"Avinyon
qızları"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Fatma
Əsgərlidir. Onunla Pablo Pikassonun dünyaca
məşhur "Avinyon
qızları" əsərindən
danışacağıq.
Dünya şöhrətli rəssam
və heykəltaraş
Pablo Pikasso 25 oktyabr
1881-ci ildə İspaniyada
anadan olub, 1973-cü ildə vəfat edib. Pikassonun yaradıcılıq bacarığı özünü
rəssamlıq, heykəltaraşlıq,
dizaynla yanaşı, digər çoxsaylı təsvir və tətbiqi incəsənət
sahələrində də
göstərir.
- Fatma xanım, əsərin yaranma tarixçəsi haqqında
nə bilirik?
- "Avinyon qızları"
1907-ci ildə çəkilib. Rəsmdə
çəhrayı bədənli
beş nəfər
qadın gümüşü
və mavi pərdələrə bürünüb.
Onlardan ikisi sinələrini qabartmış halda, qollarını yuxarı qaldıraraq dayanır.
Digər
üçü isə
maskalıdır. Biri tablonun
solunda profildə dayanır, ikisi Afrika maskalarında. Onlardan biri diş-diş edilmiş pərdə arxasından boylanır, digəri isə zərli parçalar arasında çöməlib.
Boşqabda, açıq-aydın simvolik mənalı meyvələr toplusu var.
- Bir də meyvələr
və fərqli cizgilər var. Bu barədə
nə deyə bilərsiniz?
- Testikulyar üzümlə
bir dilim qovun, bir alma
və armud. Burada əyri cizgi görmək demək olar ki, mümkün
deyil - dirsəklər
bıçaq kimi itidir, bel və
budlar həndəsi siluetlərdir, sinələr
üçbucaqdır. Rəsm ilk baxışdan kvadratdır.
Əslində, onun hündürlüyü
enindən bir neçə santimetr daha çoxdur. Bu xüsusiyyət, sizə məkan və simmetriyanı izləməyə imkan verir. Daha doğrusu, düzbucaqlılıq,
sizi heç vaxt öz canlılığını
itirməyən bu əbədi hərəkət
maşınına baxmağa
vadar edir.
- Əsərin kompozisiyası
necədir?
- "Avinyon qızları"na baxın və onun mənasını
təxmin etməyə
çalışın. Bacarmazsınız. Siz heç vaxt tabloda beş qadının rəsmi olduğunu güman edə bilməzsiniz. Hələ onların fahişə olduqlarına qərar vermək bir yana qalsın,
obrazları sözlərə
çevirməklə hansısa
düzgün yola belə, vara bilməzsiniz. Onu şərh etmək
üçün siz baxışınızı çəkməlisiniz,
ya da diqqətinizi
dağıtmalısınız. Əslində, rəsmə baxmaq
daim bir aspektdən digərinə
keçmək deməkdir;
o, heç vaxt sizə qəti bir fikir üzərində
dayanmağa imkan vermir. İlk növbədə, bu, baxış haqqında bir tablodur. Pikasso mərkəzi fiqurun
avtoportret səlahiyyətində
olan böyük asimmetrik gözləri ilə cəsarətlə
sizi süzür.
Maraqlıdır ki, biz Leonardonun
və ya Marsel Düşanın yaradıcılığında transvestit avtoportretlərini
görməyə öyrəşmişik,
lakin biz Pikassonun karikaturaları vasitəsilə
aldanaraq bu əsəri nadir hallarda eyni cür qavrayırıq.
Afrikan maskalarında Pikassonu valeh edən xüsusiyyət ən sadə bir şey idi:
onlar sizi maskalayırlar, sizi nə isə başqa bir şeyə - heyvana, iblisə, Tanrıya çevirirlər. Modernizm maska
taxan incəsənətdir.
O, nəzərdə tutduğu
mənanı demir; bu, pəncərə deyil, divardır.
- Pikasso niyə məhz bu mövzunu
seçmişdi?
- Pikasso bu mövzunu ona görə seçmişdi ki, o, klişe idi: rəssam göstərmək istəyirdi ki, incəsənətdə orijinallıq süjet-tematikada və ya əxlaqda deyil, forma ixtiraçılığındadır. Bax buna görə də, "Avinyon qızları"nı bordellər, fahişələr və ya müstəmləkəçilik haqqında rəsm əsəri kimi görmək doğru deyil. XVIII və XIX əsrin incəsənətinin böyük, acınacaqlı faciəsi onda idi ki, o, Mikelancelonun parlaqlığı ilə müqayisədə yaradıcılıq aktını nəzərdən qaçırmışdı. Pikassonun səs-küyə səbəb olan yeniliyi budur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər - üzərində düşünüləsi bir yüzillikdir. Bu, yalnız bir rəsm əsərinin tarixində 100 il deyil, həm də modernizmin 100 ilidir. "Avinyon qızları" keçmişi və gələcəyi ayıran qırılma nöqtəsidir. Kultural baxımdan, XX əsr 1907-ci ildə başlamışdı. Musiqidə Şönberqin "İntizar"ı 1909-cu ildə bəstələmişdi, Stravinski "Bahar mərasimi"nə 1910-cu ildə başlamışdı. Ceyms Coys 1914-cü ilə qədər "Uliss" üzərində işləməyə başlamamışdı və o zamana qədər Pikasso artıq kubizmin son mərhələsində idi.
Aytac
SAHƏD
525-ci qəzet.- 2023.- 4 mart.- S.15.