"Sönən işıq oldun, batan səs oldun..."  

 

 

"Kimlər gəldi, kimlər getdi bu dünyadan..." Son zamanlar daha çox eşitməyə başladığımız itkilərin təsiri ilə məşhur mahnının hamıya tanış misrasını dilimdə vird edə-edə Feysbuka göz atırdım ki, qarşıma bir xəbər çıxdı: "Şair Əli Kərimin ömür gün yoldaşı Elza Kərimova ötən gün 84 yaşında vəfat edib".

Sevdiyim şairin sevdiyi qadın da köçdü bu dünyadan. Düz 54 illik həsrətdən sonra qovuşdu öz yarına... Bir 8 il öncə dünyasını dəyişən oğlu Orxana.

Elza xanım Əli Kərimin bu dünyadakı əmanəti, həm varlığını yaşadan idi. Cəmi 11 il bir yastığa baş qoyduğu şairini özündən sonra düz 54 il dipdiri saxlamağı bacardı. İndi özü bu dünyadan köçünü çəkməyinə baxmayaraq, onun topladıqları, nəşr etdirdikləri, qoruduqları sevgili şairini hələ çox uzun illər, əsrlər yaşadacaq, şübhəsiz!

lll

Əli Kərimlə Elza xanım 1958-ci ildə evləniblər. Elza xanım tanışlıqlarını " xoşbəxt imişəm" kitabında yazıb. O zaman gənc bir oğlan olan Əli "Qorki"ni bitirib Bakıya gəlir. Ondan 8 yaş kiçik Elza isə hələ orta məktəbdə oxuyurmuş. Əli Kərim Lermontov küçəsində qalan sevdiyini görmək üçün hər gün həmin küçəyə gedər, onun qaldığı evə baxarmış. Bir gün Elza xanım etiraz edib deyir ki, bəsdi, gəlmə arxamca, durma burda, görən olar. Əli Kərim isə özünəməxsus zarafatından qalmadan deyir ki, mən şair kimi Lermontovu çox sevirəm, ona görə gəlirəm bura.

Elza xanım gəncliyində çox gözəl qadın olub. Hətta Rza şah Bakıya gələndə şaha gül veribmiş. Sonra İran səfiri ona elçi düşür. Elza xanım isə Əli Kərimi seçir ömrünün sonuna kimi bu seçiminə, bu sevgisinə sadiq qalır.

Əli Kərimin həyat yoldaşına sevgisi sayğısı sonsuz olub. Gənc yaraşıqlı şairə məhəbbət bəsləyən, eşqini etiraf edən qızlar çox imiş. Onun isə gözləri Elzasından başqa kimsəni görməyib. Hətta bu etirafları hər kəsdən öncə həyat yoldaşıyla bölüşüb ki, qısqanclığa, narazılığa, yalnış anlaşılmaya heç bir rəvac verməsin. Müsahibələrinin birində Elza xanım bunu belə təsvir edir:

"Əli Kərim mənim haqqımda şeir yazıbsa, mənə çox ülvi məhəbbəti olubsa, bu gün borcumdur ki, onun barəsində qədər desən, danışım. Yeganə adam olub ki, qadınına bu qədər etibar edib. Bunu tək mən demirəm. Başqalarından da soruşa bilərsən. Gözəl oğlan olub. Gənc qızlar ona məktublar yazardılar. Yazıçılar İttifaqına göndərərdilər. Onları açmazdı. Evə gətirib mənə verərdi. Deyirdi ki, sən . Mən cavab verirdim ki, əşi, özün oxu da. O qədər arxayın idim ki, ondan. Heç açmırdı,  oxumurdu da. O cür təmiz bir adam idi. Ona desəydilər ki, Elza bir yarım saat artıq yaşayacaq, qolunu-qıçını ver, verərdi. O, bir o qədər qızın içində məni sevib, məni seçib. Mən kiməm ki?! Əliyə bütün qızlar qurban!.."

