Din
və məhəbbət - faciələrə aparan ziddiyyət
(Əvvəli var)
Digər iki əhvalatdan fərqli olaraq, Abelyarla Eloizanın sevgisi real həyatda mövcud olmaqla, Ovidinin dənizlə sürgünə göndərildiyi vaxt təsvir etdiyi dalğalar barədəki təbirindən istifadə etsək, bu sevginin asimana yüksələn şiddətini əks etdirən məktubları qalmışdır. Məktublar çox səmimi olmaqla yanaşı, dərd yükü ilə, onun yaratdığı əzabların ağrısı ilə, sevgililərin xatirələrindən boylanan coşqun, solmayan, zəifləməyən qızğın hisslərinə ağı deməkləri ilə doludur. Bu məktublar o dövrdəki yeganə ədəbi dil olan latın dilində yazılmışdır, sonralar fransız və ingilis dillərinə tərcümə edilmişdir. Onları orijinal mətndən çıxarıb, öz sözləri, ifadələri, hisslərinin bilavasitə təsviri olmadan əks etdirmək, nəql etmək çox çətin, bəlkə də, öhdəsindən gəlinməsi mümkün olmayan bir vəzifə olduğundan, bu məktublar məqalə müəllifi tərəfindən ingiliscədən tərcümə olunmaqla (ruscaya tərcümə isə olduqca keyfiyyətsizdir), xüsusən dini məsələlər üzrə müəyyən ixtisarla verilir. Bu sevgi macərasının baş verməsi barədə isə xırda həcmli qeyd əlavə olunur.
Abelyar və Eloizanın sevgi əhvalatı
Az qala min il bundan əvvəl baş vermiş bu sevgi, onun şirinini, həmçinin, həyatın dözülməz acısını dadmış iki şəxs - Abelyar və Eloiza öz hisslərinin simfoniyası sayılacaq məktubları ilə onlara nəcib ruhlar aləmində abidə qoymuşlar. Axı adamlar bir çox hallarda cari həyatda məhəbbətin roluna az əhəmiyyət verməklə, başqa işlər barədə düşünməyə üstünlük verirlər. Çünki məhəbbət öz gücünü düşünülməmiş bir qaydada, həm də möhkəm şəkildə bəyan edir. Onun qəflətən baş verməsi isə bu hissin başqaları tərəfindən başa düşülməməsinə, hətta təhrif edilməsinə səbəb olur. Lakin ali hisslərin canlı təzahürü kimi Abelyar və Eloiza barədə düşünməyə, onların odisseyasına, ilk dəfə məlum olan vaxtdan etibarən daim ehtiyac duyulur. Bu ilahiyyatçı alim Eloizaya məhəbbətini avtobioqrafik "Mənim bədbəxtliklərimin tarixi"ndə təsvir etmişdi. Abelyarın tezislərindən və elmi işlərindən əsasən yalnız xatirələr qalır. Onun Eloiza ilə məhəbbəti isə əsrlərin arxasından indiyədək gur işıq salmaqda davam edir. Eloizanın yüksək fədakarlıqdan xəbər verən məhəbbəti qədim yunan şairəsi Sapfonun çəhrayı çələngi ilə, həm də bütün sevgililərin ehtiramı ilə taclanmışdır. Lesbos adasından olan Sapfo - bizim eradan əvvəl VII-VI əsrlərdə yazıb yaratmış, qızlara təlqin etdiyi ülvi hisslərə görə məşhurlaşmışdı. Kübar qızların dərnəyinə başçılıq etməklə o, onları musiqiyə, mahnı və rəqs yaradıcılığına öyrədirdi. Onun lirikasının mərkəzində məhəbbət, rəfiqələrə necə yanaşmaq və qız gözəlliyi mövzuları dururdu. Heç də təsadüfi deyildir ki, məhəbbətin gur alovlandırdığı sətirlərinə görə Eloiza ikinci Sapfo hesab olunur. Şairə təsirli sevgi şeirlərinin, nikah poeziyası olan epitalamiyaların müəllifi kimi şöhrət tapmışdı. Ona görə də Platon onu muza - eşq ilahəsi hesab edərək, elm və sənət hamiləri olan muzaların məlum sayını doqquzdan ona qaldırmışdı.
