacarığını dolğun nümayiş etdirməyə imkan verən bu ariyanı hazırlayaq. Məşqlər zamanı dirijor O.Dimitriadiyə (orkestronun rəhbərliyi altında çıxış edirdi) templə bağlı bütün özəllikləri, dinamik nüansları göstərdim. Yarışma zamanı o, sanki qəsdən göstərişlərimin əksinə hərəkət edərək,  məni həyəcanlanmağa məcbur etdi. Lakin bu, Atlantovun qızıl medal qazanmasına mane olmadı".

Gözəl həmvətənimizin həyatındakı bütün əlamətdar hadisələri canlandırmaq mümkünsüzdür. Şadam ki, həm Bakıda - bizim Doktor döngəsindəki evimizdə, həm Moskvada - Kotelniçeskaya naberejnaya küçəsindəki rahat mənzilində onu dinləmək imkanım olub. Səmimi söhbətlərdən, ləzzətli Azərbaycan ziyafətindən sonra bütün qonaqların xahişi ilə piano arxasına keçərək Fəridə bu alətdən füsunkar səslər çıxarırdı. O, həm romantik musiqi nümunələri, həm filmlərdən mahnıları temperamentlə ifa edirdi. Barmaqları altında fortepiano, zənginliyi rəngarəng palitrası ilə hər kəsi heyran edən orkestr kimi səslənirdi. Sonda bir qayda olaraq o, Mario Lanza repertuarından "Be my love" adlı mahnını səsləndirərək, bizə günəş enerjisi, ürəyə nüfuz edən güclü, dərin emosiyalar bəxş edirdi.

Düşünürəm ki, Fəridə parlaq konsert pianoçusu da ola bilərdi: onun çalğı ədasında qeyri-adi tərzdə əzəmət, emosional ehtiraslar şairanəlik uzlaşırdı,  həm texniki təchizatı kamil idi. Səhnədə o, necə cazibədar görünürdü - şah qamətli, simasının nadir nəcib gözəlliyi ilə seçilən əsl xanım. Onu da deyim ki, F.Xəlilovanın solo kosertləri olurdu: onlardan biri 60-cı illərin sonunda Bakı filarmoniyasında baş tutdu: burada o, Azərbaycan Dövlət simfonik orkestri ilə (dirijor - polşalı R.Satanovski) Motsartın konsertini ifa etmişdi.

Mənə belə bir əhvalat da danışıblar. Monrealdakı vokal müsabiqədə F.Xəlilova auditoriyanın sevimlisinə çevrilir, qadın monastırının rahibələrinin xahişi ilə orda solo konsert verməli olur.

F.Xəlilovanın pianizmi haqda 1972-ci ildə "Melodiya" firmasının buraxdığı valın dinləyişi - Çaykovski Raxmaninovun romansları ilə - çox şey deyir.  Annotasiyada F.Xəlilova "ciddi, ali musiqiçi mədəniyyətinə malik təcrübəli konsertmeyster" kimi səciyyələndirilir.

Bir neçə il öncə isə virtual məkanda bir videofilm rastıma çıxdı: orda sözügedən albomdan bəzi romansları dinləmək ifaçıları görmək olar. Düzdür, operator  nədənsə gözəl Fəridə xanımı mümkün qədər kölgədə qoymağa çalışıb, amma yenə .

Fəridə xanımı vokalçının bərabərhüquqlu tərəfdaşı kimi səciyyələndirən, onun moskvalı rəfiqəsi tərəfindən nəql edilən  bir xatirəyə üz tutmaq yerinə düşərdi: "Atlantov Moskva Konservatoriyasının Kiçik zalında kamera proqramı ilə çıxış edirdi. Dinləyicilər arasında romansın böyük ustadı İ.Kozlovski var idi.  Konsertdən öncə o, nigaran görünürdü: "Atlantov əsl opera vokalçısı kimi gur səsə malikdir: romansları ifa edərkən o, həmin  hüdudsuz səsi "cilovlaya" biləcəkmi?" Sənətçilər səhnəyə çıxdılar. Fəridə xanım  romansın müqəddiməsini çaldı, Atlantov oxumağa başladı... Kozlovski məmnunluqla dedi: Pianoçu onu ram etdi..."

