Rahmi M.Koç muzeyində
bir gün
YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ, BİR DƏFƏ GÖR
Zaman tunelində əsrarəngiz bir səfərə
hazırsınızmı? Gördüyümüz,
istifadə etdiyimiz əşyaların hansı mərhələlərdən
keçərək günümüzə gəlib
çıxdığı sizə maraqlıdırmı?
Məsələn, bir uşaq arabası, bir
Cadillac, bəlkə də bir Chevrolet, ya da bir Rolls Royce -
bunların tarixi, yarım əsr-bir əsr öncəki modelləri
haqqında düşündüyünüz olubmu?
Yaxşı, bəs, içərisində lokomotiv, bərə,
təyyarə, tramvay, gəmi kimi nəqliyyat vasitələri,
Rayt qardaşlarına aid Planer modeli ilə Dougles DC-3 və
bombardman qırıcıları, F104 S Starfighter görüb,
teleqram, fonoqraflar, qramofonlar, telefonlar, kameralar, televizorlar, əsrlər
əvvələ aid at arabaları, velosipedlər, motosikletlər,
uşaq arabaları, buxarlı avtomobillər və daha
artığını görmək istəyirsinizmi? O zaman
doğru yerdəsiniz. Bura sənaye muzeyidir.
İstanbulun tarix qoxuyan səmtində, Haliçdə,
Hasköy sahilində ziyarətçiləri qəbul edən
27 min kvadratmetrlik böyük bir əraziyə yayılan bu bənzərsiz
yer Rahmi M.Koç muzeyidir. İnsanı
keçmişin ən ağılagəlməz anlarına
aparan, xüsusilə orta əsr Avropasını gözlər
önündə canlandıran əzəmətli, sehirli məkanlardan
biridir bura. 1994-cü ildən bəri ziyarətə
açılan bu muzeyi görəndə özünə bircə
sual verməyə fürsət tapırsan: İndiyə qədər
buraya niyə gəlməmişəm?
Oğuldan
ataya...
Rahmi
Koç muzeyi adını iş adamı, kolleksioner Rahmi
Koçdan alıb və buradakı əməyi hər
addımda qarşına çıxır. Qurucusu isə
iş adamının oğlu Ömər Koçdur. Muzey təəssüratlarımı
dostuma danışarkən məlum oldu ki, dostum Ömər
Koçla dostdur və muzey sadəcə İstanbulla kifayətlənmir,
Ankara, Ayvalık olmaqla üç şəhərdə fəaliyyət
göstərir və
hər biri ən azı burdakı qədər zəngin
və heyrətamizdir. Yenə dostumdan
aldığım məlumata görə, Ömər Koç
sadəcə atasının adını daşıyan muzeylər
qurmayıb, şəhərin başqa istiqamətlərində
fərqli muzeylərin də ərsəyə gəlməsinin
səbəbkarıdır. Onlardan biri də hər
birimizin yaxşı tanıdığı Orhan Pamukun eyniadlı
əsəri əsasında açılan "Məsumiyyət
muzeyi"dir. Mədəniyyətə, kültürə bu qədər
qatqısı olan insanlar əlbəttə dəyərlidir.
Böyük
"köç"
Muzey açıldığı ilk illərdə
hazırda fəaliyyət göstərdiyi ərazinin
qarşı tərəfindəki ləngərxana binasında
ziyarətçiləri qəbul edirmiş. Ləngərxana
Osmanlı dönəmində gəmilərin dənizdə
sabit qalması üçün istifadə edilən zincirlərin
və lövbərlərin istehsal edildiyi yerlərə
deyilirmiş.
Zaman içində kolleksiyanın sayı artıb, zənginləşdikcə
buraya sığmayacaq hala gəlib. Ləngərxananın
qarşısında yerləşən tarixi abidələr
restavrasiya edilərək muzeyə çevrilir və əsərlər
bu gün fəaliyyət göstərən Tarixi Ləngərxana
Binasından (Mustafa V.Koç Binası) Tarixi Hasköy Gəmiqayırma
binasına köçürülür.
Muzeyin ilk fəaliyyətə başladığı yer
ləngərxana olduğu üçün ziyarətə
buradan başladım. Əsas bölümlərdən olan ləngərxana,
yuxarıda da bəhs etdiyim kimi, digər bölmələrdən
ayrı, yolun qarşı tərəfində yerləşir.
Buranın XII əsrdən qaldığı və
Sultan III Əhməd tərəfindən inşa edildiyi
düşünülür. İkinci dərəcə
tarixi əsər sinfində yer alan bina
taxta damı, daş divarları və ilk
görüntüsünə uyğun olaraq restevrasiya edildiyinə
görə, hər tərəfindən qədimlik
yağır.
