Epos qəhrəmanlarında qeyri-səlislik
Prokrust çarpayısından qıraqda qalan kimlərdir?
Kamal Abdulla və Rafiq Əliyev "Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq" kitabında yeri
düşdükcə Prokrust çarpayısından bəhs
edirlər. Yunan mifologiyasından gələn bu anlayış, məlumdur
ki, hər şeyin qəlibə salınması mənasındadır.
Poseydonun (dəniz allahının) oğlu olan
Prokrust yol ayrıcına iki çarpayı qoyur - biri
böyük, biri kiçik. Bu azman yolkəsən
böyük çarpayıya ələ keçirdiyi
yolçulardan bəstəboyları uzadır və onların
bədənini dartıb elə "tarıma çəkir"
ki, bədən çarpayı ilə eyni uzunluqda olsun.
Kiçik çarpayıdakı "cərrahiyyə" əməliyyatı
ağırlığına görə birinci
çarpayıdakı əməliyyatdan geri qalmır - Prokrust
bu çarpayıya boydan ucaları uzadır və onların
"artıq" yerlərini elə kəsir ki,
çarpayıda "rahat" uzana bilsinlər. Kamal Abdulla və
Rafiq Əliyev Prokrust çarpayısı ilə simvolizə
olunan qəlibəsalma anlayışını belə
aydınlaşdırırlar: "Lütfizadə tərəfindən
irəli sürülən qeyri-səlis məntiq "ya...
ya..." sxemindən "nə... nə..." sxeminə
keçiddir... Belə ki, "nə... nə..." sxemi
düşüncəmizə daha geniş seçim imkanı
verir... Aristotelin formal məntiqi qədim insana
ikidən artıq seçim imkanı vermir və beləliklə,
onun obyektiv aləmdəki rəngarəngliyi tam şəkildə
görməsinə mane olur. Şüurunun
dərin qatında insan bu şəkildə iki qütbdən
ibarət Prokrust çarpayısına uzadılır".
Yəni formal məntiqdəki "ya
yaxşıdır, ya pisdir" sxemi qeyri-səlis məntiqdə
"nə yaxşıdır, nə pisdir" sxemi ilə əvəz
olunur; yaxşı ilə pisin arasında
üçüncü bir məna variantı (tutalım,
"yaxşıtəhər" şəklində)
özünü göstərə bilir. Kamal
Abdulla və Rafiq Əliyev "nə... nə..." sxeminə
"Dədə Qorqud" eposundan gətirdikləri nümunələr
sırasına Dəli Domrulla bağlı detallar da daxil edirlər.
Doğrudan da, Dəli Domrul Prokrust
çarpayısından qıraqda qalan, qəliblərə
sığmamaqla qeyri-səlis məntiqə əsaslı
material verən qəhrəmanlardan biridir. Qeyri-səlis məntiq
silsiləsindən birinci yazıda mən Dəli Domrul
obrazına Tanrı obrazını təhlil etmək istərkən
toxunmuşdum və ucalardan uca Tanrının sıravi bəndə
üçün tərəf-müqabilə çevrilməsində
bədii gülüşün mühüm rol oynamasından bəhs etmişdim.
