Fellinini görən adam

 

 

Yazıçı Kamil  Əfsəroğlunun portretindən cizgilər

 

 Təxminən 15 il öncə AYB-nin Natəvan klubunda kitab təqdimatında aparıcı idim. Birinci sırada  əyləşən Kamil müəllimə çıxış etməsiylə bağlı işarə elədim və eyni dildə ondan elə cavab aldım ki, dostumuzun sadəcə o gün və  orda deyil, ümumən çıxış eləmək həvəskarı olmadığını anladım. Yəni hər cür tribunluq ona yaddır  bu, onun yaradıcılığına da yansıyır. Mənə həmişə elə gəlir ki, onun ədəbi prosesin hay-küyündən uzaq öz dünyası var və o, dünyaya özünün bu kamillik prizmasından baxır.

 

Kamil Əfsəroğlu 1951-ci ilin martında Cəbrayıl şəhərində ziyalı ailəsində dünyaya gəlib. "İlk səhər"  adlı ilk hekayəsi 1974-ü ildə "Ədəbiyyat və incəsənət" qəzeti, "Səmanı mənə bağışla" adlı ilk hekayələr kitabı isə 1992-ci ildə işıq üzü görüb. Sovetlər Birliyinin çöküşü və Qarabağ savaşı çoxları kimi onun da yaradıcılığında bir nəfəsdərmə yaradıb.  Yazıçının 2000-2003-cü illərdə dərc olunan "Yol", "Bəyaz pərdə", "Şanxaydan əsən xəzri", "Sovet küçəsinin serenadası"  kitabları göstərir ki, "nəfəsdərmə"  dediyim illər  yeni yaradıcılıq mərhələsinə keçid üçün  sadəcə daxili hazırlıq dönəmiymiş.

 

K.Əfsəroğlu metodoloji yöndən damlada dəryanı göstərmək yoluyla gedir,  çünki nə qədər millidirsə, bir onca da qlobaldır. Bu işdə onun Azərbayan Dövlət Radiosu Xarici Əlaqələr Şöbəsinin əməkdaşı kimi uzun illər beynəlxalq kinofestival və konfranslarda iştirak etməsi az rol oynamayıb. O, F.Fellini, R.Qapur, Y.Şahin, R.Osseyn, T.Şoray, A.Yılmaz, A.Baççan, Ş.Kapur, Raciv Kapur, Stenli Kramer, Kamaki Kurixara, Z.Aman... kimi dünya miqyaslı sənət adamıyla söhbətlər aparıb.

 

Fellini 1963-cü ildən sonra Sovetlər Birliyinə gəlmirdi. Çünki həmin il Moskvada keçirilən Beynəlxalq Kinofestivalda onun "Səkkiz yarım" filminə birinci mükafatın verilməsinə Kreml razılıq verməmişdi! Sovet rejissorları dura-dura baş mükafatı bir italyan almalıydımı?

 

Amma jüri üzvlərindən J.Mare, S.Kramer və daha bir neçə nəfərin etiraz olaraq yığıncağı tərk etməsindən sonra Kreml öz mövqeyindən geri çəkilmək zorunda qaldı. Fellini mükafatı almağına aldı, amma onun incikliyi uzun illər ürəyindən silinmədi... Əfsanəvi italyan rejissoru SSRİ-  bir də 24 ildən sonra Moskva Beynəlxalq kinofestivalında iştirak etmək üçün özünün yeni filmiylə gəldi və yenə də qalib oldu. Beynəlxalq kinofestivala bir jurnalist kimi qatılan Kamil Əfsəroğlu da dünya kinosunun əfsanəsi ilə məhz  o sənət bayramında rastlaşdı...

 

 

 

K.Əfsəroğlunun özümüzə özgələrdən, özgələrə özümüzdən baxır. Onun "Hollivuddan Yeşilçama" (Bakı, "Nurlan", 2016)  kitabı görkəmli amerikan kinorejissoru, "Nürnberq prosesi" filminin quruluşçusu Kramer haqda bu sözlərlə başlayır: "Rusiyanın "Don" jurnalında dərc edilmiş "İttiham" povestimi Stenli Kramerlə görüşdən sonra yazmışam. Belə bir əsər yazmaq ideyasını da mənə o görüş, o tanışlıq verib".