Buradaca həmin videokonserti dinləyən həmkarlarımın bəzi təəssüratlarını sitat gətirmək istərdim.

Pianoçu Gülarə Abdullayeva: "Vokalçının uğurlu çıxışı, təbii ki, müşayiətçinin məharətindən çox asılıdır. Eşitdiyim çox  görkəmli, çox istedadlı müşayiət haqda danışmağa əsas verir. Solisti həssas dinləmək, vokal fortepiano partiyalarının uzlaşması nəticəsində vahid səslənmə illüziyasını yaratmaq bacarığı valehedicidir. Bu, məncə, pianoçunun  yüksək ansambl mədəniyyətinə dəlalət edir".

Bəstəkar Afaq Cəfərova: "Biz niyə istedadlarımıza qarşı belə laqeydik? Axı onlar bizim milli sərvətimizdir.  Peşəkarlıq, mütənasiblik hissi, ahəngdar səslənmə, incə zövq - budur Fəridə xanımı fərqləndirən cəhətlər".

 Musiqişünas Reyhan Əliyeva: "Gənclik illərində mən Atlantovun pərəstişkarı idim onun həyat yoldaşının bizim həmyerlimiz olduğunu bilib fəxr edirdim. Fəridə xanım sadəcə fon yaratmır, o, bu tandemin tamhüquqlu üzvüdür. Filmin müəlliflərinin niyə inadla belə yüksək səviyyəli pianoçunu nümayiş etdirmədiklərini anlamaq mümkün deyil. Amma yenə onun nəcib profilini, ifa olunan bütün romanslarda gözəl səslər hasil edən ecazkar əllərini görə bilərik".

Musiqişünas Aida Hüseynova: "Videofilm cəmi 12 dəqiqə davam edir, amma  musiqinin cərəyanı elə intensivdir ki, Atlantovla Fəridə xanım elə inandırıcıdırlar ki, tammetrajlı bir konsert dinlədiyini zənn edirsən. Alətlə davranmağın heyrətamiz sərbəstliyi,  piano dillərinə yumşaq toxunuş, qüsursuz pianizm. Ümumiyyətlə, müşahidələrimə əsasən qeyd edərdim ki, bunlar Leninqrad/Peterburq məktəbinin xüsusiyyətidir. Məsələn, bir qayda olaraq P.Serebryakovun şagirdləri belə çalırlar. Ansambl heyrətamizdir - fortepiano partiyası kifayət qədər sanballı, eyni zamanda "nəzakətli" səslənir".

Həm Çaykovskinin, həm Raxmaninovun romanslarında fortepiano postlüdlərinin rolu mühümdür: çox vaxt  məhz piano vokalçının "oxuduğu" hekayəni tamamlayır. Bu fraqmentlər pianoçuya məharətini sərgiləmək üçün geniş meydan açır. Amma Fəridə xanım  emosiyaların izafi təzahüründən qaçıb, öz partiyasını müəllif niyyətinə uyğun quraraq, vokal instrumental müşayiətin üzvi vəhdətinə nail olub.

Atlantov-Xəlilova cütlüyünün Bakı konsertlərinə üz tutmaq istərdim. Onların Bakıya gəlişi əsl bayrama çevrilirdi. F.Xəlilova sonuncu dəfə 1970-ci ildə V.Atlantov bariton Y.Mazurok ilə Bakıda çıxış etmişdi. Hətta dəqiq tarixi xatırlayıram - iyunun iyirmi biri idi: həmin gün futbol üzrə dünya çempionatının finalında İtaliya Braziliya yığmaları qarşılaşmışdı. Təbii, bizim evdə hamı o axşam İtaliya milli komandasına azarkeşlik edirdi. Axı evimizdə İtaliyada təşəkkül inkişaf tapmış opera sənətinin iki təmsilçisi qonaq idi. Mən o isti Bakı gecəsini, ehtirasları, ilk qoldan sonra emosiyaların hərarətinə tab gətirə bilməyərək balkona çıxan həssas qəlbli Zahid müəllimin həyəcanını çox yaxşı xatırlayıram. İtaliya komandasının 1:4 hesabı ilə məğlub olmasına baxmayaraq, bu, ovqatımızı çox da təlx etmədi. O zaman hamı necə xoşbəxt idi!

