ONA “DAYAĞIM” DEYİRDİ
“Dəniz sahili” dilə
və qəlbə yatan deyimdir, səslənincə
insanda xoş
duyğular oyadır.
Zahirən “dəniz
qırağı” da eyni
ifadədir, ancaq
1930-1940-cı illərdə Azərbaycan insanlarında
vahimə, nigaranlıq,
nicatsızlıq yaradırdı
və bir bədbəxtlik ünvanı
sayılırdı. Sözün
çəkisini, mənasını,
rəngini dəyişən
bina idi – dəniz kənarına yaxınlıqda yerləşən
Dövlət Təhlükəsizlik
Komitəsi. Sovet siyasi repressiyalarının
tüğyan etdiyi əyyamlarda təhlükəsizlik
orqanlarına daraşmış
ermənilər iblis xislətli dövlətin apardığı siyasətdən
də yararlanaraq insanlarımızın qorxulu
yuxusuna çevrilən
o idarədə xalqımızın
seçmə övladlarına
çox divanlar tutmuşdular, çox evlər yıxmışdılar.
Ona görə camaat bədbəxtlik qaynağı
olan həmin idarənin adını belə dilinə gətirmək istəməyərək
ora bu adı
vermişdi: “Dəniz qırağı!”
Hüseyn
Cavid yadigarı Turan xanımın bu sözlərini heç unutmuram. 1937-ci ilin müdhiş iyun gecəsində NKVD-nin (bu idarənin
dilimizdə o vaxtlar Xalq Daxili İşlər
Komissarlığı adından
daha təbii və dəqiq səslənən elə həmin dördcə hərfdir. Çünki o
vaxtlar danışıqda
hamı idarənin adını elə o təhər deyirdi. Bəlkə də belə bir şər
yuvasının adını
öz dilimizdə deməyə dil dönmürdü?) bədbəxtlik
gətirən qara maşını dayanmışdı
onların evinin qarşısında. Böyük
Cavidi də, onun yazıb tamamladığı və
yarıhazır olan neçə başqa əsərini də qayıdışsızlığa aparmışdılar. O fəraq
gecəsindən axtarış
protokolları yadigar qalıb. Altında iki imza: Pavlov və Parşin. Cavid həmin gecə mənzilinə girən çağırılmamış
qonaqlardan rica etmişdi ki, bunlar son əsərlərimdir, hamısının
makinadan çıxmış
neçə nüsxəsi
var, bəlkə izin verəsiniz hərəsindən
biri qalsın. Bu sözlərə məhəl
qoymamışdılar. Turan
xanım anası Mişkinazın da, özünün
də o itkin Cavid əsərlərindən
söz düşəndə
daim bir ehtimalını dilə gətirirdi ki, bəlkə
də o gələnlərdən
heç olmazsa biri azərbaycanlı olsaydı, başqa cür davranardı, Cavid əfəndinin ricasını yerə salmazdı...
Hər halda arxivlərdə lal-dinməz qalan çox işləri araşdırıb o dövrün
alt qatındakı mənzərələri
daha aydın görəndən sonra bu qənaətə gəldim ki, həmin xəfif gümanda həqiqət izi olmamış deyil. Bəlkə də zamanında o idarədə
çalışanların əksəri özümüzünkülər
olsaydı, istənilən
halda dövlətin qırıb-çatma siyasətini
nə qədər mütiliklə yerinə yetirsəydilər də, hər halda tarixdən bizə bəlli olan qansızlıqlıq və
qəddarlıqlıqların çoxuna bais olmazdılar.
1996-cı
ilin 28 iyununda həmin idarənin bir vaxtlar SSRİ-nin baş çekisti
Feliks Dzerjinskinin adına
olmuş, müstəqillik
illərində artıq
ölməz Azərbaycan
şairi Şəhriyarın
adını daşıyan
klubda təntənəli
mərasim keçirilirdi
və Heydər Əliyev kürsüdə
idi. Yada salırdı
ki, 1950-ci ildə Leninqradda
(indi Sankt-Peterburq) təhlükəsizlik orqanları
xətti ilə yüksək təhsil aldıqdan sonra Bakıya qayıdaraq yolun o tayındakı, həmin “Dəniz qırağı” adlanan binada işə başlamışıdı. Məhz
bu idarənin milliləşdirilməsi yolundakı
səylər, elə sovet dövründəcə
tədricən oradakı
kadrların əksəriyyətinin
azərbaycanlılardan ibarət
olmasına gətirib çıxaran çətin
niyyəti gerçəkləşdirmək
Heydər Əliyevin gərək ən misilsiz xidmətlərindən
sayıla. Bunun xeyirli nəticələrini biz onda
gördük ki, daha əvvəlki onilliklərdə
olan sayaq qanla müşayiət edilməsə də, hər halda başqacürdüşünənlərə
qarşı gizli sovet siyasətinin davam etdiyi 1950-1960-cı illərdə məhz bu idarədə artmağa başlayan dərin bilikli, yüksək peşəkarlıqlı
milli kadrlar xalqımızın
seçkin övladlarına
qarşı törədilə
biləcək çox
fəsadların və
müsibətlərin qarşısını
alaraq gedişatın səmtini daha xatasız məcraya yönəltdilər.
