Stokholm sindromu
Esse
Qatillərlə, killerlərlə bağlı
sənədli filmləri
izləyərkən ortaya
maraqlı nüanslar çıxır. Bunlardan
ən diqqət çəkəni dəhşətli
cinayətlər törədən
şəxslərə qarşı
yaranan pərəstiş
hissidir. İnsanlar cinayətkarın məhkəməsində
iştirak etmək üçün dəridən
qabıqdan çıxırlar,
onu alqışlayırlar,
həbsxanaya məktublar
göndərirlər, dualar
edirlər, haqqında
əfsanələr yaradırlar.
Bütün bunlar az deyilmiş kimi, yazılı və ya sözlü
şəkildə onu müdafiə edirlər, dəstəkləyirlər, hətta
tutduğu əməlin
amansızlığına baxmayaraq,
ona bəraət də qazandırmağa çalışırlar. Bir sözlə,
şəxsdən bir
"qəhrəman" düzəldirlər.
Xüsusilə, yaxın
tarixdə baş verən cinayətlərdə
bu hallar çox yaşanıb. Maraqlısı isə bu gündür. Çünki bu gün qatilə, "mafiya babalarına", yumruq göstərənə,
silah çəkənə,
meydan oxuyana, qan axıdana, təcavüzçüyə, pedofilə
rəğbət daha artıqdır. Təkcə
qatillərə, terroristlərə
deyil, şiddət göstərən ərə,
gün verib işıq verməyən
ataya, əzazil rəhbərə, psixoloji
təzyiqə məruz
qoyan müdirə, fizioloji zərbə vuran kəslərə, sərt danışan şəxslərə qarşı
da itaət var. Çoxunun
bu vəziyyətdən
qurtulmaq imkanları olsa da, getmirlər, daha doğrusu, qalmağı seçirlər.
Eynilə səhrada tikan çeynəyərək
ağızlarını qanadan,
qanadıqca yeyən, yedikcə yenə qanayan və öz qanının dadından bihuş olan dəvələr kimidir "səcdə"
edən bu insanlar. Mozaxizmə bənzəyir, amma mozaxizm deyil. Bu durumun adı Stokholm sindromudur. Bu sindrom populyar psixologiyaya aid termin olaraq insan oğurluğu,
zorakılıq, qurbanla
aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı
simpatiyanı, şüuraltı
müdafiə xarakterli
travmatik əlaqəni
təsvir edir.
Güclü şokun təsiri
altında şəxslər
onları girov götürənlərə təəssübkeşlik
etməyə, onların
hərəkətlərinə bəraət qazandırmağa
və son nəticədə
özlərini onlarla eyniləşdirməyə başlayırlar,
ideyalarını qəbul
edirlər və özlərinin "ümumi"
məqsəd naminə
qurban verilmələrini
zəruri hesab edirlər.
Nadir Sələfov, Sədat Pekər, Rövşən
Canıyev, 30 il öncə
ölməyinə baxmayaraq,
son 10 gündə gündəmdən
düşməyən Abdullah Çatılı kimi şəxslərə də
bu rəğbət
var. Canıyevin ölmədiyi,
ara bir öz
məzarını ziyarət
etdiyinə dair yayılan cəfəngiyyatdan
tutmuş, Çatılının
yaşadığı və
son günlərdə Türkiyədə
yüksək vəzifəyə
təyin edildiyinə dair uydurmalar ayaq açıb yeriyir. Maraqlısı budur ki, Çatılının
qızı bir neçə gün əvvəl atası ilə bağlı deyilənlərin yalan olduğuna, illər əvvəl öldüyünə
dair açıqlama vermək məcburiyyətində
qaldı. Mifləri uyduran kütlə qızı "daş-qalaq"
etdi ki, "atan yaşayır, sən bilmirsən". Bunca cəhalətə şahid
olmaq da işgəncənin
başqa növüdür.
Ciddi təhdid yaradan və ona zərər
verən birinə qarşı bu cür duyğusal bağlılıq qurmaq, onu qorumağa çalışmaq, əskikliyini
qəlbinin dərinliyində
hiss etmək, yasını
saxlamaq hər kəsə maraqlıdır.