Fəridə xanımın pedaqoji fəaliyyətinə toxunmaq gərəkdir. O, bir neçə il Moskva Konservatoriyasında işləyib. Elmlər namizədi dərəcəsinə layiq görülməsinə, gözəçarpan nailiyyətlərinə, nəhayət, o zaman artıq Bolşoy Teatrın aparıcı solisti olan həyat yoldaşının şöhrətinə baxmayaraq, ona bu ali musiqi ocağında  müvafiq mövqe tutmağa hər cür mane oldular.

Lakin Fəridə xanım Moskva Dövlət Pedaqoji Universitetində konsertmeyster sinfi şöbəsinin rəhbəri qismində öz bacarığını tam reallaşdıra bildi. Həyatının bu sanballı fəsli haqqında bir neçə il Moskvada Fəridə xanımın başçılığı altında çalışmış BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aliyə Zamanovanın  maraqlı qeydləri var. Mən yalnız Fəridə xanımın tələbələri ilə evdə apardığı məşğələləri xatırlayıram.

Buradaca deyim ki, qış tətili zamanı Moskvaya gələrkən, biz bir qayda olaraq Fəridə xalaya (mən yaş fərqini nəzərə alaraq onu məhz belə çağırırdım) baş çəkirdik. Düşünürəm ki, doğmaları ilə ünsiyyət onun üçün əhəmiyyətli idi - o, fikrən xoşbəxt uşaqlıq illərinə dönür, dostlarını, həmkarlarını soraqlaşırdı. Anam Aida isə ona mənən çox yaxın idi. Hələ gənc ikən bağışladığı fotoşəklinin arxasında o, Aida xanımı "bütün həyat məsələlərində özünə müttəfiq" kimi səciyyələndirmişdi.

"Karmen" operasından Xozenin ariyası üzərində müğənni ilə necə çalışdığı indiyədək yadımdadır. Təlim prosesində hər bir ifadə təkrar-təkrar səsləndirilir, cilalanırdı. Fəridə xanım vokal xəttin inkişafının təbiiliyinə can atırdı, dramatik kulminasiyanın məntiqli qabarıq olmasına nail olmağa çalışırdı. Bu dərsləri dinləyəndə anlayırdım ki, vokal repertuara dərindən bələd olan Fəridə xanım işləməli olduğu bütün müğənnilərin həm əvəzsiz müəllimi idi.

Bir dəfə anamın xahişi ilə Fəridə məni yay tətili günlərində Şüvəlandakı bağımızda dinlədi. İxtisas müəllimimin təklif etdiyi proqram onu bir qədər karıxdırmışdı - burada sovet bəstəkarlarının əsərləri üstünlük təşkil edirdi. Əsas tövsiyəsi isə ondan ibarət idi ki, repertuarı zənginləşdirmək,  mürəkkəblik dərəcəsi orta olan konsertlərin mənimsənilməsinə başlamaq lazımdır. İri formalı əsər üzərində şagirdi xeyli zənginləşdirir, keyfiyyət sıçrayışına səbəb olur.

Fəridə xanım həm konservatoriyadakı mütəxəssislərə, konkret olaraq E.Səfərovaya müraciət etməyi məsləhət görürdü: "Qoy Zümrüd vaxtaşırı Elmira ilə görüşsün - bu, onun ifaçılıq vərdişlərinin inkişafına təkan verər".

Onu qeyd edim ki, ruhca ona yaxın olan pianoçular sırasında o, Rafiq Quliyevin adını çəkirdi. "Rafiq Azərbaycan musiqisinin ornamental zənginliyini pianoda necə ustalıqla ifadə edə bilir! - deyə Fəridə xanım şövqlə söyləyirdi. Mən buna qadir deyiləm".

Konservatoriyanı bitirəndən sonra mən bir daha Fəridəyə üz tutdum. Tədqiqat işi ilə məşğul olmaq arzusunda idim elmi rəhbər qismində Moskva musiqişünasları haqqında düşünürdüm. Fəridə xanım alim  həmkarları haqqında bizə məlumat verdi, əlaqələrin qurulmasına köməklik göstərəcəyini vəd etdi. M.Zilberkvit, M.Royterşteyn (sonuncu Qarayevin 24 prelüd silsiləsi haqqında dəyərli məqalənin müəllifi idi) həvəslə danışdığını xatırlayıram. Fəridə xanım, Moskvada yaşayan həmyerlimiz - Fikrət Əmirov haqqında kitabları ilə tanınan Davud Məmmədbəyovu da tövsiyə edirdi. Lakin 80-ci illərin sonlarında baş verən dramatik hadisələr bütün planlarımızı alt-üst etdi...

