"Bir işi bacarırsansa, gör, əlindən gəlmirsə, uzaqlaş"

 

XALQ ARTİSTİ ELDAR MANSUROV: "HƏYATDA HEÇ NƏYƏ HEYİFSLƏNMİRƏM - SƏHVLƏRİM DƏ ÖZÜMÜNDÜR, DOĞRULARIM DA"

 

Onunla tanışlığımız 90-cı illərin əvvəlindən başlayıb. O, televiziyada Musiqi proqramları redaksiyasının baş redaktoru idi, mən telejurnalist. Həmin redaksiyaya biz jurnalistlərin işi tez-tez düşürdü, çünki verilişlərimizdə istifadə etmək üçün musiqi nömrələrinə ehtiyacımız olurdu. Belə günlərin birində onların redaksiyasına üz tutdum. Düzü, hələ heç üz-üzə gəlməmişdik də. Otağa daxil olanda telefonda kiminləsə danışırdı. Və mən çox doğma, şirin ləhcəni eşidəndə, təbəssümü gizlədə bilmədim. Özümü təqdim etdim, istəyimi bildirdim və anındaca məsələ yoluna qoyuldu, mən   təşəkkür edərək çıxdım. Və beləcə, mütəmadi ya dəhlizdə, ya studiyada, ya da həyətdə rastlaşanda sadə salamdan başlayan ünsiyyət yavaş-yavaş bir neçə dəqiqəlik söhbətlə bitirdi. Bir verilişim vardı - "Avto şou". Özündən razılıq kimi səslənməsin, çoxlarına maraqlı idi veriliş. Hər dəfə rastlaşanda gülə-gülə deyirdi ki, mənim maşınımı nə vaxt çəkəcəksən? Rəhmətlik qardaşı Aydın operator idi. Mən də elə gülə-gülə cavab verirdim ki, Aydın çəkmir də... Və beləcə, qarşılıqlı hörmət və səmimiyyət dolu münasibətlər hər ikimiz televiziyadan ayrılandan sonra da davam etdi.

Onun yaradıcılığı ilə həmişə maraqlanmışam. Çünki istər mahnılarında, istərsə də bəstələdiyi instrumental əsərlərində ona məxsus bir tamlıq, səliqə-sahman, ən əsas bir rahatlıq hiss etmişəm. Dəfələrlə onunla həmsöhbət olmaq istəsəm də, həmişə deyib ki, niyə tələsirsən, hələ vaxt var.

Ötən ilin noyabr ayında sosial şəbəkədə paylaşılan bir yazımı oxuyub bəyənənlər arasında onun da adını gördüm. Dərhal zəng vurdum ki, bəlkə, vaxt çatıb? Beləcə, razılaşdıq. Və bu gün, əziz oxucu, sənə Əməkdar incəsənət xadimi, respublikanın Xalq artisti, bəstəkar Eldar Mansurovla olan söhbətimizi təqdim edirik.

- Dünyamız yaman narahatdır..

 - Dünya həmişə narahat olub və mən bundan şikayətçi deyiləm, biganə də deyiləm. Lakin hər şeyə rəğmən həyat davam edir, mən də öz yolumun yolçusu olaraq, yaradıcılığımla məşğulam.

- Haqqında kifayət qədər məlumat var, amma istəyirəm bildiklərimi öz dilindən eşidim...

- Şəcərəsi bir neçə əsrə söykənən Mansurovların kökünə bağlıyam. Məşhur tarzən, Xalq artisti Bəhram Mansurovun ailəsində anadan olmuşam. O zaman "Sona xanımın məktəbi" kimi məşhur olan 190 nömrəli məktəbdə oxumuşam. Nə əlaçı olmuşam, nə də pis oxuyan şagird. Ardınca A.Zeynallı adına Musiqi Texnikumunu və sonda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmişəm. Tələbə ikən də heç vaxt birincilər sırasında olmaq, fərqlənmək kimi bir istəyim olmayıb. Çalışmışam ki, yiyələndiyim sənətdə savadlı olum, sabah mənə irad bildirən olmasın. Əgər bəstəkar olmaq istəyirsənsə, elə musiqi yazmalısan ki, insanlarla yanaşı özünün də zövqünü oxşasın. Yalnız sahib olmaq istədiyim sahənin mükəmməl bilicisi olmağa çalışmışam. Düşünmüşəm ki, bir işi bacarırsansa, gör, əlindən gəlmirsə, uzaqlaş. Başdansovdu işlər heç vaxt mənlik olmayıb. Müxtəlif musiqi kollektivlərində fəaliyyət göstərə-göstərə çalışmışam. Harda olmuşamsa, istəmişəm ki, fəaliyyətimdə  fərqli olum. Belə-belə, sonda oldum bəstəkar.

