Şekspir
dünyası
(Əvvəli
ötən şənbə sayımızda)
Xarici
siyasət
Londonun yeni inkişafa daxil olması, İngiltərənin
dünya ilə əlaqələrinə də təsir
göstərməyə bilməzdi. 1558-ci ildə Fransa ərazisindəki
Kalenin itirilməsi və onu 1562-ci ildə bərpa etmək sahəsindəki
cəhd uğursuzluğa düçar olduqda, İngiltərənin
Fransadakı ərazi ambisiyalarına birdəfəlik son
qoyuldu. Yüzillik müharibə 1453-cü
ildə başa çatanda, fransızlar ingilisləri,
La-Manş sahilində olan Kale istisna olmaqla (İngilislər isə
boğazı, fransızlardan fərqli olaraq, İngilis
kanalı adlandırırdılar), bütün torpaqlarından
qovmuşdular. XVI əsrin ortalarında isə
Kale də birdəfəlik itirilərək, Fransanın nəzarətinə
keçmişdi.
Flamand limanı olan Antverpen daha mühüm əhəmiyyət
kəsb etməyə başladı. Bu liman vasiləsilə
inglis yun tacirləri öz mallarını Avropaya ixrac etməyə
başladı. Limanı açıq saxlamaq ehtiyacına
görə, İngiltərə üsyan qaldırmış
hollandların ispan işğalçılarını
Niderlandlardan qovmaq cəhdlərinə dəstək verdi. İlk dəfə idi ki,
İngiltərə öz iqtisadi marağını qorumaq
üçün hərbi qüvvədən istifadə etməyə
hazır olduğunu göstərdi. Çünki
bu vaxt xarici ticarətin ölkə üçün
inkişafın açarı olduğunu gördü. Kommersiya maraqları ilə İngiltərənin
xarici siyasətinin uzlaşdırılması 1600-cü ildə
İngilis Şərqi İndiya Kompaniyasının
yaradılması ilə daha açıq şəkildə
özünü göstərdi. Kompaniya İngiltərənin
Şərqi İndiya ədviyyat ticarətindən pay
alması üçün yaradılmışdı, ancaq
tezliklə siyasətə də müdaxilə etdi və XVIII əsrdə
Asiyadakı ingilis imperiyasının xeyli hissəsini öz
sobasında döyüb düzəltdi.
Ancaq ser
Frensisk Dreykə (ona ser titulunu kraliça I Elizabet vermişdi,
məşhur dəniz qulduru kimi İspaniya limanlarına
hücum edib, gəmilərə ağır ziyan vurmuşdu,
Magellandan sonra ikinci olaraq Dünya ətrafına uğurlu səyahət
etmişdi), Uolter Reliyə və Hemfri Cilbertə bənzəyən
dəniz quldurları və tədqiqatçıları sərbəst
şəkildə həm Qərbi, şəm də Şərqi
İndiyalarda öz işlərini görürdülər,
Elizabet isə Avropa ilə İngiltərənin əlaqələrini
idarə edirdi.
Antverpenin ingilis ixracı üçün açıq
saxlanması davam edirdi, kommersiya maraqları, əlbəttə
ki, vacib faktor olaraq qalırdı, lakin kraliçanın diqqəti
daha çox üç daxili işə yönəlmişdi. Bunlar
İngiltərənin dini, kraliçanın özünün,
bu mümkünsə, ərə getməsi və varis məsələsi
idi. Axırıncıya isə qitə
Avropasının sülalələri müdaxilə etmək
istəyirdilər.
Elizabet taxt-taca gələndə, ispaniyalı II Filipp nəhəng
imperiyanı idarə edirdi, bu imperiyaya İtaliyanın
çox hissəsi, Fransanın bir hissəsi, Amerikanın əksər
əraziləri, Niderland və İspaniyanın özü
daxil idi. O, həmçinin,
bunlardan istifadə edərək, Protestantizmin genişlənməsinin
yayılmasını dayandırmaq istəyirdi. Mariya
Tüdorun dul əri kimi o, Elizabetə ona ərə getməyi
təklif etdi, inanırdı ki, onların varisi İngiltərəni
katolitsizmə qaytaracaqdır.