F.Xəlilovanın tədqiqatçı kimi xidmətləri danılmazdır. Onun "Azərbaycan fortepiano mədəniyyəti tarixinin oçerkləri" dissertasiyası fortepiano sənətimizə həsr olunmuş ilk ciddi, çox sanballı araşdırma oldu.

Təəssüf ki, F.Xəlilovanın dissertasiyası Bakıda itirilmişdi. Mənim məsləhətimlə - bilirdim ki, sovet dönəmində işin bir nüsxəsi Moskvaya göndərilirdi - dissertasiya Rusiya Milli Kitabxanasında tapıldı. F.Xəlilova irsini üzə çıxarmaq kimi nəcib bir işi öz üzərinə götürmüş həmkarlarıma, ilk öncə L.Məmmədova-Fərəcovaya onun doktorantı G.Bəkirovaya ürəkdən təşəkkür edərdim.

Araşdırmanı maraqla oxudum, mətni ehmallıca redaktə etdim, zəruri  dəqiqləşdirmələrlə (adlar, sitatlar ilə bağlı) təchiz etdim, 40 illik təcrübəmi köməyə çağıraraq xeyli zəhmət çəkdim. Lakin əsərin 1968-ci ildə, yəni 55 il əvvəl yazıldığı kimi çap olunması qərara alındı. Dissertasiya tanınmış musiqişünas  S.Xentovanın rəhbərliyi altında icra olunub. Burada F.Xəlilovanın Bakıdakı  məsləhətçilərinin - sanbalı heç adıçəkilən musiqişünasdan əskik olmayan alimlərin adlarını sadalamaq istərdim. Bu, musiqi mədəniyyətimizin parlaq biliciləri Ə.Bədəlbəyli, Ə.İsazadə (elmi məsləhətçi), Q.Qasımov, E.Abasova, L.Karagiçeva (opponent), görkəmli tarixçi Ə.Quliyevdir. Müəllif özü onlara minnətdarlığını bildirir.

Dissertasiya cəlb olunan arxiv materiallarının miqyası, faktların bolluğu ilə heyran edir. Müqəddimədə müəllif öz amalını dəqiq ifadə edir: "Məqsədim müasir Azərbaycan fortepiano mədəniyyəti haqqında ümumi təsəvvür yaratmaq, onun təkamülünün ən mühüm məqamlarını işıqlandırmaqdır".

Xüsusi sanbalı ilə seçilən birinci fəsildə XX əsrin əvvəllərində Bakının musiqi həyatının panoramı canlandırılır, musiqi təhsilinin ifaçılığının əsasını qoyan pedaqoqlardan, ilk musiqi məktəbləri, musiqi gecələri, V.Landovska, J.Hofmann, S.Raxmaninovun qastrol səfərlərindən söz açılır, ilk pianoçu xanımlarımız - Xədicə Qayıbova, Nəzirə Şahmirzə, Kişvər Əliyevanın cazibədar portretləri təqdim olunur. Bu icmal Bakının mədəni həyatının  məhdud monoxrom olması barədə stereotip fikirləri tamamilə alt-üst edir.

Bir fakt mənim diqqətimdən yayınmadı. "Füyuzat" qəzetində "Vəlvələ zümzümə" başlıqlı bir məqalədə qeyd olunur ki, onun müəllifi Şair Naim dünyada baş verirsə versin, mütləq boş vaxtlarında piano arxasında Bethoven, Şubert, Şopen, Rubinşteynin musiqisini çalarmış. İndi bizə bəllidir ki, "Şair Naim" təxəllüsü altında Əli bəy Hüseynzadə yazırmış.

