"Dəhr bazarında kasiddir
mətai-himmətim"
Esse
Bəzən köhnə fayllar
arasında eşələnəndə
nə vaxtsa başlayıb yarımçıq
qoyduğum, hətta özümün də unutduğum bir nəsr nümunəsini yenidən oxuyuram və yaxşı mənada heyrətlənirəm,
çünki hiss edə
bilirəm ki, bu oxuduğum cümlələr, abzaslar
dünya nəsr tarixində yer tutmuş ən uğurlu, saf və qatqısız mətnlər sırasına
girə biləcək
qədər gözəldir.
Bu cümləmi görüb
təəccüblənən və buna inanmayan
yazar həmkarlarımı
dediklərimə inandırmaq
niyyətində deyiləm;
inanmasalar, daha yaxşıdır, çünki
mən özüm də bu dediyimə
yalnız o zaman inanıram ki, ədəbiyyatın içində
oluram, gördüyüm
iş yalnız yazıb oxumaqdan ibarət olur.
Amma o ki gündəlik həyatın
qayğıları və
dərdləri səni
bir müddət yazmaqdan da, oxumaqdan
da uzaqlaşdırır;
günlərlə, həftələrlə
nə yazıya, nə kitaba sarı gedirsən, sanki məhz bu zaman sən
yuxudan ayılmış
olursan. Sanki məhz
bu zaman sən normal insana dönürsən və anlayırsan ki, ətrafındakı adamlar
niyə hər dəfə səni görərkən sənə
yazığı gələrcəsinə
"ağlını başına
yığmağı, normal bir işin qulpundan
yapışmağı, pul
qazanmağı" tövsiyə
edirmişlər.
Çünki sən bir müddət
ədəbiyyatın tilsimindən
uzaqlaşıb adi, gündəlik həyata qayıdanda, doğrudan da, fərqinə varırsan ki, indi kiminsə yazdığı kitab sənin üçün həyatda vacib olan işlər arasında heç iyirminci sırada da durmur. Bəli hətta
hansısa məşhur
və dahi yazıçının yazdığı
kitab da sənin üçün zərrəcə əhəmiyyət
daşımır. Bəs onda
sənin yazdıqların
kimə lazım imiş? Sənin yazdıqlarına kim və niyə maraq göstərməlidir? Belə zamanlarda
nə vaxtsa qələmə aldığın
və hələ çap etdirmədiyin o
"şedevr"ləri yenidən
oxuyursansa, onlar sənə daha əvvəlki kimi cazibəli görünmür.
Üslubu
daha da bəsitləşdirsək:
İnsanların işi var, insanların
işi çoxdur, insanların başı qarışıqdır. İnsanlar pul
qazanmağa çalışırlar
və bu dəqiqə onları əyləndirən, boş
vaxtlarını dolduran
o qədər maraqlı
və cazibəli şeylər var ki, sənin kitab səhifələrin onların əllərindəki
telefonlarla heç zaman yarışmaq iqtidarında deyillər.
Bu yerdə Ülvi
Babasoyun bir essesində oxuduğum məqam yada düşür. 2008-ci ildə
Davos İqtisadi Forumunda bir futuroloq
dünyanın gələcəyi
ilə bağlı dörd proqnoz irəli sürür və bu proqnozlardan
biri də kitabların artıq sıradan çıxacağıdır.