Bu yazıda isə Dəli Domrulun bir obraz kimi birbaşa
özündən danışmaq istərkən məni, hər
şeydən qabaq, aşağıdakı məsələ
düşündürür: Eposda bədii gülüşə
və qəlibdən çıxmağa hansı tip qəhrəmanlar
daha çox zəmin yaradır? Əlbəttə,
ideal bir zamandan və o zaman at minib, qılınc
oynatmış ulu babalardan bəhs edən qəhrəmanlıq
eposunun başdan-başa bədii gülüş üstündə
qurulması mümkün deyil. Mümkün
olan, artıq qeyd etdiyim kimi, gülüş kultu əsasında
əhvalatlara duz-məzə qatmaq və eposun həyatvericilik məzmununu
bu yolla daha da gücləndirməkdir. Eposda
həyatverici gülüşə və qəlibdən
çıxmağa əsaslı zəmin yaradan obrazlar
sırasında dəli igid obrazı xüsusi yer tutur. Və
mən "Dədə Qorqud" və "Koroğlu"
eposlarındakı dəli igidlərlə bağlı on beş - iyirmi il qabaqkı
araşdırmalarıma qeyri-səlis məntiq
güzgüsündə yenidən baxıb obrazın səciyyəvi
cəhətləri üzərində dayanmaq istəsəm,
ilk növbədə gözlənilməzlik cəhətini
qeyd etməliyəm. Bu cəhət dünya
eposundakı bir çox obrazları bizim qəhrəmanlıq
dastanlarındakı dəli igidlərə
yaxınlaşdıran başlıca nöqtələrdən
biridir. Təsadüfi deyil ki, Y.Lotman
skandinav eposundakı bersekləri dəli obrazına misal
çəkərkən berseklərin dəlicəsinə
döyüşməsini, döyüşə pal-paltarsız,
yaxud bir dəri geymiş şəkildə
atılmalarını, aldıqları yaraların
ağrısını bilməmələrini xüsusi olaraq
qeyd edir. Berseklərin atdığı
addımların gözlənilməzliyi, hansı meyarla
ölçülür? Əlbəttə,
mövcud normalardan kənara çıxıb-çıxmamaq
meyarı ilə. Normalara əməl edilirsə,
ağıllı və dəli qütbləri arasında
üçüncü bir mənanın (tutalım,
"ağıllıtəhər" mənasının) yer
alması çətinləşir. Normaların
axıracan gözlənilməsi şəraitində
ağıllı ağıllıdır, dəli dəlidir,
onların bir-birinə qaynayıb-qarışması
mümkün deyil. "Dədə Qorqud"
dastanında gözlənilməz addımlar atıb,
ağıllı və ağılsız kimi əlamətlər
arasında sərhədlərin pozulmasını mümkün
edən Dəli Qarcar, Dəli Domrul, Əgrək, Səgrək
kimi obrazlar var. Bu obrazlar normalardan uzaq olmaqlarını bəri
başdan öz adlarındaca büruzə verirlər. Əgrək
adının "tərs" mənasında "əyri"
sözündən, Səgrək adının isə
"axmaq" mənasında "səy" sözündən
yarandığını qəbul etsək, bildirməliyik, hər
iki ad Dəli Qarcar və Dəli Domrul adları ilə eyni
semantik funksiyanı daşıyır. Xatırladım ki,
igidin ipə-sapa yatmazlığına onun adında işarə
etmək ənənəsi "Koroğlu" dastanında daha
qabarıq şəkildə özünü göstərir:
Qorxuqanmaz, Dilbilməz, Geridönməz, Halaypozan,
Tüpdağıdan, Toxmaqvuran, Tanrıtanımaz... Yeri gəlmişkən,
onu da qeyd edim ki, Bəhruz Həqqi Cənubi Azərbaycan
qaynaqlarına əsaslanıb Koroğlu dəlilərinin bizə
məlum olmayan neçə-neçə səciyyəvi
adını üzə çıxarır: Qəbrəsığmaz,
Cidalı Kənan, Kəl Əhməd, Dərədələn,
Dəmirqıran, Qaytansökən, Sərsəm Bəkir,
Naldanbilməz, Tülək Tərlan, Yolkəsən,
Dağdevirən, Salamverməz, Zəncirqıran, Eşşəkgötürməz,
Sivri Sinək, Geyik Əhməd, Dəli Balta, Zəncir Həmid
və s. Bütün bu adlar ölçüyə, qayda-qanuna
sığmazlıqdan xəbər verir. Söhbətə
Əgrəkdən başlasam, qeyd etməliyəm ki, Əgrəyin
bir dəli igid kimi hərəkət edib qayda-qanunu gözləməməsi
onun xan divanındakı davranışında daha qabaraq şəkildə
ortaya çıxır. Əgrək Bayındır
xanın divanına haçan istəsə varıb-gəlir,
Qazan xanın divanında bəyləri basıb keçir, lap
yuxarı başda - Qazan xanın önündə əyləşir.