 

Yazıçının "Dava-dava oyunu", "Ögey tale", "Ülgüc", "Sürməli qız", "Filmin sonu", "Papaqçı" hekayələri və "Qisas" povesti, Şoloxovun diliylə desək, "insanın taleyi" məsələsinə həsr olunub. Bu hekayə və povestlərin təhkiyəçi və qəhrəmanları əksərən müharibə sonrasının dava-dava oynayan uşaqlarıdır. Yazıçı "davalı" hekayələrini "taxta peçenye" və "tüstülü konfet"i ən böyük nemət sayan bu uşaqların gözüylə verir və bu amil hekayələrin təsir gücünü artırır.

 

Yazıçının "Qisas" povestinin dəli qəhrəmanı gecələr Stalinin kənddəki heykəlini daşlayır  əslində, bununla totalitar rejimə üsyan edir. Hər dəfə bütlər yıxılanda yeni zaman başlayır.  Yəqin bu üzdən stalinizmin süqutundan sonrakı dövr yazıçının düşüncəsinə "qızıl əsr" kimi daxil olur. "İnsanın xislətidir, nostalji hissləri onu tərk eləmir" deyən  yazıçının hekayələrindən biri "Nisgil" adlanır. Onun "Sorokinin məzarı", "Tayqulaq",   "Kor quyu",  "Qanlıgölün pərisi", "Burulğan", "Qan iyi", "Kor tamaşaçılar", "Divar", "Şərab Tanrısı Dionis", "Çat", "Sibir toyu" hekayələri, "Dəlilərin son padşahı", "İttiham", eləcə də, "Sovetski" trilogiyasına daxil olan  "Şanxaydan əsən xəzri", "Hamam hamam içində" və  "Sovet küçəsinin serenadası" povestləri,  nəhayət, "Daşlı qala" romanında sovet dövrünə özünəməxsus bir baxış duyulur.  Bu əsərlər göstərir ki, onların müəllifi üçün ideal müsbət və birmənalı mənfi qəhrəman olmadığı kimi, "kənd və şəhər nəsri" bölgüsü də yoxdur.

 

Təkcə Cəbrayıl deyil, gənc yaşlarından üz tutduğu Bakı da yazıçının əsərlərinin məkanına,  süni mayalandırmada işləyən kolxozçu Məmiş də, başında təvərə papaq, damağında siqaret "Torqovı"da gəzən qədeş Şıxəli Şanxayski də onun qəhrəmanlarına eyni dərəcədə uğurla çevrilir. Yazıçı kənd mühiti kimi, urbanistik mühiti də bədii nəsrə elə ustalıqla gətirir ki, oxucu onun əsərlərinin sadəcə seyrçisi yox, birbaşa iştirakçısı, personajlarının həmsöhbəti olmaq istəyir. Lakin Cəbrayılın kəhrizli və Bakının tramvaylı günlərinə nostalji heç vaxt dövrün idealizəsinə gətirib çıxarmır. Yazıçının gizli kamerası həmişə yanılı, ikinci planı həmişə oyaqdır. Bu oyaqlığın hesabına o bəzən lirik, bəzən komik durumların altındakı tragizmi fasiləsiz olaraq lentə köçürür və tragikomizm onun əsas  yazı üslubuna çevrilir.

 

K.Əfsəroğlunun 2000-ci ildən sonrakı əsərlərinin bəziləri  üzə çıxdıqca ondan, -  "Sənə elə gəlmirmi sovet dövründən çox yazırsan? " -  deyə soruşduğum vaxtlar olub. Amma elə ki Sovet küçəsi sökülərək yerində hündürmərtəbəli binalar tikilməyə başlayıb, görmüşəm ki, bu küçənin təkrarsız koloritə malik personajları, birmərtəbəli, qır damlı evləri yazıçının "Sovetski" trilogiyasında yaşamaqda davam edir və bu əsərlərin bir vəzifəsi də elə budur - aradan qalxmaqda olan bu subkulturoloji mühiti bədii yaddaşa köçürmək!

