Darxan
Bilirsinizmi
"Darxan", "Darhan" sözünün etimoloji mənası
nədir? "Tar"-"dar" kökündən törəyən
bu söz qədim Altaylarda və moğollarda "yaymaq",
"yayılmaq", "törəmək", "termək"
sözlərinin mənasını zənginləşdirir. "Törəmək" - "törəyib
çoxalmaq", "termək"-"dərib toplamaq"
mənasını verir.
Dar-tar-xan sözü həm də Tarkan-Tarhan sözlərini
əmələ gətirib. Eli terən - bir yerə
toplayana Tarkhan-Tarhan-Darhan deyiblər. Öz
dövründə tarkanlık yüksək bir status sayılardı.
İslamiyət öncəsi Tarhan, Targan, Dargan, Darkan Türk dövlətlərində
generallara, sərkərdələrə verilən
ad və status idi.
Moğolların miflərində və əfsanələrində
də yurdda, mahalda seçilən kişilərə və
qadınlara da "Darhan" adı verərlərmiş. Darhan həm də
bacarıqlı dəmirçi ustalara verilən ad idi. Hun dövründən yayılan "Darhan"
adı Altaylarda, Türk xalqları yaşayan yerlərdə
mifləşmiş və nağıllarda, əsərlərdə
yaşayaraq, bu günümüzə qədər gəlib
çatmışdı. Oğlunu uca yerlərdə
görmək istəyən ata və ana, baba və ya nənə,
el ağsaqqalı ona "Darxan" adı verəndə, deyərdi
ki, adına, törəsinə layiq olsun. Yəni Darxan sözü insan üçün
müqəddəs bir ünvandır. Bu
adı layiqincə daşıya bilənin nə xoş
halına.
Haqqında
söz açmaq, ünvanını göstərmək istədiyim
Darxan Kuandık oğlu Kıdıralı da adına
bəylik, terlik verən bir insandır. Adındakı
müqəddəsliyi qoruyan, su kimi təmiz saxlayan Darxan
Kıdıralı baharın 1974-cü ilin 16 aprel
günündə Cənubi Qazaxıstanın
Tülkübaş (əslində, rayonun adı
Türkübaşdır) rayonunda doğulub. Kuandık oğlunun adını
"Darxan" çağırdı. Bu gənc
ailə başçısı vilayətin ən böyük
kolxozlarından birinin zootexniki idi. Əkin-biçin
vaxtı, soyuqlu-şaxtalı havalarda ancaq işinin
başında oldu. Bir gün evdə olanda,
üç gün çöldə-bayırda dövlətin
malını qorudu. Qəndgül xanım ərini
"Çöl adamı" sayırdı. Bilirdi ki, həyat
yoldaşı dövlətin malına-mülkünə bir
ziyan dəyməsin deyə, çöllərdə kolxozun mal-heyvanını
qoruyur. İnsanların köməyinə
çatır.
Darxanın ayağı yüngül oldu. Ondan sonra Qəndgülün
daha üç övladı gəldi dünyaya.
Darxanın 8 yaşı olanda 36 yaşlı Kuandık bu
dünyaya əlvida dedi. Dünya malında gözü olmayan Kuandık dörd
körpənin ümidinə qoydu sevgili həyat
yoldaşını. 31 yaşlı Qəndgül
o gündən etibarən həm atası, həm anası oldu
övladlarının. Əri dünyadan köçəndən
sonra dünyası tar-mar oldu Qəndgül müəllimənin. Ərinin
sağlığında palçıqdan yoğurub kərpic-kərpic
ucaltdığı ər evindən, həyətindən
heç zaman uzağa, çölə-bayıra
çıxmadı. Getdiyi yer müəllimə
işlədiyi kənd məktəbi, gəldiyi yer
ocağının başı oldu. Ata evi
yaşadığı Türkübaş rayonunun 4 kilometrliyində
olsa da, bircə dəfə anası rəhmətə gedəndə
ata evinin qapısını açdı.