Bəs Abelyar kimdir? Pyer (ingiliscə Piter) Abelyar öz dövrünün ən məşhur və ziddiyyətli müəllimi olmaqla, məntiq və mənəviyyat filosofu və ilahiyyətçisi idi. O, həmçinin, istedadlı orijinal şair, qadınlar üçün yaradılan məşhur monastırın banisi idi. Fransa kilsə şurasının qərarı ilə o, yeretikliyinə (dinsizliyinə) görə iki dəfə məhkum edilmişdi. Onun karyerasının konturları özünün məşhur "Historia calamitation" - "Mənim bədbəxtliliklərimin tarixi" adlı məşhur əsərindən yaxşı məlumdur. O, 1079-cu ildə Luara çayının cənubundakı Le Palledə anadan olmuşdu. Fransada fəlsəfəni, xüsusən məntiqi öyrənmək naminə özünün varislik hüquqlarını və perspektivini qurban vermişdi, Parisdə yaxşı təhsil almış, sonra onun müəllimlik və alimlik fəaliyyəti başlanmışdı. Abelyar məntiqə dair öz yazılarında dinin müstəqil fəlsəfəsini ustalıqla təsvir etmişdi.
Parisdə o, öz təlimini açıq şəkildə öyrədirdi, həm də özəl tələbəsi, Paris kafedral kilsəsinin keşişi Fulberin qız qohumu olan Eloizaya vuruldu. Abelyarla Eloizanın sevgisindən onların oğlu oldu. Əmisi Fulberin qəzəbindən yayınmaq üçün Eloiza Parisdən kənardakı qadın monastırına girdi. Abelyar isə Fulberin təhriki ilə xədim edilməyindən əzab çəkirdi. Başına gələn biabırçılığa görə, o, Paris yaxınlığındakı Sen-Deni kral abbatlığındakı monastır həyatına daxil oldu və Eloizanı da bu məsələdəki könülsüzlüyünə baxmayaraq, rahibə etdi.
O, "Thelogia" - "İlahiyyat" kitabının birinci versiyasını yazdı, bu kitab rəsmi qaydada 1121-ci ildə Suasson şurası tərəfindən yeretik kimi məhkum edildi. Abelyarın Allahın sirliliyi və Üçlük (Trinity)- (Allah-ata, Allah-oğul və Müqəddəs Ruh kimi üç varlığın timsalında mövcud olmaqla, Allahın öz mahiyyəti etibarilə vahid olması barədə xristianlığın mühüm doqmatlarından biri - məqalə müəllifi) barədə dialektik analizi səhv kimi qiymətləndirildi və o, ev dustağı oldu. Abelyar Fransa kralı qarşısındakı məhkəməyə götürülməkdən yayınmaq üçün abbatlıqdan qaçdı. O, asket həyatı keçirmək istəyirdi. Tələbələri isə onu tapıb, onlara fəlsəfəni öyrətməyi davam etdirmək məqsədilə ona təzyiq göstərdilər. Ona yer üzündə mühazirə oxumaq qadağan ediləndə, o, çayda qayıqda üzməklə sahildə dayanan tələbələrinə dərs keçirdi. Ona su üzərindən də mühazirə etmək qadağan edildikdə, o, ağaca dırmaşıb, oradan biliklərini izhar edirdi. Lakin ona tələbələrinə havadan müraciət etməyi də qadağan etdilər.
Bir qədər sonra Eloiza Paraklet adlanan yeni təşkil edilmiş qadın monastırının başçısına çevrildi. Abeljar isə himnlər kitablarını və 1130-cu illərdə Eloiza ilə birlikdə öz məhəbbət məktublarının kolleksiyasını tərtib etdi.