 

"Axşambazarı", "Nırx", "Qladiator", "İştah", "İlan öcü",  "Qaratoy", "Meymun oyunu", "Kuklalar gülür", "Bəyaz qaranlıq", "Sarışınlar metrosu" hekayələrində,  "İt qanı", "Tüfəng açıldı" və "Çadır" romanlarında  yazıçı artıq müstəqillik dönəminə keçidin ağrı-acılarından danışır. Bu hekayə və romanların bir çoxunun qəhrəmanları Qarabağ müharibəsi iştirakçıları və qaçqınlar, mövzusu qaçqınlıq həyatının doğurduğu sosial-mənəvi problemlər, ideyası doğma yerlərə qayıtmaqdır.

 

Yazıçının arzularının son ünvanı doğma yerlərin rəmzi-simvolik işarəsi olan Ziyarat dağıdır. Onun düçüncəsinin bədii  zaman və məkan koordinatları məhz bu "qutsal" dağda kəsişir. Folknerin Yoknapatofu, Şəhriyarın Heydərbabası kimi K.Əfsəroğlunun Ziyaratı da "cənnəti" işarələyir. Lakin o, sovet dövrünə münasibətdə olduğu kimi müstəqillik dönəminin təsvirində də olaylara və personajlara birmənalı yanaşmadan uzaqdır. Bu üzdən onun əsərlərində mərhəmətə möhtac, mərd, vətənpərvər qaçqın obrazları, bəzən tam əksinə - mənfəətpərəst, zamana çeviliklə uyğunlaşan işbazlar kimi zahir olur.  Yazıçının qaçqın düşərgəsini əks etdirən "Çadır" romanında dövrün sosial-mənəvi  mozaikası özünün bütün çalarlarıyla üzə çıxır.

 

K.Əfsəroğlu romantik çalardan da xali olmayan realist yazıçıdır. Amma onun əsl uğuru o vaxt baş verir ki, "İt qanı" romanında olduğu kimi realizmin sosial qatından psixoloji qatına keçir.  Realist-psixoloji üslubda yazılmış, sadə, amma mənalı süjetə malik, rəmzi kodlarla zəngin bu roman baş qəhrəman Kərimin timsalında müharibənin vəhşiləşdirdiyi insanın özünə dönüşü, ikinci doğuluşu prosesini əks etdirir. Finalda problemin çözümünün yazıçı tərəfindən bilərəkdən açıq saxlanılması romana modern ruh verir. Ən ümumi mövzu və ideya yönündən E.Svikin "Payız əfsanələri" filmi ilə müqayisə edilə biləcək bu roman öz açıq sonluğuna görə Hollivud  ssenarisindən fərqlənir. "İt qanı" milli bədii düşüncəmizə müharibənin psixoloji zədələri haqqında yazılmış uğurlu romanlardan biri kimi daxil olub.  Rusiyanın nüfuzlu ədəbi-bədii orqanlarından sayılan "Don" jurnalında işıq üzü görməsi isə əsərə daha bir status qazandırır -   o, Qarabağ həqiqətlərini Rusiya mətbuatında əks etdirən ilk romanlarımızdan biridir.

 

Yadımdadır ki, romanın "Azərbaycan" jurnalında dərcindən sonra Kamillə Yazıçılar Birliyinin qarşısında rastlaşdıq. Təsadüfən gəlib çıxan şair Qabil müəllifi yeni romanı münasibətilə təbrik elədi və "Mən bu maraqlı romanı birinci cümləsindən sonuncuya qədər əzbər danışaram" - dedi.  Əlbəttə,  adlı-sanlı bir şairin verdiyi qiymət az şey deyildi. Amma K.Əfsəroğlunun bir sıra əsərləri, o cümlədən də, Qarabağ müharibəsi qazilərindən danışan "İt qanı", qaçqın-köçkün həyatını əks etdirən "Çadır",  yaxud da cənab Heydər Əliyev tətəfindən milli zabit kadrlarımızın hazırlanmasına həsr olunmuş "Daşlı qala" romanları özünün qiymətini alıbmı?