Əslində səbəb
sadədir: insanlar gücə tapan varlıqdır. Hesab edirlər ki, yuxarıda sadalanan və bənzər gücə
malik şəxslərə sığınmaqla həyatdakı
yerlərini daha sağlam bir təməl üstündə
inşa edirlər. Bu
da təhdidkardan qaçmamağa,
onunla empatiya qurmağa gətirib çıxardır, nəticədə
Stokholm sindromu ortaya çıxır.
İş günlərində birində,
1973-cü ildə banklardan
birinə Jan Erik Olsson adlı
silahlı və bombalı soyğunçu
daxil olur. Bankın təhlükəsizliyindən
məsul olan polisi yaralayır və "hər kəs yerə çöksün, şənlik
başlayır" deyərək
havaya atəş açır. Yaranan qarmaqarışıqlıqda bir
çox insan bankdan çıxmağa müvəffəq olur, üç qadın, bir kişi isə
soyğunçu tərəfindən
girov götürülür.
Qısa müddətdə
bank polis tərəfindən əhatəyə alınır.
Hətta qarətçinin
tələbi ilə onun kamera yoldaşı
Klark Ulofsson da banka gətirilir. Digər tələbi isə bankın önünə bir avtomobil gətirilməsi olur. Dostu ilə
birlikdə pulları götürüb qaçmağı
nəzərdə tuturdu.
Bütün tələbləri
yerinə yetirilməyinə
baxmayaraq, bankdan çıxa bilmir. Çünki çıxdıqları
və əllərinin
altındakı dörd
girovdan uzaqlaşdıqları
anda polislərin onları həbs edəcəklərinə əmindilər.
Bu proses bir neçə saat deyil, düz
altı gün davam edir. Altıncı
gün polislər tavandan dəlik açaraq içəri girməyə müvəffəq
olurlar. Çıxış
yolu olmadığını
görən cinayətkarlar
silahlarını atıb
təslim olurlar. Maraqlıdır ki, həmin
an girovlar özünü
soyğunçuların önünə
ataraq onları polisdən qorumağa çalışırlar, atəş
edilməməsi üçün
önlərində sipər
olurlar. Hadisədən
sonra məsələnin
iç üzü açılmağa başlayır.
Məlum olur ki,
Elizabet adlı qadın
girovun saxlanıldığı
altı gün ərzində dəfələrlə
qaçmaq şansı
olmağına rəğmən,
bankdan çıxmır,
öz istəyi ilə orada qalır. Daha sonra girovlar soyğunçulara dəstək
olurlar, əleyhlərinə
şahidlik etməkdən
yayınırlar, hətta
aralarında pul toplayıb onların məhkəmə xərclərini
ödəyirlər. İllər
sonra bir sənədli film üçün
həmin günlərdən
bəhs edən girov qadın, "soyğunçu məni öldürməyəcəyini, sadəcə ayağımdan
vuracağını dedi.
O an nə qədər
mərhəmətli, düşüncəli
bir adam olduğunu fikirləşdim"
söyləyir.
Məhkəmə prosesi zamanı
Ulofsson sübut etdi ki, o, Olssona kömək etmirdi və əksinə, girovları xilas etməyə çalışırdı.
Girovların dəstəyi
ilə bəraət qazandı. Azadlıqda olarkən girov götürdükləri qadınlardan
biri olan Kristina ilə ailəvi dost oldular. Olsson isə 10 il həbs cəzası aldı. Bu hadisə tarixə Stokholm sindromu olaraq keçdi.
Bu sindrom psixoloji paradoks, pozuntu, ruhi xəstəlik və ya uşaqlıqdan gələn travma deyil, o an baş verən hadisənin psixologiyaya vurduğu zərbəyə verilən reaksiyadır. Xəstəlik olaraq beynəlxalq sistemlərin heç birinə daxil edilməyib. Kökündə isə gücə sığınaraq həyatda qalmaq istəyi yatır!
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 24 iyun.- S.15.