Dəyəri azalmayan sənətkarlıq
VƏ
YA ELÇİN HƏMİDOVSUZ 12 İL...
Teatrda və kinoda bir-birindən maraqlı rolları, parodiyaları ilə hər zaman tamaşaçılarının
üzünü güldürən,
içində isə
böyük fırtınalar,
ən dərin yaralar daşıyan aktyor idi o. Bəlkə
də özünün
yaşamadığı, həyatı
boyu həsrət qaldığı gülüşü,
sevinci yaşatmağa
çalışırdı tamaşaçısına. Bəlkə
elə bu cür qisas alırdı ona ən adi sevincləri
belə çox görən taledən, kim bilir..?
Ancaq bu qədər komik rolların ifaçısı yaddaşlarda
daha çox
"Planet Parni iz
Baku" KVN Teatrının "Məhəllə" tamaşa-filmindəki
Məzi obrazı ilə qaldı. Uşaq yaşlarından valideynlərini itirən, hər kəsin "dəli" hesab etdiyi üçün aşağılayıb xor
gördüyü, amma
sonda öz müdrik, həyati sözləri ilə ona "yuxarıdan aşağı" baxanlara,
özünü ağıllı
sananlara dərs verərək heyrətləndirən
Məzi...
Bu gün "ağıllı
dəli" Məzinin,
istedadlı aktyor Elçin Həmidovun aramızdan ayrılmasından
düz 12 il
keçir. Sanki dünən
kimi xatirəsi yaddaşımızda əbədi
yaşayan Elçin Həmidovsuz 12 il...
Təsadüfi deyil ki, Elçin
Həmidov yaratdığı
onlarla obrazın içində məhz Məziylə daha çox tanındı, daha çox sevildi. Çünki onun Məzi
obrazında ən təbii, ən səmimi həyat lövhələri gizlənmişdi.
Məzi Elçinə
çox tanış,
hətta doğma obraz idi. Axı
o da Məziylə, demək olar ki, eyni həyatı
bölüşürdü...
Elçin Həmidov 1958-ci il iyunun 29-da Bakıda Qəzənfər
kişinin ailəsində
dünyaya göz açmışdı. Taleyin amansız
əli hələ lap
körpə ikən yapışmışdı Elçinin
yaxasından. O, əvvəlcə
atasını, sonra isə anasını itirir. Elçin və digər
bacı-qardaşlarına əmisi
sahib çıxır. Nə yazıq ki, balaca Elçinin bəxti burada da üzünə gülmür, sığındığı
evdə də rahatlıq tapa bilmir. Evin ən ağır
işləri ona gördürülür, doyunca
yemək verilmirmiş.
Hətta
mərhum aktyorun sözlərinə görə,
o qədər ac qalarmış
ki, vitaminsizlikdən kirpikləri də tökülürmüş. Bunlarla bərabər, gördüyü
şiddət də onun ata-anasızlığını,
kimsəsizliyini sanki hər dəfə "başına qaxınc"
edirmiş. Bu kimsəsizliyinə hələ
tam alışmamış, yeniyetmə çağında
iki qardaşını
və bacısını
itirir. Lakin bütün bu
əzablara, çətinliklərə
baxmayaraq, gənc oğlan sınmır, həyatda özünə
bir yer etmək,
onu görməyənlərə,
görmək istəməyənlərə
varlığını sübut
etmək üçün
çalışır.
Əvvəllər kuryer işləyən Elçin 1977-ci ildə İncəsənət İnstitutunun
Dram-kino aktyoru fakültəsinə daxil olur. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə düzəlir. O, burada
öncə işıqçı,
sonra fəhlə kimi çalışır.
Bir müddət sonra xor artisti vəzifəsinə,
daha sonra artist-vokalist ştatına keçir. Gənc aktyor az
vaxtda öz istedadını sübut etməyi bacarır, yaratdığı müxtəlif
rollarla özünü
təsdiq edir. Əsl bariton və soprano səsə malik aktyor tamaşalardakı çox musiqiləri də özü ifa edir.
