Zəngin və mənalı ömrün
akkordları
Anar-85
Martın 14-də Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anarın 85
yaşı tamam olur. Bu əlamətdar yubiley günü ərəfəsində
Azərbaycanın tanınmış sənət
adamlarından bir qrupunun Xalq yazıçısı
haqqında fikirlərini oxuculara təqdim edirik.
Böyük qürur hissiylə qeyri-adi şəxsiyyət
olan yazıçı Anarla dostluğumuzun tarixindən söz
açmaq istəyirəm. Biz 50-ci, 60-ci, 70-ci illər
nəslinin nümayəndələri sayılırıq.
Mənim dünyaya gəldiyim doğma Bakı
şəhərində insanlar arasında xüsusi məhrəm
ünsiyyət yaranmışdı, biz bir böyük ailə
kimi yaşayırdıq. Deyirlər ki,
insanlara verilən adlar onların talelərinə damğa
vurur. Anarla mənim adlarımıza gələndə
bu həqiqət təsdiqini tapır. Anar, Fidan - bu iki ad
bir ailədə yaranmışdı və öz sahiblərinə
uğurlar qazandırmışdı.
İlk dəfə
gələcək yazıçıyla musiqi məktəbində
tanış olmuşduq. İndi
bu məktəb Bülbülün adını
daşıyır. Mən ilk siniflərdə
skripkaçı, Anar isə yuxarı siniflərdə
pianoçu kimi təhsil alırdıq. Bəzən
məktəbin dəhlizlərində ya kitabxanada
rastlaşırdıq.
O vaxt
bilmirdim ki, illər keçəcək və biz çox
yaxın dost olacayıq. Bizi
yaradıcılıq - onun ədəbiyyata, mənim - musiqiyə
marağım yaxınlaşdırırdı. Bir az əvvəllərə qayıtmalı olsam,
deməliyəm ki, bizim ailəmizin Azərbaycanın bir
çox yaradıcı ziyalılarıyla dost münasibətləri
olub.
Babam
Əli bəy Qasımov Hüseyn Cavid və Ərəblinski
ilə dost olub. Atamın böyük qardaş, məhşur
memar Ənvər Qasımzadə Rəsul Rzayla yaxından tanış idi, gənclik illərində
onların evlərində olmuşdu. Məhz
dostu Rəsul Rzanın ailəsində ilk dəfə Fidan
adını eşitmişdi. Rəsul
Rzanın böyük qızının - Fidanın adı əmimin
çox xoşuna gəlmişdi.
Ailəmizin
bir ənənəsi vardı: dünyaya gələn
uşaqların adını ailənin ən yaşlı
üzvü qoyurdu. Babamın ölümündən
sonra bu vəzifə onun 19 yaşlı oğlu Ənvərin
boynuna düşür. Beləliklə, ailədə
dünyaya gələn bütün körpələrə əmim
ad qoymalı oldu. Mən doğulanda əmim
çox sevinib, çünki Fidan adını xoşlayıb
yaddında saxlayıbmış. O vaxt bu ad yalnız
Anarın bacısının adı idi. Mən əmimə
çox minnətdaram ki, mənə məhz bu adı verib.
Mən bu adın ikinci daşıyıcısı
oldum. 1972-ci ildən mənim səhnəyə
ilk çıxışımdan sonra isə bu ad çox
yayıldı. Yeri gəlmişkən,
kiçik bacım Xuramanın da adını Ənvər əmim
qoyub.
Həyatda heç nə təsadüfi olmur. Yaşlıların
dostluğu onların övladlarına miras qalır.
Anar çox məşhur və kübar bir ailədə
doğulub, boya başa çatıb. O, iki böyük şəxsiyyətin
övladıdır - Rəsul Rzanın və Nigar xanım Rəfibəylinin,
Anar valideynlərindən gələn ən yaxşı keyfiyyətlərə
malikdir - yüksək intellektə, nəcabətə, dostluqda
sədaqətə, gözəlliyə heyranlıq, vətənpərvərlik
və əsas da ədəbi istetad.
Əvvəldə yazmışdım ki, onu məktəb
illərindən tanıyırdım. O, musiqiçi olmadı, amma musiqi əbədi
olaraq onun qəlbini fəth etdi. Valideylərindən
irsən keçən istedadı başqa sahədə - ədəbiyyat
sahəsində meydana çıxdı. O, konservatoriyaya
yox, universitetə daxil oldu. Universitdən sonra
Moskvada kino təhsili aldı.
