"Taclı qatil"in açıqladığı müəmmalar

 

1974-cü ildə Azərbaycanın cənub bölgəsi Lənkəranda dünyaya göz açmış, hazırda Əlahiddə Ümumqoşun Ordusunun yüksək çinli zabiti Şükür Qafar Naxçıvanda yaşayır   bədii yaradıcılıqla da məşğul olur. Hərbi uniforma altında bir şair ürəyi döyündüyünü elə ilk şeirlər kitabından duymuşam. Onun simasında təkcə gözəlliyi, məhəbbəti vəsf edən xəyalpərvər yox, vətənpərvər, həm ana Vətənin keşiyində ayıq-sayıq dayanan bir əsgər görmüşəm. Zəfər Savaşından qalib çıxan bir Azərbaycan əsgəri!

Son zamanlar Şükür Qafar həm fəal şəkildə  nəsrlə məşğul olur. Bir oxucusu kimi deyə bilərəm ki, Ş.Qafar artıq yazıçı, ucalığa can atan bir qələm əhlidir.

Sözün saflığına tapınan, öz poetik aləmində ona dəyər verməyi bacaran yazıçının indiyədək beş  kitabı çapdan çıxıb. Ş.Qafar yeni - altıncı kitabını oxuculara təqdim etməyə hazırlaşır.  O, yeni romanına  "Taclı qatil" adını verib.

Roman, bundan əvvəlki "Hörümçək toru" əsəri kimi,  detektiv janrında qələmə alınıb. Cinayət baş verir ədəbi qəhrəman cinayətin açılmasına səfərbər olunur.  Hadisələr  Artur Konan Doyl, Edqar Allan Po, Aqata Kristi, Jorj Simenon digərlərinin əsərlərindəki kimi sinxron, xronoloji aspektdə araşdırmaları kimi davam edir.  

Əsərin qəhrəmanı Cahanşir Qarabağ döyüşlərində şərəfli bir yol keçib. Bu yol "Savaş hələ bitməyib", "Savaş zəfərlə bitdi"  romanlarında  geniş əksini tapıb. Yeniyetmə illərindən bəri uzun müddət ordu sıralarında xidmət etmiş Cahanşir hərbi libası ilə vidalaşaraq pensiyaya çıxıb. Lakin mülki həyatda da onun təcrübəsinə ehtiyac olan sahələr var. Milli təhlükəsizlik sahəsində təcrübəsi mülki həyatda da kara gəldiyindən Cahanşir əslində cəbhədən cəbhəyə yollanır. Səhhətindəki problemlər 44 günlük Vətən Müharibəsindən ona miras qalsa da keçirilən əməliyyatlarda fəal iştirak edir.

Kitabdakı  hadisələr yaşadığımız çağlarda baş verir. Koronavirusun yaratdığı çətinliklər dövründə ölüm hallarının çoxalması hamını narahat edir. Bakı şəhərində isə belə ölüm halları mərkəzdə yerləşən özəl klinikanın payına düşür. DTX-nin yüksək vəzifəli şəxsi hadisənin arxasında dayanan sirləri açmaq üçün həyata keçiriləcək əməliyyata bu sahədə dəfələrlə sınaqdan çıxmış Cahanşiri dəvət edir. Oxucuya müəllifin əvvəlki əsərlərindən yaxşı bəlli olan Cahanşir DTX zabiti Tapdıq Məmmədovun rəhbərliyi ilə keçirilən əməliyyata qatılır. Xəstə kimi klinikaya yerləşdirilir. Burada baş verən hadisələr son səhifələrə qədər oxucunu həyəcanda saxlayır. Müəmmalı qatilin qeyri-adi fantaziyaları, qətl hadisələrini bir-birinə bağlayan qorxunc elementlər, cinayətlərin üzərini örtmüş sirr pərdəsi Cahanşiri inadla axtarışlara sövq edir. Müəllif bu əsəri yazması üçün tibb elmini müəyyən qədər mənimsəməsi ilə tibbi mütəxəssis kimi oxucunu heyrətləndirməyi bacarır. Nəhayət, Cahanşir burada baş verən hadisələrin - insan orqanları alverinin şahidinə çevrilməklə cinayətin üstünün açmasına yardımçı olur. Hadisələr cinayətə şübhəli müxtəlif adamları meydana çıxarsa da, gözlənilməz bir şəxsin üzərində fokuslanır. Şübhəlinin sinəsi üzərində çəkilmiş iri bir tac döyməsi ədəbi detal kimi kitabın adının seçilməsinə vəsilədir.

Beləliklə, ənənəvi detektiv romanlarında olduğu kimi, bu kitab da haqqın-ədalətin təntənəsi ilə bitir.

Hesab edirəm ki, Ş.Qafarın "Taclı qatil" romanı səhiyyə sisteminə dair detektiv əsər kimi Azərbaycan ədəbiyyatı üçün ilk uğurlu bir addımdır.

Mən gənc istedadlı yazıçı Ş.Qafara yeni müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, "Taclı qatil" romanı oxucuların diqqətini çəkməklə  yazıçıya bol-bol yaradıcılıq uğurları gətirəcək.

 

525-ci qəzet.- 2023.- 1 mart. S. 9.