"Burada
sənin dəyərini bilməzlər, get oğul..."
8-ci sinfi
bitirəndə müəllimlərindən biri ona
"4" yazır. Bu o demək idi ki,
Darxan qırmızı attestat ala bilməyəcəkdi. Xəbəri anasına dedikdə, elə bil,
qanadları qırılır qadının. Öz oğlunun biliyinə, istedadına bələd
idi axı. Bu kəndin böyüklərinin
əmr-fərmanı belə idi. Atasız
uşağa yuxarıdan aşağı baxardılar.
Atasız uşağın qırmızı attestat almağa
pulu çatmazdı ki... Gecə gözünə
yuxu getmir Qəndgülün. Səhər süfrə
başında Darxanın könlünü ala-ala, üsulluca
ona deyir: "Oğul, Almatıda yeni məktəb
açılıb, burada sənin qiymətini bilməzlər.
Get orada oxu. Orada həm də yatmağa yer verəcəklər
sənə". Darxan "hə" demək əvəzinə
anasından soruşur: "Ana, səni burada tək qoyub hara
gedim, bəs bacı-qardaşım?". Ana: "oğul, uzağa getmirsən
ki, Almatı əlimizin içindədir. Bir də ki, paytaxt elə
paytaxtdır, get adam ol, böyük ol, yolun-irizin
işıqlı olsun!.." - deyərək
beləcə uğurlayıb oxumağa yola salır oğlunu.
Bu, Qəndgül müəllimənin
haqsızlığa, ədalətsizliyə
hayqırtısı idi.
Ailənin namusunu, evinin istisini-ocağını qorudu Qəndgül. Təzə
paltar geyinmədi, əlində olanı oğluna-qızına
yedirtdi. Qızıl-gümüş taxmadı.
Belə fikirləşdi ki, dul qadının bəri-bəzəyi
olmaz. Ana ümidlə yaşadı.
Ruhani tərbiyəsi də mükəmməl olan Qəndgülün
gördüyü röyalar çin olardı. Bilirdi ki, yolun
sonunda bir işıq var. Bilirdi ki, Darxan
bacı-qardaşının da, elinin də köməyi, dayağı
olacaq.
Almatıya işıq, elm dalınca getdiyi gündən
tale, bəxt yazısı da dəyişdi Darxanın. Məktəbi bitirdikdən
sonra Əl-Fərabi adına Qazaxıstan
Milli Universitetinin Tarix fakultəsinə qəbul olundu. İki
il sonra təhsilini
Türkiyənin Mərmərə Universitetində davam etdirməyə
başladı. Doqquz Eylül, Egey, İstanbul universitetlərində
elm öyrəndi. Egey Universitetində ilk elmi işini
müdafiə etdi, İstanbul Universitetində PhD elmi dərəcəsini
qazandı. Bildiklərini, oxuduqlarını,
öyrəndiklərini, qazandıqlarını xalqına, elinə
qaytarmaq üçün yurduna döndü. Təhsil aldığı universitetlərdə həm
də türk, Azərbaycan, özbək, qırğız dillərini
mükəmməl mənimsədi.
Böyük
Çölün oğlu
Türkiyədə elm dəryasından türk
dünyasının incilərini götürən Darxan
Kıdıralı geniş Qazax şanırakının
altına elə bir vaxtda dönmüşdü ki, hər yerdən "Türkəm"
sədaları gəlirdi. 2001-ci ildən etibarən Xoca Əhməd
Yassəvi adına Beynəlxalq Qazax-Türk Universitetində
elmi işçi kimi fəaliyyətə başlayan Darxan Kıdıralı 2005-ci
ildə artıq kafedra
müdiri, aparat rəhbəri vəzifəsinə qədər
yüksəlmişdi. Daha sonra paytaxt Astanada yerləşən
L.N.Qumilyov adına Milli Avrasiya Universitetində dosent və
baş elmi işçi kimi fəaliyyət göstərdi. Ölkənin aparıcı kütləvi informasiya
vasitələrindəki çıxışları Türk
dünyasının birliyi çağırışlarına
ayna tuturdu.