Sonrakı fəsillərdə müəllif Azərbaycanda musiqi təhsilinin qurulması, fortepiano üçün tədris repertuarının, xüsusi ədəbiyyatın yaranması prosesinin özəlliklərini diqqətlə izləyir. Tədqiqatçının nəzərindən, deyəsən, heç bir əlamətdar fakt, heç bir ad yayınmır. Son iki fəsildə Fikrət Əmirov Qara Qarayev  yaradıcılığının da yığcam səciyyəsi verilir.  Onu da deyim ki, dissertasiyanın təhlili ayrıca məqalənin mövzusu ola bilərdi. Burada onun məntiqli quruluşunu vurğulayardım. Bu, həqiqətən, fərqli   mövzuları işıqlandıran oçerklərdir. Lakin həmin beş oçerk sonucda bir-birini necə gözəl tamamlayır! Yaranan mənzərə öz dolğunluğu ahəngdarlığı ilə valeh edir.

Fəridə ilə 2003-cü ilin sonu - 2004-cü ilin əvvəllərinə, yoldaşımın ezamiyyəti ilə əlaqədar Moskvada yaşadığım zamana təsadüf edən son görüşlərim haqqında danışmaq mənim üçün o qədər asan deyil. XXI yüzilin ilk illərinin Moskvası mədəni həyatının misilsiz zənginliyi müqabilində hələ qeyri-sabit olan iqtisadi durumun yaratdığı gərgin, aqressiv atmosferi, sakinlərinin qaraqabaq simaları, onların "Qafqaz millətindən olanlara" açıq-aşkar qeyri-dost münasibəti ilə yadımda qalıb. Əlbəttə, Moskvaya gələn kimi Fəridə ilə görüşdüm: o, özünü çox da yaxşı hiss etmirdi, amma məni görəndə bir az canlanırdı, keçmişə, xüsusən qayğısız uşaqlıq illərinin keçdiyi Tiflislə bağlı xatirələrə dönürdü.

Rüstəm İbrahimbəyova həsr olunmuş yeni sənədli filmin televiziya ilə nümayişindən sonra səciyyəvi telefon söhbətimizi xatırlayıram. Filmin bədii  təcəssümü, mülayim desək, kamillikdən uzaq idi: kadrda vaxtaşırı şəhərimizin küçələrini süpürən narıncı jiletli qadınlar  görünürdü. Bakının obrazına zidd olan detalları vurğulamaq istəyi göz qabağında idi. Fəridə xanım tənqidi qeydlərimi dinləyib: "Bilirsən, dediklərinə o qədər fikir verməmişəm. Məni cəlb edən fonda səslənən Azərbaycan musiqisi, mahnılarımız idi. Bu doğma səsləri dinləməkdən elə zövq aldım ..." - dedi. Onun səsində həsrət notlarını duyub kövrəldim.

O, 2004-cü ilin əziz Novruz günlərində dünyadan köçdü. Fəridə xanımla vidalaşma mərasimində bədahətən nitq söylədim, onun yaradıcılıq fəaliyyətindən, moskvalı dostlarının nabələd olduğu dissertasiya işindən danışdım, çıxışımı - son telefon danışığımızı xatırlayaraq - doğma Azərbaycan dilində bitirdim. Dəfn mərasimindən sonra Fəridə xanımın kimsəsiz, öz xanımını itirdikdən sonra yadlaşmış mənzilinə qayıdanda, qeyri-ixtiyari kitab dolabına üz tutdum: əlimi uzadıb götürdüyüm ilk kitab Qurani-Kərim idi kitabın səhifələri arasına Fəridə çox gənc həyatdan köçmüş anası Səidə xanımın fotoşəklini qoymuşdu. Bu fakt bir çox mətləblərdən - onun öz kökləri ilə dərin daxili bağlılığından, gənc ikən tərk etdiyi doğma yurduna zərif sevgisindən xəbər verirdi...

Fəridə - bu ad "misli - bərabəri olmayan, yeganə" kimi tərcümə olunur. Fəridə Xəlilova özünəməxsus bir insan,  ayçöhrəli bir xanım, istedadlı pianoçu, pedaqoq, Azərbaycan fortepiano mədəniyyətinə dair ilk tədqiqatın müəllifi idi. Bütün bunlar Fəridə xanımı musiqi ifaçılığı tariximizin ünlü təmsilçisi kimi səciyyələndirmək imkanı verir. Axı unutsaq, unudularıq.

 

Zümrüd DADAŞZADƏ

Professor, Əməkdar incəsənət xadimi

525-ci qəzet.- 2023.- 24 iyun.- S.16-17.