O
iki yoldaş...
Ömər Faiq Nemanzadənin bir ziyalı kimi əqidə, əxlaq və mənəviyyatında təəssübkeşlik, fədakarların səsi, harayı ola bilmək və qoruyuculuq xüsusiyyətləri vardı. O, "Molla Nəsrəddin" jurnalını hücumlardan müdafiə, təbliğ etmək mücadiləsini də üzərinə götürmüşdü.
Ölümündən bir az əvvəl, 1936-cı ilin may ayında "Molla Nəsrəddin" nədir?" adlı məqaləsini yazır. Bu xatirə yazısında o "Molla Nəsrəddin"in yarandığı tarixi şəraiti və jurnalın nəşr tarixçəsindən, özündən və Cəlil Məmmədquluzadədən bəhs edir, Tiflis siyasi-sosial mühiti, Tiflis türk əməkçilərinin 1903-cü ildəki tətillərdə iştirakı, yenə Tiflisdə 1905-ci ildə erməni-müsəlman qırğını haqqında məlumat verir.
Məqalədə tez-tez "iki yaxın yoldaş" ifadəsi işlədilir ki, burada da o özünü və C.Məmmədquluzadəni nəzərdə tutur. "On-on beş illərdən bəri maarif yolunda çalışan və son illərdə Tiflisdəki inqilab hərəkat və nümayişlərində qələmləri ilə, vücudları ilə iştirak edən iki yaxın yoldaş bu ağır vəziyyətləri boyunlarına götürməyə bir növ məcbur oldular. Və bu məcburiyyətlə bir qəzet və ya jurnal çıxarmaq fikrinə düşdülər".
Maneələr isə həddindən çox idi. Maddi və mənəvi köməksizlik, əhalinin qəzet oxumamaq vərdişi, eləcə də həmin zamanlarda ortada olan, böyük həcmdə çıxan "Həyat" və "İrşad" kimi gündəlik iki qəzet də var idi. Təbii ki, sonralar da məlum oldu ki, bu qəzetlər "Molla Nəsrəddin"in dediklərini, yazdıqlarını, göstərdiklərini edə bilmirdi. Həmin qəzetlərin dili ağır, senzurası kəskin idi. Eləcə də "Həyat", "Tazə Həyat", "İrşad", "İqbal", "Füyuzat", "Bəhlul" kimi zənginlərin maddi vəsaiti hesabına çıxan mətbu orqanları "həqiqəti göstərməkdən qorxan, gödək ömürlu" qəzetlər adlandırırdı. "Molla Nəsrəddin"i isə yarım əsrlik zamanın şahidi, təlatümlərdən doğulmuş "inqilab yavrusu", "Azərbaycanın, Gürcüstanın, Ermənistanın, Türküstanın, İranın, Rusiyanın və hətta xaricdəki bir çox koloniyaların hallarından xəbər verən bir tarix" kitabı hesab edirdi.
"Ancaq o iki yoldaş anlayırdı ki, ruhani vaizlərlə dolu, ağır dil ilə yazılı, həqiqəti bildirməkdən qorxan, inqilabçılıqdan uzaq olan bu qəzetlər, avam da olsa, kütlənin arzu və ehtiyacını ödəyə bilməz".
Jurnalın adı üzərində də birlikdə düşünüb qərara gəliblər. "O iki yoldaş" bilirdi ki, adın özü də bir ismarıc, bir işarədir. "Oxucu haraya gedəcəyini, nə ala biləcəyini qabaqcadan bilmək marağını bəsləyəndir. Buna görə də bir çox adlar sadalanıb tullanandan sonra "Molla Nəsrəddin" üstündə dayanıldı".
Ömər Faiq "Molla Nəsrəddin" adı ilə oxucunu cəlb etməyin psixoloji izahını maraqlı şəkildə çatdırır: "Oxucu düşünə bilər ki onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var. Hələ üstəlik olaraq bir də gülməli şəkillər".