Heydər
Əliyev əsrin dörddəbirini bu sistemdə çalışdı,
sonra isə respublikanın və Sovet İttifaqının ali rəhbərliyində oldu. Bu elə həyat tərzidir ki, sənin nəinki yaxın dostlarının olmasına, hətta qohum-əqrəba ilə belə sıx təmaslar yaratmağına
imkan vermir, istər-istəməz ailəndən
(çox sirrini isə heç orada da bölüşmək
ixtiyarın olmur) yaxın kimsə gözə dəymir. Olsa-olsa, uzaqbaşı barmaqla sayılacaq qədər az adamlar – onlar da ən yaxın qohumlar, bir də
həmkarların arasında.
Heydər Əliyevin də ömrü belə keçdi.
Həmin
toplantıda, illərcə
işləmiş olduğu
idarənin keçmiş
klubundakı yığıncaqda
Heydər Əliyev bənzər taleli hər bir dövlət
və hökumət adamının taleyi üçün səciyyəvi,
özünün də
ömründə izi qalmış həmin özünəməxsusluğu dilə gətirir və etiraf edirdi ki, məhz işinin tərzinə görə də onun yaxın dostları təqribən yox imiş. Lakin ürək qızdıra biləcəyin simsarlarsız
ömür də boş, etibarlı dostların yerli-dibli olmadığı həyat
da mümkünsüzdür və Heydər Əliyev həmin gün onu etiraf
edə-edə bunu da söyləyirdi, təntənəni
də elə hec vəchlə unuda bilmədiyi, həmişə əziz saydığı bir könül dostuna görə təşkil etmişdi: “Mənim həyatım Azərbaycanın
gözü qabağındadır.
Həyatımda o qədər
şəxsi dostlarım
olmayıbdır. Mənim
dostlarım əhatəmdə
olan, mənimlə bərabər işləyən
adamlar olubdur. Gənc yaşlarımda insanlar vardı ki, rəsmi münasibətlər
saxlayırdım, amma
insanlar da vardı ki, rəsmi münasibətdən
savayı, onlarla şəxsi münasibət
də saxlayırdım.
Arif Heydərovla münasibətim məhz belə, şəxsi münasibət xarakteri daşıyıbdır. Bu şəxsi
münasibətlərimiz də
o vaxtdan sona qədər davam edibdir. Bunun da əsası
var. Əsası da ondan
ibarətdir ki, mən
yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi
münasibət saxlaya
bilərəm”.
Kim idi Heydər Əliyevin gənclik illərindən sonacan dost
deyə bildiyi və məhz elə ondakı keyfiyyətlərə sahib olan,
vur-tut 52 illik qısa ömür yaşamış Arif Heydərov?
O, şərəfli bir atanın, köklü-köməcli
bir nəslin övladı idi. Atası Nəzər Heydərov Zəngəzur mahalının Gürcülü
kəndindən idi, XX
əsrin əvvəllərində,
hələ çar hökuməti dönəmində
Moskvada Neft İnstitutunu bitirmişdi,
1930-cu illərdə Bakıya
gəlib yolunu və taleyini neft sənayesi ilə bağlayana qədər ata-baba yurdu Zəngəzurda dövlət işində
də çalışmışdı,
inqilab komitəsində
vəzifə tutmuşdu,
oralarda Azərbaycan əhalisinə qarşı
həmlələr edən
quldur daşnak dəstələrinə qarşı
mübarizəyə rəhbərlik
etmişdi. Nəzər
Heydərov Azneftin rəisi də işləmişdi, 1945-46-cı illərdə Güney Azərbaycana Bakıdan gedən xüsusi dəstənin tərkibində
orada səmərəli
fəaliyyətlər də
göstərmişdi, 1949-54-cü illərdə isə Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin sədri
vəzifəsinə də
yüksəlmiş, elə
həmin vəzifəni
daşıdığından həm də SSRİ Ali Soveti Rəyasət
heyəti sədrinin müavini olmuşdu.
Bunlar mayaları
ayrı cür yoğrulmuş insanlar idilər, o nəslin əxlaqı, mənəviyyatı
büsbütün başqa
olub. Onların kommunistliyi də sonrakı əyyamların
çürük kommunistliyindən
deyildi, saf əqidəyə söykənirdi.
Yeniyetmə Arif atasının rəis olduğu Əzizbəyovneft
trestində yay tətilində çilingər
işləyirmiş. Atasını
işə xidməti maşın aparıb-gətirirmiş.
Bir gün Arif xahiş edir ki, atası
onun da səhərlər
işə həmin maşınla getməsinə
icazə versin ki, 1-2 saat artıq
yata bilsin. Nəzər kişi
etiraz edir: “Hamı kimi elektrik qatarına min, get. Hələ bu cür maşınla gedib-gəlmək haqqını
sən gərək qazanasan”.
Öyrədirdi ki, oğul olmaq
hələ imtiyazlara
sahib olmağa bəs etməz, gərək arzularına çatmaqçün
əlləşəsən, çalışıb-vuruşasan, özün zəhmət çəkəsən.
Ailə
tərbiyəsinin ona aşıladığı vətənpərvərlik,
dövlətçi düşüncə
duyğusunun təsirindəndir
ki, o, 1941-1945-ci illər davasına
da könüllü olaraq,
cəbhəyə getməsini
valideynlərindən gizlədərək
qatılmışdı və
həmin gənc Arif Heydərovla mən Almaniyada “rastlaşmışam” da!