Əli Kərimin ölümü isə Elza xanım üçün həm gözlənilməz zərbə, həm bu dünyadakı çox böyük yükün səbəbi olub. Hətta onun vəfatından sonra gənc qadın düz dörd ay dərin depressiyada ən yaxın adamlarını belə tanımayıb: "Gördüm ki, Əli can verir. Amma mənə demir. Bir şeirində var: "Ölüm gəlirdi, sadəlövh bir gözəli aldadırdı". Orda sadəlövh mənəm. İndi düzəlmişəm, ağıllanmışam. Onda çox avam idim. Gözünə baxa-baxa getdi. Gözündə mənim şəklim qaldı. Doktor deyəndə ki, Əlinin gözünü bağla, dedim, edirsiz?! Dedilər ki, ölüb, gözünü bağlayırıq. Qoymadım, gözlərini özüm bağladım. Gözündə mənim şəklim getdi... Əli rəhmətə gedəndən sonra dörd ay adamları tanımadım. Heç yaxın adamları da tanımırdım. O günə düşmüşdüm. Sonra gördüm ki, əldən gedirəm, dedim ki, Elza, daha bəsdir, özünü yığışdır. Özümü yığışdıra bildim. Yığışdırdım,  uşaqlarımı oxutdum".

1969-cu ildə Əli Kərim bu dünyaya vida edərkən sevgili həyat yoldaşı Elzaya üç oğlunuruhunun məhsulu əsərlərini, şeirlərini əmanət qoymuşdu. Bəlkə də ondan sonra Elza xanımı ayaq üstə durmağa, həyatını davam etdirməyə səbəb də məhz Əlisinin əmanətləri idi. O, bütün əmanətlərinə eyni sədaqət və məhəbbətlə sahib çıxdı: "Əli vəfat edəndən sonra əlyazmalarının hamısını topladım, qorudum. Bütün əlyazmaları dövlətə təhvil verdim. Arxiv idarəsində dedim ki, Əli Kərimin evi zirzəmidədir. Orada qalsaydı, əlyazmaları çürüyərdi".

Elza xanım sonrakı illərdə də Əli Kərim irsinə, yaradıcılığına ən yüksək şəkildə sahib çıxan, onun əsərlərini, poeziyasını yaşadan, gələcək nəsillərə daşıyan bir həyat yoldaşı oldu. 1970-ci ildə Sumqayıtda şairin adını daşıyan Poeziya Evinə və oradakı gənclərə öz avtoqrafı ilə Əli Kərimin kitablarını hədiyyə etməsi, sonra Əli Kərimin kitablarını çap etdirməsi bu nümunələrdən sadəcə ikisidir.

Elza xanım ədəbi mətbuatı da çox ciddi şəkildə izləyirdi. Əli Kərim yaradıcılığına biganə qalmayan, onun haqqında yazan, bir görən hər kəsə sonsuz hörmət və ehtiramla münasibət bildirirdi. 2014-cü ildə ədəbiyyatşünas Məti Osmanoğlunun "Azərbaycan" jurnalında Əli Kərimə həsr etdiyi məqaləsini oxuyandan sonra ona zəng edib "sənin məqalənlə Əli Kərimi şair kimi tanıdım" deməsi, 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən Əli Kərimin "Metronun yaylı qapıları" kitabı çap olunandan sonra Rəşad Məcidin televiziyada Əli Kərim poeziyası və sözügedən kitab haqqındakı çıxışına görə AYB-yə zəng edib "təzyiqim vardı, özümü yaxşı hiss etmirdim, sizi dinlədim, düzəldim" deyib təşəkkür etməsi Elza xanımın həyat yoldaşına və onu sevənlərə vəfasının göstəricisidir.

Bubu kimi nümunələr çoxdur, lap çox! Cəmi 30 yaşında ikən Əli Kərim kimi bir həyat yoldaşını itirən Elza Kərimova 84 yaşına kimi onun - xalqın sevimli şairinin yaşadılması, gələcək nəsillərə tanıdılması yolunda çox işlər gördü. O, həm də illər boyunca "vəfalı bir həyat yoldaşı necə olmalıdır" sualına ən gözəl cavab, ən gözəl örnək oldu. İndi isə bu dünyadakı missiyasını tamamlayıb sevimli həyat yoldaşına qovuşmağa getdi. Yeri behişt, ruhu şad olsun!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 3 mart.- S.9.