Nizami Gəncəvi irsini gözdən salmaq cəhdi  

İRAN "ALİM"İNİN ZƏRƏRLİ KİTABI HAQQINDA QEYDLƏR

 

Bu yaxınlarda mənə bir kitab verdilər. Kitab böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının fəlsəfi tədqiqinə həsr olunub. Müəllifi İran İslam Respublikasındandır, əllamə Məhəmmədtəqi Cəfəridir. İranda nəşr olunub- olunmadığı bəlli olmayan, fars dilindən tərcümə edilmiş olduğu göstərilən bu kitabın adı belədir: "Nizami Gəncəvinin şeirlərində hikmət, ürfan və etik mövzular". Adətən bir dildən başqa dilə tərcümə işi ilə məşğul olanlar elm, ədəbiyyat və mədəniyyət adamları olur. Amma çox qəribədir ki, bu kitabı dilimizə tərcümə edən, ona ön söz, təqdimat yazan şəxslər İran İslam Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. Radikal şiə-islam ideologiyasının ixracına və təbliğinə xidmət edən bu kitabın Azərbaycanda necə və niyə işıq üzü görməsi, dövlət idarələrinə necə yol tapıb hədiyyə şəklində paylanması da müəmmalı olaraq qalır. Mətləbə keçək.

Azərbaycan xalqının dünya ədəbi xəzinəsinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri dahi Nizami Gəncəvidir. Bu bənzərsiz şair və mütəfəkkir təkcə Azərbaycanda deyil, həm də bütün dünya elmi fikrində araşdırma obyektinə çevrilmiş, dahi şairin adı ilə bağlı nizamişünaslıq elmi formalaşmış, çox görkəmli alimlər bu sahədə ciddi elmi tədqiqatlarla dünya elmi xəzinəsinə töhfələr vermişlər. Bu gün də öz şöhrətini etibarlı şəkildə qoruyan dahi Nizami Gəncəvinin yaradıcılığı müvəffəqiyyətli şəkildə beynəlxalq miqyasda araşdırılmaqda davam edir. Bu baxımdan Y.Bertelsin, A.Krımskinin, Rüstəm Əliyevin, Məmməd Cəfərin, Həmid Araslının və başqalarının adlarını böyük ehtiram hissilə çəkmək olar. Mübaliğəsiz demək olar ki, bu dahi sənətkarın yaradıcılığı haqqında yazılan əsərləri bir yerə toplasaq böyük bir kitabxana alınar. Bu mənada Nizami yaradıcılığı tək ədəbiyyatşünaslıq baxımından deyil, hətta etnoqrafiya, tarix, musiqişünaslıq, mifologiya və sair baxımından da zəngin xəzinədir. Hətta mənşəcə azərbaycanlı olmasalar da, ədalətli qərar verən çoxsaylı görkəmli alimlər Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi bu bənzərsiz söz və fikir adamının irsinin dünya mədəni xəzinəsində layiqli bir yer tutduğunu minnətdarlıqla qeyd etmiş, söz mədəniyyəti və poetik ustalığın nadir siması kimi dəyərləndirmişlər. Amma təəssüf ki, bəzən dünya ədəbi fikrinin çox yüksək dəyər verdiyi dahi Azərbaycan şairi Nizami haqqında da xoşagəlməz, qərəzli fikirlərə rast gəlinməkdədir. Artıq elmi qənaətin birmənalı olaraq təsdiq və sübut etdiyi dahi fikir adamı olan Nizami Gəncəvinin "azərbaycanca düşünüb, farsca yazması" qənaətini qulaqardına vuraraq hələ də "fars şairi, İran şairi" kimi köhnə fikirləri səsləndirənlər də yox deyildir. Qeyd edildiyi kimi, İranın molla rejiminin dəmtutanlarından olan Məhəmmədtəqi Cəfərinin bu dahi şəxsiyyət, qüdrətli söz ustadının yaradıcılığı haqqında yazdığı və dilimizə tərcümə edilmiş "Nizami Gəncəvinin yaradıcılığında hikmət, ürfan və etik mövzular" adlı kitabı da (Bakı, "Şirvannəşr", 2019, 304 s.) məhz bu qisimdəndir. Kitabın adı "Nizami Gəncəvi yaradıcılığında hikmət, ürfan və etik mövzular" olsa da, içində bütün dünya ədəbi fikrinin az qala "şeirin Allahı" kimi qəbul etdiyi dahi Nizami Gəncəvi haqqında  elmi əsası olmayan qeyri-etik fikirlər səsləndirilib, Nizaminin şeiriyyət və söz sənətkarlığına kölgə salınıb.