Türk dünyasının birliyi yolunda yeni təməllər
yeni fikir adamları ilə qoyulur. Azərbaycan da təməlində
türkçülük ideyaları yaşadan bir dövlət
kimi bu birliyin qurulması üçün beynəlxalq
müzakirələrə və işbirliyinə hər zaman
meydan verib. 2009-cu ilin
oktyabr ayının 3-də Naxçıvanda keçirilən
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IX sammitində
Nursultan Nazarbayev tərəfindən
Türk Akademiyasının yaradılması haqqında təşəbbüs
irəli sürüldü. 2014-cü ildə
Akademiyaya Beynəlxalq status verildi, TWESCO adlandırıldı. Elə həmin il
Darxan Kuandık oğlu Kıdıralı Akademiyanın
prezidenti təyin edildi.
Beynəlxalq
Türk Akademiyası - TWESCO-da rəhbər kimi fəaliyyətə
başlayandan bir az sonra babalarımızın, dədələrimizin
moğol çöllərində yazıb qoyduğu daş
kitabələrini yenidən oxutmaq üçün yola
çıxdı.
"Burada
bütün muradınız hasil olacaq..."
Professor
Darxan Kıdıralı ilə söhbətlərimizdən
birində o müqəddəs səfərini belə
xatırlamışdı:
- Görüşlərin ən gözəli, səfərlərin ən müqəddəsi idi. Beynəlxalq Türk Akademiyasının elmi əməkdaşı Akedil Toyşanolu da mənimlə idi. Akedil Monqolustanda doğulduğundan monqol dilində sərbəst danışır. Gəlib Ulan-Batordan 50 kilometr uzaqda, Bayan Çokto bölgəsində yerləşən Tonyukük babamızdan qalan daş abidəyə çatdıq. Sürücüyə və Akedilə dedim ki, Tonyukük babamız üçün Quran oxuyacağam. Təəccüblə soruşdular ki, belə olarmu? Dedim ki, nədən olmasın, əlbəttə, olar. Tonyukük də bir övliya, bir peyğəmbər kimi adamdır, Allahın kəlamını onun üçün oxuyuram. Babamızdan qalan daş məktubu qucaqladıq. İçimizə bir duru rahatlıq doldu. Dirsəklənib daşın yanında oturduq. Ətrafda uzanan boz çöllərə, yaşıl yamaclara, balbal daşlarına baxdıq. Nə qədər sirr yatırdı bu yurdlarda... Bir müddətdən sonra yolumuza davam etmək üçün maşına mindik. 20 metr getmişdik ki, maşının təkərləri partladı. Birdən xatırladım ki, axı mən Quran oxumağı unutmuşam. Tonyukük, Bilgə Xaqan, Kül Tekin, bizdən yüz illər əvvəl buraya ayaqları dəyən bütün babalarımızın, adları anılmayan, unudulan övliyalarımızın ruhuna ehtiram olaraq Quran oxudum. Uzun-uzadı alqış etdim, dua etdim Tanrıya.
