Ocaq belə çatılırdı
Sonra
illərlə kəsilməyən alovunun çoxlarını
bədbəxt edəcəyi o müdhiş ocaq çoxdan
korun-korun yanırmış. Acı tüstüsünü o vaxt yuxu içində
olan camaat hələ hiss etməsə də,
yuxarıdakıların pərdə arxasını və alt
qatları görən gözləri hər halda bu tüstülənmələrdən
agah idi. Qıraqdan-bucaqdan ocağa bir ucdan da hey
odunlar atılırdı. Bütün
bunlardan agah olan yuxarılar sərt həqiqətləri
özlərindən daha yuxarıdakılara da
çatdırırdılar. Di gəl, daha
yuxarıdakılar daha aşağıdakıların təşvişinə
məhəl qoymayaraq hələ qımıldanmırdılar,
"Yaş odun yanmaz" deyib yola verirdilər.
...Xoş
bir payız günü idi. 1959-cu il
oktyabrın 11-i. Şıdırğı futbol gedirdi. Gəncənin (o çağlar Kirovabad
adlanırdı) "Spartak" stadionu ağzınacan dolu idi.
Və heç də həmişə belə
olmurdu. Stadionun bugünkü doluluğunun,
oyuna xüsusi marağın əsas səbəbi o idi ki, yerli
"Toxucu" (o çağlar komandanın adını tərcüməsiz
elə birbaşa "Tekstilşik" yazırdılar.
Necə ki, "Neftçi" də "Neftyanik" idi) Ermənistanın
Leninakan şəhərindən gəlmiş
"Şirak"ı qəbul edirdi.
Şəhər
rəhbərliyi yaxşı bilirdi ki, bizimkilər ermənilərlə
qarşılaşanda həmişə ehtirasların coşma
ehtimalı var, o səbəbdən də asayişi təmin
etməkçün həm stadiona xeyli hərbçi, milis
qüvvələri, eləcə də mülki geyimli Dövlət
Təhlükəsizlik Komitəsi əməkdaşlarını
cəlb etmişdilər, həm də bərayi-ehtiyat göstəriş
vermişdilər ki, tünlük əmələ gəlməməsi
üçün oturacaqların sayından artıq bilet
satılmasın. Ancaq axşam saat 4-ə 5-10 dəqiqə
qalmış azarkeşlər seli giriş qapısını
bağlayanları sıxışdıraraq içəri
doluşdu və ayaq üstə dayananlar oturanlardan da çox
oldu (nə yazıramsa, hətta o "5-10 dəqiqə"
söhbəti də, sırf sənədlərə əsaslanır).
Birinci hissənin ortalarında uzun ötürmələrlə
hücumçularını irəli çıxaran
"Tekstilşik"in vurduğu qol ləbələb stadionu
lərzəyə gətirdi. Bir neçə dəqiqə
gurlayan alqış dalğası səngidi, oyun adi məcrasında
davam edirdi və hakimin fiti gəncəli futbolçular
növbəti dəfə rəqiblərin cərimə
meydançasına daxil olanda fasiləyə
çağırdı. 15 dəqiqəlik
fasilədə də, saat 5-də başlanan ikinci hissənin
ilk dəqiqələrində də nisbi sakitlik idi. Qəfildən qonaqların "Tekstilşik"in
qapısına yaxınlaşan hücumçusunu gəncəli
müdafiəçinin kobudluq göstərmədən
çiyinlə sıxışdırıb ondan topu
almasını hakim penalti sayaraq 11 metrlik nöqtəni göstərdi.
Cavab qolundan sonra tribunalarda gərginlik yaranmağa
başladı.
Açıqca "Şirak"a tərəfkeşlik
edən hakimin hər fiti camaatın daha gur fitinə
qarışıb eşidilməz olurdu və bu arada qonaqlar bir
qol da vurdu. Tribunalardan meydana xırda
daşların, boş su şüşələrinin
atıldığını görən hakim oyunu bir neçə
dəqiqəliyə dayandırmalı oldu. Ancaq stadion daha toxtayana oxşamırdı.
