Səsin qara xəbəri
UNUDULMAZ MƏHƏMMƏD BAHARLININ XATİRƏSİNƏ
Yəqin
ki, tələbə yoldaşım - tanınmış
jurnalist Məhəmməd
Baharlının vaxtsız
vəfatı pandemiya ərəfəsinə düşməsəydi
və mən onun dünyasını dəyişməsindən zamanında
xəbər tutsaydım,
Keşlə qəsəbəsindəki
həyət evinə gedərdim, övladlarına
başsağlığı verərdim və şübhəsiz ki, acılarımı, onun haqqında düşüncələrimi
də qələmə
alıb paylaşardım
və ay yarım sonra onun qara
xəbərəni eşidəndə
özümü qınamazdım.
Etiraf edim ki, təqaüdə çıxandan sonra əsasən o məni axtarardı və hökmən harasa dəvət eləyərdi;
həyatsevərdi, həmişə
istənilən ünsiyyətə
hazır idi. Qaracaoğlanın
məşhur misraları
isə dilinin əzbəri idi:
Dəryalarda üzər qayıq,
Kimi sərxoş,
kimi ayıq.
Dünya
fani, insan qonaq
İnsanı duyan öyünsün...
Qaracaoğlanın yaradıcılığına xüsusi
rəğbət bəsləməsinin
bir başqa səbəbi də vardı; o, apardığı
araşdırmalar nəticəsində
bu qənaətə gəlmişdi ki, Qaracaoğlan, bütün
türk dünyasında
izləri görünən
Baharlı tayfasına
mənsubdur.
Maraqlıdır ki, o, hələ tələbə ikən, türk dünyasına səpələnmiş Baharlı
tayfalarını, bu tayfaların tarixdə iz qoymuş insanlarını araşdırmağa
başlamışdı. Hətta mənə
elə gəlirdi ki, yaxın gələcəkdə o, alim
olacaq. Axı, əlaçı idi. Üstəlik də diribaşdı,
zirəkdi. Xatirimdədir, hətta bizə xarici jurnalistikadan dərs deyən Şirməmməd Hüseynovdan
da "beş" qoparda bilmişdi. Və bu minvalla o, qiymət kitabçasını
"əla"larla dildura-doldura,
son olaraq, jurnalistika kafedrasında işə dəvət olunsa da, başqa yol seçdi.
"Azərbaycan müəllimi"
qəzetinin səhifələrində,
vaxtaşırı onun
imzasını görmək,
əlbəttə, xoşdu. Amma məni
daha çox sevindirən və bir qədər də heyrətləndirən,
onun cavan yaşında bu nüfuzlu qəzetə baş redaktor təyin olunması oldu. Bəli, o zamanın qeyri-adi
hadisəsi idi bu. Çoxları bilməsə
də, mən bilirdim ki, Bakı
şəhərində onun
heç bir kimsəsi, arxası yoxdur.
Bir tələbə
yoldaşı, bir həmkar kimi məndən umacağı
da vardı; onun baş redaktor
olduğu qəzetə
məqalələr yazım
və mən çalışırdım ki,
ara-sıra da olsa, onun sifarişinə
əməl eləyim. Görüşəndə
giley-güzarını da
gizlətmirdi və mən hiss eləyirdim ki, redaksiya "intriqa" meydanına çevrilib, "köhnə
nəsil" onun iş prinsiplərini qəbul etmək istəmir. Bütün bunlara baxmayaraq,
o dözdü və uzun bir zaman
kəsiyində cəmi
Azərbaycan müəlllimlərinin
ünsiyyət vasitəsi
olan bu mötəbər
qəzet onun istədiyi kimi çap olundu.
Bəli, o, mətbuat aləmində özünü cavan yaşlarından tanıda
bilmişdi və sonralar, zamanın ən mötəbər, ən çoxtirajlı dərgilərindən biri
olan "Gənclik"
jurnalına məsul katib vəzifəsinə məhz onun dəvət olunması da təsadüfi deyildi. Sanki Məmməd İsmayıl
bilirdi ki, bu yeni jurnalın
nəşrində onun
qolundan kim
tuta bilər.
O, özü də istedadlı insanlara arxa, dayaq olmaqdan
zövq alırdı.