2000-ci illərin əvvəlləri
idi, Avropa Şurası Parlament Assambleyası Hüquqi işlər və insan haqları komitəsinin növbəti
iclası Berlində, Almaniya Bundestaqının yerləşdiyi möhtəşəm
tarixi binada keçiriləcəkdi. Həmin
adıbəlli Reyxstaqda.
O bina ilə ilk görüş mənimçün
çox həyəcanlı
idi. Ona görə də səhər iclasının başlanmasından
1 saat öncə gəlmişdim ki, Reyxstaqı
içəridən doyunca,
rahatca seyr edə bilim. Divarlar boyu 1945-ci ilin may günlərində
qalib sovet ordusu əsgərlərinin
atdığı imzalar
sıralanmışdı. Həm
də hiss olunurdu ki, bunları onillərcə mühüm tarix yadigarları kimi qayğı ilə hifz ediblər, yazıların üstündən
qoruyucu məhlullarla yüngülcə də keçiblər ki, zaman ötdükcə
solub-saralmasınlar, ilkinliklərini
saxlasınlar. Gözüm
o imzalar içərisində
azərbaycanlıların adlarını
arayırdı, görüncə
divarın həmin hissələrinin fotolarını
çəkirdim. Bunlar
mənimçün sadəcə
adlar-soyadlar deyil, ilk növbədə canlı
insanlar idilər. Söz yox, onların
elələri vardı
ki, 1941-ci ildən döyüşə-döyüşə
Berlinədək gəlib
çatmışdılar, bu divarda adlarını
yazmışdılar, amma
Reyxstaqın növbəti
mərtəbələrinin faşistlərdən təmizlənməsi
əsnasında həlak
olmuşdular – 1945-ci il mayın
8-də, 9-da. Fotosunu çəkdiyim
daha bir imza qələbə çalaraq Vətənə
qayıda bilmiş Arif Heydərovunku imiş: “Arif. Bakı”, altında da həmin xətlə cızılmış tarix:
“May. 1945”. Əlbəttə, bunun da, Reyxstaq divarlarında şəklini
çəkdiyim başqa
bir neçə imzanın da sahiblərinin
əslində tanıdığım
ayrı-ayrı adamların
ata-babalarınınkı olmasını
çox sonralar təsadüflər nəticəsində
bildim.
Arif Heydərov 1926-cı il təvəllüdlü
idi, müharibə başlananda 15 yaşı
varmış. 1943-cü ilin
fevralında təhlükəsizlik
orqanlarında işə
düzələn Arifi
daha 11 gənclə birlikdə Moskvaya xüsusi peşə təhsili almaqçün
SSRİ Xalq Daxili İşlər Komissarlığının
kəşfiyyat məktəbinə
göndərirlər. Təhsilini
bitirəndə artıq
zabit rütbəsi də alır. Oğlu Murad mənimlə
ailə xatirələrini
bölüşür. Soruşuram
ki, müharibə illərindən
nə danışırdı,
deyir ki, mən uşaq idim, amma böyüklərə
söylədiyi xatirələr
yadımda qalıb. Atasıgil cəbhəyə
yollandığını bilib
narahat olmasınlar deyə bir dəstə
məktub yazıb dostlarına veribmiş ki,
hər ay birinin altına təzə tarix qoyaraq poçta
atsınlar ki, Bakıda
onun Moskvada olduğunu zənn etsinlər. Ona görə
də həmin dövrdə işlə bağlı Moskvaya gələsi olan Nəzər kişi oğlunun oxuduğu DTK məktəbinə gedib Arifi soruşanda və “balanız çoxdan cəbhədədir”
cavabını alanda heyrətlənmişdi ki, ola bilməz,
axı mən hər ay ondan müntəzəm olaraq məktublar alıram.
Murad söhbəti davam eləyir ki, atam zabit olduğundan onu özündən xeyli yaşlı “dədələr”ə, artıq 3-4 illik döyüş təcrübəsi
olan əsgərlərə
komandir təyin ediblərmiş.
Və onlar da 18 yaşlı bu “sütül”ə
bir az təkəbbürlü,
yuxarıdan aşağı
baxırlarmış. Arif
doğmalarına o “dədələr”in
hörmətini necə
qazandığının tarixçəsini
belə nəql edir ki, bir axşam
bərk gurultu qopdu. Səngərdən çıxdım, gördüm
ayağımın altında
yer titrəyir. Ağlımdan keçdi
ki, Almaniyada zəlzələmi
baş verir?
Bizimkilər qışqırışdılar
ki, tez qaç, gir səngərə, o yandan almanlar pulemyotla bizim tərəfə atırlar,
güllələr qabaqdakı
təpəyə dəyir,
ona görə yer titrəyir, cəld yat aşağı.
Mən onlar nə qədər həyəcanla qışqırsalar
da, qorxmadığımı göstərməkçün tələsik
yox, aramla addımlayıb səngərə
endim. Əsgərlər
hamısı mat qalmışdı
ki, bu, qurd ürəyi yeyib, dəlidir. O gündən başladılar mənə
çox hörmətlə
yanaşmağa.