Daha sonra maşının təkərini dəyişib, yolumuza davam etdik. Ertəsi gün Kül Tekin və Bilgə Xaqan abidələri kompleksini ziyarət etməli idik. Gecədən yağan yağış kəsmək bilmirdi. Akedil dedi ki, burada Öge Noour - (Ana Göl) deyilən bir yer var. Oraları da mütləq ziyarət etməliyik. Səhər tezdən yola çıxdıq. Yağan yağış hər tərəfi palçıq etmişdi. Palçıq dolu yolla birtəhər arabaya mindik. Öge Nooura çatmaq üçün iki görünən təpəni aşmalı idik. Təpənin başına çatanda maşınımız yenə xarab oldu. Bu yolları çox yaxşı tanıyan sürücü də naəlac qalmışdı. Bir də baxdıq ki, bizdən qabaqda bir adam gedir. Elə bu vaxt yağmur da dayandı. Kişinin əlində şlyapası, bizdən fərqli olaraq onun ayaqları palçığa da batmamışdı, əynindəki plaşında da bir damcı olsun yağış damcısı yox idi. Sürücüyə dedim ki, yolçunu yolda qoymayaq, maşınımıza mindirək. Akedil onu maşına dəvət etdi. Gəlib oturdu. Bir kilometr getmişdik ki, maşın yenə xarab oldu. Adam dedi ki, maşının akkumlyatoruna baxın. Sürücü akkumlyatora baxıb, nasazlığı aradan götürdü. Gülə-gülə dedi ki, yağmur məni elə çaşdırıb ki, heç ağlıma da gəlməzdi ki, burada akkumulyatorumuz pozula bilər. Maşın işə düşəndə naməlum adam burada düşəcəyini dedi. Akedildən onun kim olduğunu soruşdum. Akedil dedi ki, Öge Noourun qoruyucusudur. Təəccüblə yenə dedim: bu gölü bu boyda səhrada kimdən qoruyacaqmış ki?..
Akedil də təəccüblə: "Doğurdan da, bu böyük çöllərdə bu gölü tək bir kişi necə və kimdən qoruya bilər?". Bir də ətrafa baxdıq ki, naməlum adam gözə görünmür. Naməlum adamı görməyəndə Akedil belə dedi:
- Heç bilmədim ki, bu kişi bizim gəlişimizin məqsədini haradan bilir. Ayrılanda dedi ki, siz gözəl niyyətlə gəlmisiniz, bütün istəkləriniz qəbul olacaq. Yanındakı o ağbəniz oğlan çox gözəl niyyətli bir adam. Burada bütün muradınız hasil olacaq. Tanrının burada bir xəzinəsi var. Geniş bir ərazidə o görünən obalıqda böyük bir xəzinə tapacaqsınız. Tanrı sizin... Monqolustandakı bütün istəklərinizi yerinə yetirəcək.
Bu xatirəsini danışandan sonra, Darxan onu da əlavə etmişdi: "Bəlkə də hardasa bir məclisdə, şəhərdə, kənddə kimsə bizə belə xəbər söyləsəydi, inanmazdıq. Ancaq böyük bir çöllükdə, ins-cinsin gözə dəymədiyi bir yerdə üç nəfər kişinin yanında peyda olan o naməlum adamın xəbəri məni hər zaman düşündürdü... Çünki bu torpaqların, bu yurdun müqəddəs olduğuna qəlbimin dərinliyində güclü bir inam var idi. O yerlər bizi çoxdan gözləyirdi.
"Biz bu yerlərdə axtardığımızı tapacağıq"
2016-cı ilin avqust ayında Beynəlxalq Türk Akademiyası Monqolustan Milli Elmlər Akademiyası Arxeologiya və Tarix İnstitutu ilə birgə "Tyan-Şandan-Ötükenə qədər: Böyük çöl xalqlarının tarixi-mədəni dəyərləri" adlı beynəlxalq ekspedisiyanın tərkibində 50 nəfərdən çox arxeoloq, ictimai xadim, alim və jurnalisti bu müqəddəs yerlərə ziyarətə və səyahətə gətirdi. O sehirli günlərdə bizimlə eyni ekspedisiyada yol yoldaşı olmuş Napil Bazılxan da bizimlə idi. Napil Bazılxan Monqolustandakı çöllərdə başsız qalan daş yazıları oxuyan tək-tək alimlərdəndir.