Oğuz elində hələ ki, bir ad-san
qazanmayan, qılınc çalıb, süfrə
açıb özünü təsdiq etməyən Əgrəyin
xan divanında yuxarı başda oturması onun qəribəliyinin
və ölçü-biçi tanımamasının bir
göstəricisidir. Bu cəhəti həmin
boyda qardaş və bir obraz kimi Əgrəyin oxşarı
olan Səgrəkdə də görürük. Səgrəyin Əgrəyə
oxşarlığı, hər şeydən qabaq, ani qərara
gəlməsində və beyninə dolan fikri hökmən
yerinə yetirməsindədir. Başqalarının
dediyi tənəli söz qardaşlara ox kimi dəyir və
onlar zərrə qədər də tərəddüd etmədən
qılınc qurşayıb döyüşə atılmaq barədə
qərar verirlər. Tərsuzamış adlı bir igid
Əgrəyə xan divanında yuxarı başa keçməsini
irad tutub deyir: "…bu oturan bəylər hər biri oturduğu
yeri qılıncı ilə, çörəyi ilə
alıbdır. Əyə, sən başmı kəsdin,
qanmı tökdün, acmı doyuzdurdun, yalın adammı
geyindirdin?" Tərsuzamışın tənəli
sözlərini eşitcək Əgrək qətiləşdirir
ki, Qazan xandan "axın diləyib", yəni basqına izn
istəyib hünər göstərsin. Tənəli
sözdən təsirlənib Şirokuzdan Göyçə dənizinəcən
böyük bir ərazidə "axın"a çıxmaq
Əgrəyin dəli igid, "impulsiv" qəhrəman olmasının səciyyəvi
bir əlamətidir. Bu cür impulsivlik eynilə Səgrəyə də
aiddir. Səgrəyə tənəli
sözü şillə ilə vurub dalaşmağa
qoymadığı iki yeniyetmədən biri deyir və kafir əlində
əsir olan qardaşının dalınca getməməsini ona
qaxınc edir. Anasından Əgrəyin, həqiqətən,
əsirlikdə olduğunu öyrənəndən sonra Səgrəyi
yoldan saxlamaq mümkün olmur. Qazan
xanın məsləhəti ilə Səgrəyi tələm-tələsik
evləndirib, "başını bağlamaq" tədbirləri
görürlər. Və Əgrəyin xan divanında
özünü aparmasından semantikasına görə o qədər
də fərqlənməyən bir əhvalat baş verir: Səgrək
toy gecəsinin dəmir qayda-qanununu pozub, yataqda özü ilə
adaxlısı arasına qılınc qoyur. Təzə
gəlinin "Murad ver, murad al!" - yalvarışına
isə Səgrək "Qardaşımın üzünü
görməyincə, ölmüşsə, qanını
almayınca muradıma çatsam, qoy qılıncımla
doğranım, oxuma sancılım!" - cavabını
verir. Səgrək təzə gəlinin
yanından çıxıb birbaşa tövləyə gedir,
tövlədən bir şahbaz at çıxarıb "əyərləyir",
yaraq-yasağını götürüb, döyüş
libasını geyib, qardaşını əsirlikdən
qurtarmağa yollanır. Səgrəyin dəli
igid kimi gözlənilməz hərəkətlərindən
biri toy gecəsinin pozulmaz qayda-qanunundan kənara
çıxmaqdırsa, biri də (bəlkə, ən
başlıcası da) qardaşını əsirlikdən
qurtarmağa silahdaşsız-filansız, tək-tənha
yollanmasıdır. Bu, həmin hərəkətdir
ki, bir epik formul olaraq "Koroğlu" dastanında
davamını görürük. Koroğlu
da dəlilərin başçısı, dəlinin ən yekəsi
kimi "İgid gərək yar sevməyə, Özü tək
gedə, tək gedə. Müxənnət
qəddin əyməyə, Özü tək gedə, tək
gedə" - deyir. Belə məlum olur ki,
Səgrəyin, Koroğlunun və başqa dəli igidlərin
düşmən qoşunu ilə təkbətək
döyüşə atılması skandinav berseklərinin
döyüşə pal-paltarsız atılmasından heç
də geri qalan bir hərəkət deyil.