Doğma
teatrında yaratdığı
Mayıl ("Subaylarınızdan
görəsiniz"), İkram
("Boşanaq, evlənərik"),
Rza bəy ("O olmasın, bu olsun"), Esfraqon ("İddialı qaraçı"),
Nadir ("Beş manatlıq
gəlin"), Dilənçi ("Mən
dəyərəm min cavana"),
Miriş ("Özümüz
bilərik") və
sair obrazlar ona böyük tamaşaçı rəğbəti
qazandırır.
Ekranlarda isə E.Həmidov "Bakılı oğlanlar"
komandasındakı parodiyaları
və yuxarıda adını çəkdiyimiz
Məzi obrazı ilə tanınır. Onun gözəl səsi və böyük istedadı Flora Kərimova,
İlhamə Quliyeva, Zəki Müren, Gülşən Qurbanova, Elza Seyidcahan, Əminə Yusifqızı
kimi sənətçiləri
uğurla parodiya etməyinə şərait
yaradır. Maraqlıdır ki, onun parodiya etdiyi heç bir sənətçi heç
vaxt ondan incimir, əksinə, bu, onlara da
gülüş və
zövq bəxş edir. Çünki o, xarakterindəki kübarlığı, həssaslığı
və sayğını
yaratdığı obrazlarına,
parodiyalarına qarşı
da saxlayırdı.
E.Həmidov sənət dostlarına
qarşı da çox həssas dost imiş. Onun Hacıbaba Bağırov
rəhmətə gedəndən
sonra azyaşlı qızına hər axşam telefonla nağıl danışması,
aktrisa Dilarə Əliyevanın bəyənib
ala bilmədiyi qızıl
üzüyü ona hədiyyə etməsi bu nümunələrin sadəcə bir neçəsidir.
Bu qədər həssas
ürək sahibi elə bu həssas
düşüncələrinə görə heç zaman ailə həyatı da qurmayıb. Ailəsindəki irsi xəstəlikdən
və cavan ölümlərdən qorxuya
düşən sənətçi
özünün də
tez öləcəyindən
qorxduğu üçün
kiminləsə evlənib
özündən sonra
onu tənha qoymaq istəməyib.
Onun səhnədəki son rolu Qoqolun "Evlənmə" tamaşasındakı Yaiçnitça olur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu tamaşa Elçinin çox xoşuna gəlirmiş və Elçin bu əsərə ürəklə hazırlaşırmış. Ancaq təəssüf ki, səhhətindəki problemlər, tez-tez şəkər və təzyiqdən əziyyət çəkməsi ona məşqlərdə mane olur, sözlərini unutmasına gətirib çıxarırmış. Bununla belə E.Həmidov tamaşanın premyerasında öz gözəl ifasıyla seçilir. Hətta sanki gedişini hiss edirmiş kimi tamaşanın premyerasından sonra düz iki saat dinib-danışmadan diskdə əsəri izləyir.
Həmişə dostlarına "mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam" - deyən aktyor sanki həqiqətən də öz sonunu təsvir edirmiş.
2011-ci il martın 4-ü səhər teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi olsa da, Elçin məşqə gəlmir. Həmkarları nə qədər gözləsələr də, gəlmir, telefonlara cavab vermir. Bundan narahat olan bir neçə həmkarı aktyorun evinə gedirlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açdıqda acı gerçəklə qarşılaşırlar: hamamda halı pisləşmişn aktyor hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb. İrsi ürək xəstəliyindən əziyyət çəkən aktyorun cansız bədəni dəhlizdə sahibsiz qalıb.
Beləcə, Elçin Həmidovun tənhalığa məhkum edilmiş həyatı tənhalıqda da sona çatır...
O gündən 12 il
keçsə də, istedadlı aktyor onu sevən həmkarlarının və
tamaşaçılarının qəlbində bir-birindən
maraqlı obrazları, rolları, parodiyaları ilə
yaşayır və hələ çox uzun illər də yaşayacaq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 4 mart.- S.15.