- Deməli, musiqiçi ailəsində böyüyən Eldar bu aləmdən ayrı qala bilmədi..

 - Onu da sınadım. A.Zeynallı adına Musiqi Texnikumunu bitirəndən sonra təyinatla iki il rayonda işləməli idim. Yalnız ondan sonra konservatoriyaya daxil ola bilərdim. Rayona getmək istəmədim, sənədlərimi İncəsənət İnstitutuna verdim və qəbul olundum. İki il orada oxudum, lakin konservatoriya hazırlığımdan geri qalmadım. İki ildən sonra arzuladığım konservatoriyaya daxil oldum. O zaman İncəsənət İnstitutunun rektoru rəhmətlik Rahib Hüseynov məni buraxmaq istəmirdi. Atama dedi ki, şərait yaradaq qoy burada da oxusun. Atam razılaşmayıb dedi ki, mənə onun bir istiqamətə yönəlməyi vacibdir. Yəni musiqi mənim həyatımda artıq öz sözünü demişdi.

- Burda azacıq fasilə edək   bir az da Məşədi Məlik bəyin nəticəsi, Məşədi Süleyman bəyin nəvəsinə söz verək...

 - Mansurovların kökü XVII əsrə söykənir. Onlar ən çox İçərişəhərdə məşhur olan bir nəsildir. Bakı xanlarına yaxın olan Mansurovların onlarla qohumluq münasibətləri də var idi. Nəslin soyadı atamın ulu babası Ağa Salah bəyin babası Ağa Hacı Mansur bəyin adından gəlir. Böyük varidat sahibi olan bu nəslin insanları xeyriyyəçiliklə ilə yanaşı Bakı əhli arasında  musiqiyə olan məhəbbəti də yarada bilib.

- Yəni...

- Hə, bu, ulu babam Məşədi Məlik bəylə başlayıb. Musiqi mədəniyyətimizin tarixində Məşədi Məlik bəy Bakıda və Abşeronda muğam məclislərinin ilk yaradıcısı kimi tanınır. Onun İçəri şəhərdəki evində keçirilən məclislər Azərbaycan muğamının öyrənilməsində, yayılmasında, araşdırılmasında böyük əhəmiyyət kəsb edib. Bu məclislərin sədası Azərbaycandan belə, kənara çıxa blib. O zaman Tiflisdən, İrandan gələn xanəndələr Məşədi Məlik bəyin musiqi məclislərindən bəhrələnərək, sənətə yol alıblar. Tarixən Azərbaycanda üç muğam məktəbi olub -  Şuşa, Şamaxı və Bakı məktəbi. Bakı məktəbinin yaradıcısı məhz Məşədi Məlik bəy hesab olunur.

- Və..

- Və atasının yolunu babam Məşədi Süleyman bəy davam edir. Ticarətdən savayı musiqi Məçədi Süleyman bəyin  varlığına elə sirayət edir ki, heç cürə ondan ayrı qala bilmir və Məşədi Məlik bəydən qalan muğam məclisinin layiqli davamçısı olmağı  bacarır. İstər İçərişəhərdəki evlər, istərsə   Şüvəlandakı bağlar musiqi məclislərindən kənarda  qalmayıb.  O zaman musiqinin başqa cərəyanları yox idi - xalq musiqisində bir muğam idi, bir də folklor olan aşıq sənəti. Mükəmməl tarzən və muğam bilicisi olan Məşədi Süleyman  bəy bu məclislərin davamlılığında müstəsna rol oynayıb. Ümumiyyətlə, Azərbaycan xalq musiqisində muğam  həmişə elitar  musiqi növü hesab olunub. Süleyman bəyin kiçik qardaşı Mirzə Mansur bəy muğamların mahir nəzəriyyəçisi olmaqdan savayı tar ustası kimi də yaxşı tanınırdı. Rekonstruksiya etdiyi dörd tarın biri Ermitaj, daha biri Luvr, üçüncüsü isə İstanbul muzeylərində saxlanılır. Dördüncü tar onun özünə məxsus olub.

- Zaman yetişdi və nəsildən-nəslə keçən tar Bəhram Mansurova gəlib çatdı...