Hakimin "Tekstilşik"in qapısına təyin etdiyi və
yetərincə mübahisəli cərimə zərbəsi
növbəti qolla nəticələnəndə artıq
yalnız tribunalar nəzarətdən çıxmadı. Stadionun ətrafındakı evlərin çoxunda
ermənilər yaşayırdı. İndi
onların balkonlarından birbaşa azarkeşlərə
doğru çay daşları atılmağa başlandı.
Tribunadakı adamlar qorunmaq üçün
bir-birini itələyə-itələyə meydançaya
qaçmağa başladılar.
"Şirak"ın futbolçularını, oyunun
hakimlərini tələm-tələsik maşınlara oturdub
aradan çıxartdılar. Şəhərdə
isə artıq gecəyədək çaxnaşmalar davam
etdi. Gəncənin "İkinci hissə"
adlanan ərazisində ermənilər Caparidze, Şaumyan
küçələrindən keçən tramvayların,
avtobusların şüşələrini daşlarla vurub
sındırırdılar, Krılov, Qorki küçələrində
isə azərbaycanlılar əllərinə keçən
daş-kəsəyi evlərin pəncərələrinə
doğru tolazlayırdılar.
Sonra araşdırmalar başlanacaq, məlum olacaq ki,
qarşıdurmanın ilk qığılcımını
saçan starşina Mkrtıçev imiş. Məhz o,
qonşuları Baxşi Xaçaturyanı, Qrant Zərgəryanı,
İşxan Qazaryanı və daha neçə ermənini (adətən
belə hallarda yazırıq ki, hadisələr realdırsa da,
adlar uydurmadır. Uydurma-filan deyil! İndiki
halda elə öz adlarıdır ki, yazıram) cəlb edərək
balkonlardan tribunadakı azarkeşləri daşlamağa təhrik
edibmiş. Təbii, o
tamaşaçılar arasında ermənilər də
vardı. Demək, bunları "daş öz ermənimizin
də başına dəyər" narahatlığı
yoxmuş, əksinə, "qoy bizimkilərə də dəysin,
deyə bilək ki, bunu da azərbaycanlılar etdi" qərəzi,
"təki bir-birinə qeyzlənənlərin sayı daha da
çoxalsın" hiyləsi, mütləq
iğtişaş salmaq, aranı qızışdırmaq qəsdi
varmış.
Sən demə, bütün bunlar da yox yerdən törənməyibmiş,
cərəyan edənlər filmin ikinci seriyası imiş.
Komandalar avqustda Yerevanda görüşmüşdülər. Orada da
hesabı azərbaycanlılar açmışdılar. Həmyerlilərinin qol vurmasına sevinən bir azərbaycanlını
ermənilər yaxasından dartaraq skamyaların altına
soxmuşdular, Gəncədəki toxuculuq fabrikinin direktor
müavini Xocayevin isə azərbaycanlı futbolçuları
alqışladığı üçün
başını yarmışdılar. Oyundan
sonra restoranlardan birində yemək yeməyə
hazırlaşan gəncəli futbolçulara isə hücum
edərək masalarını dağıtmış, özlərinə
zərbələr vurmuşdular.
Ancaq Gəncədə
qarışıqlıqların törədildiyi günün
ertəsi - 12 oktyabr axşamı Şaumyan küçəsində
Zabitlər evi ilə üzbəüz divara
yapışdırılmış (və sonradan şəhərin
çox yerində də yayıldığı aşkarlanan)
şagird dəftərinin bir vərəqində əllə,
ermənicə yazılmış bir vərəqə
bütün bu gedişatda futbol ehtiraslarının sadəcə
əlverişli bəhanə olduğunu üzə
çıxartmışdı: "Sevimli atalar, qardaşlar,
bacılar! Bizi nə vaxtacan onların əsarəti
altında saxlayacaqlar?! Biz işləyirik,
çalışırıq, bu kifir azərbaycanlılarsa
yeyib-içib kef edirlər, bizim arvadlarımızı,
bacılarımızı, analarımızı zorlayırlar,
kiçikdən böyüyə hamısı bizi lağa
qoyur. Biz hamımız yaxşı bilirik
ki, ayın 11-də 15 yaşlı bir qızın və
qadının döşlərini kəsiblər, onlarla gənci
və uşağı yaralayıblar, köhnə bazardan
qayıdan qızları zorlayaraq saçlarını kəsiblər.