Bu adı Tiflisdə çıxan "Kukareku" jurnalından götürdüklərini də etiraf edən müəllif "Molla Nəsrəddin" adının "Kukareku"dan daha münasib, daha xoşagələn olduğunu da yazırdı. C.Məmmədquluzadə və Ömər Faiq 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdilər. Tiflis qubernatoru idarəsindən yazılan sənəddə jurnalın proqramı belə qeyd olunmuşdur:1. Məqalələr. 2. Kəskin tənqidlər. 3. Felyetonlar. 4. Məzhəki şeirlər. 5. Məzəli teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçt qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikturalar və illüstrasiyalar.
Jurnalın ilk sayını hazırlamaq üçün 100 manat borc pul tapan dostlar gecə əl makinasını hərlədəcək adama pul çatmadığı üçün (100 manat çapxana, litoqrafiya, kağiz, şəkil çəkən, mürəttib xərclərinə istifadə edilmişdi) həmin gecəni səhərə qədər yatmayıb əl makinasını özləri hərlədib birinci sayı çap etmişdilər.
Üstlərinə yığılmış borclardan, köməksizlikdən və cahil oxucu kütləsindən, tənqid etdikləri tiplərdən alacaqları reaksiyadan qorxaraq narahat olan Ömər Faiq və Cəlil Məmmədquluzadə jurnalın ilk sayı çıxan gün hədsiz həyəcanlı, hədsiz pərişan olub. Ömər Faiqin də qeyd etdiyi kimi, həyatlarının ən ağır imtahanını yaşayıblar.
Lakin sübh tezdən Tiflisin Şeytanbazarına göndərilən 30 nömrə çox tez satılıb qurtarır.
"Molla Nəsrəddin"in oxunmasını, sevilməsini, uzun illər işıq üzü görə bilməsini Ömər Faiq "heç bir türk qəzet və jurnalına nəsib olmayan bir müvəffəqiyyət" hesab edirdi.
Aydındır ki, sonralar jurnala qarşı təqiblər, senzor müdaxilələri, jurnalın bağlanması halları çox oldu. Hətta müəlliflər tez-tez (daha çox 1907-ci ildə) həbs və sürgün edilirdi. Lakin mübariz "iki yoldaş" əqidələrindən dönmədi.
Ömər Faiq də bildirirdi ki, jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən isə ətək-ətək söyüş, lənət və hədə kağızları alırdılar...
Bu gün də çox zaman polemikaya səbəb olan "Molla Nəsrəddin"i daha çox kim ərsəyə gətirib? - sualına elə Ömər Faiqin bu yazısında aydınca cavab tapırıq. Onu da qeyd edək ki, jurnalda çap olunan karikaturaların, bir çox məqalələrin mövzusunu Ömər Faiqlə C.Məmmədquluzadə birlikdə düşünüb verirdilər. Hətta bu birgə fəaliyyətin nəticəsidir ki, bu gün "Molla Nəsrəddin", "Mozalan", "Lağlağı" və s. imzalar mübahisə doğurur, bu imza ilə yazılan məqalələrin həqiqi müəllifi dəqiq bilinmir.
Ömər Faiq bu jurnalın mütləq tədqiq olunmalı olduğunu vurğulayarkən onu ərsəyə gətirənlərin də kimlər olduqlarını konkret şəkildə qeyd edir: "Bunların birincisi Mirzə Cəlildir, Naxçıvanda duz satan fəqir bir baqqalın oğlu olub, iyirmi yaşlarında Qori darülmüəllimini qurtarmış, on ilə qədər Nehrəm kəndində müəllimlik etmişdir. Mirzə Cəlil kənddəki müəllimlik vaxtında özündə olan böyük bir istedad ilə kəndlilərin bütün düşüncələrini, təbiətlərini, yaşayışlarını yaxından öyrənmiş, daha orada ikən cürbəcürə adlarla gördüklərini gözəl bir surətdə təsvir etmişdir".
