Dilimizin əbədi çeşməsindən su içən İslam Səfərli poeziyası

 

Unudulmaz şairimiz İslam Səfərli Azərbaycan torpağını, Azərbaycan təbiətini və Azərbaycan insanının duyğularını ən ürəyəyatan bir mahnı kimi təqdim edən söz sənətkarı olub. Sözlərinə nəğmələr bəstələnən şairlər də var. Lakin İslam Səfərli çox sayda şeiri nəğmələşən şairdir. Əslində, İslam Səfərlinin şeirləri musiqi bəstələnmədən də gözəl bir nəğmə təsirindədir:

 

Bulaqların bir səmtədir axarı,

"Salvartı"nın xoş görünür baxarı,

Bicənəkdən at səyirdib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

 

İslam Səfərlinin söz və ifadələr üzərində apardığı poetikləşdirmə əməliyyatı çevikdir. Yuxarıdakı örnəkdə inci kimi düzülüb bir-biri ilə qafiyələn axarı, baxarı, yuxarı sözləri, yata-yata feli bağlama ilə yönlük halda işlənmiş Batabat xüsusi ismi poeziya dilinin təbiətinə uyğun olaraq seçilən sözlərdir.

"Gəlmişəm" rədifli bu gözəl əsərdə həqiqi pafos, güclü şairlik ehtirası, vətən övladının dərin yurd sevgisi özünü göstərir. Tutumlu deyim və ifadələr nəğmənin ahəngini daha da çoxaldır. Xüsusi üslub keyfiyyətlərini dəqiq əks etdirmək iqtidarındakı misralar  sözə fəal münasibəti genişləndirərək şeirin bədii ləyaqətini yüksəyə qaldırır. Oxucu ana dilimizin təbiətinə uyğunluğun hədsizliyini hiss və dərk edir və İslam Səfərlinin qələmində Naxçıvanın dilbər guşəsi Batabat Azərbaycanın poetik yaddaşına yazılır. Onomastik vahidin bədii  anlamı şeirin məzmununda daha tez və dərindən  müəyyənləşir:

 

Vüqarlıdır zirvələrin, qaşların,

Üzə gülür qayaların, daşların.

Mən İslamam, öz səsimi quşların

Nəğməsinə qata-qata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

 

Təkcə hər bəndi "Mərcan gözlü Batabata gəlmişəm" misrası ilə bitən şeiri bəsdir ki, İslam Səfərlinin poetik ehtirası üzə çıxsın və "nəğməkar" epiteti onun şair adına  yaraşsın. Əsərdə Salvartı, Bicənək, Qonaqgorməz və tez-tez təkrarlanan Batabat kimi xüsusi adlar - onomastik vahidlər o qədər ustalıqla, incə sənətkarlıqla işlənib ki, şairin fikir və məqsədinin daşıyıcısına çevrilib. Şair "Masallı", "Şərur duzləri", "Qubanın ağ alması", "Ağ çay", "Qara çay", "İstisu", "Abşeron", "Bərdə", "Mərəzə", "Suraxanı", "Bilgəh bağları", "Mingəcevir dənizində", "Bakıya Kür gəlir", "Batabat bulağı", "Badamlı", "Naxçıvanım", "Azərbaycanım", "Bakı bir Bakıdır ki" kimi onlarla şeiri ilə vətənimizin poetik xəritəsini cızmışdı. İslam Səfərli yaradıcılığının onomastikası çox zəngindir. Lakin burada şairin ana vətəni Naxçıvan qırmızı xətlə keçir. "Naxçıvana gəlmişəm" əsərində İslam Səfərli:

Vurulduqca bu sevimli yurda mən,

Rübabımı kökləmişəm burda mən.