 

 

Aydın olmur ki, İran molla rejiminin "filosofu" nəyə əsaslanaraq Nizami Gəncəvi yaradıcılığı haqqında beynəlxalq aləmdə əsaslı və hərtərəfli araşdırmalar aparılmadığını iddia edir (s.133). Halbuki bunu kiçikyaşlı oxucular da bilir ki, dünya ədəbiyyatının qızıl fonduna daxil olan islam dünyasının nadir söz və fikir adamlarından biri məhz dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Hər halda əsl, vicdanlı tədqiqatçı özündən başqa bu görkəmli fikir adamını öyrənən dünyaşöhrətli alimlərdən də yararlanmaqla daha ədalətli qərar verə bilər və əsl elmi əsər, monoqrafiya ortaya çıxarmış olardı. Lakin görünən budur ki, bu əsəri yazmaq qəsdinə düşən müəllif özündən başqa Nizamişünasları və onların sanballı əsərlərini kənara qoyaraq özünün "dar və naqis şəxsi pəncərəsindən" baxmaqla bütün dünyaya belə sığacaq qədər geniş və əhatəli yaradıcılığa, nəhəng və görkəmli şəxsiyyətə malik olan dahi Nizami Gəncəvi ədəbi irsinə birtərəfli şəkildə nəzər salır. Və gəlinən qənaətlər onu göstərir ki, alim heç də gördüklərini deyil, şəxsən axtardıqlarını iddia edir. Elə buna görə də təəssüf ki, onun yazdığı bu əsər Nizami Gəncəvi yaradıcılığı haqqında əsassız və birtərəfli müddəa və fikirlərlə dolmuş olur. Müəllif dini ibadətin növlərindən, dua və onun növlərindən söz açır, şeir, poeziya haqqında uzun-uzun fikirlər söyləyir, Məhəmməd peyğəmbərdən başlayır, İmam Əlinin şeirlərindən bəhs edir. Şairlərin yalan danışmasından, vəsf etdiyi, tərənnüm etdiyi obyekti, həqiqəti təhrif etməsindən şikayət edir (s.37). Qurana əsaslanan müəllif şeiri və şairliyi inkar edir, guya Quran ayələrinə əsaslanaraq şairliyi dəlilik kimi təsdiqə çatdırmağa çalışır (səh. 12). Bu inkaredici fikirlərini, istinad üçün gətirilən Quran ayələrinin ardından müəllif "islam şeiri" kimi bir məfhum irəli sürüb onun təsdiqi ilə məşğul olur. Müəllifin şeirə verdiyi tərifdən "ideologiyaya pərçimlənmiş şeir" mülahizəsi açıq-aydın ortaya çıxır. Lüzum olmadığı halda mövzudan kənara çıxaraq şiə imamlarının ədəbiyyata münasibətindən uzun-uzadı söhbət açır. Ən nəhayət, mətləb üstünə qayıdan bu başabəla alim böyük ustad Nizami Gəncəvinin oğluna nəsihətdəki bir beytindən - "Şeirə dolaşıb fənninə girmə, / Çünki yalanı daha gözəldir" - yola çıxaraq bu misralardakı düşüncələri "şeir haqqında söylənən mənfi fikir" adlandırır (səh. 34). Müəllifin: "Şairlik üçün təbi-rəvan gərəkdir, Sözə hər don geydirən şair olmaz" beytini də dahi Nizaminin "vicdan əzabı" kimi dəyərləndirməsi, "Məgər insanların həqiqi günəşə olan ehtiyacını şairin sehrəngiz intizamlı yalançı buludları ilə örtüb puç və boş qələmə vermək olarmı?" kimi mürtəce qənaət və nəticə ifadə etməsi qüdrətli söz ustasının nadir şairlik istedadını gözdən salmaq niyyətini açıq-aydın göstərir. Söz yox, Nizami kimi bir şeyx, həkim titulu qazanmış bir ustadın beytindən yola çıxaraq bu qədər ziddiyyətli, bir-birini təkzib edən geniş bir müzakirənin açılması da elə onu inkar etmək və ustadlığını şübhə altına almaq məqsədindən doğur. Alimin Nizami haqqındakı: "Nizami Gəncəvinin sənətkarlığı, ərəb və fars sözlərinə hakim olması və məzmunu, məkanı göstərmək üçün onlardan istifadə etməsi o qədər zəngindir ki, doğrudan da, misilsizdir, deyə bilməsək də, ən azı deyə bilərik ki, o, fars ədəbiyyatının da qəti olaraq müqayisəolunmaz bir şəxsiyyətidir" (səh. 88), - deyə ilk baxışda Nizami haqqında təmtəraqlı sözlər işlətmiş olduğunu nümayiş etdirmək istəsə də, cümlənin ikinci tərəfində az qala bu nəhəng söz üstadını sıravi bir şair səviyyəsinə endirmiş olur. Fikrimizcə, bununla müəllif məqsədli bir şəkildə dahi Nizamini azərbaycanlı kimi Azərbaycan, fars kimi fars dilini mükəmməl bilməyən bir natamam şair olaraq təqdim etməklə onu azərbaycanlıların da, farsların da gözündən salmağa cəhd göstərir. Nizami bütün ruhu ilə mənsub olduğu Azərbaycan xalqının şairidir və yalnız ona məxsusdur. Qeyd edək ki, Nizami haqqında fikir yürüdərkən bu bədniyyət iranlı alim elmi dil və üslubdan yox, bu kitabın yazılmasını ona sifariş verən, xalqlar arasına nifaq toxumu səpən, fars şovinizminə xidmət göstərən Qumdakı mürtəce mollaların diplomatik dil və üslubundan istifadə etmişdir. Ona görə də hansı əqidənin sahibi olduğu dəqiq bilinməyən Məhəmmədtəqi Cəfəri Nizaminin sənətkarlığı və hətta milli mənsubiyyəti haqqında, Mövlana demiş, zahirən "la" desə də, batində, əsl həqiqətdə "illa" demiş olur.