O daha sonra C.Məmmədquluzadənin Nehrəmdəki müəllimliyindən, İrəvanda dövlət qulluqlarında olarkən hökumətin zülmünü, xan, bəy, ruhanilərin əziyyət və rəzalətlərini görməsindən, onları yazılarında ifşa etməsindən söz açır.
Özü haqqında isə yazır: "Bu iki yoldaşın o biri isə Axiskada (Axalsix) Azgur kəndində Neman adlı birinin oğlu olub kiçik yaşında ikən İstanbula qaçmış, orada Darüşşəfəq ali məktəbini qurtarmışdı. Bir-iki il də hökumət qulluğunda olub, Sultan Əbdülhəmidin istibdadını yaxından dadmış, inqilabçı gənc türklər qrupunda çalışmış, siyasi töhmətlə düşmən ediləcəyi vaxt Qafqaziyaya qaçıb gəlmişdi".
1893-1903-cü illər arasında Axalsixdə, Şəkidə, Şamaxıda müəllimlik etməsini, bəylərin, ruhani və şeyxlərin xalqın başına gətirdikləri bəla və zülmlərin şahidi olmasını, siyasi ittihamlar əsasında dəfələrlə həbs və sürgün edilməsini də bu yazısında ifadə edir.
C.Məmmədquluzadə ilə özünün hansı istiqamətlər üzrə təcrübə qazanmasını, dünyagörüş və jurnalda konseptual mövzularla çıxış edə bilməsi, ideya istiqamətini müəyyənləşdirməsi məsələsini isə belə izah edirdi: "Bu iki pedaqoq və psixoloq yoldaşdan biri Naxçıvan, İrəvan tərəflərini - şiə aləmini, o biri isə Şəki, Şamaxı, Gəncə, Bakı tərəflərini - sünni aləmini, şeyxlik büsatını, Türkiyə və Rusiyə müsəlmanlarını yaxşı öyrənmiş və sırası gəldikcə onlara olduğu kimi göstərmişlərdi".
Çox qəribədir ki, repressiyanın ağır zamanında (1936-cı il) yazdığı bu məqaləsində gələcək nəsillərə "Molla Nəsrəddin"i tədqiq etməyi, öyrənməyi, qiymətləndirməyi tövsiyə edirdi. Halbuki, sovet hökuməti 1930-cu illərdə bu jurnalı nüfuzdan salmaq, ondan mənfi təbliğatlar vasitəsi kimi istifadə etmək istəmişdi. Repressiya, güllələnmə ərəfəsində olan Ömər Faiq yazırdı: "Hər halda "Molla Nəsrəddin" jurnalı yarım əsrlik inqilabi, ictimai bir həyatı tədqiq üçün lazım olan tarixi mənbələrdən biridir ki, indiyə qədər bunu hələ bir kimsənin layiqilə tədqiq etdiyi yoxdur. Halbuki, inqilab və maarifimiz namına onu ciddi tədqiq mütləq lazımdır".
"O, "Molla Nəsrəddin" redaktorunun sağ əli idi. Jurnalın materiallarının hazırlanmasında, poliqrafik məsələlərin həllində, müxbirlər, müvəkkillər və oxucularla əlaqədar işlərdə yaxından iştirak etməkdən əlavə, mahir bir jurnalist kimi müxtəlif satirik yazılar - felyeton, dialoq, xəbər, elan, lüğət və s. firmalarda əsərlər yazıb çap etdirirdi. Onun publisistikasının bütün müsbət, yaxşı cəhətləri "Molla Nəsrəddin"in təmsil və ifadə etdiyi inqilabi-demokratik ideyalarla bağlı idi". (Ə.Mirəhmədov. Azərbaycan jurnalistləri və naşirləri. (Ensiklopediya). Bakı, "Ərgünəş", 2013, 272 səh.)