İki
ay öncə Xalq yazıçısı Afaq
Məsud bir yazısında Ramiz Rövşənlə etdiyi
pessimist bir söhbəti
xatırladır və
belə qeyd edirdi:
"May ayının əvvəllərində
Ramiz Rövşənlə
baş tutan söhbət əsnasında
mən ədəbiyyatın,
az qisim əsərləri çıxmaq
şərtilə, artıq
əvvəlki gücə
və sirayət qabiliyyətinə malik olmadığı, bir vaxtlar ağrı və əzablarının
həqiqiliyi ilə, az qala şüuraltımıza
hopmuş "Hərb
və sülh",
"Anna Karenina", "Qırmızı
və qara", "Ovod", "Madam Bovari"
kimi dünya ədəbiyyatı şedevrləri
sayılan romanların
belə, istifadə müddəti başa çatmış köhnə
məhsullartək təsirini
və əhəmiyyətini
itirdiyi ilə bağlı fikirlərimi bildirərkən həmsöhbətim
əvvəlcə razılaşmadı,
məni bu "yanlış mövqedən"
daşındırmağa, böyük
ədəbiyyatın əbədi
və dəyişməz
gücünə inandırmağa
çalışdısa
da, gətirdiyim bir sıra nümunələrdən
və izahlardan sonra axır ki, anlaşdıq.
Sonra nə baş verdisə, bir müddət hər ikimiz ali
və müqəddəs
olan nəyisə əlimizdən salıb qırmıştək xof
dolu qəribə bir ehtiyatla mövzu
ətrafında dolaşmağa
başladıq. Bu əsnada,
sanki mövzunu bir az da xırdalamaq üçün havaya atdığım: "Amma
bax, məsələn,
Çexovu bu siyahıya salmazdım",
- sözümdən Ramizin
üzünün birdən-birə
anlaşılmaz, gizli
bir sinirlə gərildiyini, gözlərinin
pərt bir əsəbiliklə yığıldığını
sezib söhbəti dəyişmək istədimsə
də, o: "Məncə,
elə o da həmin qəbildəndi",
- deyib susdu..."
Afaq Məsudun çıxardığı
hökmün nə dərəcədə doğru
olduğunu hiss etmək
çox asandır. Əgər öz peşəsinə və işinə aidiyyatı yoxdursa, bu gün
hansısa gəncin
"Hərb və sülh"ü, yaxud
"Karamazov qardaşları"nı oxumaq ehtimalı o qədər də yüksək deyil.
Bir çox əsərlər
istifadə müddəti
bitmiş məhsulları
xatırladırsa, ümumilikdə
nəsr sənətinin
də, kitabların da artıq istifadə
müddətinin bitməyinə
az qalmış
məhsullar olduğunu
düşünə bilərik.
Arada kitab sərgiləri və yarmarkalarının reklamlarını,
yazıçı həmkarların
oxuculara çağırışlarını,
kitab təqdimatlarının
elanlarını görəndə
dostların bu çırpıntıları, gözlərim önündə,
sanki ədəbiyyata süni nəfəs vermək istəyən, yaxud son saniyələrdə
ürək masajı etməyə çalışan
insanların mənzərəsini
canlandırır.
Bu yerdə adamın
ağlına başqa
bir fikir də gəlir. Bəlkə də,
nəsrin formatı dəyişməlidir. Bəlkə də,
müasir yazarlar nəsrin məkanını
kitablardan sosial şəbəkəyə daşımalı
və yalnız sosial şəbəkə
çərçivəsinə sığacaq şəkildə
öz əsərlərini
qələmə almalıdırlar.
Çünki belə olduqda
həm kütlə sanki yeni və
gözəl bir şey görürmüş
kimi mətnə maraq göstərə bilər, həm də bu peşə
o qədər də böyük ümidsizliklər
vəd etməz.
Yazıçı peşəsinin müasir
əhvalını görərkən
yadıma həm də böyük Füzulinin bu beyti düşür:
Dəhr
bazarında kasiddir
mətai-himmətim,
Bu mətai satmağa
bir özgə bazar istərəm.
"Kasid" - müştərisi
olmayan deməkdir və bu söz
müasir dövrümüzdə
ədəbiyyat nümunələrinin
taleyini olduqca sərrast şəkildə
ifadə edir.
2 mart, 2023.
Təvəkkül
Boysunar
525-ci qəzet.- 2023.- 7 mart.- S.13.