Xaricdə doktorantura təhsili:
fərdi və milli inkişaf
üçün mühüm
mərhələ
Azərbaycanlı gənclərin xaricdə
doktorantura səviyyəsi
üzrə təhsili
üçün prioritet
ixtisas istiqamətlərinə
uyğun olaraq yerli ali
təhsil və elm müəssisələrinə peşəkar
mütəxəssislərin hazırlanması dövlətin
əsas hədəflərindən
biridir. Bu məqsədlə
2018-ci ildə Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
ilə "2019-2023-cü illər
üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"
qəbul edilib. 2019-cu ildə isə
Nazirlər Kabineti tərəfindən "Azərbaycan
Respublikası vətəndaşlarının
xaricdə doktorantura səviyyəsində təhsilinin
maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub. Proqramın icrasını təmin
etmək məqsədilə
müxtəlif qurumlara
ayrı-ayrı vəzifələr
həvalə edilib.
Bu vəzifələrin
yerinə yetirilməsində
koordinasiya Təhsil Nazirliyi tərəfindən
həyata keçirilir.
Xaricdə doktorantura təhsilinin
maliyyələşdirilməsi üçün sənəd
qəbulu ildə 2 dəfə həyata keçirilir. Fevralın
1-dən 2023-cü il üzrə ilk sənəd
qəbuluna start verilib.
Proses aprel ayına qədər davam edəcək.
Proqram prioritet ixtisas istiqamətləri üzrə
xaricdə doktoranturaya
qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində
təhsil alan
namizədləri əhatə
edir. Yəni növbəti, yəni doktorantura təhsil səviyyəsi üzrə
2023-cü ildə dövlətdən
dəstək almaq istəyənlər ilk növbədə
əvvəlcədən elan
edilən 7 ixtisas istiqaməti - Təbiət
ixtisasları istiqaməti
(riyaziyyat; mexanika; astronomiya; fizika; kimya; biologiya elmləri;yer elmləri; coğrafiya), Kənd təsərrüfatı ixtisasları
istiqaməti (aqrar elmlər), Səhiyyə və rifah ixtisasları
istiqaməti (tibb elmləri; əczaçılıq
elmləri; səhiyyənin
idarə edilməsi), Texniki və texnoloji ixtisaslar istiqaməti (texnika elmləri), İqtisadiyyat və idarəetmə ixtisasları
istiqaməti ( iqtisad elmləri), Təhsil ixtisasları istiqaməti (pedaqogika; psixologiya; təhsilin idarə edilməsi) və nəhayət, Humanitar və sosial ixtisaslar istiqaməti (tarix; sosiologiya; hüquq elmləri) - üzrə qəbul sənədi təqdim etməlidir. Təbii ki, seçdiyiniz ali təhsil müəssisəsinin
də bəlli bir şərti var. Həmin universitet 2 önəmli reytinq cədvəlində - Times Higher Education (THE)
World University Rankings və Academic Ranking of
World Universities (Shanghai) - 2022-ci ilin nəticələrinə görə, ilk 500-lükdə yer alan universitetlərdən
biri olmalıdır.
Bununla yanaşı, namizədlərdən
təhsillərini başa
vurduqdan sonra qayıdacaqları və 5
il müddətində
əmək fəaliyyəti
ilə məşğul
olacaqlarına dair Azərbaycan ali təhsil müəssisələrindən
birindən aldıqları
razılıq məktubu
tələb edilir. Onlar, elektron qaydada 2000 sözdən az olmayaraq
Azərbaycan dilində
hazırladıqları tədqiqat
işini də təqdim etməlidirlər.
Müraciət dövlət proqramına
aid veb-səhifədən elektron
qaydada həyata keçirilir. Artıq doktorant olmaq arzusunda olan hər kəs üçün açıq
olan dp.edu.az-da elektron qeydiyyat bölməsindən müraciət
ünvanlayan namizədin
yüklədiyi sənədlər
siyahısında diplom
və əlavəsi; hərbi bilet və ya hərbi
xidmətdən möhlət
haqqında sənəd,
2 tövsiyə məktubu,
sağlamlıq haqqında
arayış (AZS - 086/1) və CV mütləq olmalıdır.
Elm və Təhsil
Nazirliyi nəzdində
fəaliyyət göstərən
Dövlət Proqramı
İdarəetmə Qrupunun
rəhbəri Turan Topalova deyir ki, gənclər Dövlət Proqramına müraciət edərkən
diqqətli olmalıdırlar. Xüsusilə
bu mərhələ onların müsabiqədə
iştirak etməsində
çox önəmlidir:
"Gənclər sənədlərin
tələb edilən
qaydaya uyğun düzgün yüklənməsinə
diqqət etməlidirlər
ki, ekspertizası mümkün olsun və müsahibəyə
dəvət edilsinlər".
Beləliklə, sənədlərinizi təqdim edərək təsdiq etdiyiniz andan müsabiqəyə qatılmış sayılırsınız.
Başqa
sözlə, müsabiqədə
öncə təqdim etdiyiniz sənədləriniz,
sonra bilik və bacarıqlarınız
qiymətləndirilir. Yəni, birinci mərhələ uğurlu olarsa, müsahibəyə dəvət
ediləcəksiniz.
Müsahibə müsabiqənin ən önəmli mərhələsidir. Bu mərhələ 3 nümayəndənin
iştirakı ilə
baş tutur. Elm və Təhsil
Nazirliyinin əməkdaşı,
maliyyələşməni həyata keçirən Dövlət Neft Fondunun nümayəndəsi
və namizədin ixtisas sahəsi üzrə ekspertin iştirakı ilə keçirilən müsahibə
20 dəqiqə çəkir.