 - O mühitdə ki, atam böyüyüb, tar mütləq ona çatmalı idi.  Onun büyüdüyü evdə müxtəlif çalğı alətləri vardı və o, hamısnın ifasını eşidirdi. Çox vaxt böyüklərin evdə olmadığından istifadə edib tarı götürüb o qədər çalardı ki,  alət kökdən düşərdi. Əksəriyyət kimi o da ilk təhsilini mədrəsədə alıb, daha sonra rus-tatar məktəbində davam etdirib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra atam və əmim birinci dərəcəli məktəbə qəbul edilirlər. Məktəb illərindən onun konsertlərdə çıxışları başlayıb. Artıq 12-13 yaşında "Rast", "Çahargah", "Bayatı-Şiraz", "Qatar" kimi mürəkkəb muğamları solo ifa edib. Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə ilk notlu orkestr yaradılanda Bəhram Mansurov ora dəvət alır. O zaman atamın 20 yaşı vardı   bu gəncin istedadı M.Maqomayevin gözündən yayınmır. Bir ildən sonra isə, yəni 21 yaşında Opera və balet Teatrının rəhbəri, bəstəkar və dirijor M.Maqomayev Bəhram Mansurovu həmin teatra solist-müşayiətçi vəzifəsinə təyin edir. Ömrünün sonuna  kimi atam həmin teatrda muğam operalarını müşayiət edir. O xoşbəxt bir ifaçı olub ki, Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeyləri müşayiət edib. Onun haqqında ətraflı məlumatlar var və mən təkrarçılığa varmaq istəmirəm. Yalnız bunu da vurğulamaq istərdim ki, məhz Bəhram Mansurov Dünya Beynəlxalq Muğam simpoziumlarında Azərbaycanı təmsil edib. Onun ifasında Azərbaycan muğamları  UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılaraq bütün dünyaya yayılıb.

- Yenidən qayıdaq sənə. Həyatda ilklər unudulmur...

- Musiqi məktəbini bitirmişdim, evə gəlib-gedən xeyli sənətkarları görürdüm, və onu da görürdüm  ki, barmaqlarım nələrsə ifa edir. Musiqi Texnikumuna daxil olandan sonra hiss etdim ki, nəsə melodiyalar gəlir və notları cızma-qara etməyə başladım. Texnikumda bəstəkarlıq fakultətif formada fəaliyyət göstərirdi. Leonid Voynşteyn, Xəyyam Mirzəzadə dərs deyirdi orda. Məni X.Mirzəzadəyə yönləndirdilər ki, apar yazdıqlarını ona göstər, fikrini desin. Deyilən kimi də etdim, lakin X.Mirzəzadə nə məni bəyəndi, nə də yazdıqlarımı. Mən də acıq edib getdim. Oktay Kazımov mənə dərs deyirdi. Bir dəfə tənəffüsdə dəbdə olan estrada mahnılarını çalırdım, qızlar da ətrafıma cəm olub məni dinləyirdi. O.Kazımov oradan keçəndə ifamı eşitdi və dedi ki, pis çalmırsan, mənim bir qrupum var indiki Xətai Mədəniyyət evində orada çala bilərsən? Cavab verdim ki, böyük məmnuniyyətlə. Qrupun adı "Eksperiment OK" idi. Get-gedə qrupun tərkibi genişləndi, konsertlər verməyə başladıq, iki dəfə də fesrivalda iştirak etdik. Sonra "Məşəl" qrupuna keçdim, onlarla birlikdə "Qızıl payız" festivalının diplomatı olduq. Artıq Musiqi Texnikumunu pianoçu kimi bitirdim və bu istiqamətdə fəaliyyətə başladım, çünki konservatoriyaya dərhal daxil ola bilmədim. Ümumiyyətlə,  pianoçu  kimi çox yerlərdə çalmışam - Opera teatrı, Xoreoqrafiya məktəbi, Dövlət rəqs ansamblı - bir sözlə, musiqi sahəsi ilə bağlı hər yerdə çalışmışam.

- Yaradıcılığında rok-opera, rok balet var...