Mənə şeir çələngini bəxş edən,

 

bu misralarla ilk şairlik ilhamının Naxçıvanla bağlılığını göstərir. Naxçıvan toponimlərinin bədii obraz səviyyəsinə qaldırılmasında İslam Səfərli yaradıcılığı əvəzsizdir. Məhz buna görə bu sətirlərin müəllifi "Dilimizin İslam Səfərli şirinliyi" adlı əsərində şairi "Naxçıvanın Səməd Vurğunu" adlandırıb: "Naxçıvanın Səməd Vurğunu - İslam Səfərli ədəbi aləmdə öz izi ilə yerimək prinsipini seçən sənətkarlardan biridir. Şeirdə sadəliyi böyük məziyyət hesab edən şair Azərbaycanın ilk Xalq şairi S.Vurğun kimi ehtiraslı, hərarətli, alovlu natiq olmuşdur. Onun Naxçıvanla bağlı əsərləri, xüsusilə də "Batabat bulağı", "Naxçıvanım" kimi şeirləri S.Vurğunun "Azərbaycan" şeiri kimi axıcı, coşqulu və təsirlidir". Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanı tərənnüm edən şeirlərində Səməd Vurğun kimdirsə, Naxçıvanla bağlı əsərlərində İslam Səfərli odur.

İslam Səfərlinin dilində  adi sözlərin təkrar olunması ilə lirik duyğuların təqdimi də bir nəğmə təsiri bağışlayır: 

 

 

 

Sinən bir gümüşdü, gümüşdü,

Gözüm husnunə düşdü, nə düşdü,

Sahilində işıqlar qızıldı,

Yel dəydi, göy köynəyin sızıldı,

Suların çin-çin oldu, Xəzərim,

Ləpən göyərçin oldu, Xəzərim.

Bu əsərdə Xəzər sözü fərqli semantik yük daşıyır. Xüsusilə də sözün birinci şəxsin mənsubiyyətini ifadə edərək Xəzərim adlanması isti şair münasibətini gerçəkləşdirir. Bu münasibət onomastik vahidi ilkin semantik çalarından bir qədər uzaqlaşdıraraq ona xüsusi pafos ləyaqəti verir.

Şeirin dilində sızıldı,  sözü diqqətimizi çəkdi. Dilimizdə "sızılmaq" sözü var, məsələn, suyun sızılmağı. Lakin o, İslam Səfərlinin işlətdiyi anlamda deyil. Ana dilinin təbii və milli ruhu çökən bu söz şairin dilində geyim əşyasına aid edilərək qafiyə gözəlliyi əldə edilib...

Qayıdıb xoş güzərdən,

Günəş qalxır Xəzərdən.

Sevgilim keçən yerdən

Bütün şəhər yeriyir.

Bakı, sabahın xeyir!

Hansı şair yaşadığı şəhəri, şəhərin timsalında insanları belə səmimiyyət və şirinliklə, xaıqımızın etik mənəvi dəyərlərindən birini - görüşmə mədəniyyətini ortaya qoyan belə layiqli nitq yarlığı ilə salamlayıb?! Belə canlı ünsiyyət və sadə söhbət xarakterli faktlarla deyim tərzinin milli ruh və doğmalığı artırılır, yetkin bir sənətkar zövqü ilə dilimizin poetik imkanlarına yeni vüsət qatılır və beləliklə də, dil materialları ilə üslubi davranışın mükəmməlliyi üzə çıxır. Və ya hansı bir ana haqqındakı mahnının sözləri İslam Səfərlidə olduğu kimi təsirli, təəssüfedici və ürəkdağlayandır?

İsti nəfəsini həmişə yaz bilmişəm,

Olub ki, mən sənin qədrini az bilmişəm,

Əziz ana.

Haşiyə olaraq qeyd etmək yerinə düşər ki, şeirin ilk misrası belədir: "Könlümün nuru, əziz ana". Lakin nəğmənin sözləri "Gözümün nuru, əziz ana" kimi oxunur. Əziz bir adamı gözün nuru ilə müqayisə etmək klassik və ənənəvi yoldur. Məsələn, S.Ə.Şirvani oğluna müraciətlə deyirdi:

Cəfər, ey nuri-dideyi-Seyyid...

(Cəfər, ey Seyidin gözünün nuru).