Alimin şeiriyyətinə kölgə saldığı "həkim Nizaminin" "fars ədəbiyyatının görkəmli xadimlərinin birinci sıralarında" (səh. 89) yer tutması haqqında fakt qarşısında qalaraq dilucu da olsa dediyi fikir, əlbəttə, korifey sənətkarın mənsub olduğu Azərbaycan xalqı üçün qürur mənbəyidir. Nizami kimi dahi şair haqqında İran və ya fars ədəbiyyatşünaslığının da ağızdolusu danışması bu nəhəng şəxsiyyətin bütün bəşəriyyət qarşısında göstərdiyi misilsiz xidmətin məntiqi nəticəsidir. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin də vaxtilə dahi Azərbaycan şairi Füzuli haqında dediyi: "...ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə belə hesab edirlər ki, o, türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda, bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmanları da deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun", - fikirlərini dahi Azərbaycan şairi Nizamiyə də aid etsək, Azərbaycan şairi Nizami haqqında bütün xalqların "dədəsinin oğlu kimi" bəhs etməsi (akad. İ.Həbibbəyli) sadəcə qürurverici bir haldır.

Müəllif əsərdə "ilahi elmləri, varlıq aləminə dair həqiqətləri dərindən bilir", - deyə təqdim etdiyi həkim Nizaminin bəzi səhvlərə yol verdiyini ehtiyatlı bir üslubla təqdim etməsi, müəllifin böyük şair haqqında ziddiyyətli fikir yürütməsinin tam əyani nümunəsidir. Nizaminin "Allahı gözlə görmək" fikrini səhv olaraq təhlildən keçirib konkret beytlərlə təsdiqə çatdırmaq istəyən müəllif beytləri öz məqsədinə uyğun şəkildə təhlil edir və beytlərin ideyasını yanlış şərh edir. Halbuki müəllifin özünün də təsdiq üçün gətirdiyi:

 