Sevimli xalqım, hamınız bilirsiniz ki,
işləyənlərin 70 faizi ermənilərdir. Hamınızı çağırırıq ki,
işə çıxmayın, hamınız şəhər
sovetinin həyətinə gəlin və Moskvadan adamlar tələb
edək".
Bu hadisələrin
çox təfərrüatlarını əks etdirən məxfi
arayışın ilk səhifəsində o zaman artıq
respublika əks-kəşfiyyatının rəhbərləri
sırasında olan Heydər Əliyevin dərkənarı
var: "Zəruri tədbirləri həyata keçirməli!"
Çox ciddi araşdırmalar və təhlillər
aparılır və bəlli olur ki, bütün bu hadisələrin
təşkilatçıları bilavasitə ermənilərmiş.
Vərəqədə yazdıqları da
hamısı iftira, yalan. Qazanı qaynadan
özləri, amma qanlarına xas irinliliklə bəlkə də
bütün bu ssenarini cızmış Moskvadan guya kömək
istəyirdilər.
Bu isə 1966-cı ilin 27 yanvarıdır. Heydər
Əliyev artıq Azərbaycan DTK-sı sədrinin
müavinidir. Azərbaycan Mərkəzi
Komitəsinin katibi Pyotr Yelistratova həyəcanlı təqdimat
yazır. O dövrdə SSRİ-yə daxil
respublikaların hərəsinin öz "Yelistratov"u
vardı. Onlar ikinci katib sayılsalar da,
birbaşa Kremlə tabeydilər və əslində canişin
vəzifəsini daşıyırdılar. Bu təqdimatın məhz ona ünvanlanması da səbəbsiz
deyildi. DTK sədrinin müavini
yazırdı ki, daxil olan siqnalların yoxlanması nəticəsində
Yerevanda öz nizamnaməsi və proqramı olan, "Erməni
gənclərinin ittifaqı" adlı gizli təşkilat
barədə məlumatlar aşkarlanıb.
Bəs niyə Ermənistanda yaradılmış
qeyri-leqal təşkilatla bağlı araşdırmanı
Bakı aparırdı?
İş
ondadır ki, 1965-ci ildə həmin təşkilatın 2
üzvü Azərbaycanın ovaxtkı Dağlıq
Qarabağ Muxtar Vilayəti kitabxanasının Martunidə
ezamiyyətdə olan metodisti, elə həmin il Yerevan
Universitetinin Tarix fakültəsini bitirmiş Benik Saakyanla
görüşmüş, təşkilatlarının proqram
və nizamnaməsinin 4 və "Qarabağ ermənilərinə
müraciət" adlı mətnin 200 nüsxəsini verərək
tapşırmışdılar ki, bütün
ehtiyatlılıq tədbirlərinə riayət etməklə
DQMV-də bu gizli təşkilatın eynisini yaratsın.
Bu gəlişin
hansı hədəfləri güddüyü və nə kimi
təhlükələr vəd etdiyi haqda Heydər Əliyev Mərkəzi
Komitə katibinə yazırdı: "Yerevandan gələnlərin
deməsinə görə, "Erməni gənclərinin
ittifaqı"nın əsas məqsədi əhali
arasında bütün əvvəlki erməni ərazilərinin,
o cümlədən, Dağlıq Qarabağın və
Naxçıvanın birləşdirilməsi ideyasının
təbliğatıdır. İş elə
aparılmalıdır ki, 1966-cı il martın 29-dək -
XXIII partiya qurultayının açılışı
gününə qədər bu məsələnin nəzərdən
keçirilməsi və bütün keçmiş erməni ərazilərinin
birləşdirilməsinin müsbət həll edilməsi ilə
bağlı mümkün qədər çoxlu açıq
çıxışlar təşkil edilsin".
Azərbaycan
çekistlərinin sayıqlığı nəticəsində
tezliklə nəzarətə götürülən Saakyan
artıq 100 müraciəti yaymışdısa
da, onda qalan digər sənədləri təhvil verir, guya
tapşırıq alsa da, hələ heç bir iş
görmədiyini bildirir və danışdırılarkən
bir sıra qapalı mətləbləri də
açıqlamaq məcburiyyətində qalır. Etiraf edir
ki, əvvəllər də onu və Dağlıq
Qarabağdan olan digər erməniləri Yerevana imtahanlar verməyə
gedərkən gizli təşkilata cəlb etmək istiqamətində
çox təşəbbüslər olub və birbaşa da
izah ediblər ki, bizim təşkilatın məqsədi
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
nail olmaqdır.
