Mənası və missiyası dəyişən
ədəbiyyat
Esse
Üçüncü dünya ədəbiyyatlarının qaçılmaz
olaraq "milli xəyanət xüsusiyyətləri
daşıdığını" bildirən Fredrik Cemsona qarşı etnosentrik və orientalist olmayan bir baxışın
mümkün ola biləcəyi düşüncəsi formalaşıb.
Bu, uzun müddətdir,
hakim düşüncəyə görə dünya planetin hamısında deyil, inkişaf etmiş Qərbdə təmsil olunmaqdadır.
Kürə formasında olan
bir planetdən ziyadə, həm də piramida şəkilli mədəniyyətlərin
planeti var. Əsas mövzu qatlar və siniflərdir. Mərkəz-çevrə münasibətləri, iqtisadiyyatdakı qeyri-bərabər
inkişaf qaydasında
olduğu kimi mədəniyyətlərin də
bərabər olmayan inkişafına təsir edir. Ya da mərkəz
ətrafındakıları (ilk vaxtlarda) asanlıqla çəkə bilir.
Fransua Fenelonun "Tərcümeyi-Telemak" romanının
fərqli qərbləşmə
məcraları olan Rusiya, İran və Osmanlıda müxtəlif zamanlarda yayımlanan ilk roman olması
bu konteksdə diqqətə dəyər:
bu cür münasibətlər başlanğıcda
adi gələ bilər. Nə zaman ki, ədəbiyyatın modern ünsürləri
perifer ölkələrdə
də daimi bir hal alır,
köhnə formalarla dirsəkli bir əlaqə quran və özünə geri axacaq məcra
tapan ədəbiyyat öz fərqliliyində və məlumatlılığında
yol alır, beləcə ədəbiyyatlar
qeyri-bərabər inkişafa
meyllənir. Bu bərabərsizlik
mərkəz-mərkəzəqaçma münasibətinin əksinə
yönəlir. Belə bir
tərzin ən canlı örnəyi romandır. Nağıl
və hekayə danışmaq, şeir və dastan demək min illərdir var olarkən, roman cəmi dörd yüz il
öncə Avropada yarandı, orada inkişaf etdi və yayıldı. Modern romanın bəzi
dillərdəki yaşı
yüz ildən də azdır. Burada əlaqəli ifadənin ikinci sözü olan "ədəbiyyat"
dövrəyə girir.
Mövcud olduğumuz zamanda
ədəbiyyat nəyi
ifadə edir? (Afrika dillərində
və ya Osmanlıda ad olaraq ədəbiyyatın bir neçə janrı olmasına baxmayaraq, on doqquzuncu əsrin sonunda bu anlayışın
yaranmağını xatırlamağa
dəyər). Ədəbiyyat hekayəni, şeiri, dastanı, nağılı,
esseni, romanı - bütün janrları qeyri-bərabər inkişaf
prosesində olsa da, təmsil etməyə səy göstərir. Amma növlər
yaranar, təkmilləşər,
məhv olar və bizə sadəcə klassiklər qalar - "İliada"və
ya "Min bir gecə nağılları"
kimi.
Çağımızda isə roman daha çox diqqət çəkir və digər janrlar üzərində hakim oldu. Romantizmin,
üsyanın, ümidin
və sevginin ədəbiyyatını təmsil
edən şeir belə hər qitədə geri çəkildi. Romanın bu qədər
məşhur olması
modern həyatın insanlara
yetərincə boş
zaman buraxmaması ilə ziddiyyət təşkil edir. Hər kəs dəlicəsinə
və ya bezgin işləyir, böyük şəhərlərin
çətinlikləriylə boğuşur, televiziya seyr edir, ağıllı
telefonlarla oynayır.
Belə bir zaman tempində
daha qısa mətnlərin populyarlaşması
ağlabatandır. Hekayə və
ya şeir kimi qısa zamanda oxuna biləcək
mətnlər. Lakin elə
olmadı. Hötenin
"insanın planetar
mülkü" dediyi
şeirin yerini alan roman yüzlərcə
səhifəlik həcmiylə
boş zamanı azalan insanların həyatında daha çox qəbul edildi. Mixail Baxtin kimi fikir adamları bunun səbəbləri barədə geniş araşdırmalar etdi.
Ədəbiyyatın modern çağında romanın xüsusiyyətlərini,
onun toplum və fərdlərlə münasibətini qavramağa
çalışdılar.
Söylənənlərdən biri bu idi: Romanın müəyyən edilə bilməyən sərhədləri özündən öncəki hər bir ədəbiyyat növünü (şeiri, nağılı, dastanı və s.), hətta başqa sahələri də (fəlsəfə, psixoanaliz, tarix, sosiologiya və s.) ifadə etmə gücünü göstərir. Mətnlərarası, janrlararası və başqa nüanslar roman üçün əlverişlidir və onun genişlənməsinə imkan yaradan detallar halına çevrilir. Hər cür təhkiyə üsulu və hadisələr qara dəliyə bənzəyən roman tərəfindən udulur. Dünyanın bütün ifadə tərzləri romanın içində həll olarkən, roman özü də bütün dünyaya coğrafi və mədəni müstəvidə yayılmaqdadır (zamanın qısqacına qarşı uzun mətnlərlə dirənmək, sıradan bir fərdin beləcə öz varlığında dinc bir köşə yaratmağın mümkünlüyünə inanması da səbəblərdən biridir).