Bir dəfə zəng vurub dedi ki, bizim
zəngilanlı Şükufə
Əliyeva sizin jurnala yeni hekayələrini
göndərib. Və
mən dərhal onu sevindirdim: "Şükufə Əliyevanın
tapşırılmağa ehtiyacı
yoxdur". Və həqiqətən də, çox keçmədi ki, Şükufə xanımın
silsilə hekayələri
çap olundu və üstəlik də, ilin ən
yaxşı hekayələri
nominasiyasında "İsi
Məlikzadə ödülünə"
layiq görüldü.
Ötən əsrin doxsanıncı
illərində mən
Orta Asiya səyahətim haqqında
"Buxara əsirinin sirri" adlı bir sənədli povest yazıb "Azərbaycan" jurnalında
çap etdirəndən
sonra ilkin təbrik zənglərindən
biri də Məhəmməd Baharlıdan
gəldi və mən dərhal hiss elədim ki, onun diqqətini çəkən və sevindirən məqamlardan biri də mənim
Turanda rast gəldiyim Baharlı tayfalarından bəs etməyimdir. Bəli, bu, həqiqət idi: Aşqabad yaxınlığında gecələməli
olduğum Baharden qəsəbəsində görəndə
ki, burda insanlar türkmən ləhcəsində yox, eynilə bizim kimi danışırlar, həqiqətən də heyrətlənmişdim. Yerli
qocalardan biri isə qulağıma pıçıldamışdı: "Biz türkmən deyilik, baharlıyıq".
Əlbəttə, mən yuxarıda adı çəkilən
sənədli povestdə
bu barədə ətraflı bəhs etmişəm. Amma sözüm onda
yox, Məhəmməd
istəyirdi ki, mən onun dəstəyi
ilə bu povestı kitabça halında nəşr etdirim. Əlbəttə,
mən onun imkanlarını bilirdim və buna razı
olmadım, o yazı kitab halında bir neçə il sonra Kamil
Vəli Nərimanoğlunun
köməyi və
"Ön söz"ü
ilə nəşr olundu. Kamil müəllim bu
yazıda, günbəgün
aktuallaşan İpək
yolu layihəsi ilə paralellər görmüşdü və
hətta türkiyəli
araşdırmaçı Hüseyn
Adıgözəllə birlikdə
bu yazını Türkiyədə də nəşr etdirmək istəyirdi.
Baharlı, təqaüdə çıxandan
sonra da, tələbəlik illərində
olduğu kimi, şeir yazmağa başlamışdı və
hərdən təzə
şeirlərini mənə
oxuyanda soruşurdum ki, niyə çap
etdirmirsən? "Mən özümü ovutmaq üçün yazıram"
deyirdi... Bəli, mənim tələbə
dostum həm də asan anlaşılan
bir insan deyildi.
Pandemiya başlanandan xeyli sonra görəndə ki, tələbə dostumdan xəbər yoxdur, qərara aldım ki, özüm ona telefon açım. Və çox keçmədi ki, Məhəmməd Baharlıdan yox, "robotdan" səs gəldi: "Aradığınız
nömrə mövcud
deyil..."
Əslində, bu, mənim üçün SƏSİN QARA XƏBƏRİ idi. Dərhal vaxtaşırı əlaqə saxladığım digər tələbə yoldaşımla - uzun illər "Kommunist" qəzetində zona müxbiri işləmiş Rafiq Həsənovla əlaqə saxladım... Bu ağır xəbəri qəbul etmək çox çətin oldu. Axı o, 75 yaşının tamamında özü də məclis qura bilərdi və görərdi ki, onun ziyarətinə kimlər gəlib!..
Nə yaxşı ki, onu unutmayanlar daha çoxdur. Keçən
çərşənbə isə həmkarım Azad Qaradərlidən zəng gəldi: "Məhəmməd
Baharlı haqqında Qulu Məhərrəmli
ilə birlikdə xatirə kitabı hazırlamaq istəyirik, bir şey yazarsınızmı?"
Və mən bu yazını yazdım.
Əslində isə, sanki bu
yazı mənim dilimin ucunda
imiş...
Məmməd ORUC
525-ci qəzet.- 2023.- 7 mart.- S.13.