Səgrəyin düşmən üstünə təkbaşına
getməsi kimi, düşmənin iki addımlığında
daş kimi yatması da əsl dəli igid hərəkətidir. Çağdaş
insanımız çox yatmağı tənbəllik, ətalət,
gerilik əlaməti sayır. Bu cür
yanaşmağın bariz tarixi nümunəsidir ki, Mirzə Cəlil
sözün hərfi və məcazi mənasında çox
yatmağı "Molla Nəsrəddin" jurnalının
baş mövzularından birinə çevirir, jurnalın ilk
sayının üz qabığındakı karikaturanı
müsəlman qardaşlarımızın günün
günorta çağı döşənib yatmasına həsr
edir. Mirzə Ələkbər Sabir jurnalın məramına
uyğun olaraq "Lay-lay, bala, lay-lay. Yat,
qal dala, lay-lay" - deyir. Söz yox ki, Səgrəyin
və eposdakı başqa qəhrəmanların uzun bir yuxuya
getməsini tənbəllik, ətalət və geriliklə əlaqələndirmək
mümkün deyil. Oğuz igidlərinin "kiçicik
ölüm" adlandırdığı bu cür yatmaq hadisəsini
Kamal Abdulla və Rafiq Əliyev qeyri-səlis məntiq
kontekstində belə izah edirlər: "Aristotelin formal məntiqinə
görə, insan ya ölüdür, ya da diridir,
üçüncü hal istisna edilir. Bu misal
klassik formal məntiq nümunəsi kimi bu günə qədər
məntiq dərsliklərindən düşmür. Amma
biz "Kitabi-Dədə Qorqud" dastanına onun gizlin
qatından baxarkən görürük ki, bizim
dastanımızda rast gəldiyimiz düşüncə tərzi
bunun əleyhinə çıxmaq üçün yeni imkanlar
verə bilər... "Küçücük
ölüm", əslində, insanın nə ölü, nə
də diri halıdır. Dastanda qəhrəmanlar bəzən
belə hala düşürlər... Müasir
tibdə bu vəziyyətə "koma" deyilir. Deməli,
qədim əcdadımız formal məntiqə zidd olaraq onun əsas
dayaq nöqtəsi olan "üçüncünü"
istisna qanununun özünü də istisna çərçivəsinə
sala bilib... Bu misala əsasən deyə bilərik ki, koma
halı ölü və diri qütbləri arasında
"üçüncü" kimi yer tutur və beləliklə,
"nə ölüdür, nə diridir, bəlkə,
komadadır?" kimi bir məntiqi zəncir yaranır". Doğru müşahidədir. Amma
müəlliflərin "kiçicik ölüm"lə
bağlı qənaəti dəli igid obrazının məzmun
və mahiyyətindəki çoxcəhətlilikdən
danışmağa mane olmur, əksinə, buna zəmin
yaradır. Səgrəyin (eləcə də digər
oğuz igidlərinin) yatmağında iki cəhət diqqəti
xüsusi cəlb edir: düşmənə lap yaxın yerdə
yatmaq və daş kimi bərk yuxuya gedib oyana bilməmək. İgidin yatmağında bu iki cəhətin səciyyəvi
olduğunu "Koroğlu" dastanı da göstərir.
Eyvazın Çənlibeldə necə
yatıb, necə durmağı dastançı
üçün maraqlı deyil. Çənlibeldən
xeyli uzaqda - düşmənin qulağının dibində
şirin-şirin yatmaq isə Eyvazın
qorxmazlığını göstərmək
üçün dastançının istifadə etdiyi səciyyəvi
epizoddur. Bu sözləri Səgrəyin (eləcə
də Qazan xanın) düşmən qalası
yaxınlığında yatmasına da aid etmək
mümkün və yerindədir. Heç nəyi
eyninə almayıb düşmənin iki
addımlığında şirin-şirin yatmaq kimi gözlənilməz
addımların atılması ilə eposda ağıllı və
dəli meyarlarının alt-üst edilməsi adi hala
çevrilir, ağıllı və dəli olmağın
hardan başlayıb, harda bitdiyini götür-qoy edib
aydınlaşdırmaq çətinləşir.