1570-ci ildə
bu, xüsusi bir məsələyə çevrildi, bu vaxt papa
V Piy Elizabeti xristian dinindən kənarlaşdırdı və
on il sonra isə papa XIII Qriqori dekret verdi
ki, bir yeretik kimi Elizabet qətlə yetirilə bilər.
Bu ərəfədə, belə qütbləşmənin
səbəblərindən biri ingilis dəniz
quldurlarının fəallaşması idi, İspaniya ilə
münasibətlər 1585-ci ildə açıq müharibə
nöqtəsinə gəlib çatdı. İngiltərə
Niderlanddakı uzunmüddətli münaqişəyə pis
hazırlaşmışdı, lakin onun donanması daha
yaxşı silahlanmışdı. 1588-ci
ildə Filipp artıq nəhəng dəniz qüvvələri
ilə İngiltərəyə müdaxiləyə çox
ciddi hazırlaşmışdı, onlara Niderlanddakı ispan
qoşunları da köməyə gələcəkdi.
İngilis hərbi gəmiləri İspan
Armadasını La-Manşda məğlub etdi. Müharibə sonrakı 15 il ərzində İspaniyanın yeni suya
salınan armadaları vasitəsi ilə davam edirdi. İspaniya İrlandiya sahillərində qüvvə
toplamışdı ki, yenidən müdaxilə cəhdi etsin.
Lakin İngiltərə artıq asan şəkildə
qorxudulan deyildi.
Şotland
kraliçası Mariya Styuart
İngiltərə, həmçinin, İspaniya kimi
Fransa tərəfindən də hədələnirdi. Axırıncının
niyyəti İngiltərədə katolitsizmi bərpa etmək
kimi görünürdü. Fransanın bu
kampaniyası Şotland kraliçası Mariya Styuartın
iddiası ətrafında qurulmuşdu. O, Tüdor ailəsinin
üzvü olan nənəsinin malik olduğu xəttin köməyi
ilə İngiltərə taxt-tacına yiyələnmək
istəyirdi. Onun nənəsi kral VIII Henrinin
bacısı idi. Mariya Tüdoru Elizabet əvəz
edəndə fransız kralı II Henri öz gəlini
üçün ingilis taxt-tacına iddia etdi. Əri
öldükdən sonra (o, Fransa kralı II Fransiskin arvadı
idi və nikahın müddəti ərinin ölümünə
qədər 1,5 il çəkmişdi) dul
qalan Mariya vətəninə qayıtdı və artıq o,
açıq şəkildə katolik təhlükəsini təmsil
edirdi. Onun öz əmisi oğlu Henri Styuarta -
Dadli qrafına ərə getməsi də bir sıra hadisələrlə
müşayiət olundu, hətta qadının taxt-tacdan
devrilməsinə aparıb çıxardı. 1566-cı ildə Mariya uşaq doğduqdan sonra,
Bosvill qrafı ilə zinakarlıq əlaqəsinə girdi və
deyilənlərə görə, 1567-ci ildə Darlinin qətlə
yetirilməsi təşkil olundu. Üç
ay sonra Mariya Bosvillə ərə getdi. Lakin
qısa müddətdə o, protestant lordlar tərəfindən
taxt-tacdan uzaqlaşdırıldı. Onlar
onun körpə oğlu Ceymsi anasının yerinə kral etdilər.
Şotlandiya üçün körpənin taxt-taca
qalxması adi bir hal idi, Mariya Styuartın özü 6
günlük körpə olanda, öldürülmüş
atası kral V Ceymsin yerinə kraliça elan edilmişdi. Belələrinin uşaqlıq vaxtında ölkəni
regentlər idarə edirdi. 1568-ci ilin
mayında Mariya İngiltərəyə qaçdı ki, orada
öz qohumu, nənəsinin qardaşı qızı I
Elizabetin himayəsinə sığınsın. Elizabet isə onu dustaq etdi. Lakin
tezliklə Mariya katolitsizmi bərpa etmək qəsdini
hazırlayanların fokus nöqtəsinə çevrildi.