Artıq
qarmağa keçmiş Saakyan əslən Qarabağdan olub
Yerevanda təhsil almış, bu səmtdə fəal iş
aparan Levon adlı birinin adını çəkir, hətta
Yerevan universiteti professor və müəllimlərinin ona
işlərini daha rahat apara bilməsi üçün
yığışaraq maşın almağı boyun
olduqlarını da xəbər verir.
Azərbaycan
çekistləri tezliklə həmin adamın 1931-ci il təvəllüdlü, 1960-cı ilədək
Əsgəran kəndində klub müdiri işləmiş,
sonra isə ali təhsil alması ilə əlaqədar Yerevana
köçmüş Levon Bəyləryan olduğunu müəyyənləşdirirlər.
Sən demə, bu Bəyləryan hər tətildə
Xankəndidəki - keçmiş Stepanakertdəki
qohumlarının yanına gələr və mütəmadi
olaraq da Qarabağ tarixi ilə bağlı araşdırmalar
aparması bəhanəsiylə müxtəlif kəndlərə
baş çəkərmiş. İmkansız adam olmasına baxmayaraq, kəndlərə
gedib-gəlmək üçün 400 rubla bir motosikl də
alıbmış. Ancaq 1963-cü ilin iyulunda elə
həmin motosikllə qəzaya uğrayır, canını
tapşırır. Dəfninə Yerevandan
40-dək tələbə və universitetin 2 müəllimi də
gəlir. Üstəlik, elə onlar Levonun
qəbir daşını da Kiyevdə hazırlatdırıb gətirirlər.
Bu məxsusi diqqət və qayğı, əlbəttə,
təsadüfi deyildi. Bunu məhz mərhumun xidmətlərinə
görə edirdilər və həm də bu əməlləriylə
Qarabağdakı digər ermənilərə də
nümayiş etdirirdilər ki, bax, bizimlə əməkdaşlıq
edənlərlə həmişə birlikdəyik.
Yerevanın
tapşırığı ilə vərəqlər
yaymağa başlamış Benik Saakyan 1966-cı il yanvarın 16-da verdiyi ifadəsində təsdiqləyirdi
ki, Yerevanda bir neçə dəfə Dövlət Təhlükəsizlik
Komitəsinin əməkdaşı olan mayor ona
yaxınlaşaraq söhbət aparıb, evinə dəvət
edib, sonra ardınca universitetə gəlib. Məqsəd
onu həmin gizli təşkilatla bağlı işlərə
cəlb etmək idi.
Başqa sözlə, Azərbaycandan ərazilərin
qoparılaraq Ermənistana birləşdirilməsi
çağırışlarının guya sadə ermənilərdən
gəldiyi iddia edilsə də, Ermənistan xüsusi xidmət
orqanları bu məsələ ilə bilavasitə
bağlıymışlar. Yəni iş həm
aşağıdan, həm yuxarıdan və belə məlum
olur ki, əl-ələ aparılırmış.
Bu hesabat verən isə azərbaycanlı yox, ermənidir. O vaxt Azərbaycan
DTK-sının Stepanakertdəki müvəkkili podpolkovnik
Makarov komitə sədri Heydər Əliyevə hesabat göndərir:
"1962-63-cü illərdən başlayaraq ayrı-ayrı
şəxslər tərəfindən Stepanakertdə və
vilayətin başqa rayonlarında DQMV-nin Ermənistana birləşdirilməsi
ilə əlaqədar müraciət üçün imzalar
toplanmağa başlanılıb. Daha sonra -
1963-1964-cü illərdə Ermənistandan müvafiq söhbətlər
aparmaq və gizli millətçi təşkilat yaratmaqdan
ötrü tək-tək və qrup şəklində adamlar gəlib".