Birinci yazıda Dəli Qarcar və Dəli Domrul
obrazlarından yuxarı və aşağı qütblərin
bir-birinə yaxınlaşması kontekstində söhbət
açmışdım. Bu məqamda Dəli Domrul obrazına yenidən
qayıdıb belə bir suala aydınlıq gətirməyə
ehtiyac var: Dəli Domrulun Əzrayılla
qarşılaşması nə dərəcədə gözlənilməz
addımdır? Axı ölüm mələyi
ilə qarşılaşma motivi yunan mifində də var. Məlumdur
ki, yunan mifində Herakl ölüm mələyi Tanatla
vuruşur və ona qalib gəlir. Heraklın
ölüm mələyi ilə vuruşmasında, hətta onu
məğlub etməsində təəccüb doğuracaq bir
şey yoxdur. Çünki Herakl allahlar
allahı Zevsin oğludur, onun ölüm mələyinə
qarşı çıxması yaxın gücdə-qüvvətdə
olan tərəflərin toqquşmasından başqa bir şey
deyil. Yunan mifi ilə müqayisədə
oğuz mifində mahiyyət bambaşqadır. Herakldan fərqli
olaraq, Dəli Domrulun ilahi varlıqlarla heç bir
bağlılığı yoxdur, o, allah bəndəsidir,
Duxa Qoca adlı adi bir kişinin oğludur. Quru bir
çayın üstündə körpü saldırıb
keçəndən otuz üç axça, keçmək
istəməyəndən qırx axça alan, bununla
gücünü göstərməyə tərəf-müqabil,
savaşmağa meydan axtaran Dəli Domrulun birdən-birə
Əzrayılla vuruşmaq fikrinə düşməsi, əlbəttə
ki, təəccüb doğuran bir hal, ağıla
sığmayan bir hərəkət, dəli igidə (məhz
dəli igidə) xas bir addımdır. Belə
bir addım atmaqla Dəli Domrul qəliblərə
sığmamağın, Prokrust çarpayısından qıraqda
qalmağın nadir nümunəsini göstərmiş olur.
Bəs Prokrust kimi Dəli Domrulun da yol kəsməyində
insanları qəlibə salmaq semantikası yoxdurmu? Məncə,
yoxdur. Əksinə, bu cür yarıciddi-yarıkomik yol
kəsməkdə, belə demək mümkündürsə,
qəlibdən çıxarma semantikası var: quru
çayın üstündənki körpüdən keçməyə
məcbur etməklə Dəli Domrul insanları tərpətmək,
onların içindəki təpəri oyatmaq, onları
vuruşlara-döyüşlərə sövq etmək
funksiyası daşıyır. Belə bir
funksiya isə yerinə yetirilmə formasından, dəli igidə
məxsus icra üsulundan asılı olmayaraq, nəticə
etibarilə qəhrəmanlıq eposu üçün yerində
olan bir funksiyadır.
Eposda Dəli
Domrulun qəlibə sığmazlığını göstərən
başqa bir motiv də var. Bu, ata-anadan can əvəzinə can istəmək motividir. "Allahın
əmri belə oldu ki, Dəli Domrul öz canı yerinə can
tapsın, onun canı azad olsun!" Əzrayılın
bu sözləri müqabilində Dəli Domrul öz
ata-anasından can əvəzinə can istəməklə
oğuz elindəki cəngavərlik qaydalarını pozmuş
olur. O qaydaların pozulmaz bəndlərindən biri budur ki,
oğul valideyn yolunda ölümə getməyə hazır
olmalıdır. Buğac, Uruz, Yeynək, İmran kimi oğuz
igidlərində gördüyümüz bu fədakarlığı
Dəli Domrulda - bahadırlığı zərrə qədər
şübhə doğurmayan və ölüm mələyi ilə
vuruşmaqdan belə çəkinməyən bir obrazda
görmürüksə, bu nöqtə üzərində