1586-cı ildə bir sıra qəsdlər təşkil
olundu, onlara Mariya da qoşulmuşdu. Nəticədə
Elizabeti inandırdılar ki, böyük ambisiyalara sahib olan
şotlandiyalı qohumu onun özünün
öldürülməsinə çalışır. Hətta
o vaxtlar qanuni monarxların edam edilməsi
pretsedenti ehtiyatlı hərəkət etməyi tələb
edən bir iş olduğundan, Elizabet Mariyanın boynunun
vurulmasına əvvəlcə tərəddüd edirdi. Mariyanın oğlu VI Ceymsə yazdığı məktubda
bu hərəkətinə görə ona özünün kədərli
hisslərini ifadə etmişdi.
Mariya Styuartın oğlu kimi İngiltərə
taxt-tacında varis olan Ceymslə kraliça Elizabet çox
sayda məktub mübadiləsi etmişdi. O, həqiqətən də,
1603-cü ildə Elizabeti əvəz etməklə İngiltərə
kralı oldu. Bundan xeyli əvvəl Bakirə adlanan
kraliça 50 yaşına qədəm qoysa da (öləndə
onun 70 yaşı var idi), hələ də ərə getməmişdi,
baxmayaraq ki, Avropa ölkələrinin krallarından və
şahzadələrindən çoxlu təkliflər
almışdı. Onların arasında Avstriya ershersoqu Karl,
İsveçdən XIV Eriki, Anju hersoqu (sonralar Fransa kralı
olan) III Henri və Alonson hersoqu Fransisk var idi. Elizabet
onların hamısına rədd cavabı vermişdi. O
vaxlar xəstə ayaqlarına görə yeriyə bilməyən
Elizabet Fransa şahzadəsinin təklifinə istehza ilə
cavab vermişdi ki, axsaq qoca qadın cavan oğlanı nikah
üçün kilsəyə aparacaqdır. Robert Dadliyə -
Lester qrafına vurulmasına baxmayaraq, bir ingilis kübarı
kimi onunla evlənməkdən də imtina etmişdi. Heç bir şey nəzərdən qaçmırdı,
çünki onun ərə getməsi ilə həm hakimiyyəti
zəifləyəcək, həm də zəruri olmayan
münaqişələr yaranacaqdı.
Heç bir variant onun üçün faydalı
görünmürdü. Əcnəbi ər İngiltərəni
Avropa mübahisələrinə girməyə dartacaqdır,
ingilis ər isə kübarlar arasında qəzəbli rəqabət
yaradacaqdı. Xaotik varislikdən və
katolitsizmin qayıtmasından qorxaraq, İngilis Parlamenti dəfələrlə
ona ərə getməyi və varis doğmağı israr
etmişdi. Şekspirin yazdığı
tarixi pyeslərdə də oxşar qaydada qeyri-müəyyən
varisliyin təhlükəsi əks olunurdu və İngiltərənin
birliyi üçün buna ehtiyac duyulduğu qeyd olunurdu.
Hətta Elizabetin hakimiyyətinin final illərində
onun təsiri azalmağa doğru gedirdi, tənəzzülə
uğrayırdı. O, ölüm yatağına
düşənə qədər varisini adlandırmaqdan imtina
etmişdi. Lakin 1603-cü ildə
şotlandiyalı VI Ceyms - həmin ölkədə
salamlandı və o, İngiltərədə I Ceyms kimi
taxt-tacın sakit qaydada ötürülməsinin
mümkün əminliyinə kömək etdi.
Ceyms artıq böyük hökmranlıq təcrübəsinə
malik idi, iki dekada müddətində Şotlandiyanı idarə
etmişdi, özünün sözü ilə dediyi kimi,
ingilis taxt-tacına "köhnə və təcrübəli
bir kral" kimi gəlmişdi. Axı o, həqiqətən 20 il ərzində Şotlandiyanın kralı
olmuşdu. Onun uşaqlığında
Şotlandiyanı güclü regentlər idarə etmişdi.
16 yaşına çatanda Ceyms hakimiyyəti
öz üzərinə götürmüşdü və
sonrakı idarəetmə illərində özünün
qabiliyyətli və razılıq yaratmağı bacaran kral
olduğunu sübut etmişdi. O, özünü
Presbuterian kilsəsinin başçısı etmiş, lakin həm
də şotland kübarları arasındakı katoliklər
fraksiyasına qarşı da tolerant yanaşmışdı. Hətta
öz anası, Şotland kraliçası Mariyanın edam edilməsindən əvvəl o, Elizabetin
varisi kimi qəbul olunurdu. Bu baş tutduqda, beləliklə,
İngiltərə ilə Şotlandiya arasındakı
sülhə də müəyyən əminlik yaranacaqdı.