İşıqlıq bəsirət əhlinin nəzərində

Zahiri işıq deyil, təsəvvür etməkdir -

 

beytində də bütün bu görməklərin batini, bəsirət ilə mümkün olduğu fikrinin hakim olduğu konkret və açıq şəkildə ifadə edilmişdir. Bundan başqa müəllif, Nizaminin "Sən ki cövhər deyilsən, yox məkanın, vurğunun xəyalı sənə çata bilərmi?" beytini yanlış isdiqamətdə, beytin əksinə təhlil edərək Nizamiyə və onun şeyxliyinə yanlış don biçməyə çalışması açıq-aydın Azərbaycan şairini farsa çevirə bilməyən İran aliminin acığının ifadəsinə çevrilir. Bütün bunlar alimin Nizami haqqında həqiqətləri deyil, qərəzləri ortaya qoymaq məqsədinin olduğunu tam şəkildə ortaya çıxarır. Bu azmış kimi, müəllif Nizami Gəncəvi fikirlərinə etirazlarını aşağıdakı cümlələrdə daha da dərinləşdirir: "Bu sahədə Nizami Gəncəviyə belə bir etiraz oluna bilər ki, zahiri gözlərlə Allahı görməyi mümkün hesab edən şair hansı səbəbə görə qəlb və canı Allahı görməkdə aciz bilir?!" (s.193). Kitab müəllifi burada sanki bir opponent kimi çıxış edir.

Hətta "şeyx" olaraq dövründə böyük hörmət və ehtiram qazanmış dahi Nizami Gəncəvi Allahın sifətlərinin əzəli və əbədi olduğunu bildirdiyi halda, nədənsə tədqiqatçı şairin bu fikri ilə razılaşmır (s.139). Allahın sifətlərinin iki qrupa - zahiri və fiili sifətlərə bölündüyünü meyara çevirən müəllif şeyx Nizaminin "səhvlər"ini təshih etməklə məşğul olur. Halbuki əvvəldə də qeyd etdiyimiz kimi, müəllif kitabının adını "Nizami Gəncəvinin yaradıcılığında hikmət, ürfan və etik mövzular" deyə qoysa da, qeyri-etik olaraq Nizami sənətində "səhvlər" axtarmaqla məşğul olur.  Digər bir məqamla əlaqədar da müəllifin iddiası narazılıq doğurur. Belə ki, şairin:

 

Çox vurnuxdu düşüncə, anlamadı sirrini

Çox axtarıb tapmadı Tanrının bənzərini.

Necə ürək eyləyib o ümmana girər can?

Necə, hansı hünərlə su içər o bulaqdan? -

 

misralarındakı fikirlər güya Həzrət Əlinin sözlərinə əsasən qəbul olunmur (s.193). Şair Nizami Gəncəvi ilə islam aləminin mötəbər şəxsiyyətlərindən olan əmirəlmöminin həzrət Əlini qarşılaşdırmaq nə dərəcədə doğrudur?!

Müəllif "Xosrov və Şirin"də peyğəmbərimizin əmisi Həzrəti Əbutalibin islamdan əvvəl bütpərəst olmasının göstərilməsi fikrinə də etiraz edir (s.100). Belə görünür ki, Məhəmmədtəqi Cəfəri bu kitabı yazmaqla qarşısına məqsəd qoyub ki, böyük şairi gözdən salsın. Təsadüfi deyil ki, o, mömin bir bəndə olan qüdrətli şairi az qala dinsiz adlandırır, onu islam qanun və hökmlərini inkar edən, ona zidd fikirlər söyləyən bir söz ustası kimi səciyyələndirir.

 Müəllif, Nizaminin Həzrət İbrahim haqqında "Allah onu bütxanadan çıxartdı" cümləsini qəbuledilməz adlandırır, bu mülahizəni yanlış fikir hesab edir (s.163). Halbuki elmi baxımdan Nizami haqlıdır, çünki Həzrət İbrahim dövründə bütpərəstliyin olmadığını iddia etmək absurd fikirdir.

Yenə müəllif şairin "Canlı varlıqların yaşaması onların varlıqlarından asılıdır" fikrinə etiraz edərək onu "olduqca sadəlövh bir təsəvvür" adlandırır (s.157). Müəllif bu əsassız iddiaları irəli sürərkən unudur ki, böyük Nizami Gəncəvi şair olub, ilahiyyatçı olmayıb.

