Professor Qəzənfər Paşayevdən
Mədəniyyət Nazirliyinə müraciət
Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayev
mədəniyyət nazirinin
birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimliyə məktubla
müraciət edib.
Məktubda deyilir ki, bu il fevralın
23-də Milli Kitabxanada
istiqlal şairi Əhməd Cavadın 130 illiyi münasibətilə
keçirilən tədbirdə
Nazirliyinizin və Milli Kitabxananın nəşr etdiyi "Əhməd Cavad. Biblioqrafiya" və
TÜRKSOY-un çapına nail olduğu "Əhməd
Cavadın seçilmiş
şeirləri" kitablarının
təqdimatı olub. Yüksək
səviyyədə keçən
tədbirdə çıxış
edən yazıçı,
şair və elm adamları professor Kərim
Tahirovun elmi redaktorluğu və Mehriban Cəfərovanın
tərtibi ilə işıq üzü görən "Əhməd
Cavad. Biblioqrafiya" əsərinin məziyyətləri barədə
müsbət fikirlər
söyləyiblər, əsəri
yüksək qiymətləndiriblər.
"Bu məktubu sizə
ünvanlamaqda məramım
iki məsələni
nəzərinizə çatdırmaqdır. Biblioqrafiyada Əhməd
Cavadın şeirlərinə
bəstələnmiş mahnıların
adı və bəstəkarların ad-familiyası
göstərilib. Bu, çox yaxşıdır.
Lakin həmin mahnılar efirdə səslənəndə
nə mahnının sözlərinin, nə də bəstənin kimə mənsub olduğu məlum olmur. O cümlədən
də xalq arasında geniş yayılan və sevilən "Çırpınırdın,
Qara dəniz",
"Gəncədən gəlirəm",
"Qurban olduğum",
"Can Azərbaycan", "Baharım gəl, yazım gəl" kimi qəlblərə məlhəm olan mahnılar. Görəsən
çoxmu adam bilir ki, Əhməd
Cavadın 25-ə yaxın
şeirinə bəstələnmiş
mahnıların müəllifləri
dahi Üzeyir Hacıbəyov, görkəmli
və tanınmış
bəstəkarlarımız Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Eldar Mansurov, Sərdar Fərəcov, Aygün Səmədzadə,
Dadaş Dadaşov, Rəşid Şəfəq
və Elnarə Dadaşovadır. Televiziya kanallarında
efiri doldurmaq üçün insanların
zövqünü korlayan,
ağlasığmayan mənasız
verilişlər baş
alıb gedir. "Nə olar
ki, efirdə mahnılardan istifadə zamanı mahnının sözlərinin və bəstənin müəllifinin
adı elan ediləydi. Bu, o qədər
də çətin bir iş deyil.
Axı, Sovet dönəmində buna ciddi fikir
verilirdi" - deyə
məktubda bildirilir.
Professor Qəzənfər Paşayev
məktubunda haqqında
söhbət açmaq
istədiyi digər məsələnin də mahnılarımızla bağlı
olduğunu qeyd edib, müğənni Əlikram Bayramovun bu yaxınlarda "525-ci qəzet"ə müsahibəsində
Azərbaycan musiqisinin,
estradanın bugünkü
vəziyyətinin bərbad
olması ilə bağlı səsləndirdiyi
fikirlərə diqqət
yönəldib: "Əlikram
Bayramov müsahibəsində
qeyd edir ki, "ən böyük problem ondadır
ki, ara müğənniləri
çox yayılıb.
Son zamanlar oxunan mahnıların heç
birində məna yoxdur. Bəzi
müğənnilər var ki, onları efirə buraxmaq
ayıbdır. Çünki nə oxuduğu, nə də istedadı bir şeydir. Onlar musiqimizi uçuruma aparırlar. Müğənni
göstərir ki, bununla
televiziyalarımız mübarizə aparmalıdır, lakin bu məsələni
Mədəniyət Nazirliyi də nəzarətdə
saxlamalıdır". Fikrimcə, müğənni
Əlikram Bayramov haqlıdır,
bayağı mahnıların və bədnam "müğənnilərin"
qarşısını yalnız bir yolla almaq olar.
Bəzi ölkələrdə efirdə fonoqram
qadağan edilib. Bizdə
də televiziyaların efirində və tədbirlərdə fonoqram qadağan edilsə,
bu, milli musiqimizin xilası yolunda Mədəniyyət
Nazirliyinin atdığı ən cəsarətli
addımlardan biri olardı".
525-ci qəzet.- 2023.- 4 mart.- S.14.