ayrıca dayanmalı, məsələnin poetik sistem daxilindəki
mahiyyətini aydınlaşdırmalıyıq. Aydınlaşdırılmalı məsələ, hər
şeydən qabaq, budur ki, ozan məclisdə - xan hüzurunda ərz
etdiyi Dəli Domrul əhvalatını məhz dəlilik, dəlisovluq
məntiqi üzərində qurur. Bu məntiqlə
yanaşanda Dəli Domrulun Buğac, Uruz, Yeynək, İmran
kimi oğuz igidlərindən fərqli bir bahadır
olduğunu nəzərə alırsan və onun ata-anadan can
istəməsinə mənfi hal kimi baxa bilmirsən. Dəlilik, dəlisovluq məntiqi
ölçü-biçini, yanaşma meyarlarını o dərəcədə
alt-üst edir ki, hadisələr düzümündə mənfi
ilə müsbət öz yerini dəyişir. Belə
yerdəyişmənin qabarıq ifadəsidir ki, ata-anadan can
istəyən Dəli Domrul yox, doğma övladdan (Dəli
Domruldan) can əsirgəyən ata-ana Allahın qəzəbinə
gəlir. Allah Əzrayıla: "Dəli Domrulun
ata-anasının canını al!" - buyruğunu
verəsi olur. Əgər Dəli Domrulun ata-anadan can əvəzinə
can istəməsindən Allah özü də narazı deyilsə,
demək, dəlilik süjetinin tərsinəlik üzərində
qurulması və belə bir süjetin eposda ciddi mətləblərdən
xəbər verməsi bir daha öz təsdiqini tapmış
olur. Ciddi mətləblərdən biri mövcud
davranış normalarından kənara çıxmağı
eposda nizam-intizam yaratmağın dolayı ifadə variantı
kimi təqdim etməkdir. Bəli, Dəli
Domrulun dəlisovluq biçimindəki
bahadırlığından danışmaq siyasi müstəqilliyi
olan bir elin qorunmasında hava və su kimi gərəkli olacaq
bahadırlıqdan danışmaqdır.
Başqa bir mətləb müdriklik və dəlilik qarşılaşmasıdır. Miflə antimifi, qəhrəmanla antiqəhrəmanı, "ciddi" ilə gülməlini iç-içə gördüyümüz "Dədə Qorqud" dastanında müdriklik və dəlilik qarşılaşması tamamilə təbiidir. Əgər dastan bir el ağsaqqalının şərəfinə "Dədə Qorqud" adlanırsa, bu el ağsaqqalının öyüd-nəsihətləri, xeyir-duaları dastanın mətnindən ana xətt kimi keçirsə, müdrikliyin həmin mətndə ideallaşdırılmasına şübhə ola bilməz. Amma o da var ki, bu müdriklik bir çox hallarda dəliliklə yan-yana təqdim edilir, dəlilik müdrikliyin özünəməxsus ifadə forması kimi özünü göstərir. Bu, məhəbbətə münasibətdə daha qabarıq, daha aydın görünür: can əvəzinə can bulmayan naçar Dəli Domrulun öz "halalı", yəni ömür-gün yoldaşı ilə vidalaşmağa gəlməsi, ömür-gün yoldaşının isə Dəli Domrul yolunda ölümə hazır olduğunu bildirməsi hər şeyi yoluna qoyur. Allah-taalanın Dəli Domrula və onun halalına yüz qırx il ömür verməsi ilə gərginlik başa çatır. Beləliklə, "məhəbbət ölümə qalib gələ bilir" hikməti dinləyici və oxucuya baş qəhrəmanın dəlisovcasına atdığı addımlar, etdiyi hərəkətlər zəminində çatdırılmış olur. Normadan kənara çıxmaq nizam-intizamı, dəlilik isə müdrikliyi dolayı şəkildə əks etdirməklə qütblər arasındakı rəngarəng məna çoxluqlarına yol açır.