Moskvadan qayıdandan sonra o, gəncliyin bir növ
bütünə çevrilmişdi. Ədəbi əsərlərini
birnəfəsə oxuyurdular. Ən
çox şöhrət qazanan hekayəsi "Ötən
ilin son gecəsi" idi. Bu hekayə əsasında
film də çəkilib. Filmlərinə gəlincə, mən Anara minnətdaram
ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə
həsr olunmuş filmində mənim səsimdən də
istifadə edib. Filmdə 1972-ci ildə "Melodiya"
firması tərəfindən Niyazinin dirijorluğu ilə lentə
alınmış "Arşın mal alan"dan
Gülçöhrənin ariyaları məni ifamda səslənir.
Müğənni olmazdan əvvəl mən
skripkaçı idim. 60-ci illərin ortalarında məktəbi
bitirəndən sonra Konservatoriyaya daxil olmağa
hazırlaşırdım. Və bu vaxt mənə
filmdə çəkilmək təklif olundu. Filmin rejisssoru Şamil Mahmudbəyov idi. Mən razılıq verməyə tələsmirdim,
bilirdim ki çəkilişlər çox vaxt aparacaq, mən
isə konservatoriyaya daxil olmaqçün saatlarla
çalışırdım. Bir də, mən
o vaxt kino aləmindən çox uzaq idim. Mənə
Anarın "Torpaq. Dəniz. Od. Səma" filmində çəkilməyi
təklif etmişdilər. Kiçik
bacım Xuraman onacan artıq üç filmdə çəkilmişdi.
O hələ məktəbli idi, peşəkar aktrisa olmasa da,
bu sahədə də istedada malik idi. Onun çəkildiyi
"Həyat bizi sınayır" filminin rejissoru da Şamil
Mahmudbəyov idi. Bir dəfə məni çəkiliş
meydançasında görəndə dedi ki, Anarın ssenarisi
əsasında film çəkməyə hazırlaşır
və orada mənə yaraşan rol var. Mən əvvəl-əvvəl
bir az karıxdım və razılıq
vermədim. Şamil Mahmudbəyov mənimlə
söhbətini Anara da danışıb və Anarın bu
işə müdaxiləsi mühum rol oynadı. O hələ
məktəb illərindən bilirdi ki, Fidan adlı bir
skripkaçı qız var, ailəmizlə tanış
idi və necəsə hiss etmişdi ki, mən rəsmlər də
çəkirəm.
Filmdə rolunu oynayacağım qız da rəssam idi. Bir müddət
götür-qoy edəndən sonra rejissora və əlbəttə,
Anara dərin hörmət bəslədiyim üçün
razılıq verdim.
Şəkil çəkmək indiyəcən mənim
hobbimdir. Bu film isə mənim kinoda ilk və son işim oldu.
Ondan razıyam ki, filmin çəkilişi
müddətində Anarla tanışlığımız
dostluğa çevrildi və illər keçdikcə bu
dostluq daha da möhkəmləndi.
Çəkilişlər bitdi və mən yenidən
musiqi aləminə qərq oldum. Bir neçə ildən sonra isə artıq səhnəyə
müğənni kimi çıxdım. Vokal
ifaçılığı mənim əsas peşəm və
ömrümün ən yüksək məqsədi oldu.
Anar musiqiçi olmasa da, bütün qəlbiylə
musiqi aləmindədir. Təsadüfi deyil ki, o, ömür
yoldaşı kimi gözəl xanımı - musiqişünas
Zemfira Səfərovanı seçdi. Onlar bir məktəbdə,
bir sinifdə on il birlikdə oxuyublar və
Zemifra xanım həmişə Anarın İlham pərisi
olub. Zemfira xanım məşhur
muşiqişünas, akademikdir. Vokal fəaliyyətim
başlananda mənim haqqımda da dəyərli yazılar
yazıb.
Məlumlur ki, Anar 60-ci ilin sonlarından "Qobustan"
toplusunun baş redaktoru olub. Bu nəşr çox
populyar idi. Topluda milli mədəniyyətə,
onun ənənələrinə xüsusi diqqət yetirilirdi.
Hamı toplunu böyük maraqla izləyirdi.
Yeni nəsillərin milli ruhda yetişməsində
"Qobustan"
böyük rol oynayırdı. Topluda
dəfələrlə mənim və Xuramanın
yaradıcılığımız haqqında da yazılar dərc
olunurdu.