 

K.Əfsəroğlu nəsrinin özəlliklərindən biri onun öz şirəsini çoxəsrlik xalq danışığından alan dilidir.  Bu dil mənə həmişə  el deyimlərinin böyük qayğıyla toplanmış zəngin saxlancını xatırladır.  Yəqin bu üzdən o, birinci cümlədəncə oxucunu ələ almağı bacarır: "Kərimin dəfi dünəndən dönmüşdü, burnunun yeli saman sovururdu"  -  "İt qanı" belə başlayır. "Məmişin işi elə ağır deyildi, yaxşıydı. Di gəl ki, adı ovsanasız idi - mayalama məntəqəsində inək, düyə başı tuturdu".  - bu, "Burulğan"ın başlanğıcıdır. "Gecə, yuxunun xayın vaxtı qəfil tüfəng açıldı" - bu, "Tüfəng açıldı"nın, "Eşşək nə bilir Pepsi-kola nədir" isə "Kamikadze"nin ilk cümləsidir.

 

K.Əfsəroğlu haqda A.Hüseynov, S.Səxavət, V.Yusifli, M.Oruc, K.Nəzirli,  İ.Qəhrəman, Ə.Oğuz, N.Cabbarlı, S.Riad və digər ədəbi tənqidçi və yazıçılar söz deyib. Bakı, Ankara və İstanbul radiolarında onun pyesləri səslənib. Görkəmli tənqidçi  A.Hüseynov yazıçının nəsri barədə yazır:  "Ədəbiyyat dil və üslub cazibədarlığından başlayır. Kamil Əfsəroğlunun "Dəlilərin son padşahı" povestini oxuyanda mən bir daha buna əmin oldum." Tanınmış şair İ.Qəhrəman isə onun nəsrimizdəki yerini belə görür:  "Məncə, Turgenyev rus ədəbiyyatında necədirsə, Kamil Əfsəroğlu da Azərbaycan ədəbiyyatında o dərəcədə maraqlıdır".

 

Yazıçının əsərləri ölkəmizdən kənarda da yüksək qiymətləndirilib.  Onun "Ostıvşiy oçak" povest və hekayələr kitabı rus dilində, "Kor seyircilər" kitabı isə İstanbulda türk dilində işıq üzü görüb. Hekayələri moldavan, özbək, türkmən, gürcü, belarus dillərinə tərcümə olunub. Belarus Yazıçılar İttifaqının katibi, yazıçı-dramaturq Georgi Marçuk  həmyerlimizin "Ostıvşiy oçak" kitabına ön sözündə yazır: "Əminəm ki, özünün ən yüksək qiymətə layiq olan yazıçısı Kamli Əfsəroğlu ilə Azərbaycan ədəbiyyatının fəxr etmək haqqı var".  Yazıçının hekayələrni Türkiyə türkcəsinə çevirən Seyfədin Altaylı isə deyir: "Kamil Əfsəroğlunun kitabını Türkiyə türkcəsinə çevirəndə böyük həzz aldım. Onun əsərlərinin özünəxas şirinliyi və rəngi var".

 

Kamil Əfsəroğlunun nəsrində bir rəng də var - adsız rəng. Oxucu bu rəngin sehrinə düşür, sirrinə tapınmaq istəyir. Təkcə oxucu yox, yazıçı özü də o rəngin sorağındadır. Məncə, bədii yaradıcılıq deyilən nəsnə nədirsə, elə budur - ta sonsuzacan rənglərin, sirlərin ardınca qoşmaq...

 

Əsəd CAHANGİR

525-ci qəzet.- 2023.- 1 mart. S. 12.