Dünya ədəbiyyatı tarixin bir mərkəzə toplanmasını və o mərkəzin də bütün dünyaya yayılmasını vurğulayır. Roman üçün çox gözəl bənzətmədir, çünki roman da bütün janrları özündə cəmləşdirib böyük ölçüdə ədəbiyyat janrına çevrilməkdədir. Amma insanlığın mədəni dəyişikliyindəki bu istiqamətin narahatlıq yaradan tərəfləri də var. Söhbət mədəniyyətlərin və mədəni formaların öz içində daim qeyri-bərabər inkişafından gedə bilər, amma inkişafla bərabər bərəbərlik və plüralist olmağın ziyanı nə idi? Bəs hələ də belə bir imkan varsa, bu necə aktuallaşa bilər? Narahatlıq iki səbəbdən yaranır. Birincisi, roman xaricindəki digər janrların arxa plana düşməsinin qarşısını necə almaq olar? Daha doğrusu, bu mümkündürmü? Bunun mümkün olmadığı söylənilir. Hər inkişafın təbii təkamülünün (epik və nağılların çox keçmişdə qalması kimi) olduğu vurğulanır. Bu gün beynəlxalq yayın şəbəkəsində saf romanların, yeni romançıların ana gövdəni işğal etməsi bunun bir sübutudur. Amma keçmişdə qalan ədəbi janrların yeni yarananların içində hələ də yaşadığı danılmazdır. Roman digər ədəbi növləri ölümdən xilas edir, onları öz içinə alıb yoğurur, yeni bir nəfəs verir. Özü də bu halda yeni bir həyatla tanış olur. Narahatlığın ikinci səbəbi artıq burada görünür: Roman hər kəsin və hər coğrafiyanın səsini ona uyğun şəkildə təqdim edə bilərmi? Bu suala yetkin cavab vermək son bir əsrdə mümkündür. Qərb təfəkkürünə qarşı çıxan antikolonializm mübahisələri (Jozef Konroda qarşı çıxan Şinue Aşebenin tənqidini misal çəkə bilərik), kişi dominantlığına qarşı qadınların mövqeyinə münasibət (Virciniya Vulfdan yeni feminist baxışlara qədər böyüyən bir dalğa), bazarın monopoliya ilə idarə olunmasına qarşı etirazlar (azad yayın evlərinin və azad kitabxanaların yenidən yenidən qurulması) kimi xəbərdarlıq fişəngləri ədəbiyyat dünyasını bir səmtdə tutmaq arzusundadır və günbəgün daha aktiv müzakirələrə səbəb olur. Və bu zəmində hər beynəlxalq səviyyəli dil öz ədəbiyyatını digərlərinə daşımağa çalışır.
Milli dillərin ədəbiyyatın
içindəki anlamı və missiyası da
dəyişir. Bir neçə əsr əvvəl cəmiyyətlərin
yeni sosial əhvalı
yeni bir ədəbiyyat
janrını - romanı ortaya
çıxardı. Sənaye toplumları yaranır, yeni siniflər müəyyən edilir, böyük şəhərlər
qurulurdu. Şəhərlərin
qarmaşasında çabalayan yeni insan - fərd - formalaşmaqda və böyük
imperatorluqların nisbətən təsiredici,
zəif və plüralist mədəniyyətinin
yerini konkret sərhədlər
və qaydalarla müəyyənləşmiş
millətlər alırdı. Əvvəllər yazarlar bu milliliyi
şişirdərək, daha doğrusu ona aid olmağın həzzi ilə
yazırdılar, indi isə milliliyin sərhədlərinə həbs
olunmadıqlarını göstərmək üçün
yazırlar. Əvvəllər ədəbiyyat millilik
yaratmağın bir vasitəsi kimi görünürdüsə, indi milliliyi
aşmağın yolu kimi
təyin edilir. Dünya
ədəbiyyatı gerçəkləşmək üçün millətlərin siyasi olaraq
qarışmasını gözləmir, ayrı-ayrı millətlər
var olarkən belə ədəbiyyat onlara qarşı çıxmağın bir yolunu tapır, ya da yaradır. Milli ədəbiyyat
bir zaman üçün lazım olan
mərhələ idi, amma
onun daxilindəki parçalanmalar
fərqli mövqeləri yaratdı və bu
mövqelər milliliyin alt
qatına enərək onun hər bir xüsusiyyətini bəşəri
düşüncə ilə ələ alıb inkişaf etdirdi. Bu baxımdan dünya ədəbiyyatı
həm milli ədəbiyyatın öz içində inkişafına təsir edir, həm də onu
aşır. Yeni dil bir yandan millətlər
arası, digər yandan millətlər xarici bir dildir.
Rəvan
CAVİD
525-ci qəzet.- 2023.- 4 mart.- S.16.