Dəfələrlə Anarla bir yerdə müxtəlif
yaradıcılıq nümayəndələriylə, ya rəsmi
heyətlərin tərkibində xarici səfərlərdə
olmuşuq, o cümlədən, Ulu öndər Heydər
Əliyevin xarici səfərlərində iştirak
etmişik. Hansı ölkədə oluruq-olaq, bizə bələdçi
lazım deyildi. Anar gəldiyimiz ölkə
haqqında hər hansı bələdçidən daha
çox məlumata malik idi və bildiklərini bizimlə
bölüşürdü.
O,
sözün əsl mənasında filosofdur. Onunla
hər hansı bir mövzuda maraqlı söhbət etmək
olar. Onun sevdiyi və qiymətləndirdiyi adamların
adlarını çəkmək yetərlidir - Fellini, Marsel
Prust, Dostoyevski, Heminquey, Blok,
Yesenin, Nazim Hikmət, Qara Qarayev, Çingiz Aytmatov, Fikrət
Əmirov, Tahir Salahov və çox-çox başqa görkəmli
şəxsiyyətlər. Musiqiçilərlə
danışanda o dərin musiqi bilicisidir, rəssamların,
heykəltaraşların içində onların sənət
xüsusiyyətlərinə yaxşı bələd olan
adamdır. Bir sözlə, iri miqyaslı
şəxsiyyətdir. Mən də Xuraman
da onu böyük yazıçı kimi çox yüksək
dəyərləndiririk, bütün ailəsinə dərin rəğbət
bəsləyirik. Anarı və onun ailə
üzvlərini konsertlərimizdə görmək həmişə
bizə xoşdur. Bizim repertuarımızda
elə əsərlər var ki, onları hər zaman və hər
yerdə ifa edirik. Bu əsərlər
sırasında hamının sevdiyi bir mahnı da var -
"Qızıl üzük". Bu
mahnı Azərbaycan mədəniyyətinin və incəsənətinin
iki böyük şəxsiyyətinin - bəstəkar Tofiq
Quliyev və şair Rəsul Rzanın yaratdıqları
şedevrdir. Bu mahnıda musiqinin və
sözün elə üzvü vəhdəti yaranıb ki, əsər
böyük məhəbbət himni kimi səslənir. Rəsul Rzanın gözəl ömür-gün
yoldaşı Nigar xanıma məhəbbəti haqqında əfsanələr
mövcuddur. Bu əfsanələrdən
biri də - həqiqət olsa da, olmasa da - ANAR adının
valideynlərinin adlarıyla bağlı olmasıdır.
Bu əfsanəni biz onların
yaradıcılığında da görürük. Bu məhəbbətin bir parlaq örnəyi də elə
"Qızıl üzük" mahnısıdır. Konsertlərimizdə bu mahnını ifa edərkən
Anar həmişə bizə böyük bir qızıl
gül dəməti təqdim edir.
Bizim qiymətləndirdiyimiz, sevdiyimiz çoxsaylı
dostlar arasında Anarın xüsusi yeri var. Anar - bizim
müasirimiz, müdrik insan və bütün dünyada
tanınan yazıçıdır.
Hər ikimiz - Xuraman və mən Anarı və ailəsini
möhtəşəm yubileyi münasibətilə ürəkdən
təbrik edirik. Ona möhkəm cansağlığı və
uzun illər yaradıcılıq ilhamı arzulayırıq.
Ad
günün mübarək, əziz dost!
Fidan
QASIMOVA
SSRİ-nin
və Azərbaycanın Xalq artisti
Yaşayın,
yaradın, Ustad
Yazıçı,
ssenarist Anar... Nə qədər məşhur və
tanınmış olsa da, qeyri-adi dərəcədə təvaəzökar,
istedadlı, mükəmməl, savadlı ziyalı... Taleyimə minnətdaram ki, haçansa
yaradıcılıq yollarımız qovuşub. Peşəkar aktrisa olmasam da, Anarın ssenarisi əsasında
unudulmaz rejissor Arif Babayevin məharətlə çəkdiyi
"Gün keçdi" filmində Əsmər
obrazını yaratmaq mənə nəsib oldu. Belə
bir rolu hər aktrisa
ancaq arzulaya bilər.