Davadan sonra Arif qayıtmışdı
Vətənə, Azərbaycan
Dövlət Təhlükəsizlik
Komitəsində xidmətə
başlamışdı və
Heydər Əliyevlə
yolları da o vaxtdan qovuşmuşdu, o buna, bu ona daxilən çox yaxın olduqlarını ilk təmaslardanca
hiss etmişdilər və
bu həmahənglik də onları sadiq dostlara çevirmişdi (Bu sədaqətə
elə bircə tutarlı sübut. 1968-ci ildə atası ölüm yatağında
olanda Arif Türkiyədəki sovet səfirliyində rəsmən
konsulluq idarəsinin rəisi vəzifəsində
idi, əsas işi isə kəşfiyyat idi – onun bu səmtdəki
fəaliyyətinin əsasən
ABŞ və Avropa ölkələri ilə bağlı olduğunu Türkiyə kəşfiyyatı
da bilirmiş. Şərti
olaraq “Qaraqaş” kod adı verdikləri
Arif Heydərova da ehtiramla yanaşırmışlar.
Atası ilə vidalaşa bilməkçün
Arif Moskvadan icazə alaraq 3 günlüyə Bakıya
gəlir, Nəzər
kişi canını tapşırmadan onunla görüşür də
və dəfndən sonra yenə Türkiyəyə qayıdır.
Yenə oğlu Murad söyləyir: “Babamın
cümə axşamlarını
atama qardaş əvəzi olan Heydər Əliyev verir”).
Və həmin sədaqətli birgəliyin tarixçəsini
Arifin vəfatından 18 il sonra,
onun onsuz gələn 70-ci ildönümündə
Heydər Əliyev belə yada salırdı:
“O vaxt mən bu kollektivlə işləməyə başlayanda
oradakı mürəkkəb
vəziyyəti və
gənc azərbaycanlılardan
ötrü işləmək,
xalqına, ölkəsinə
xidmət etmək üçün şəraitin
nə qədər məhdud olduğunu gördüm. Yalnız çox istedadlı və çox yüksək keyfiyyətlərə
malik olan gənclər
bu çətin yollardan keçib xidmət etmək üçün layiqli vəzifələr tuta bilirdilər. Onlardan biri də məhz
Arif Heydərov idi. Mən onunla
1950-ci ildə Azərbaycana,
Bakıya gəldikdən
sonra tanış oldum. Bizim tanışlığımız
qısa bir müddətdə yaxınlığa
çevrildi. O zamandan
Arif Heydərovun həyatının son dəqiqələrinə
qədər onunla həm iş sahəsində sıx əlaqəm olub, eyni zamanda şəxsi
dostluğum olubdur.
1969-cu ildə mən Azərbaycan Respublikasına
rəhbər seçiləndən
sonra üzərimə
düşən vəzifələri
həyata keçirmək
üçün bir çox kadr dəyişiklikləri etdim.
O zaman mənə sədaqətli
kadrlar, mənəviyyatca
saf, təmiz insanlar lazım idi. Bunlardan birincisi kimi mən Arif Heydərovu
seçdim”.
Arif Heydərov sevdiyi kəşfiyyat işindən
ayrılmaq, Türkiyəni
qoyub bura, Bakıya daxili işlər naziri vəzifəsinə gəlmək
istəmirmiş. O sahə
üzrə onu başqa perspektivlər də gözləyirmiş.
Təbii
ki, belə yüksək
təyinatlar zamanı
mütləq Moskvada
da qəbullardan, söhbətləşmələrdən
keçməliydin. Əvvəlcə
onu Moskvada öz nazirliklərində
Heydər Əliyevin xahişi əsasında o çağlar SSRİ DTK-sının
nazir müavini işləyən
Semyon Sviqun qəbul etmişdi və Arif Heydərov
“hə” verməmişdi.
Heydər
Əliyev dəqiqləşdirirdi:
“Mən onu Türkiyədən dəvət
etdim və daxili işlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o bu işə o qədər də həvəslə gəlmədi. Çünki
bilirdi ki, bir tərəfdən bu, çətin, ağır
işdir, digər tərəfdən də
o, xaricdəki işindən
ayrılmaq istəmirdi.
Ancaq o, hiss edəndə
ki, mənə burada kömək lazımdır
və bu sahə çox mühüm sahədir, söhbət ayrı-ayrı
adamların vəzifəsindən
yox, ümumxalq prinsiplərindən gedir, bu vəzifəni öz üzərinə götürməyə razı
oldu. Ondan sonra da həyatının
son dəqiqəsinə qədər
bu vəzifədə sədaqətlə xidmət
etdi. Arif Heydərov mənim iş yoldaşım, dostum, silahdaşım olubdur. Mən ona çox inanır, etibar edirdim, onun fəaliyyətini
çox yüksək
qiymətləndirirdim. Ona görə
də mən Azərbaycana rəhbər
gələndə o, əsas
dayaqlarımdan biri idi. Əvvəl dövlət təhlükəsizlik
orqanlarında olduğu
kimi, Azərbaycanın
Daxili İşlər
Nazirliyinə rəhbərlik
etdiyi dövrdə – 8
il müddətində də
çox fədakarcasına
çalışdı, şox
işlər gördü”.