Ə.Mirəhmədov Ömər Faiqin oğlu K.Nemanzadənin xatiratından götürdüyü maraqlı faktı da diqqətə çatdırır: "Molla Nəsrəddin"in nəşri ilə əlaqədar çətinliklər anamın yadına düşəndə həmişə Mirzə Cəlillə atamın o illərdəki fədakarlığına heyran qaldığını söylər və onu da gizlətməzdi ki, "Molla Nəsrəddin" çıxmağa başlayan gündən biz bir xoş gün görməmişik, daim Faiq qayğılı, yorğun, ehtiyac içində olub; onu dəfələrlə təqib və həbs ediblər!"
Jurnal 1908-1909-cu illərdə dəfələrlə bağlanmaq təhlükəsi ilə üzləşdi. Həmin vaxt Ömər Faiqi doqquz günlük həbs etdilər. Lakin qısa bir zamanda "Molla Nəsrəddin" bir məktəb, üslub, ədəbi-bədii, publisistik estetika yarada bilmişdi. Həm də çoxlu düşmənlər qazanmışdı. Mirzə Cəlilin öldürülməsi ilə bağlı şayiələr yayılanda (1908-ci il) "İrşad" qəzeti yazırdı: "Bir-iki nəfər Məmmədquluzadələrin, Nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i öldürəcəksiniz?"... Bunu biliniz ki, "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz".
Hətta jurnalın iki min tirajla çap olunan ikinci sayı qırmızı şəkillərlə çıxdığına görə (qırmızı rəngi bolşevizmin simvolu kimi qəbul etmişdilər) Bakı Polis İdarəsi tərəfindən müsadirə olunması faktını vaxtilə mətbuat işıqlandırmışdır. Ü.Hacıbəyov "Filankəs" imzası ilə çap etdirdiyi "Oradan-buradan" felyetonunda bu barədə yazırdı: "Pristav mənsəbinə çoxdan göz dikmiş... okolodoçnik cənabları qırmızı "Molla Nəsrəddin"dən hürküb, binəvanı konfiskovat edibdir. İndi zavallı "Molla Nəsrəddin" dustaqdır. Həbsxanada oturub, öz-özünə fikir edir: əcaba, ərbabi-hökumət bu qırmızı şeylərdən əcəb yaman hürkürmiş". ("İrşad" qəzeti, 1906)
"Molla Nəsrəddin bağlandı" ("'İrşad' qəzeti, 1907) məqaləsini başqa imza ilə yox, məhz öz adı ilə (Ömər Faiq Nemanzadə) yazan müəllif 116 il öncə azad söz üstündə ziyalıların başına gətirilən müsibətli səhnələri səmimi və təbii şəkildə ifadə edir. İş otağında oturub millət dərdi ilə uğraşan Ömər Faiq qəflətən eyvanda səs-küy, qışqırtı eşidib həyəcanlanır və ürəyində yenə hansısa bir donos yazan müsəlmanın şərinə düçar olduğunu fikirləşirdi ki, pristavla qarşılaşır.
"Danos şərlərinə çox düçar olduğumuz üçün pristava gülə-gülə dedim: "Genə nə var?"
Dedi: "Bir zad yox, ancaq qubernator buyurur ki, "Molla Nəsrəddin" idarəsi və "Qeyrət" mətbəəsi bağlansın".
İndilik çarə nə: Ağa deyir sür dərəyə, sür dərəyə. "Molla Nəsrəddin" bağlandı, lakin mətbəəmiz öz işinə davam edir".
Ömər Faiq yenə analiz edir, situasiyanı öz təhlilləri əsasında aydınlaşdırır. Millətin qeydinə qalmayaraq ancaq donosbazlıqla məşğul olan, sapı özümüzdən olan, özünü millətpərəst kimi təqdim edən, arxada isə başqa iş görən "millətçilərə" işarə ilə mətləbi anladır. "Bildim ki, müsəlman donundakı islam xainləri "Molla Nəsrəddin"in 22-ci nömrəsində ayıların, qurdların, aslanların parçalanmış islamı qapıb yeməkləri barəsindəki şəkilləri əldə dəstavuz edib "Molla Nəsrəddin"i hökumətə asi göstərən alçaqlar nə cür müsəlmanlardır". Müəllif onları "cəhalət babaları", "bişüur müstəbidlər" adlandırırdı. "Biçarələr elə güman edirlər ki, "Molla Nəsrəddin" bağlanmaqla onların eyibləri örtüləcək".