Sağdan:
Rasim Balayev, Polad Bülbüloğlu, Anar, Tofiq
İsmayılov, Timuçin Əfəndiyev, Şenol Dəmiröz
Mətn o qədər maraqlı, real, dialoqlar o qədər
həyati, əsərdə cərəyan edən hadisələr
o qədər canlı və təbii idi ki, bütün film
yalnız iki personajın üzərində qurulsa da, biz sanki
çəkiliş meydançasında olduğumuzu unudurduq. Ətrafımızda çəkiliş
dəstəsi, operatorlar öz işlərini görsələr
də, filmin süjeti bizi elə
ofsunlamışdı ki, biz ifaçılar sanki filmdə yox
gerçək həyatda baş verən hadisələri
yaşayırdıq. Bu ekran əsəri kinoda ən
sevimli işimdən savayı ömrümdə də çox
böyük hadisə oldu. Əziz Anar, siz
o vaxtkı cəmiyyətin elə dəqiq mənzərəsini
yaratmışdınız ki, bu ruh və hadisələrin
gedişatı bu günlə də səsləşir. Yəqin elə buna görə illər keçsə
də, "Gün keçdi" indiyəcən televiziya
ekranlarından düşmür. Məhəbbət,
sədaqət, nəcabət elə yüksək mənəvi
dəyərlərdir ki, onlar əbədidir. Bu şedevri yaratdığınız
üçün, yazdığınız və
yazacağınız başqa gözəl əsərlər
üçün sizə minnətdaram. İstedadı
Sizə Tanrı bəxş edib. İstedadın
yaşı olmur. Yaşayın, yaradın və xoşbəxt
olun, Ustad!
Leyla
ŞIXLİNSKAYA
"Anar
Azərbaycan ədəbiyyatında, Azərbaycan incəsənətində
bir möhürdür"
- Rasim
müəllim, Xalq yazıçısı Anarla sizi uzun illərin
dostluğu bağlayır. Anar müəllimin
yazdığı bir çox ssenarilərdə baş
rolları oynamısınız. Anar müəllimlə
ilk tanışlığınız nə zaman olub?
-Mənim Anar müəllimlə ilk
tanışlığım qiyabi olub. O vaxt Agsuda orta məktəbdə
oxuyurdum. Yeniyetmə vaxtlarım idi. Bir yazıçı kimi ona çox böyük
maraq göstərirdim. Təkcə mən
yox, məktəb yoldaşlarım, dostlarım da onu sevirdilər.
Çünki Anar müəllimin oxucunun nəbzini
tuta bilən gözəl hekayələri vardı. O
vaxtkı "Ədəbiyyat və incəsənət" qəzetində
hekayələri dərc olunurdu və mən o hekayələri
oxuduqca Anar müəllimə rəğbətim
artırdı. Yadımdadır, 1968-ci ildə Anar müəllimin
"Molla Nəsrəddin-66" adlı bir məcmuəsi
çıxdı. Anar müəllim hələ
sovetin kəskin vaxtlarında, ədəbi senzuranın
olduğu bir dönəmdə bir çox məsələləri
açıqlamışdı. Bölgələrdə
yaşayan, xüsusən bizim kimi gənclərin təfəkkürünün
oyanışında belə yazılara çox böyük
ehtiyac vardı. O vaxtdan hiss edirdim ki, Anar müəllim
milli ruhlu, milli düşüncəli yazardır. Buna görə də bölgələrdə
çox böyük hörməti vardı. Üzünü görməsək də,
yazılarını sevə-sevə oxuyurduq. Ağlıma gəlməzdi ki, bir vaxtlar nəinki bu
böyük insanla görüşəcəm, hətta
yazdığı ssenarilərdə də baş rollarda
çəkiləcəm. Tale üzümə
güldü.
“Qəm pəncərəsi”
filminin çəkilişində Leyla Şixlinskaya, Anar,
Opreator Hüseyn Mehdiyev, Nəsibə Zeynalova
Orta məktəbi
bitirib Bakıya gəldim, ali məktəbə
qəbul olundum. 1975-ci ildə Anar müəllimin ssenari müəllifi
olduğu "Dədə
Qorqud" filminin çəkilişinə dəvət
aldım. Anar müəllimlə onda tanış
oldum. İlk dəfəydi ki, əsərlərini
sevə-sevə oxuduğum yazıçını yaxından
görürdüm. Bu, mənimçün
əlbəttə, böyük fəxr idi. Sonradan birlikdə çox işbirliyimiz oldu.