"Dədə Qorqud" dastanında ipə-sapa yatmayan, qoruq-qaytaq bilməyən dəli igidlərin yarıkomik biçimdə təqdim olunması istər-istəməz Molla Nəsrəddin sərgüzəştlərini yada salır. Kamal Abdulla və Rafiq Əliyev yazırlar: "Molla Nəsrəddin bizim oxuduğmuz qəhrəmanlar içində öz hərəkəti ilə qeyri-səlis məntiqə əsaslanan, bəlkə də, ilk qəhrəmandır. Üç dəfə ayağını ətrafına çəkilən çevrədən kənara çıxaran Molla Nəsrəddin "çıxarma - çıxar" qütbləri arasında müəyyən dərəcə qoymağa cəhd edən bir "cəsarət" sahibidir". Bəli, Molla Nəsrəddin baməzə sərgüzəştlərində cızığından çıxmaqla məşğuldur. Tərsinə iş tutmaq, qəlibləri sındırmaq Molla Nəsrəddin üçün adi bir haldır. Molla Nəsrəddin hacıleyləyin uzun dimdiyini, qanadlarını və ayaqlarını kəsib, onu "əsil quşa oxşatmaq" istəyirsə, bu, Prokrust (yəni qəliblər hakimi) roluna girmək və qəliblər mütləqiyyətinə dolayı şəkildə qarşı çıxmaqdır. Molla Nəsrəddinə xas tərsinəlik və dolayılıqla Dəli Domrulun baməzə tərsinəliyi və dolayılığı arasında səsləşmə şəksiz-şübhəsizdir. Amma mən Dəli Domrul və Molla Nəsrəddin obrazları arasındakı bir fərqə diqqəti yönəltmək istəyirəm. Fərq ondadır ki, Molla Nəsrəddin rola girib özünü axmaq yerinə qoyduğu halda, Dəli Domrul başqa dona girmək nədir bilmir, sadədil bir bahadır kimi ağlına gələn addımı atır, beyninə dolan fikri gerçəkləşdirmək istəyir. Molla Nəsrəddinə kələk gəlmək müşkül işdir. Əgər Molla lotu-potuya aldanırsa, demək, özünü avamlığa vurub, sonu həyatverici gülüşlə bitən məzəli oyun oynayır. Dəli Domrulu aldatmaq isə su içmək kimi asan bir işdir. Soyunub birələrin içinə girmək məsələsində Dəli Qarcarı Dədə Qorqud asanca aldatdığı kimi, Əzrayıl da cilddən-cildə girib Dəli Domrulu təslim etməyə heç də çox vaxt sərf etmir. Vuruşmağın açıq meydanda üz-üzə gəlməkdən başqa hansısa bir yolunu ağlına gətirməyən Dəli Domrul Əzrayılın gah ağsaqqalı qoca, gah da göyərçin cildində gözə görünməsinin bir qurğu olduğunu sonra başa düşür. Hansısa donda gözə görünən Əzrayıl hürkmüş atdan yerə yıxılan Dəli Domrulun sinəsinə çökəndə Dəli Domrul deyir:
Mən səni belə bilməz idim,
Oğru
kimi can aldığın bilməz idim.
Əzrayılın "oğru kimi" can aldığını biləndə (məhz bu anda) Dəli Domrul ruhdan düşür və ölüm mələyi ilə vuruşmaq məsələsinə nöqtə qoyur. Əzrayılın dondan-dona girdiyini, xəlvəti can aldığını anlayıb acizləşən, uşaq kimi çaşqın vəziyyətə düşən Dəli Domrulun yeganə əlacı aman diləməkdən ibarət olur. Güclü ilə qarşılaşanda gücsüz, adətən, hiyləyə əl atır və bu yolla qalib gəlməyə çalışır. Əzrayıl - Dəli Domrul qarşılaşmasında isə vəziyyət başqa cürdür. "Dəli Domrul" boyunda sadəlövh qəhrəmanın kələkbazlığına bədii zəmin yoxdur. Qeyri-səlis məntiq baxımından məsələnin maraqlı tərəfi məhz bu nöqtədə ortaya çıxır. Maraqlı burasıdır ki, dini qaydaların ən adisindən belə bixəbər olan, valideyin - övlad münasibəti ilə bağlı davranış normalarını öz bildiyi şəklə salan sadədil, sadəlövh qəhrəman "nümunəvi igid", "nümunəvi oğul" meyarlarını pozmaqla dastana meyar müxtəlifliyi və fikir genişliyi gətirir.
Bəs "Dədə Qorqud" dastanında
libasını, cildini dəyişib başqalaşa bilən
obraz yoxdurmu? Bu məsələni aydınlaşdırmaq
üçün qəhrəmanlıq eposlarımızda
qeyri-səlis məntiqə əsaslı zəmin yaradan
başqa bir motivdən - kələkbazlıq, triksterlik motivindən
danışmaq lazım gəlir. Belə bir motiv isə
ayrıca söhbətin mövzusudur.
Muxtar
KAZIMOĞLU
525-ci qəzet.- 2023.- 4 mart.- S.20-21.