Burada müraciətçilərin 3 istiqamət
üzrə bilik və bacarıqları yoxlanılır. Onlara ixtisas
sahəsi üzrə suallar da verilir.
Bir sözlə, doktorantura üzrə keçid, yəni 40 balı toplayan
Dövlət Proqramının
təqaüdçüsü adını qazanır. Çünki burada hər
hansı kvota yoxdur.
Mütəxəssislərin fikrincə, xaricdə təhsil alan doktorantların
çox olması ali təhsilin beynəlmiləlləşməsinə töhfədir. Belə ki, doktorantlar Dövlət Proqramı çərçivəsində xaricdə təhsil aldıqları müddətdə
yerli ali
təhsil müəssisələri
ilə sıx əməkdaşlıq edir,
mühazirələr oxuyur,
onların tədris işlərinə müəyyən
qədər dəstək
göstərirlər. Bu da onların əsas öhdəliyi, onlardan başlıca gözləntidir.
Əgər biz ali təhsil sisteminin beynəlxalq rəqabətliliyindən,
beynəlmiləlləşməsindən danışırıqsa, ali
təhsil sisteminə dəstək göstərilməli,
xaricdə təhsil alanlar vasitəsilə beynəlxalq təcrübə
təhsil sisteminə daşınmalıdır. Ona
görə də onlardan əsas gözlənti təhsil aldıqdan sonra 5 il yerli
ali təhsil müəssisələrində çalışaraq öz
ölkəsinə töhfə
vermələridir. Bununla
bağlı Dövlət
Proqramına müraciət
etmədən öncə
razılıq məktubu
əldə edirlər
və nəticədə
yerli ali
təhsil müəssisələri
də bu prosesdə aktiv iştirak edirlər.
T.Topalova
deyir ki, Dövlət Proqramı İdarəetmə Qrupu təqaüdçü tələbələrin
qarşılaşdığı çətinliklərin öhdəsindən
gəlməkdə də
onlara dəstək olmağa çalışır:
"Təcrübə göstərir
ki, təqaüdçü
olmaq yaxşıdır.
Amma onun da müəyyən
çətinlikləri ortaya
çıxır. Həmin çətinliklər
Dövlət Proqramının
qaydalarından deyil, universitetlərin yerləşdiyi
ölkələrin qoyduğu
qaydalar səbəbindən
də yarana bilir. Təqaüdçü
tələbələrimizi ola biləcək
çətinliklərlə bağlı məlumatlandırmaq,
həmin situasiyalara hazırlamaq və vəziyyətdən çıxmalarına
yardımçı ola
bilmək üçün
məlumat xarakterli tədbirlər keçirəcəyik.
Ancaq indidən namizədlərin maliyyələşmə
qaydaları ilə tanış olmalarını tövsiyə
edərdim. İstənilən ödənişin həyata keçirilməsi
üçün müəyyən
sənədlər tələb
olunur ki, təqdim edilməyən sənəd maliyyələşmənin
gecikməsi ilə nəticələnir".
T.Topalova qeyd edib ki,
tələbə Dövlət
Proqramına qəbul olunduqdan bir müddət sonra maliyyələşmə mexanizmi
işə düşür. Lakin buna
qədər olan sənədləşmə prosesi
xeyli vaxt aparır və bu baxımdan vəsaitin tələbəyə
verilməsi gecikə bilir. Hətta bəzən bu,
tələbələr təhsilə
başladıqdan sonra
mümkün olur.
Təhsilə başlamaları
üçün universitetlər
depozit tələb etdikdə təqaüdçü
olan tələbələr
üçün ali təhsil müəssisələrinə dəstək
məktubları göndərilir:
"Ötənilki təcrübəmiz
çox uğurlu oldu. Bəzən tələbə vasitəsilə, bəzən
isə birbaşa universitetlərə müraciət
edərək tələbələrimizi
dəstəklədiyimiz faktlar
var".
Xatırladaq ki, Dövlət Proqramı təqaüdçüsünün
təhsilə aid olan bütün xərcləri
ödənilir. Burada 5 istiqamət üzrə xərclərdən söhbət
gedir: Təhsil haqqı, il
ərzində bir dəfə nəqliyyat, viza, sığorta və hər ölkə üzrə təqaüd xərcləri.
Təhsilini tamamlayıb ölkəyə qayıdan nəinki doktorantura, istənilən təhsil səviyyəsi üzrə Dövlət Proqramı təqaüdçülərinin tətbiq edilən sadələşdirilmiş mexanizmlə sənədlərinin tanınması asan və qısa müddətdə başa çatır. Amma dövlətin qayğı və himayəsi davam edir. Məsələn, onlar dövlət qulluğu imtahanında iştirak etmədən dövlət qulluqçusu hesab olunurlar: "Biz onların məzun kimi qeydiyyatını aparır, müvafiq qurumlara müraciətlərində onlara dəstək göstəririk".
Bu üstünlüklərin fərqinə varanların sayı isə hər il çoxalır. Bunu ildən-ilə artan müraciət sayı da göstərir. T.Topalovanın sözlərinə görə, bu il müraciətlərin daha çox olacağı gözlənilir: "7 prioritet ixtisas istiqamətindən hər biri üzrə müraciətlər mövcuddur. Kənd təsərrüfatı üzrə ilk 2 ildə qəbul yox idi. Təşviqat və məlumatlandırmadan sonra bu ixtisas istiqaməti üzrə də müraciətlərin sayı artıb".
Onun sözlərinə görə, doktorantura təhsili üçün iş təcrübəsi olan gənclər daha çox müraciət edirlər: "Onlardan tək gözlənti xaricdə təhsil alıb qayıdaraq 5 il ərzində müxtəlif qurumlarda çalışmaları və ölkənin inkişafına töhfə vermələridir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 7 mart.- S.12.