Xəbər verirdi ki, 1965-ci ildə bu hərəkata və
hazırlanmış vərəqələri paylamağa hətta
Stepanakertdəki orta məktəbin 16 nəfər onuncu sinif
şagirdi cəlb edilibmiş. 1966-cı ilin aprelində Stepanakertdəki
2 saylı məktəbin komsomol komitəsi katibi Marset Petrosyan
və vilayət partiya komitəsi metodkabinənin müdiri E.Bəyləryan
və cəlb etdikləri daha 20 nəfər vərəqələr
hazırlayıb yaymağa başlayır, 1966-cı il
mayın 21-də isə yığışaraq bundan sonra fəaliyyətlərini
"Arsax patriotlarının cəmiyyəti" adlı qurum
çərçivəsində davam etdirməyə qərar
verirlər.
Ermənilərin
Azərbaycan əleyhinə belə qəsdləri
planlaşdırdığı, Dağlıq Qarabağı,
Naxçıvanı bizdən qoparıb Ermənistana culamaq
üçün əlləşdiyi həmin illərdə
Bakıda, Gəncədə, Sumqayıtda... ermənilər
süfrəmizin yuxarı başında otururdular, toylar
çalınırdı, erməni gəlinlər azərbaycanlı
ailələrinə köçürdülər,
Bakının ali məktəblərində Dağlıq
Qarabağdan olan neçə tələbə təhsil
alırdı ki, sən demə, onlar da həmin vərəqə
paylayanların, imza yığanların cərgəsindəymişlər.
Bütün bunları ona görə yada salır, xeyli
uzaqda qalan illərin könülbulandıran bu şahidlərini
ona görə təzədən üzə
çıxarıram ki, mürgüləməyək. Ermənilər
o vaxt saman altından su yeridəndə, üzümüzə
gülə-gülə nəfəs dərmədən öz mənfur
məqsədlərinə çatmaqçün tələlər
quranda zahiri sakitliyə uyaraq ovaxtkı kimi qəflətdə
qalmayaq. Həmişə yadda saxlayaq ki, onlar o işi bir an dayanmadan həmişə aparıblar, daim də
aparacaqlar.
1965-ci ildə
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
təşəbbüsü və tələbi ilə Moskvaya,
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə
məktub yazanlar 1980-ci illərin sonlarında artıq illər
ötdükcə bir az da quduzlaşaraq
eyni tələbi daha idbar şəkildə ortaya atan, qan-qada
ilə gerçəkləşdirməyə
çalışanlar idilər.
Onlardan
biri 1931-ci il təvəllüdlü kommunist, Stepanakertdə
tikinti idarəsinin rəisi işləmiş, sonra Yerevana
köçmüş Arkadi Manuçarov idi ki, bir müddət
keçincə yenə qayıdıb gəlmişdi Xankəndiyə,
olmuşdu tikinti materialları kombinatının direktoru və 1988-ci ilin 13 fevralında
Stepanakertin baş meydanında Azərbaycanı parçalamaq,
Dağlıq Qarabağı Ermənistana birləşdirmək
çağırışları ilə ən birinci mitinq
başlananda əsas adamlardan idi. İctimai-siyasi-terror təşkilatı
olan "Krunk"un rəhbəri kimi o, həmin
meydanda söz sahibi idi.
Və
bunu da xatırlayıram ki, həmin çalxantılı dövrdə
onun bacısı Aida Manuçarova respublikanın,
Bakıdakı Avakyan (!) küçəsində yerləşən
ən güclü mətbəəsinin, bütün qəzet-jurnalların
çap edildiyi indiki "Azərbaycan", ovaxtkı
"Kommunist" nəşriyyatı istehsalat şöbəsinin
müdiri idi və bunca həlledici bir vəzifənin sahibi
olsa da, sanki basarat bağlanmışdı - həmin
qadını qardaşının qan-qan dediyi o narahat günlərdə
belə işindən kənarlaşdırıb eləməmişdilər.
O da, Allah bilir, həmin günəcən "Krunk"a
hansı xəlvəti xidmətləri göstərmişdi, həmin
nigaran günlərdə daha nələri edirmiş.
Ya 1965-ci
ildəki "qəhrəmanlardan" daha biri, əslən
indiki Xocavənddən - Martunidən olan, 1926-cı il təvəllüdlü
kommunist, o zamanlar DQMV üzrə Azərbaycan
Yazıçılar İttifaqının katibi işləyən
Baqrat Ulubabyan ki, çoxdan Yerevanda yaşasa da, 1988-ci ilin
Stepanakert mitinqlərində, mikrofon qarşısından
çəkilməyənlərdən idi.