Ömər Faiq bu mövzuda "Açıq sözlər" məqaləsində də ("İrşad" qəzeti, 1907) söhbət açırdı. O bildirir ki, cəhalət tərəfdarları olan zülm xadimləri millət əleyhinə fəaliyyət göstərən mənfəətpərəstləri tənqid edən, onların karikaturalarını əks etdirən məcmuənin bağlanmasını istəyir və bunun üçün çox çalışırlar. Hətta hicabla bağlı fikirləri bəhanə edib camaatı mətbu orqanlardan uzaqlaşdırmağa cəhd edirlər. Burada xalqın avamlığı, fitnəkar işbazların isə "fərasəti" açıqca müşahidə edilir. "...bununla bir para avam camaatı kor və qafil buraxıb öz mənfəəti-şəxsiyyəsi mənzuri ilə hökm fərmanlıq sürmək istəyirlər".
Bir çox məqalələrində olduğu kimi, bu yazısında da Ö.Faiq bir neçə məsələ qaldırır. Xarici məktəblərdə uşaq oxutmağın əleyhinə çıxanları sorğu-suala tutur. Hökumətdən milli məktəb, mədrəsələr, ali məktəblər istəməyən adamlar tələb edir ki, "Xarici məktəblərə övladınızı verməyin!".
Xaricdə təhsil alanlarla ruhani təhsili alanları müqayisə edəndə isə statistik məlumat təəccüb doğurur. Dinindən dönənlər, xalqa xəyanət edənlər, "babı" olanların əksəriyyəti məmləkətdə təhsil alanların arasından daha çox çıxırmış.
"Lağlağı" imzası ilə yazdığı "Ətiqə" ("Molla Nəsrəddin" jurnalı, 1911) məqaləsində isə qəzetlərin mahiyyətini, bəzi mətbu orqanlardakı köhnəpərəstliyi, aktuallıqdan uzaqlığı, müasir cəmiyyətin inkişafı naminə heç bir gərəkli maarifləndirmə işi aparmamasını tənqid edirdi. Məqalədəki tənqid "Molla Nəsrəddin"sayağı üsubla yazılmışdır.
Bizim qəzetlərin əcnəbi bir şəxsin əlində dəstə ilə cəmlənməsi hadisəsini nəql edən müsəlman müəllif heyrətlənir. Əvvəl sevinir ki, bir ingilis bizim qəzetlərə belə maraq göstərir. Səbəbini ondan soruşanda isə bizim qəzetləri "ətiqə" kimi topladığını eşidir. Yəni qədim, köhnə eksponat kimi muzeydə saxlayacaqlarını bəyan edir. "Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar, paslanmış paxır pulları ilə bərabər tutursunuz? Halbuki bizim qəzetlər də qonşularımızın qəzetləri kim hər şeydən yazır, hər şeydən bəhs edirlər".
Qafqazı başdan-başa gəzən ingilis qafqazlıların ictimai-siyasi, sosial problemlərinin çox olduğu bir zamanda az qala üç əsr əvvəllərin məsələləri ilə bağlı din bəhsləri, mübahisələri ortaya atan qəzetləri tənqid edir. Dindarlarımızın başqa dinlərdə olduğu kimi ancaq dua, əxlaqi davranışlar, iman və vicdan məsələləri ilə məşğul olmadığı, ruhanilərimizn məişət səviyyəsindəki nəsihətləri ilə əsrlərlə baş saxlamağımızı fəxrlə deyən müsəlman etiraz edir: "Biz hər addımımızı min üç yüz il əvvəl gələn şəriətimizin öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyib olmasın, bağışlayınız: döşəkdə yatıb qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəblə din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və böyük səadətdir".