Ömür-gün yoldaşı Ədilə
xanım xatırlayırdı
ki, Arif cüssəli idi, 56 ölçülü
kostyum geyinirdi, bir dəfə dayanmışdı güzgünün
qabağında, mən,
iki oğlumuz – Muradla Maqsud arxadan onun kürəyinə
qısıldıq, kürəyi
bizi örtdü, güzgüdə görünmədik.
Zarafat elədi ki, görürsünüz necə
dağ kimi dayanmışam sizin ardınızda. Vaxtilə
işlədiyi DTK-da ona
“Belvederli Apollon” deyərdilər.
Gözəl idi, qamətli idi, bilikli idi, nəcib
idi. Deyirəm, bəlkə kaş heç belə olmayaydı, bəlkə onda itkisi bizi
belə çox yandırmazdı?!.
Qiymətlər üst-üstə düşür.
Heydər Əliyev də ona “dayağım”
deyir, ailəsi, doğmaları da “dağımız,
arxamız” söyləyir
və keçdiyi yol da açıqca göstərir ki, bu mətin insan elə dövlətinin, millətinin də sütunu, sipəri olmağa hər an hazır dayanmış cəsur əsgərmiş.
Belə
qiymətli Vətən
oğullarının erkən
gedişi həmişə
yalnız bir ailənin, doğmalarının
itkisi olmur, bütün millətin acısına çevrilir.
Xalqsa, hansı böyüklükdə və
dəyərdə oğullar
itirdiyinin fərqində
olaraq, onları müdam sayğıyla ansın deyə gərək onları gəryincə də tanıya.
Arif Heydərov geniş bilikli, yüksək peşəkar keyfiyyətlərə
malik, həm də insan kimi içəridən
zəngin şəxsiyyətmiş.
O, ana dili və ruscadan savayı Türkiyə türkcəsini,
alman, ingilis, polyak və fars dillərini
də səlis bilirmiş. Həm də o qədər mükəmməl ki, bu dildə fikirlərini həmin dilin daşıyıcılarını duyğulandıracaq qədər
rəvan, təsirli ifadə
edə bilirmiş.
SSRİ daxili işlər
nazirinin rəhbərlik
etdiyi nümayəndə
heyətinin tərkibində
Almaniyada səfərdəymişlər.
Sovet qonaqlarının
şərəfinə verilən
ziyafətdə Arif Heydərov almanca sağlıq deyir. Qısa, cəmi bir neçə dəqiqə çəkən
həmin sağlığı
dinləyən almanlardan
neçəsinin kövrəldiyini
görən nazir Nikolay Şelokov
soruşur ki, Heydərov
nə dedi bunlar bu hala
düşdülər? Arifin söylədiklərini ona
tərcümə edirlər.
O da təsirlənir, “Nazir belə
olar” söyləyir. Arif məclisə üz tutaraq deyibmiş ki, mən İkinci Dünya müharibəsi vaxtı sizin ölkədə olmuşam. Biz özümüzü
heç zaman işğalçı
kimi aparmamışıq.
Şəxsən mən
alman uşaqlarını soyuqdan
qorumaq, yedizdirmək üçün rahatlığımdan
da keçmişəm, yaşlıların
dadına çatmışam.
Biz alman xalqını da faşizm
bəlasından qurtarmaq
üçün çarpışmışıq.
...İlk
gəncliyindən ona xüsusi bir ədalətlilik, insaflılıq,
mərhəmət hissi
xasmış, bəlkə
hətta qədərindən
də artıq. Onu yaxından tanımış dostlarının
inanımlı xatirələrindən
buna bələdəm. Sonralar
Azərbaycanın daxili
işlər naziri vəzifəsini də tutmuş, Arif Heydərovun nazir olduğu
dövrdə Mərkəzi
Komitədə İnzibati
orqanlarla iş üzrə şöbənin
müdiri vəzifəsini
tumuş Cəfər Vəliyevin xatirəsidir
ki, bir dəfə kabinetində ona gileyləndim ki, yol müfəttişləri özlərini
yaxşı aparmır,
sürücülərlə kobud davranırlar, onlardan 3-5 manat qoparmaq üçün yüz hoqqadan çıxırlar.
Qalxdı
keçdi pəncərənin
qarşısına, küçəni
göstərdi. Qızmar
yay günüydü. Dedi,
günün altında
indi hərarət nə qədər olar? Cavab verdim
ki, bu gün dəhşətli istidir, göydən od yağır. Elə bildim bayaq dediklərim
yadından çıxdı,
ya qəsdən söhbətin yönünü
dəyişir. Ancaq qayıtdı ki, bilirsən
həmin od kimin başına yağır? Suala özü də cavab verdi: Sənin
qarasına danışdığın
həmin QAİ işçilərinin
başına. Xəbərin
var onların maaşı
nə qədərdir?!
– 98 manat. Qalmışam
odla su arasında.
Sənə yaxşı
məlumdur ki, mən qanunun tərəfindəyəm.
Dövlət bu adamları yaşada bilsəydi, qüsurlu hərəkətlərinə görə
onlara qanunun bütün sərtliyi ilə cəza verərdim. Anlayıram ki,
hansını dəyişsəm,
yerinə gələn
işinin müvəqqəti
olduğunu bilib bəlkə ondan da artıq alacaq, ondan da kobud olacaq. Ona görə cəzalandırmağa tələsməkdənsə
başa düşməyə,
islah etməyə çalışaq.