- Baxmayaraq ki, muğam ustadının evində böyümüşdüm, mənim estradaya meylim  daha böyük idi, çünki dövrün gənc nəsli daha çox bu istiqamətə həvəsli idi. Müxtəlif xarici rok qruplarının fanatı idi əksəriyyətimiz. Gənclik illərindən beynimə dolmuşdu bu musiqi və böyük həvəslə ifa edirdim onu. Erkən yaşından insanın canına nə hopursa, sona qədər olduğu kimi qalır. Mən indi də rok musiqini çox sevirəm və həmin üslubda bəstələməyi davam edirəm. Yəni bunları mən özüm istəyərək yazıram. Pok-opera "Yeddi gözəl", rok-balet "Kleopatra", "Olimp" məhz bu istəyin, bu həvəsin nəticəsidir. Amma bu əsərlər yazıldığı kimi hələ də qalıb. Mədəniyyət Nazirliyinə  onların səhnələşdirilməsi üçün dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb. İstər rok-balet olsun, istər rok-opera bunların texniki təchizatından tutmuş yaradıcı kollektivinə qədər hamısı tamam fərqli quruluş tələb edir, bunlar isə bizdə hələ yoxdu, yaratmaq istəmək arzusunda olanlar isə tapılmır. Əlbəttə ki, bəstəkar öz əsərinin həmişə səslənməsini istəyir, bəstələrini insanlara çatdırmaq istəyir. Bu baxımdan mən də bu yazdıqlarımdan hərdən bir nömrə götürüb instrumental musiqi kimi təqdim edirəm, yəni onları yaşadıram.

- Çatdıq "Bəhramnamə"yə...

- Ürəyim istəyən nə vardısa, mən bu layihədə gerçəkləşdirdim. Muğamı sevirəm, klassik musiqini sevirəm, poku sevirəm və düşündüm ki, bunları bir yerə cəm edib ortalığa yeni bir məhsul qoyum. İstər həyatda bir insan kimi, istər yaradıcılığımda bir bəstəkar kimi həmişə fərqliliyə və yeniliyə üstünlük vermişəm. Hamının etdiyini təkrarlamaq istəməmişəm. Atamın xatirəsinə bəstəkar bir övlad olaraq mən mütləq nəsə etməli idim. Əvvəl fikrimdən bir tar konserti keçdi. Sonra düşündüm ki, Səid Rüstəmov, Hacı Xanməmmədov kimi sənətkarlar bunu artıq yazıb, hamı bunu eşidib və yaddaşındadı. Mənim yazdığım yaddaşlarda qalacaq sualı ətrafında çox düşündüm. Və sonda heç kəsin etmədiyi bir layihə ilə çıxış etmək qərarına gəldim. "Bəhramnamə"  rok, simfonik musiqi və muğamın sintezi ilə Şərqlə Qərbin vəhdətini yaratmağa çalışdım və düşünürəm ki, buna nail ola bildim.

- Deyəsən, istədiklərinin hamısına nail olmadın deyə, "Bəhramnamə-2" yarandı...

- Xeyr, bu, birinci layihənin davamı idi. "Bəhramnamə"də mən yeddi muğamdan istifadə etdim. Ayrı-ayrılıqda həm vokal, həm də instrumental versiyada. Amma qalan muğamlar vardı ki, onlardan da "Bəhramnamə-2"də istifadə etdim. Bundan başqa birinci layihədə simfo-rok-muğam sintezi idisə, ikincidə simfo-caz-rok üslubu yer almışdı. Burda əsas caza üstünlük verilmişdi, forma tamam fərqli idi. Yəni əvvəldə də qeyd elədiyim kimi, bu layihələrdə fərqli, lakin istədiyim hər şeyi edə bildim.             

 

- Böyüdüyün mühitdə çoxlarını görmüsən...

- Soruşsaydın kimləri görməmisən, daha asan cavab verərdim.

- Yaxşı, görmədiklərin..

- Üzeyir bəyi, baba Müslüm Maqomayevi, Asəf Zeynallını... Çox təəssüf edirəm ki, bu şəxsiyyətləri görmək mənə nəsib olmayıb. Qalan demək olar ki, bütün sənətkarları evimizdə görmüşəm. Qurban əmi tez-tez gələrdi bizə. Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Gülxar Həsənova, Həqiqət Rzayeva kimi sənətkarları görə-gərə böyümüşəm. Xan əmigili ilə bir tin aramız vardı.  Atam tarı götürərdi, mənə deyərdi ki, getdik. Onlar çalıb-oxuyurdu, mən   təsnif yerlərini pianoda müşayət edərdim. Çox istərdim bu yaşananları təkrar yaşayım.

- Eldar Mansurov instrumental bəstələri daha çox sevir...          