Fakt və tarix, problemin aktuallıq tərəfinə daima önəm verən, diqqət yetirən müəllif bu məqamda da məqalədə qaldırdığı problemi konkret misalla ön plana çəkir. İngilisin çantasından çıxardığı qəzetlər haqqında oxuyuruq: "Burhani-tərəqqi", nömrə 131: "Qəzetə oxuyan adamın imaməti caizmi?"
"İşıq" nömrə 1: "İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzüaçıq şəklini çıxartmaq istəmiş. Lakin polis döyüb fotoqrafxananı dağıtmış(?) və xanımı divani hərbiyə (?) vermiş".
"İdarədən: islam xanımlarının şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir".
"Bəyanül - həqq". "Bizim nicat və səadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır" və s.
"Ətiqə" məqaləsi ilə həmkarlarına dərs verən Ö.Faiqin bu məqamda həm də bir publisistika tənqidçisi, tədqiqatçısı olması faktını görürük.
Ömər Faiq "Molla Nəsrəddin" jurnalında "Dəli" imzasıyla "Qorxuram" adlı məqaləsini yazır (1907). Bu da göstərir ki, o, XX əsrin əvvəllərində mətbuat sahəsində baş verən digər hadisələrə açıqgözlülüklə, huşyarlıqla baxan və həmin məqamları satirik tərzdə işıqlandıra bilən müəlliflərdən biri idi.
Məsələn, "İrşad" qəzeti ilə bağlı həmin dövrdə həyata keçirilən bəzi siyasi gedişləri tez anlamış və həmin məqalədə bu barədə fikrini ifadə etmişdir. "İrşad" yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, "ay aman, qoymuyun "İrşad" əldən getsin!".
Müəllif qeyd edir ki, həmişə bu barədə eşidəndə qorxurdum. Nədən qorxduğunu isə heç kimə demirmiş. Sonra məlum olurmuş ki, İrəvanda, Bakıda, Şuşada, Naxçıvanda Vladiqafqazda, Gəncədə və başqa yerlərdə "İrşad" üçün pul toplayırlar. Daha sonra isə "Təzə həyat" qəzetində "İrşad"ı tərifləməyə başlayırmışlar. "Həqiqət mən çox qorxurdum. Qorxurdum ki, "İrşad"ın barəsində haray-dad eləyənlər qüssədən əriyib ölələr, qorxurdum ki, "İrşad"a pul verənlər cəmi var-yoxların verələr, "İrşad"a və özlərinə bir qəpik də saxlamayalar (ki mütrüb zad oynadanda şabaş verələr). Qorxurdum ki, qəzetlərdə o qədər "İrşad"ı tərifləyələr ki, əcnəbi millətlər müsəlmanların qəzet-bazlığına mat və heyran qalalar".
Bəzən isə "Molla Nəsrəddin" jurnalı adından "Molla Nəsrəddin" imzasıyla mətbuatda izlədiyi proseslərə açıq münasibət bildirirdi. Məsələn, Peterburqda çıxan "Ülfət" qəzetinin həqiqi milli ziyalıların işinə müdaxilə etməsini hörmətsizlik və təhqir kimi qəbul edən müəllif Zaqafqaziya Ruhani İdarəsinin adına poçt vasitəsilə həmin redaksiyadan qutuda üç nəfər "qarnı yoğun molla"nın həmin ziyalıların yerinə göndərilməsini "Qəribə qutu" məqaləsində belə təsvir edir: "Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi "Ülfət" qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçərlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevin əvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də "Ülfət" göndərdi Ağayevin yerinə "İrşad"a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəm və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır" ("Molla Nərdəddin" jurnalı,1907).
İradə MUSAYEVA
525-ci qəzet.- 2023.- 2
mart. S. 12-13.