Arif Heydərovun başadüşən,
həssas, adil davranışlarıyla bağlı
oxşar söhbətləri
mənə onunla yaxın olmuş Xalq rəssamı Salxab Məmmədov da söyləyib.
...Heydər Əliyevlə Arif Heydərovu ortaq əqidəli edən bir başqa
cəhət də onların hər ikisinin erməniçiliyin
bütün rəzil görsənişlərinə qarşı
həmişə barışmaz
mübariz olmaları idi. Hər ikisində
də bu damar həm də nəsil ənənələrindən
gəlirmiş.
Arif Heydərov fizik ixtisasına yiyələnməyi
arzulasa da, tarix üzrə təhsil almışdı, fəqət
fiziklik də həmişə onunla qaldı, bu sahəyə dair kitabların mütaliəsindən
həmişə zövq
aldı. Və fiziklik damarı ona hadisələrə miqyaslı, fəlsəfi yanaşmaq qabiliyyəti bəxş etmişdi. Tarixçiliyi isə ona həm öz
keçmişimizi, həm
də digər xalqların dünənini
yaxşı bilmək
gücünü vermişdi.
Bu da həm DTK, həm
də DİN-dəki
işində çox
karına gəlirmiş.
Məşhur “Qara polkovnik”, Birinci Qarabağ savaşında, 1994-cü ildə
keçirilmiş uğurlu
Horadiz əməliyyatının
rəhbərlərindən olmuş, zamanında Arif Heydərovla birgə işləmiş
Fətulla Hüseynovun
xatirəsidir ki, Ermənistanda,
İcevan şəhərində
Qafqaz respublikaları daxili işlər nazirlikləri rəhbərliklərinin
ənənəvi müşavirəsi
keçirilirmiş. Müşavirənin
axırıncı günü
verilən ziyafəti idarə edən, həm də deputat olan İcevan
Rayon Partiya Komitəsinin
birinci katibi şəstlə başlayır
danışmağa ki, Yerevan Zaqafqaziyada ən qədim şəhərdir,
bu yaxınlarda onun 1750 illiyini qeyd edəcəyik, bu minvalla erməni
xalqı da buralarda yaşayan ən qədim xalqdır, badələri dostluğun
şərəfinə qaldıraq.
Arif Heydərov badəni masanın üstünə
qoyaraq ayağa qalxır: “Mən bu sağlığa içməyəcəyəm. Siz
guya tarixçi olduğunuzu desəniz də, tarixi bilmirsiniz, yaxud bilərəkdən təhrif
edirsiniz. Onda biz də bu yaxınlarda
Bakının 10 min illiyini
qeyd edəcəyik. Sizin kimi daşların
üstünə istədiyimiz
saxta tarixi qazıb dənizə atsaq, sonra həmin
daşı çıxarıb
onun əsasında tarix yazsaq, belə
tarixi nə qədər desən qədimə çəkmək
olar”.
Və hamının qarşısında
tələb edir ki, 3 Qafqaz respublikası daxili işlər nazirlərinin qatıldığı
belə mötəbər
məclisdə o cür
sayıqlamalara yol vermiş raykom katibi üzr istəsin...
...Ölüm ona doğru yaxınlaşırmış,
qarabaqara güdürmüş,
fəlakət pusqudaymış.
Bu, bir qəzavü qədər idi, ya nə, bir
Allah bilir.
1978-ci ilin aprelində 2 ay sonra onunla birlikdə
qətlə yetiriləcək
müavini Səlahəddin
Kazımovla bərabər
6 saylı islah-əmək
koloniyasına tikinti-təsərrüfat
işləri ilə tanış olmağa gəlibmiş. Elə müəssisədən çıxıb
20 metr aralıdakı
dəmir yolunu keçərkən qəfilcə
yük daşıyan parovoz gəlib nazirin maşınına çırpılır və
avtomobili sürükləməyə
başlayır. Parovozu
təcili dayandırmaq
mümkün olur və labüd ölümdən qurtulurlar.
Ancaq mənhus kabus bununla onun yaxasından
əl götürmür.
Arif Heydərov iyun ayının 28-də doğulmuşdu.
Oğlu Murad mənə
danışır ki, axşam
hamımız birlikdəydik.
Atamın ad gününü adətən
olduğu kimi qonaq-qarasız, özümüz,
ailə məclisində
qeyd elədik. Haradan ağlımıza gələrdi ki, bu, hamımızın birgə
olduğumuz son axşamdır.
Ailəmizin xoşbəxt
olduğu son axşam.
Atamın 52 yaşı
tamam olurdu.
Ertəsi
gün – iyunun 29-da
general Arif Heydərov səhərdən yenə
iş başındaydı.
Ömrün yeni ili, təzə gün başlanırdı. Müavini
Səlahəddin Kazımov,
köməkçisi Əziz
Səfixanov onun otağında idilər.
Cari işləri müzakirə
edirdilər. Və nazirin qapısı açılır, bir milis işçisi hövlnak girir içəri. Hansısa əməkdaşın irəlicədən
görüş təyin
edilmədən, dəvətsiz-icazəsiz,
xəbərdarlıqsız-filansız sırtıqcasına nazirin
kabinetinə soxulmasından
daha artıq təəccüb doğuran
və anlaşılmaz
olansa bu idi ki, gələnin əlində
tapança vardı.