İngiltərə I Ceymsin hakimiyyəti dövründə
Ceyms uzun müddətdə Şotlandiyanın kralı olsa da, uğurlu ingilis hökmdarı olmasını, bu taxt-tacda olan vaxt sübut etməli idi. O, tez bir qaydada və müdrikliklə İspaniya ilə sülh bağladı, lakin onun ölkə Parlamenti ilə münasibətlərində çətinlik mövcud idi. Şotlandiyada isə o, kübarlığa nəzarət etməyi bacarmışdı. Ona iqtisadi böhran miras kimi qalmışdı, taxt-tac İspaniya ilə müharibəyə görə pul borcuna düşmüşdü. Parlament yeni vergiləri bəyənməkdən imtina etdikdə, yeni gömrük vəzifələri yaratmaqla mövcud düşmənçiliyə əlavə bir canlanma verdi. Sonralar Parlamentə məhəl qoymamaqla və özünün populyar olmayan favoritləri ilə ölkəni idarə etməklə, o, həm İcmalar Palatasından, həm də Lordlar Palatasından uzaqlaşdı və beləliklə, 1642-ci ildə oğlu I Karlın əleyhinə parlament üzvlərinin qiyamının qalxmasının bünövrəsini xeyli əvvəl qoymaqla, baş verən bədbəxtliyə ilkin şərait yaratmışdı. Ceymsin ləqəbi "Xristianlıqda müdrik səfeh" idi. Oğlu kral V Karla qarşı qiyam isə əsl inqilaba, vətəndaş müharibəsinə çevrildi və İngiltərə tarixində müstəsna bir hadisə baş verdi, kral I Karl edam edildi. I Ceymsin Parlamentə məhəl qoymaması sonra təkcə oğlunun məhv edilməsi ilə deyil, İngiltərədə monarxiyanın qısa müddətdə də olsa ləğv edilməsi ilə nəticələndi. Özünə güvənmənin cəzası birbaşa onu şəxsən haqlamasa da, oğluna çatdı və dövlət quruluşuna ağır zərbə vurulmasına gətirib çıxardı.
Həm də Ceyms müəyyən uğurlu siyasi addımlar atmaqdan da xali deyildi. O, İngiltərənin Avropadakı Otuz illik müharibədən (1618-1648-ci illər) kənarda saxlamışdı və vətənindəki bütün dini münaqişələrin qarşısını almağı bacarırdı. O, həmçinin, ingilis dilində çap olunmuş ən mühüm kitablardan birinin buraxılmasına sponsorluq etmişdi. Bu kitab kral Ceyms Bibliyası adlanır. 47 alimi o, özü şəxsən seçmiş, onlar tərcümənin hazırlanması üzərində 7 il işləmişdilər. 1611-ci ildə kitab çap olunmaqla, bu "nüfuzlu versiya" ingilis dilindəki mətn kimi bir standarta çevrildi, üç əsrdən artıq bir müddətdə Ceyms Bibliyası öz səviyyəsini saxlamışdı.
İngilislər və amerikanlar XX və XXI əsrlərdə də Bibliyanın tərcüməsinin mükəmməlliyini təmin etmək işini davam etdirirlər. Bu sahədə Amerika Bibliya Cəmiyyəti və Birləşmiş Bibliya Cəmiyyətləri olduqca böyük və nəcib iş görür. İngilis dilindəki Bibliya hər dekadada yeni, daha dəqiq tərcümədə və redaksiyada çap olunur. Mətnin tərcüməsinin qiymətli alınması üçün qədim dillərdə olan yəhudi, aramey və yunan mətnlərindən istifadə olunur. Onlar Bibliyanın dəqiq və başa düşülən dildə nəşrini təkmilləşdirməklə, bu vacib vəzifəni ləyaqətlə yerinə yetirirlər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 4 mart.- S.22.