Muzeyin ən
gözəl yeri: Atatürk bölümü
Muzeyin ən özəl yerlərindən biri Atatürk
bölümüdür. Cümhuriyyətin qurucusu Mustafa Kamal
Atatürkün ömür boyu istifadə elədiyi geyimlərdən
bəziləri, eynəkləri, sənədlərini
daşıdığı çanta, möhür, şəxsi
baxım əşyalarından fincanına qədər olduqca
geniş bir kolleksiya mövcuddur. Lətifə
xanıma aid olan əşyaların da burada sərgiləndiyini
görmək mümkündür. Fotoların
da yer aldığı bu bölüm insanlara duyğu dolu anlar
yaşadır.
Hərəkət
mexanizmi və hədəflər
Vaxt itirmədən yolun qarşı tərəfinə -
Tarixi Hasköy Gəmiqayırma muzeyinə keçirəm. Burada nələrlə
qarşılaşacağımı az
çox təxmin edirdim. Hər şey solda
görünən qapıdan içəri addım atmaqla
başlayır. Başqa bir aləm,
başqa bir hava elə ilk saniyədə səni qucaqlayır.
İlk
qarşılaşılacaq bölümlər: sualtı,
astronomi və enerji ilə bağlı stendlərdir. Əslində, enerji bölümü daha çox
diqqət çəkir. Çünki
burada günlük həyatımızı asanlaşdıran
bir çox mexanizmin xam halını incələyib necə
işlədiyini görmək mümkündür. Məsələn, avtombili hərəkətə gətirən
mexanizmin işləmə tərzini, mətbəxt sobası,
paltaryuyan maşın, elektrikli velosipedlərin aktiv hala gəlməsini
ən xırda ayrıntısına qədər görə
bilirik. Sərgilənən əşyaların
üzərindəki düyməni basaraq bütün alətlərin
işləmə mexanizmini hərəkətə gətiririk.
Uşaqların və yeniyetmələrin bu
stendlərin qarşısında daha çox
dayandıqlarını görmək olur. Rəngli
riyaziyyat dünyası da bu yaş qrupunda olanların maraq dairəsindədir.
“Cadillac”,
“Rollse Royce”, “Chevrolet” və balaca “Anadol”...
Muzeydəki ən rəngli bölmələrdən biri
olan Ərdoğan Gönül Qalereyasıdır. Ziyarətçilərin
zövqlə gəzdikləri bu bölüm insanı valeh
edir. 2003-cü ildə vəfat edən iş admı
Ərdoğan Gönül kolleksioner olub. Bu
bölümü ziyarət edərkən onun necə bir
kolleksioner olduğu bütün detalları ilə gözlər
önünə sərilir. Klassik avtomobil həvəskarları
üçün bu bölmə bənzərsiz yerdir. Hətta avtomobilə
xüsusi bir marağın yoxdursa da, bir-birindən gözəl
klassik nümunələri gördükdən sonra fikrinin
tamamilə dəyişməsi də mümkündür.
Yaşılın ən yaşılı, qaranın
ən qarası, qırmızının ən
qırmızısı, çəhrayının ən
çəhrayısı burada - bu taxta tavanın altında
parıldayır.
Yan-yana sıralanan avtomobilləri, buxarla
çalışan maşınları gördükcə, XIX əsrin
əvvəllərindən bəri nələrin dəyişdiyini
görmək olur. Bəzi avtomobillər isə elə bil
indicə film səhnələrində çıxıb
önünə düşmüş kimi görünür.
"Cadillac"lar, "Rolls Royce"lar,
"Chevrolet"lər və digər markalar göz oxşayan
dizaynları və keçmiş zaman estetikası ilə
insanı tilsimə salır. Türkiyədə istehsal edilən
avtomobillərdən "Anadol" ilə də burada tanış olmaq mümkündür. Bizim nəsil bu avtomobilləri daha çox
Yeşilçam filmlərində görüb. Hətta muzeydə qarşılaşmasam onun nə
"Anadol", nə də yerli istehsal olduğunu biləcəkdim.
Qalereyada
gəzərkən insanın beynindən bu qədim avtomobillərdən
birinə oturub 50, 100 il əvvələ
qayıtmaq fikri bir an belə səndən əl çəkmir.
Görəsən, bu, yeni dünyadan qaçmaq
hissidir, yoxsa özündən?!
"Harry Potter" ve "Sirlər evi" filmində
istifadə edilən uçan avtomobilin kopyası da burada sərgilənir. Üst mərtəbədə
isə motosikletlər, uşaq arabaları, at arabaları kimi fərqli
minik vasitələrinin hansı mərhələdən
keçib günümüzə gəlib
çıxdığını görə bilirik. Ən diqqət çəkənlər isə
uşaq arabalarıdır. Fərqli
dizaynları ilə insanı heyran qoyur. Burada elə
uşaq arabaları sərgilənir ki, daha əvvəl əksəriyyətinin
nə fotosunu, nə videosunu
görmüşdüm.