İslam Səfərli bu anlamda daha poetik mövqedə dayanıb, ananı könül nuruna, ürək işığına bənzətmə əsasında yaranmış müraciətinə yeni təravətli çalarlar verib. Dil, üslub, intonasiya təqlidçiliyindən uzaq olan  şairin sözlər üzərindəki üslub əməliyyatı poetik mətləbi müxtəlif istiqamətlərə yönəldə bilir. İslam Səfərlinin dildən yararlı istifadə özünəməxsusluğu uğurlu ifadələrin ortaya çıxmasına səbəb olur. Yeni bədii kəlamlar  şairlik məharətinin səviyyəsini təyin edir. İslam Səfərlinin əsərlərində şairlik və şəxsiyyət bütöv görünür:

Mənim də boş yerə sözüm olmayıb,

Qəlbinə dəymədim əsla bir kəsin.

Özgə torpağında gözüm olmayıb,

Ana torpağıma göz dikilməsin!

Əmr et! Keşiyində mətin dayanım,

Sənə qurban canım, Azərbaycanım!

Mövzuya aydın şair münasibəti, fikrin uğurlu deyiminə nail olmaq, sözü yeni rənglərlə canlandırmaq kimi keyfiyyətlər İslam Səfərlinin bütün yaradıcılığının xas cəhətlərindəndir. Onun dilində heç bir bayağı deyim üsullarına rast gəlmirik. Şübhəsiz ki, dilimizdəki sözlərin çoxu yüzillərin, minillərin sınağından çıxmış, hətta bəzən tarixi məlum olmayan leksik-qrammatik vahidlərdir. İslam Səfərlinin dilində də belədir. Sözlər köhnə olsa da, təqdimatı, rəngi, mənası yenidir və bu, bədiiliyin təkamülünü göstərir.

Təbii nitqin, canlı danışığın dövrünün şeir dilinə daxil olmasında İslam Səfərlinin xüsusi payı vardır. Şairin sözə münasibətində də hansısa bir seçkinlik hiss olunur:

Musiqi kimi incə,

Zərif bir bəstədir söz.

Nə vəzndə - hecada,

Nə də sərbəstdədir söz,

Layla sevən körpətək

Qulağı səsdədir söz.

İslam Səfərli şeirinin şirinliyi başlanğıcını xalq dilindən alır. Şairin dilində heç bir usandırıcı ritorika ilə qarşılaşmaq olmur. Onun dilində çox sayda düşündürücü, hikmətli ifadələrlə qarşılaşırıq:

El özü qoruyar axarlı şeiri...

lll

Ey torpaq üstündə ömür sürən kəs,

Qulaq as qəlbimdən gələn bu səsə:

Həyatda heç kimsə sənə can deməz,

Səndən zərrə qədər qayğı görməsə!

 

lll

Özün özünü duysan,

Sevgi kimi yaşarsan.

lll

 

Sözü dumanlı deyən

Bir çən olub sovuşar.

Eli sevən sənətkar

Eldən-elə qovuşar.

Bir zaman İslam Səfərli yaxın dostu Mirmehdi Seyidzadəyə müraciətlə demişdir:

Mir Mehdi, qolunu keçir qoluma,

Əsrin son gününə bərabər gedək.

Təəssüf ki, şair bu arzusuna çatmadı, özü 1974-cü ildə, əziz dostu isə 1976-cı ildə vəfat etdi. Lakin Azərbaycan poeziyasının misilsiz rəngarəngliyində imzası olan, Azərbaycan ədəbi dilində yaşarılıq qazanan İslam Səfərlinin əsərləri ümummilli sərvətimiz kimi, poetik dilimizin bəzəyi kimi həmişə yaşayacaq. Onun şeirləri Azərbaycan poeziya səltənətində qalib bayraq kimi dalğalanır. Dəyərli və seçkin alimlərimizdən olan mərhum professor M.Hüseynov sənətkarlıq məsələlərindən söz düşəndə deyirdi: "Şairin oxucu ilə lirik söhbəti, sözün həqiqi mənasında, ana dilində olmasıdır. O dildə ki, hətta az şeir oxuyanlarda belə həmin şeiri təkrar-təkrar mütaliə etmə, onu xüsusi coşğunluqla əzbər söyləmə həvəsi yaratsın. M.Füzuli kimi, M.Ə.Sabir kimi, S.Vurğun kimi, M.Şəhriyar kimi..." Fikrimizcə, bu şairlər sırasına İslam Səfərlinin də adını əlavə etsək, qətiyyən yanılmarıq.

 

 

Sədaqət HƏSƏNOVA

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 4 mart.- S.23.