Napıl ağa Darxan Kıdıralının Beynəlxalq Türk Akademiyasında çalışdığı illərdə gördüyü işləri belə xatırlayır:
- 2014-cü ildə Darxan Kıdıralının Monqolustan Elmlər Akademiyası ilə əməkdaşlıq etmək fikrindən xəbər tutdum. Mən özüm Monqolustanda doğulmuşam. Atam Bazılxan Buqat oğlu da qədim türk yazılarını oxuyurdu, dilçi alim idi. Türk dünyasının bizə qalan miraslarını araşdırmaq üçün ən doğru yol Monqolustan Elmlər Akademiyasından keçir. TWESCO-da əməkdaşlığa başladığım gündən Darxan Kıdıralının rəhbərliyi ilə Monqolustan Elmlər Akademiyası, Arxeoloji İnstitutu, Milli Muzeyi və digər elm mərkəzləri ilə 10-dan çox Bəyannamə imzalandı. Göy türklərin ikinci dəfə Xaqanlıq qurduğu Şvieet Ulaan, Koşotsaydam, Gunbürd, Qaya qudag, Nomgon anıt külliyələrində araşdırmalar başlandı.
Qədim türk abidələrini sətir-sətir, daş-daş kitaba çevirən Napil Bazılxan 2022-ci ildə Beynəlxalq Türk Akademiyasının imza atdığı o möhtəşəm tapıntıdan - İltəriş Xaqanın külliyəsinin tapılmasından danışır:
- Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində ötən il - 2022-ci ilin yazında Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edildi. Kutluq Xaqanın iqamətgahının tapılması çox böyük bir iş oldu. Hələ 2015-ci ildə professor Darxan Kıdıralı ilə Nomonqon düzündə gəzərkən hocamız deyirdi ki, biz bu yerlərdə axtardığımızı tapacağıq. 2019-cu ildə gəlib bir yerdə dayandı. Dedi ki, buradan başlayarsınız. Bir neçə ay arxeoloji qazıntılarımızı davam etdirdik. Avqust ayının əvvəlində bir yazılı daş tapdıq. Bu daş kitab Kutluq xaqan adına yazılmışdı. Monqolustanın Arxanqay bölgəsindən Darxan Kıdıralıya telefon açdıq. Yeni daş kitabə tapdığımızı bildirdik. Bərk-bərk tapşırdı ki, sirr kimi saxlayın, kimsəyə deməyin. Bilirsiniz də, o yerlər necə gözəl təbiəti var, havası dəyişkəndir. Adətən, avqust ayında buralara yağış yağmaz. Lakin həmin gün ki, Darxan bəyi qarşılayacaqdıq, göydən yağışı elə bil, xəlbirlə tökürdülər. Professor Darxan Kıdıralı maşını ekspedisiyanın yerləşdiyi çadırın yanında saxlatdı. Gəlib bizim dayandığımız yerə yetişəndə soruşdum ki, niyə maşını buraya sürdürmədiniz? Dedi ki, Böyük Xaqanın hüzuruna ayaqla gəlmək lazımdır. Tapdığımız daş kitabəyə çatanda dayandı. Onun ruh halını görmək lazım idi. Bu kəşf etmək, tapmaq sevinci idi. İnsanın bu ruh halını yalnız həmin sevinci yaşayanlar bilər. Yağmur elə yağır ki... Darxan bəy dedi ki, mən qurban kəsməliyəm. Özü Kutluq Xaqanın adına bir qurban kəsdi. Yağış həmən dayandı. Ətrafdakı bütün dolu buludlar çəkildi. Ənginliklər sanki öz qollarını açıb bizi qucaqlamışdı. Uzaqlardakı Arxanqay dağları da sevinirdi.