Gerçəklə
xəyal arasında
Digər bölümlərdən biri Bülent Bulgurlu
Qalereyasıdır. İş adamı və mühəndis
olan Bulgurlu eyni zamanda bir kolleksionerdir. Qalereyanın
Bulgurlu bölümündə buxarla və dizellə işləyən
nəqliyyat vasitələri var. Arxasınca sənaye
inqilabından əvvəl istehsalın canlandırıldığı
bölümlər gəlir. Ayvalıkdakı
bir zeytun yağı fabrikindən gətirilən, buxarla
işləyən parçalardan ərsəyə gətirilən
bölüm heyrətamizdir. İşıqlı
bir panel üzərindən təqib edərək, hərəkət
edən makinalar və səslərin müşayiətində
zeytun yağının istehsal prosesinin bütün mərhələlərini
izləmək mümkündür. Zeytun yağı
fabrikindən çıxdıqdan sonra dülgər
emalatxanası və dəmirkəsən dəzgahlardakı
canlandırılmış iş proseslərini səsli şəkildə
seyr etmək olar.
Muzeyin bölümlərindən biri də Aydın
Çubukçu Qalereyasıdır. Bura həm Türkiyədə, həm
də digər ölkələrdə istifadə edilən
motosikletlərin, atlı vaqonların,
tramvaylarıın olduğu bölümdür. Şüşə
qutular içərisində keçmişə aid raylı nəqliyyat
vasitələri mövcuddur, dəmir yolu boyunca
canlandırılan maketləri seyr etmək insanı fərqli
dünyaya atır.
"Yaşayan
keçmiş"
Muzeyin içərisini gəzərkən hərdənbir
pəncərədən gözucu baxdığım
açıq hava altındakı əsərləri görmək
üçün səbirsizlənirdim. Və budur, təknələr,
gəmilər, səltənət qayıqları,
balıqçı qayıqları, buxarlı gəmilər və
dənizçiliklə bağlı bir çox detallar
dünya xəritəsi kimi önümdə
açılmışdı. Yeri gəlmişkən,
ziyarət etdiyim bütün bölmələrdə bal mumundan hazırlanan heykəllər var - bərədə,
qayıqda olduğu kimi. Bu, əsərlərə
fərqlilik və daha bir canlı ab-hava qatır muzeyə.
Ən əsrarəngiz bölmələrdən biri də
"Yaşayan keçmiş"dir. Sıralanmış dükanlarda zamanın donub
qaldığı bir həyat var sanki. Daktiloda yazı
yazan qız, ayaqqabı təmir edən başmaqçı,
saat satan və təmir edən saatsaz, dərman
hazırlayan əczaçı, bal mumundan hazırlanan heykəllər
heyrətamizdir. Hər dükanın
qapısından içəri boylananda keçmiş
zamanın gündəlik həyatı ilə üzləşirsən.
Dükanların önündə isə rəsm
çəkdirmək istəyənləri bütün gözəlliyi
ilə işıldayan qırmızı klassik avtomobil gözləyir.
Sultan
Abdulazizin səltənət vaqonu...
Gəmiqayırma bölümündən sonra
Açıq Hava Sərgisi gəlir. Tanklar,
qırıcılar, təyyarələr, özəl jetlər,
yangınsöndürən, avtomobillər, qatarlar, burada sərgilənir.
Bunlardan ən gözəli isə Sultan Abdulazizin səltənət vaqonudur. 1867-ci ildə çıxdığı Avropa səyahətində mütəmadi olaraq bu vaqondan istifadə etmişdi. Padşahın Avropa səyahəti tarixində bənzəri olmayan bir hadisədir. Çünki bu səfər "xəlifə" özəlliyi olan Osmanlı İmperatorluğunun bir padşahının, rəsmi və barış məqsədli ziyarət kimi hakim olduğu torpaqlardan kənara çıxdığı ilk və son səfər idi. Sultan bu vaqonda qonaq da qəbul etmişdi: Prussiya kralı və Avstriya-Macarıstan imperatoru, Saksoniya kralı, Papanın böyükelçisi ilə görüşmüşdü. Və yenə bu vaqon ilə İngiltərə kraliçası Viktoriyanı ziyarətə getmişdi. Səltənət vaqonu Sultan Abdulaziz üçün xüsusi olaraq İngiltərədə hazırlanmış və 1866-cı ildə hədiyyə edilmişdi. 1998-ci ildə isə Dövlət Dəmir Yolları Müdürlüyü və Rahmi Koç Muzeyi və Kültür Vəqfi arasında müqavilə imzalanması nəticəsində vaqon alınaraq restevrasiya edilir və muzeydəki yerini tutur. Vaqonun ağırlığı on min beş yüz kiloqram, uzunluğu 955, eni 280, hündürlüyü 490 santimetrdir. Vaqonun içində Sultan Abdulazizin bal mumundan hazırlanan heykəli var. O qədər canlıdır ki, sanki Sultan bir az sonra səfərə çıxacaq. Bəlkə də Fransaya! Kim bilir...
Rahmi M.Koç Muzeyində dörd-beş saat
vaxt keçirdim. Məncə, həmin vaxt ömrümün ən
gözəl anları idi. Yolunuz düşərsə mütləq
baş çəkin. Yüz dəfə eşitməkdənsə,
bir dəfə görmək yaxşıdır.
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 4 mart.- S.17.