Abelyar Parisin kənarındakı Mon-Sen-Jenevyevada dərs dediyi tələbələrdən bir çoxu sonralar böyük şərəfə nail oldu. 1140-cı ildə Sendəki şura onu məhkum etdi və bu qərar Roma papası tərəfindən təsdiq edidi. Ona görə də Burqundiyadakı Kluni böyük monastırına çəkildi və dərs verməkdən uzaqlaşdı. Bu vaxt o, xəstə və qoca idi, adi rahib həyatı yaşayırdı. Onun 1144-cü ildə öldüyü güman edilir, cəsədi Parakletə göndərildi, indi isə o, Parisdəki Per-Laşez qəbiristanlığında Eloizanın yanında uyuyur. Abelyarın ölümündən sonra tərtib edilən epitafiyada müasirlərindən bir çoxu onu bütün dövrlərin ən böyük mütəkkirlərindən və müəllimlərindən biri kimi təlqin edir.
Britanika (Britannica) ensiklopediyasında onun haqqında bu qaydada, həm də bundan bir qədər geniş məlumat verilir. Kembric ensiklopediyasında və Merriam Uebster avtobioqrafik lüğətində isə ona həsr olunmuş məqalələrdəki materiallar məhdud olmaqla, onların dəqiqliyinə zəmanət vermək də bir qədər çətindir.
Abelyarla Eloizanın sevgisinə gəldikdə, onlar görüşən vaxtlarda dünya hələ yeni sayılan məhəbbəti öyrənirdi. Bu isə sonralar Renessans ruhu adlanan bir cərəyana diqqət verilməsinin başlanğıcı sayıla bilərdi. Onların sevgisi daş divarlar arasındakı qızıl güllərlə bəzənmiş bağda, kilsə evlərində baş qaldırdı. Abelyar gələcək Notr-Damın yerindəki qədim kilsədə xidmət edərkən, Eloizanı özünün bir tale hədiyyəsi, qismətinin şirin payı kimi tapdı. O, əsl istedad sahibi və ambitsiyalı bir adam olmaqla, əyalətdəki kübar ata evindən Parisə gəlmişdi. Burada təhsil aldıqdan sonra bir alim kimi o, sürətlə irəli getmiş və şəhərin fəlsəfə məktəbinin tanınmış liderinə çevrilmişdi. İlahiyyat təlimi ilə məşğul olmaqla yanaşı, apardığı mübahisələrdə onun nüfuzu həm də əlavə parlaqlığa nail oldu.
Belə bir şəraitdə o, gözəl karyeraya malik idi. Onun həqiqi və böyük hesab edilən bacarığına təriflər deyilirdi, həyatı da ehtiramla əhatə olunmuşdu. Eloiza adlı gözəl bir qız da fəlsəfəni öyrənmək məqsədilə onun ətrafına yığışan tələbələrin sırasına daxil oldu. Qızın əmisi keşiş Fulber, Notr-Damın yaxınlığında yaşadığından, belə tanınmış ilahiyyat aliminə yaşamaq üçün öz evində yer verdi. Abelyar buna qədər qızı görmüşdü və onu fəth etmək naminə bağlanan müqaviləyə razılıq verdi. Axı qız da əmisinin himayəsində yaşayırdı.
Müəllimlə tələbəsi çox saydakı sakit saatlarını bağda, Sena çayı sularının adanın ayaqlarını yuduğu Sitedə keçirir, qədim fəlsəfəni və onların oyanmaqda olan hisslərinə lay-lay deyən bu çay kimi sürətlə axan zamanı öyrənməyə həsr edirdilər. Onların arasındakı zahiri sakitlik o vaxta qədər davam etdi ki, bir neçə ay sonra onlar dərin məhəbbətin əsl dərin elmindən yaxşı hali olanlara çevrildilər. Bu vaxt Abelyarın 37, Eloizanın isə 19 yaşı var idi. Eloiza ona tanış olmayan bu yeni münasibətə bütünlüklə cavab verdi, Abelyar isə öz alim ambitsiyasını tamamilə unudub, ona evlənmək fikrinə düşdü. Bu isə onun kilsədə irəliləməsi imkanlarına xətər toxundurmalı idi. Eloiza onun bu rəsmi qərarını rəsmi şəkildə də rədd etdi.