"Arxanqayaya qanadlanıb getmişdim"
Göy türk iqamətgahımızı, daş yaddaşımızı arayıb tapan Darxan Kıdıralı həmin günü belə xatırlayır:
- Mən Arxanqaya qanadlanıb getmişdim. Monqolustanda o qədər etibarlı, bizi sevən dostlarımız var ki... Bu arxeoloji sirrlərin açılmasında onlar məhz TWESCO-ya üstünlük verdilər. Beynəlxalq Türk Akademiyasının vəsaiti ilə biz əslində Qarabağdakı türk izlərini araşdırmaq fikrindəydik. Sonra qardaş Azərbaycandan dedilər ki, hələ mümkün deyil, azad edilmiş torpaqların əksər hissələri minalarla doludur. Ona görə də həmin vəsaiti Monqolustandakı xaqanlar kompleksinin araşdırmasına sərf etməyi qərara aldıq. Və seçib ekspedisiya üçün yığdığımız 40 nəfərə yaxın Monqolustandan olan əməkdaşın və Türk Akademiyasının elmi işçilərinin araşdırmaları sayəsində hədəfimizə yetişdik. Türk yazı tarixini yeniləmişdik. Bildiyiniz kimi, ilk dəfə 1893-cü ildə Vilhelm Tomsen və Vasiliy Rodlov Orhon abidələrini deşifrə edərək, Ötükəndə "Tengri", "Türk" kəlmələrini oxumuşdu. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxmışdı. TWESCO və Monqolustan Elmlər Akademiyası alimlərinin çalışmaları nəticəsində 130 il sonra biz Ötükəndə Kutluq Xaqana aid daş kitabədə "Tanrı oğlu" "Kutluq xaqan" "türk" "tümən"... kəlmələrini oxuduq.
Yazı insana Tanrı tərəfindən verilən ən böyük istedad və hədiyyədir. Yazı adamı, könül adamı, Türk ellərinin dillərini, elmi cameəsini bir yerə yığan, bir eli terən Darxan Kıdıralı yazı haqqında danışanda dedi ki:
-Dünyadakı bütün mədəniyyətlər yazı ilə, qələmlə başlayar. Qələm sahibi olmaq insanın ən böyük xoşbəxtliyidir. Qələmi olan insan daha azad, daha uzaqgörən olur, düşüncələrini ayazlaşdırır, bəyazlaşdırır. Nə mutluyuq ki, ilk yazılarımız da daş yazılar olub. Diriliyimiz onunla başlayıb. Həmin daş kitabələrdəki yazılarda bir istək var: əbədi güc olan, Tanrıdan mədət alan türklərin həm yazısının, həm dövlətinin, həm bütün mirasının əbədi olmaq arzusu. O baxımdan bu yazılar bozkırlarda - səhralarda dayandı. Küləklər, çovğunlar, boranlar, leysanlar o yazıları poza bilmədi. Çünki Tanrı xəbəri olan yazılar idilər. Biz bozkırlarda, boz şöllərdə babalarımızdan qalan o müqəddəs yazıları oxumaq üçün minlərlə kilometr yol qət etdik. Və o məkanları arayıb-araşdırdıq. Məqsədimizə çatdıq. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır. Arxanqay vadisində 51 məbəd, xanlıq iqamətgahı, kompleksi var. Burada alimlərimiz, arxeoloqlarımız üçün 100 ilə çatacaq axtarış yerləri, daş kitabələr, nadir yazılar, sirrlər mövcuddur. Buralar sözün həqiqi mənasında Xaqanların Pantionudur. Ömür istər, oğul istər, dövlət istər ki, bu sirrləri açan olsun!
"Səni Qazaxıstan Respublikasının İnformasiya və ictimai inkişaf naziri təyin edirəm"
- Kutluq Xaqanın adından qalan müqəddəs daş yazısının başı üstündə dayanıb Tanrıya şükr etdiyiniz həmin o anda Qazaxıstanın dövlət başçısından bir telefon zəngi aldınız. Bu məqamı danışın, Darxan bəy...