Ya 1927-ci
il təvəllüdlü Qurgen Qabrielyan ki, o zaman DQMV radiosunda
redaktor işləmişdi, üstündən 23 il
sovuşandan sonra "Sovetskiy Karabax" qəzetinin
şöbə müdiri idi və "Azərbaycansız
Dağlıq Qarabağ" şüarları ilə yenə
Stepanakert mitinqlərində meydan sulayanlardan idi.
Tək-tük
ölənlər nəzərə alınmazsa, 1988-ci ildə
Dağlıq Qarabağda coşdurulan erməni
separatçı hərəkatında təsadüfi adam yox idi. Bu adların
hamısı azı 1965-ci ildən DTK qovluqlarında idi.
Geridə qalan 20 ildən artıq müddətdə
susub durmamışdılar, öz ziyankar fəaliyyətlərini
bir ucdan davam etdirmişdilər.
Hara baxırıqmış? Bəs o arxivlər, o
qovluqlar niyə qorunur? Məgər həmin
sənədlər yalnız tarix yazmaqçün
yararlıdır? Daim diqqətdə saxlanılmalı
olan dişi qıcanmış köhnə qurdların
üstündən göz əskik olmasaydı, 1980-ci illərin
sonlarında da hadisələr nə o cür başlayaraq o təhər
davam edə, nə də bu sayaq nəhayətsiz
ağrı-acılara gətirib çıxarardı...
...Qədim
yunan müdriyi söyləyirdi ki, çox bilgidə çox
dərd var.
Ulu Füzuli də "Bilməzlik ilə xoş idi
halım" yazırdı.
Törədilən hər yeni erməni məkri
haqqında Azərbaycanda hamıdan çox bilən Dövlət
Təhlükəsizlik Komitəsinin sədri Heydər
Əliyev idi.
Hamıdan çox ona görə ki, hətta
ovaxtkı respublika rəhbəri Vəli Axundova da daxil olan
bütün əməliyyat məlumatları deyil, ən vacib
və yoxlanmış, araşdırılmış təfərrüatlar
çatdırılırdı. Ancaq bu həssas
məsələnin ən xırda hissəsi belə sədrin
gündəlik diqqətində idi.
Xalq baş verənlərin yüzdə doxsanından xəbərsiz
idi.
Söz
yox ki, Azərbaycan DTK-sı Moskvaya - öz baş idarəsinə
durmadan yalnız Azərbaycançün deyil, separatizm təzahürü
olduğundan bütövlükdə SSRİ-dən
ötrü qorxu daşıyıcısı sayılan erməni
əməlləri barədə uzaqbaşı hansısa məxfi
məlumatları, arayışları, təqdimatları
ötürürdü.
Onlarsa profilaktikaya üstünlük verməyi tövsiyə
edirdilər.
İndi
dünyadan bixəər cahillərin niyə o vaxt hansısa Azərbaycan
ermənisi təltif edildi, ya fəxri ada layiq
görüldü, niyə Heydər Əliyev Stepan
Şaumyanın yubileyində o cür çıxış
etdi, nədən onun imzasıyla qəzetdə bu qatı
daşnakı, xalqımızın qatilini tərif edən iri
məqalə dərc edildi kimi çürük iradları
rişxənd doğurur. Erməninin hər üzünə və törətdiyi
oçağkı fitnələrə cikinə-bikinə qədər
bələd olan Heydər Əliyev siyasətini vəziyyətə,
şəraitə, rəsmi dövlət xəttinə
uyğunlaşdıraraq qurmağa və bu kələ-kötür
müstəvidə məhz ola biləcəyi qədər sərbəst
olmağa vadar idi.
Heydər Əliyev səlahiyyətlərinin və
gücünün çatdığı qədər qan
çıxa biləcək nöqtələri
toxdadırdı, daha kəskin şəkil ala biləcək vəziyyətləri
nisbətən sakit məcraya yönəldirdi. Gendən
bunların heç biri görünmürdü.
Erməniçiliyin arxasında (mən hələ
lobbini qoyuram bir kənara), elə Sovetin dağılmazdan əvvəlki
illərində olduğu kimi, 1960-cı illərdə də
SSRİ daxilində Kreml səviyyəsində havadarlar
vardı.