Onların sevgisi bir müddətdən sonra Fulbertə məlum oldu, bu vaxt onun kədəri və hiddəti nəzarətdən bütünlüklə çıxmışdı. Bu adam evində saxladığı qızı ələ keçirmək istədiyindən, Abelyarla Eloizanın sevgisi özünün eybəcər eqoistik məqsədinə ağır zərbə vurmuşdu. Onların kənd yerinə qaçmaq təhlükəsi yaranmışdı, Eloiza bu sevginin bəhrəsi kimi uşaq doğdu. Abelyar ona evlənməyi hələ də təkid edirdi və axırda qız bunun vacib xarakter daşıdığını anlayıb, məşuqunun təklifi ilə razılaşmalı oldu. Lakin həm də bir şərt irəli sürdü ki, bu hadisə gizli qalmalıdır. Onlar belə rəsmi ittifaqa ona görə girişmişdilər ki, qızın əmisini sakitləşdirsinlər. Çünki o, bu məsələyə bir mükafat cavabı kimi onlarla barışacağını vəd etmişdi. Bu hadisə nəhayət baş verdikdə, Abelyar rəsmi qaydada evləndiklərini açıq şəkildə elan etdi. Nikahın bilinməsini istəməyən məşuqəsinin könlünü bu hərəkəti ilə zədələdiyindən, Eloiza sərt qaydada bu həqiqəti dandı.
Onların hər ikisi Fulberin vəd etdiyi mükafatı həyata keçirəcəyinə inanmışdı. Lakin Eloizanın əmisi bu vaxt dərin narahatlıq keçirməklə, Abelyardan qisas almaq istəyirdi. Ona görə də onu cəzalandırmağı, həm də alçaltmağı qət etdi. Fulbertin adamları gecə Abelyar yatan vaxt onun otağına soxulub, onu xədim etdilər. Bu, iyrənc bir qisas olmaqla, onların taleyinə bu vaxtadək laqeydlik göstərən sivilizasiyanı da dəhşətə gətirdi. Biabır olmuş və alçaldılmış bu eşq qurbanı çıxış yolu kimi gizlənmək qərarına gəldi ki, bəlkə, rahat yaşaya bilsin. Belə səfil həyat naminə də o, kilsəni tərk etdi. Bir müddətdən sonra monastır andını içib, rahib oldu. Onun məhəbbətinə vəfasız çıxmaq istəməyən Eloiza da məşuqunun təklifi əsasında rahibəyə çevrildi. O, itaət altında yaşamağa razılaşdı və Parakletdəki qadın monastırına daxil oldu. Bu vaxt bədbəxt qızın 22 yaşı var idi.
Abelyarın ağlı hələ də güclü idi, onun təəccübünə rəğmən, cəmiyyət hələ də onu axtarırdı, ustalıq nümunəsi sayılan məntiqinə qulaq asmaq istəyirdi. Lakin yenidən təsir gücünə yiyələnməsi onun daha qəzəbli qaydada təqib edilməsinə səbəb oldu və həyatının sonrakı illəri mühakimələrlə və çoxtərəfli ağrının nəticəsi kimi kədərlərlə dolu idi. Sevgililərin bir-birindən ayrılmalarından 16 il keçdikdən sonra Eloizanın əlinə Abelyarın dostuna yazdığı və qızın bir təskinlik əlaməti kimi qəbul etdiyi məktub düşdü. O, bundan təsirlənib məşuquna ehtiras və şikayət saplarından hörülmüş bir cavab yazdı. Bu məktuba bərabər olan digər bir nümunəni hətta dünya ədəbiyyatında da tapmaq çətindir. Məşuqunun soyuq və formal cavabına qız suallarla dolu və utandırıcı xarakter daşıyan, lakin həm də təmkinli, itaət etməyi bildirən üçüncü məktubunu yazdı. Bu üç məktub məhəbbətdən əlavə, ümidsizlik içərisində ruhi təslimçiliyi axtaran bir könüldən xəbər verirdi. Məktubların təqribən 1128-ci ildə yazıldıqları güman edilir, ilk dəfə isə onlar az qala altı əsr sonra, 1696-cı ildə Parisdə nəşr olunmuşdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 1 mart. S. 14.