Kim idi bu çağırılmamış
qonaq?
Bu gözlənilməz gəliş
anlarında baş vermiş və sorağı ildırım
sürəti ilə yalnız Azərbaycanın
dörd bucağına
deyil, bütün Sovet İttifaqına yayılmış hadisədən
sonra ciddi təhqiqat başlanmış,
bir çox arayışlar hazırlanmışdı.
O gələnin və
hadisəni törədənin
kimliyi haqqında Mərkəzi Komitəyə
təqdim edilmiş müfəssəl arayışda
göstərilirdi ki, Şuşa
türməsinin təsərrüfat
hissəsi müdiri işləmiş Z.Muradov 1949-cu ildə
Qasım İsmayılov
(indiki Goranboy) rayonunda doğulub. 1970-ci ildə Xalq Təsərrüfatı İnstitutunu
bitirdikdən sonra təyinatla Rostov Vilayəti
Daxili İşlər
İdarəsinə göndərilsə
də, ora getməmiş, Mərkəzi
Komitəyə təqdim
edilən arayışda
araşdırmaların üzə
çıxardığı dəlillərə əsasən
təsdiqləndiyi kimi,
Azərbaycan Daxili İşlər Nazirliyi “kadrlar şöbəsi əməkdaşlarının köməyi
ilə” respublikanın islah-əmək
müəssisələri şəbəkəsində
işə düzəlmiş,
1971-ci ilin yanvarından
iyununadək Ağdam şəhəri 8 saylı
islah-əmək koloniyasında
iqtisadçı vəzifəsində
işləmişdi. Sovet
Ordusu sıralarında
1 illik hərbi xidmət keçdikdən
sonra o, köçürmə
yolu ilə əvvəlki iş yerindən İvanovsk vilayətinin Zavoljsk Rayon Daxili İşlər Şöbəsinə keçirilmiş,
orada milisioner, Tibbi ayıltma məntəqəsində, ardınca
isə Uşaq otağında inspektor vəzifələrində çalışmışdı.
Bir müddət sonra Z.Muradov respublikada
istənilən bir yerdə işlə təmin edilməsi haqda xahiş ərizələri ilə
Azərbaycan Daxili İşlər Nazirliyinə
ərizələrlə müraciət
etməyə başlayır.
İnadlı istəyini
nəzərə alırlar,
1975-ci ilin iyulunda onu Şuşa həbsxanasında təsərrüfat
hissəsi müdiri vəzifəsinə qəbul
edirlər. Şuşada
kirayədə yaşayırmış.
Toplanmış məlumatlar
göstərirdi ki, o, öhdəsinə
düşən vəzifəyə
səhlənkarlıqla yanaşır,
işə vaxtaşırı
gecikirmiş. Onun hansı yolun yolçusu olduğu üçün fəaliyyətlərinin
bütün təfərrüatları
bitdə-bitdə araşdırılarkən
bu da bəlli olmuşdu ki, Z.Muradov xidməti səlahiyyətlərindən
sui-istifadə edərək
Şuşa həbsxanasında
saxlanılan 2 dustağın
qonşu Ağdam şəhərində qohum-əqrəbası
ilə görüşməsini
təşkil etmiş,
bu məsələnin
üstü açılanda
o vaxtlar türmə rəisi olan Baluqyanla aralarındakı
isti münasibətlərə
və alış-verişə
görə əsl mahiyyət ört-basdır
edilmiş, hadisə belə qələmə verilmişdi ki, guya Ağdam-filan söhbəti
olmayıb, o dustaqlar türmə ərazisini təmizlədikləri vaxt
buraya gələn qohumları ilə hal-əhval tutublar. İşi belə bəzəyib məsələni
töhmətlə yekunlaşdırırlar.
Ancaq üstündən
üçcə ay keçməmiş
həmin Baluqyan dostunun üstündən töhməti də götürür və onu növbəti baş leytenant rütbəsinə təqdim
edir.
Keçmiş iş yoldaşlarından
onun necə adam olmasını soruşmuşdular. Demişdilər
ki, yekəxana, özündənrazı
birisi olub, ailəsi ilə də az maraqlanarmış,
köhnə iş yerində – İvanovsk vilayətində məşuqələri
varmış, iki dəfə məzuniyyətini
onların yanında keçiribmiş, onun davranışları, xasiyyəti
elə o çağlar
Şuşa həbsxanasında
mövcud olan hərki-hərki durumla tam
uyğunmuş. Qanunsuzluqların,
özbaşınalıqların tüğyan etdiyi Şuşa türməsində
1977-ci ilin aprelində
məhbusların iğtişaşı
baş vermişdi, həmin ilin avqustundasa orada bir əməkdaş əvvəlcə iş yoldaşını qətlə
yetirmiş, sonra özünə qəsd etmişdi.
Qaydalara
görə, türmə
ərazisindən hər
dustaq qırağa yalnız xüsusi icazə ilə, konvoyun müşayiəti
ilə çıxarılmalı,
bununçün geri qayıdanda təhvil alınan ayrıca buraxılış vərəqəsi
verilməli, hər giriş-çıxış haqda
mütləq müvafiq
jurnalda qeydiyyat aparılmalı idi. Nə qeydiyyat, nə konvoy?! Sözün elə birbaşa mənasında açıq bazarmış,
haqqını ver, işini gör – Şuşa türməsini
su yoluna döndəriblərmiş. Qanuna
görə, heç Z.Muradovun silah
gəzdirmək hüququ
yoxmuş. Lakin aşnası,
türmə rəisi Baluqyan ona mütəmadi
olaraq silah verilməsinə razılıq
veribmiş.