- Hələ 2022-ci iln mart ayından dövlətimizin başçısı hörmətli Kasım Comərd Tokayev məni iqamətgahına dəvət edib dedi ki, TWESCO rəhbərliyindən ayrılım, mənə dövlətdə yeni bir vəzifə etibar etmək istəyir. Mən Qazaxıstan Respublikasının Prezidentindən vaxt-vədə istəyib dedim ki, yarımçıq qalan işlərim var. Kutluq Xaqanın abidəsini, yeni türk yazılarını axtarışını yekunlaşdırmalı və beş dövlətin xarici işlər nazirlərinin iştirakı ilə Akademiyanın yığılıb qalan problemlərini həll etmək üçün görüş keçirməliyəm. Rica etdim ki, bu işləri tamamlamağa mənə möhlət versin. Payıza qədər vaxt istədim. Razılaşdıq. 22 avqust 2022-ci ildə günəş Monqolustandakı Arxanqay dağlarını, vadisini işıqlandırdığı o günorta vaxtı dövlət rəhbərimiz mənə telefon açıb, harada olduğumu soruşdu. Sevincək dedim ki, elə bu dəqiqə yeni tapılmış Kutluq Xaqan kitabının başı üzərində dayanmışam. Orada "Tanrı", "Türk oğlu" sözləri yazılıb. Cənab prezident verdiyim xəbərdən çox sevindi, ekspedisiya üzvlərinə təbrikini çadırmağımı söylədi. Sonra isə əlavə etdi ki, verdiyin vədənin vaxtı tamamdır, mən də səni Qazaxıstan Respublikasının İnformasiya və ictimai inkişaf naziri təyin edirəm.
"Azərbaycanda Darxan Kıdıralını ürəkdən sevən etibarlı dostları var"
Darxan Kıdıralının yeni vəzifəsini Azərbaycan Elmlər Akademiyasının prezideni, akademik İsa Həbibbəyli belə uğurladı: "Azərbaycan elminin, ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrinin tanıdılmasına Darxan Kıdıralı Beynəlxalq Türk Akademiyasının prezidenti kimi ürəklə xidmət edib. Azərbaycanda Darxan Kıdıralını ürəkdən sevən etibarlı dostları var. Bütün bunlar tanınmış elm xadimi və böyük təşkilatçı Darxan Kıdıralının türk dünyası və müasir Qazaxıstan dövlətçiliyi üçün gərəkli və faydalı bir persona olduğunu göstərir.
...Darxan Kıdıralı dövlətçilik təfəkkürü ilə, siyasi dünyabaxışla elmi idealları birləşdirməyi, onların üzvü vəhdətinə nail olmağı bacarır. Möhkəm surətdə bu fikirdəyəm ki, Darxan Kıdıralı elm ağırlıqlı ictimai-siyasi xadimdir. Beynəlxalq miqyasda, xüsusən, türk dünyasında inteqrasiya proseslərinin genişlənməsində və inkişaf etdirilməsində akademik Darxan Kıdıralının və onun uzun illər uğurla rəhbərlik etdiyi Beynəlxalq Türk Akademiyasının mühüm rolu var. Darxan Kıdıralı özünü yüksək idarəçilik qabiliyyətinə malik olan böyük təşkilatçı kimi də isbat edib. O, dövlət müstəqilliyi dövrünün meydana çıxardığı Türk Akademiyasının işlərini əsaslı şəkildə yenidən qurub, bu Akademiyaya beynəlxalq status qazandırıb. Qürur hissi ilə demək olar ki, məhz akademik Darxan Kıdıralının sayəsində Beynəlxalq Türk Akademiyası türk dünyası miqyasında və Şərq-Qərbdə daha geniş beynəlxalq müstəviyə çıxıb".
Darxan Kıdıralı Vətən, xalq, elm adına işə başladığı hər yerdə cığır açdı, yol açdı. Özünə mənəvi müəllim hesab etdiyi İsmayıl Qaspralının "İşdə, dildə, fikirdə birlik" devizini Beynəlxalq Türk Akademiyasına gətirdi. Adı unudulmaqda olan, repressiyaya uğrayan böyük fikir və elm adamlarının əsərlərinin, şəxsiyyətlərinin üstündən sovet tozunu silib təmizlədi. Darxan Kıdıralının təşəbbüsü ilə hər il keçirilən "Böyük Çöl" Humanitar Forumu bütün Türk dünyası araşdırmaçıları üçün görüş, fikir mübadiləsi yeri oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən son sammitində dövlət başçılarının qərarına uyğun olaraq, Beynəlxalq Türk Akademiyası qarşısında "Ortaq türk tarixi", "Ortaq türk ədəbiyyatı" və "Ortaq türk coğrafiyası" dərsliklərinin hazırlanması məsələsi qoyuldu və nəticə əldə edildi. Məqsəd isə əlimizdən alınan tariximizi, ədəbiyyatımızı, pozulan birliyimizi yenidən işığa çıxarmaq və yaşatmaqdır.