Erməniçiliklə bağlı siyasətini Heydər
Əliyev həmişə elə ağılla və səliqə
ilə qurub ki, ona qarşı açıq heç nə deyə
bilməyiblər. Ancaq erməniçilik həmişə
anlayıb ki, bu şəxsiyyət onların bir çox
işlərinin irəliləməsinin qarşısını
kəsən başlıca maneədir. Həmin
səbəbdən də həmişə onu ən müxtəlif
vasitələrlə yollarının üstündən kənarlaşdırmağa
cəhd ediblər. Zamanında ona
qarşı belə hərəkətlər hətta Dövlət
Təhlükəsizlik Komitəsinin divarları arasında da
olmuşdu.
Ən böyüyünü isə hər kəs bilir. Gözəlcə
dərk edirdilər ki, nə qədər Heydər Əliyev
Kremldədir, Siyasi Bürodadır, onların böyük
xülyası elə röya kimi qalacaq. Heydər
Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan
dərhal sonra tərpəşdilər və Qarabağ məsələsi
pırtlayıb çıxdı üzə.
O günlərdə
yaranan məsələ deyildi ki! Mövzu ermənilər
üçün həmişə aktual olmuşdu, sadəcə
Heydər Əliyevə görə cınqırlarını
çıxara bilmirdilər.
Heydər
Əliyev olmayanda nələr baş verə bilərmişi
hamı gördü...
Axı
çox adam bixəbərdir ki, həmin
1960-cı illərin ortalarında və ikinci yarısında
Azərbaycan ictimaiyyətinə hiss etdirilmədən nə qədər
iyrənc erməni həyasızlıqlarının
qarşısı alınıb.
Elə
biri bu - 1968-ci ilin 16 iyulunda Heydər Əliyevin tanış
olunca dərhal necə hərəkət etməyin istiqamətlərini
müəyyənləşdirdiyi sənəd.
1968-ci il iyunun 25-də Azərbaycan DTK-sının
Yerevana səfərdən qayıdan agenti xəbər verir ki,
hara gedirdimsə, söhbət yalnız bir mövzuda - Sasun kəndində
Andronikə abidə ucaldılması ilə bağlı idi. İndi heykəlin qoyulduğu yer hətta Eçmiədzindən
də müqəddəs bir ziyarətgaha çevrilib. Camaat arasında söz gəzir ki, repatriantlar
Andronikin dəstəsində xidmət etmiş adamların
adlarını dəqiqləşdirirlər ki, onların da
xatirəsini əbədiləşdirsinlər.
Sədr
Heydər Əliyev bu məlumatı DTK 5-ci şöbəsinin
rəisi R.Məmmədzadəyə yönəldir,
çünki çekist fəhmi ilə hiss edir ki, ermənilərin
bu heykəl "yaradıcılığı" Azərbaycan
tərəfə də sıçraya bilər. Məhz sədrin
bu səmtləndiməsi səbəb olur ki, lap az
sonra baş verə biləcək ciddi bir təxribatın
qarşısı alınır. 1969-cu il
iyun ayının 25-də Daşkəsənin Bayan kəndində
1941-1945-ci illər davasında (o vaxtlar sovetlərin qəbul
etdiyi kimi yazsaq, Böyük Vətən müharibəsində)
həlak olmuş döyüşçülərin şərəfinə
abidə qoyulur. Amma daha əvvəl həmin abidənin
yaradılması üçün Bayan kəndinin sakinlərindən
və bu kənddən çıxaraq hazırda SSRİ-nin
müxtəlif guşələrində yaşayan
tanınmış adamlardan ibarət 40 nəfərlik təşkilat
komissiyası yaradılmışdı, onlar abidə
üçün ianələr toplanmasını da təşkil
edirdilər. Həmin 40 nəfərin
hamısı erməni idi.
Daşkəsən rayonunun rəhbərliyi belə bir
abidənin qoyulacağını irəlicədən bilirdi,
ancaq işlərin gedişi ilə heç
maraqlanmamışdılar.
Abidə Yerevanda memar R.İsraelyan və heykəltaraş
A.Arutyunyan tərəfindən hazırlanmışdı. Abidəni
iyunda gətirib quraşdırırlar,
açılışı isə 1969-cu ilin sentyabrına
saxlayırlar.