Bakıda,
Daxili İşlər
Nazirliyinin binasında
məşum qətli yerinə yetirməsi ərəfəsində Z.Muradovun gəzdirməyə
ixtiyarı olmadığı
tapançanı da götürərək
rəsmi yazılı
icazə olmadan iş yerini tərk etməsi sanki heç kəsin diqqətini çəkməmişdi. Onsuz
da belə hallar – bəzi əməkdaşların,
o sıradan elə Z.Muradovun da iş
yerini kefi istəyəndə tərk
etməsi adiləşibmiş.
Şuşa türməsinin
rəisi Baluqyanın oradakı “Burda mənəm, Bağdadda kor xəlifə” özbaşınalıqları da belinin yuxarılara bağlı olmasıyla əlaqədar idi. O dövrdə respublikanın
İslah-Əmək Müəssisələri
İdarəsinin iki rəhbərindən biri M.Yaqubov, digəri
P.Minosyan imiş.
Fil qulağında yatmağın
ardında həmişə
büdrəmələr, acılar,
faciələr var. İnsanlarımızdan
da bunu öz ömründə yaşamışlar
az olmadığı kimi, millətimiz də belə etinasızlığın müsibətlərini
yetərincə duyub. Ancaq çifayda ki, tarixin, keçmişin naxışsızlığının bir üzü də budur ki, adətən adamlar və hətta bötöv xalqlar onun ibrətlərindən
dərs almağa meyilli olmurlar.
Arayışda bu da əksini tapıb ki, sən demə, Z.Muradov
bir neçə dəfə nazirliyə təxribatçı, hədələyici
məzmunda məktub
da yollayıbmış ki, iş
yerimi dəyişməsəniz,
əcnəbi vətəndaşlığı
qəbul etməkçün
xarici ölkə səfirliyinə müraciət
edəcəyəm, ya
da əlimdən pis bir iş çıxacaq.
Həm də o məktubların hər biri qaba, təhqiramiz
ifadələrlə dolu
olurmuş. Basaratları
bağlanıbmış elə
bil. Bu təhər məktublara heç tükləri tərpənmirmiş.
Heydər Əliyevin göstərişi ilə
yaradılmış və
apardıqları araşdırmaların
nəticələri ilə
bağlı müntəzəm
hesabat tələb etdiyi komissiya belə bir faktı
da üzə çıxarmışdı
ki, sən demə, bu Z.Muradov
Xalq Təsərrüfatı
İnstitutunda təhsil
alarkən 1968-ci ildə
qaldığı yataqxanada
tələbə yoldaşı
Fazil Nəzərovu ayağından bıçaqlayıbmış.
1 il əvvəl, nəhayət
ki, nazirə olan çoxsaylı müraciətlərindən
sonra onun Mirbəşir rayonundakı
milis idarəsinin Uşaq Otağı müfəttişi vəzifəsinə
keçirilməsi haqqında
əmr hazırlanıbmışsa
da, nədənsə imzalanmayıb.
1978-ci il iyunun 9-da isə onun başqa yerə köçürülməsi
ilə bağlı növbəti müraciətinə
də rədd cavabı verilir.
Z.Muradovun qərarı
ani gəlinən fikir
deyilmiş. İçində
gəzdirirmiş, hazırlaşırmış
bu işə. Arayış o ayrıntını
da çatdırır ki, sərrast
atıcıymış və
70 patron da tədarük edibmiş.
Yəni Daxili İşlər Nazirliyi binasında hər hansı müqavimətlə
qarşılaşarsa, atışaraq
irəliləməyə, daha
çox adamı qətlə yetirməyə
qəsdli imiş.
İyunun
28-də Z.Muradov Şuşa türməsi rəisinin qeyri-qanuni – şifahi icazəsi ilə, konvoysuz 1 dustağı da götürərək
xüsusi milis maşınında ərzaq
almaqçün Yevlax
rayonuna gedir, axşam qayıdaraq dustağı təhvil versə də, silahı özündə
saxlayır. Ayın
29-da qatarla Bakıya gəlir, günorta saatlarında yollanır nazirliyə, əlində heç bir ezamiyyət vərəqəsi
olmasa da, komendaturada onu saxlayıb söz soruşmurlar, keçir içəri, dəhlizlərlə irəliləyir,
qalxır üçüncü
mərtəbəyə, nazir müavini general-mayor Səlahəddin
Kazımovun kabinetinə.
Hədəfi də oymuş. Otağında olsaydı, hadisələr
başqa cür cərəyan edəcəkmiş.
“Nazirin yanındadır”
deyirlər. Dikəlir
nazirin kabinetinə sarı...
...Hadisə ilə bağlı ilk zəngi Heydər Əliyevə edirlər...
İnanılmaz idi. Gündüzün
günorta vaxtı hamını qorumalı olan yerdə ən yaxın sirdaşına, dayağına
qəsd etmişdilər...
23 iyun 2023
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2023.- 26 iyun. S. 4-5.