Akademik İsa Həbibbəylinin sözünə qüvvət olaraq qeyd etmək istərdim ki, Darxan Kıdıralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə "Dostluq" Ordeni ilə təltif edilib.
"Azərbaycan Türk dünyasının döyünən ürəyidir"
O günləri xatırlayanda professor Darxan Kıdıralı deyir ki: "Azərbaycan Prezidenti cənab İlham Əliyevdən aldığım mükafat Türk dünyasına verilən dəyərdir. Bu dəyəri doğrultmağa, yaşatmağa çalışmaq isə bizim üçün bir könül və əməl borcudur. Hörmətli Prezident İlham Əliyevlə görüşəndə ona Beynəlxalq Türk Akademiyasının nəşri olan "Qoç abidələri" kitabını hədiyyə etdim. Qoç başları hakimiyyətin, qoyun başları və heykəlləri ruzi-bərəkətin, quzu - artımın, çoxalmanın simgəsidir. Qurd sərbəstliyin və azadlığın, aslan gücün rəmzidir. Tanrı Azərbaycan xalqına güc verdi, 2020-ci ildə öz tarixi torpaqlarını geri almağa başladı. Azərbaycan Türk dünyasının döyünən ürəyidir. Mənim Azərbaycanda, Özbəkistanda, Qlrğızıstanda, Macarıstanda, Türkiyədə dostlarımızın sayı kəndimizdə tanıdığım adamlardan çoxdur".
Böyük Çölün övladı, Bozkır oğlu Türk dünyasının elminə birgəlik bəxş etdi. Bu illər ərzində özü Astanada yaşasa da, getdiyi uzaq və məsuliyyətli səfərlərdən geri dönəndə anası Qəndgül xanımın qoruduğu ocağa gələrdi. Deyərdi ki, yalnız onun dizlərinin üstünə başımı qoyandan sonra bütün yorğunluğum unudulur və yaratmaq, işləmək üçün gücüm çoxalır.
Təəccüblü bir məqam var ki, ana uzun illər boyu hətta, böyük oğlu Darxanın da evinə belə bir günlük də olsun qonaq gəlməmişdi. Oğlunun təkidi ilə bir dəfə - 2020-ci ildə COVİD-19 pandemiyası tüğyan edəndə Darxan anasını Astanaya gətirməyə razı sala bilmişdi. Bir də ötən ilin dekabrında ananın səhhəti pisləşəndə onu öz evinə gətirmişdi. Ana 31 dekabrda elə sevimli oğlunun qolları arasında "kaytış boldı".
Qəndgül ana 1 yanvarda dünyaya gəlmişdi. 2023-cü ilin 1 yanvarında övladlar böyük qardaşın evində yığışıb ananın doğum gününü qeyd edəcəkdilər. 71 yaşı tamam olan günü Ananı dəfn edəndən sonra göydən günəş boylanacaqdı. Tufan da, boran da sozalıb gedəcəkdi.
Qazaxlar yaxşı adam öləndə "Kaytış boldı" deyirlər - yəni "qayıtdı". Qəndgül ana da Tanrının dərgahına gözləri arxada qalmadan, gülə-gülə, ağrı-acısız qayıtmışdı...
Günümüzün Kul Tegini, Türk dünyası alimlərini, elm adamlarını bir yerə toplamağı bacaran professor Darxan Kıdıralı haqqında yazmaqla nə sözüm bitər, nə söhbətim. İnanıram ki, oxucularımız da işıq kimi dostlarının ürəyinə yayılan Böyük Çöl oğlunun haqqında yazdıqlarımı sevə-sevə oxuyarlar.
Aida
EYVAZLI
525-ci qəzet.- 2023.- 3 mart.- S.10-11.