 

- Çünki instrumental musiqidə mən özüməm, heç kimdən asılı deyiləm. Burda nə şair var, nə də ifaçı. İstədiyimi yazıram, alət də istədiyimi mənə verir və çox rahatam. Mahnı da isə tək deyilsən. Şairə bu sözü başqası ilə əvəz elə deyəndə, yox sən musiqini dəyiş cavabını eşidirsən. Musiqiyə uyğun yumşaq söz lazım olanda, şair onu bəstəkara verməlidir. İfaçıya mahnı verəndə deyir ki, mən bu şeirə mahnını oxumaq istəmirəm, sözləri dəyiş. Deyəndə ki, bu mahnıda başqa şeir olarsa, musiqi dağılacaq. Lakin eşitmək istəyən azdır. Nə belə şair, nə də belə ifaçı ilə ikinci dəfə işləmirəm və heç kəslə üz-göz olmamaq üçün instrumental musiqi dünyamda rahatlığımı tapıram. Amma elə ifaçılar var ki, onlar öz nəfəsləri ilə mahnılarını yaşadıblar və mən həmişə Flora Kərimova, Mübariz Tağıyev, Ağadadaş Ağayev, Brilyant Dadaşova, Aygün Kazımova, Manana kimi sənətkarlarla çox rahatlıq və məmnuniyyətlə işləyə bilirəm.

- Yaradıcılığında  Münəvvər xanımı da unutmamısan...

- Ana unudulmayan varlıqdır, hansı yaşda olsaq da. Biz üç qardaşla anam daha çox məşğul olub və elə bir şərait yaratmışdı ki, biz küçəyə çıxmayaq. Çıxmadıq da. Diş həkimi olsa da, yaradıcılığa çox həvəsli idi. Həssas qələmi vardı, yazdığı şeirləri bir zaman çap etdirmək istədim, lakin şəxsi motivli olduğundan bu fikrimdən daşındım. Amma anamın beş şeirinə mahnı bəstələmişəm, yenə də davam edəcəyəm, çünki bir albom çıxarmaq niyyətindəyəm.

- Hamımız ağrılı 44 gün yaşadıq...

- Biz o günü mütləq yaşamalı idik, çünki artıq gözləmək olmazdı. Biz nə qədər sülh dediksə, düşmən bir o qədər bizə güldü və sonda bu onlara çox baha başa gəldi. Ölümün üzünə dik baxan o oğullar Vətən adına canından da keçdi, sağlamlığından da. Onların haqqı ödənməzdir.

- Ömrün müdrik yaşındasan...

- Həyatda heç nəyə heyifsilənmirəm, bu günə qədər yaşadıqlarımın hamısı yaxşıdır. Səhvlərim də özümündür, doğrularım da. Allahdan yeganə istəyim odur ki, bir daha müharibə olmasın. Bizim görüb yaşadıqlarımızı nəvələrimiz yaşamasın. Həyat həmişə onların üzünə gülsün. Bir gün gələn bir gün getməlidir. Gərək elə ömür yaşayasan ki, arxanca göz yaşı tökənlər olsun. Bir də Vətəni bölgələrə bölənləri heç sevmirəm. Son vaxtlar bu, sanki bir dəb halını alıb. Arada havamı dəyişmək üçün üz tuturam rayonlara. Məndən soruşanda ki, Eldar müəllim gəzməyə gəlmisiz? Bax, bundan gözəl nə ola bilər? Qarşına yaxşı insan çıxıbsa, ondan bərk yapışmaq lazımdı, haralı olursa, olsun. Öz şəhərimi də dünyanın heç bir yerinə dəyişmərəm.

 - Bizlərə deyəcək sözün..

- Düzü, mən sizlərdən uzaq qaçıram, çünki jurnalistlər dediyim  cümlədən bir kəlməni çıxarıb məharətlə "bəzəyir", üstəlik də onu bütün saytlar  bir-birindən götürüb yayır. Mən də qalıram düşünə-düşünə ki, axı, bunu haçan demişəm. Araşdıranda məlum olur ki, hansısa verilişdəki çıxışımdan götürülmüş bir cümlədir. Bu səbəbdən nə verilişlərə çıxıram, nə də müsahibə verirəm. Gələn zənglərə yalnız yox deyirəm.

- Amma mənə demədin...

- Hər yoxun arxasında bir istisna həmişə var. Sən həmin o istisnalardansan.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 4 mart.- S.18;19.