Kitabın adı "Nizami Gəncəvinin şeirlərində hikmət, ürfan və etik mövzular" olmasına baxmayaraq, burada daha çox irfan məsələlərindən bəhs edilmişdir. Əslində bu kitabda Nizami şeirlərindən, poeziyasından yox, "Xəmsə"dən, məsnəvilərdən bəhs edilir. Bu kitab filoloji tədqiqat yox, dini əsərdir, teologiya, ilahiyyat elminə aiddir. Çünki burada daha çox ilahinin qüdrətləri, onun nemətlərindən istifadə olunması, Allah və insan məsələlərindən tək Nizami Gəncəvi yaradıcılığında deyil, ümumiyyətlə, farsdilli ədəbiyyatda məsələnin qoyuluşundan bəhs edilir. Ona görə də müəllif bəzən əsas mətləbdən kənara çıxaraq Mövlana Cəlaləddin Rumidən, Hafiz Şirazidən uzun-uzadı söz açır. Tədqiqatçı bəzən ilahiyyat məsələlərinin izahında Ruminin Nizami Gəncəvidən yüksəkdə durduğunu iddia edir, Nizaminin ilahiyyat məsələlərində hətta "səhv görüşlər"ə malik olduğu qənaətinə gəlir. Mövlananı Nizamidən yüksək tutan birtərəfli fikir və mülahizələr ortaya qoyan müəllif görün nə yazır: "Mövləvinin əsərlərində, xüsusilə "Məsnəvi"sində gözə çarpan dərin əxlaq, psixoloji, hikmət və irfan məsələləri, Quran və hədislərin şərhi və sair məsələlər Nizaminin əsərləri ilə müqayisə edilə bilməz" (s.108). Bu hökmlər isə, əlbəttə, Mövlananın sənətkarlıq şöhrətinə heç bir kölgə salmadan deyirik ki, böyük sənətkar şeyx və həkim Nizami haqqında şər və böhtandan başqa bir şey deyil.

Məhəmmədtəqi Cəfəri başlıq və yarımbaşlıqlarda "dahi Nizami", "özünə" həkim "ləqəbi qazandırmış Nizami" kimi xoş ifadələr işlətsə də, nəticədə dünya elm və mədəniyyətinin şeyx və alim kimi tanıdığı Nizamini "Mövləvinin elm, kəlam, hikmət, ürfan, psixologiya, əxlaq, təfsir və başqa sahələrdə geniş düşüncəsinin hətta yüzdə biri (!) Nizami Gəncəvidə görünməmişdir" (səh. 87), - deyə onun şöhrətinə qılınc çalıb dünya ədəbiyyatı tarixindəki yerini az qala inkar edir. Müəllif görkəmli rus alimi Bertelsin "dahi Nizami ilahi elmləri də mükəmməl bilirdi" fikrinin tam tərsinə çıxış edərək şeyx Nizamiyə düzgün qiymət verə bilmir və vermək də istəmir. Alim hiyləgərliyi göstərən müəllif bu fikirlərlə həm də nizamisevərlərlə mövlanasevərlər arasına da nifaq salmaqla ayırıcılıq missiyası həyata keçirmək məqsədi ortaya qoyur, bununla da hər iki görkəmli şairi gözdən salmaq, ucuzlaşdırmaq məqsədi nümayiş etdirir.

Mövlana Cəlaləddin Rumi, məlumdur ki, böyük türk şairidir, Anadolu Səlcuq dövlətinin ozamankı paytaxtı Konya şəhərində yaşamışdır, qəbri də oradadır. O vaxtlar, yəni XIII-XIV əsrlərdə indiki Türkiyə, Anadolu Rum ölkəsi adlandığına görə şair də Rumi təxəllüsünü götürmüşdü. Nədənsə bu təxəllüs Cəfərinin ürəyinə yatmır, onda qısqanclığa səbəb olur. Buna görə də kitabda Mövlana Cəlaləddin Rumi əvəzinə, ondan Mövləvi adı ilə bəhs edir (s.243).

Sonda fikrimizi XX əsrin görkəmli elm xadimi akademik Marrın sözləri ilə bitirmək istəyirik. Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın fikrincə, İran alimləri Nizamini - farsca yazdığına görə - İran-fars şairi hesab etsələr də, "Əz asare-Nizami buye-türk miyayəd" ("Nizaminin əsərlərindən türk iyi gəlir") deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər". Görünür, məhz bu səbəblərə görə İran alimi Məhəmmədtəqi Cəfəri böyük Azərbaycan şairi Nizami Gəncəvinin böyüklüyünü, sonsuz şöhrətini həzm edə bilmir.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

525-ci qəzet.- 2023.- 3 mart.- S.12;16.