Ancaq abidəyə ermənisayaq olmayan ilk
baxışdanca aydın olur ki, bu kompleksin 1941-1945 müharibəsi
qəhrəmanlarına heç bir aidiyyəti yoxdur. Abidədəki qanadları
sallanmış qartal surətinin və digər elementlərin
Yerevanda qoyulmuş, Türkiyədəki 1915-ci il
Sərdarabad döyüşünə həsr edilmiş, erməni
soyqırımını təcəssüm etdirən memorialla
səsləşdiyi üzə çıxır. Rayon partiya komitəsi qərar qəbul edir və
iyulun 25-də abidədəki qartal sökülür.
Təbii, dərhal o xəbəri Ermənistana
çatdırırlar. Oradan da nə göstəriş gəlirsə,
ertəsi gün - iyulun 26-da, guya ki, qartalın nə demək
olduğunun fəlsəfəsinə dərindən bələd
olan kolxozçular etiraza qalxır.
Elə həmin gecə naməlum şəxslər Daşkəsən və Xanlar (indi Göygöl) rayonu sərhədindəki Oraq və Çəkic emblemini, Azərbaycan herbini dəmirkəsən mişarla yerindən qoparırlar. Bayan kəndinin öyrədilmiş adamları o gecə kənddən keçən maşınları daşa tuturlar.
Daşkəsən partiya komitəsinin birinci katibi - oçağkı idarəçilik meyarları ilə rayonun başçısı Süleymanov soyadlı azərbaycanlı idi.
Əgər erməninin erməniliyi unudulmasaydı, neçə aylar əvvəldən bu işlər nəzarətsiz buraxılmasaydı, bu qədər erməninin bir yerə toplaşıb Azərbaycanda gördüyü işin içərisindən hökmən bir qənbərqulunun olacağı ehtimalı yaddan çıxarılmasaydı, əlbəttə ki, nə o cür abidə düzəldilərdi, nə o təhər hadisələr baş verərdi.
Heydər Əliyevin dövlət təhlükəsizlik şəbəkəsində yolu tamamlanırdı, o, Azərbaycan SSR-in rəhbərliyinə başlayırdı və sələfindən fərqli olaraq, bu vəzifəyə həm də cəmiyyətin üzdən görünməyən çox incəliklərinə vaqif olan təcrübəli şəxs kimi gəlirdi. Respublika onun gözü önündə rentgen ekranında görünən kimiydi. O, yalnız zahirə deyil, daxilə də nüfuz etmək gücündəydi. Ona görə də Heydər Əliyevin respublikaya rəhbərliyi dönəmində daha belə ehtiyatsızlıqlara yol verilməyəcək.
Ancaq erməni də xislətindən əl çəkməyəcək, qazanı altdan-altdan qaynatmaqda davam edəcək.
Heydər Əliyevin varlığı, mütəmadi ciddi nəzarəti imkan verməyəcək ki, nə qədər qaynasa da, o qazan daşsın. Elə ki Azərbaycandan ayrılacaq, Moskvaya gedəcək, onun oradakı səlahiyyətlərinin daha çox olduğunu, elə bir gözünün də bu tərəflərdə qaldığını anlasalar da, ermənilər hər halda bilavasitə nəzarətin olmaması baxımından bu gedişi də əl-qol açmaqdan ötrü girəvə sayacaqlar.
Hələ bunlar bir qədər sonranın söhbətləridir. Hələliksə, 1960-cı illər idi, hələ 1980-ci illərin sonları çox uzaqdaydı.
Hələ sanki dünyanın düz vaxtlarıydı, hələ yüz minlərlə insanı evsiz-eşiksiz qoyacaq, saysız ailələrə bədbəxtliklər gətirəcək, şiddətlənən alovu yalnız yan-yörəni deyil, gələcəkdəki çox taleləri də yandıracaq fəlakət ocağı alışmamışdı. Ocaq hələ çatılırdı. O müsibətlər ocağını çatanların ağlına gələrdimi ki, yarım əsrdən də çox keçəndən sonra çatdıqları, alovlandırdıqları ocaq son ucda elə ən çox onların özlərini qarsacaq, ən çox onların öz başında çatlayacaq?!.
28 fevral, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 4 mart.- S.10-11.