Yadımdadır ki, mən "Dədə Qorqud" filminə
çəkilərkən şirdən qorxurdum və onda Anar müəllimə
dedim ki, çox qorxuludur, bəlkə
o səhnəni çıxardasınız? Dedi yox, o hissə
filmin ən maraqlı səhnələrindən biri
olmalıdır. Doğrudan da elə oldu. Filmin o səhnəsi çox ugurlu alındı.
Daha sonra Anar müəllimlə bir çox səfərlərdə
olduq. Mən bir neçə filmə
çəkiləndən sonra müxtəlif yerlərə dəvət
olunurdum. Elə o ərəfələrdə
də Moskvada Azərbaycan kino günləri oldu. Anar müəllimlə bir yerdə Moskvaya getdik.
Daha sonra Gürcüstana, hətta Qərbi Azərbaycana
- Ermənistana da birgə səfərlərimiz olub. Anar müəllim o qədər səmimi insan idi ki,
hər mövzuda söhbətimiz tuturdu. Hər
səfərdə, hər söhbətdə onu daha yaxından
tanıyır, kəşf edirdim. Görürdüm
ki, bu insan şəxsiyyət kimi də böyük
insandır. Altmışıncı illərdə
ədəbiyyata gələn bir neçə
yazıçı vardı, onlar bir-birindən fərqlənirdilər.
Anarın isə öz üslubu, öz yazı tərzi
vardı. Odur ki, o illərdə əksəriyyət tərəfindən
yaxşı qarşılandı və çox uğurlu bir
yaradıcılıq dövrünə qədəm qoydu. Təbii ki, gözügötürməyənlər,
paxıllar da yox deyildi. Anarın ailəsi
şair ailəsiydi. Anar gözünü
açandan evlərində çoxlu sənət adamları
görmüş, onların maraqlı söhbətlərinin
şahidi olmuşdu. Yaradıcılıq
genlərində vardı. Qohumları da
Ənvər Məmmədxanlı gözəl
yazıçıydı. Həbibə Məmmədxanlı
televiziyada işləyirdi. İsmayıl
Əfəndiyev (Anarın bibisi Surə xanımın həyat
yoldaşı çox peşəkar və istedadlı aktyor
idi. Dediyim odur ki, bu nəsil, bu ailə həmişə
sənətlə yaşayıb, sənətlə nəfəs
alıblar. Anar da ola bilərdi ki, heç yazıçı
olmasın. Amma Allah ona yazmaq istedadı
vermişdi və Anar yazmalıydı. Və o gen davam
edirdi. Bu gün də davam edir. Anar müəllimin övladları da yazırlar.
- Rasim
müəllim, dediniz ki, Anar müəllimin öz dəsti-xətti
vardı. Ümumiyyətlə, onun xüsusi bir
keyfiyyəti vardımı? Altmışıncılardan
nəylə seçilirdi?
-
Özünəməxsusluğu ilə. Dramaturgiyası,
gözəl yazı üslubu ilə. Anarın
əsərlərini çox asanlıqla oxuya bilirsən.
Dili asandır. Bir də
rejissorlugu ilə seçilir. Bilirsiz də,
Anar həm də rejissorluğu qurtarıb və çox
güclü rejissorluq qabiliyyəti vardır. Bəlkə də bunu çoxları bilmir. Anar rejissor kimi
bir neçə film çəkib. Onun
yazdığı ssenarilər çox güclüydü.
Mən Anarın filmlərindən "Dədə Qorqud"
da, "Otel otağı"nda, "Cavid ömrü"ndə,
"Sübhün səfiri"ndə çəkilmişəm.
Hər dəfə də Anar müəllim özü
çəkiliş meydançasına gəlirdi, bizlə səmimi
söhbətlər edirdi, məsləhətlər
verirdi. Biz ona həmişə maraqla qulaq
asırdıq və onun dediyi tapşırıqları edirdik.
Anar həm də şəxsiyyət kimi gözəl
şəxsiyyətdir. Çox əxlaqlı,
tərbiyəli bir adamdır. Mən çox adamları
tanıyıram, açıq danışaq da, ola
bilsin sənəti var, amma şəxsiyyəti yoxdur. Anarda bunlar hamısı bir yerdə cəmləşib.
Allah cansağlığı versin, bu gün də
işini davam etdirir.
Bu gün Anar Azərbaycan ədəbiyyatında, Azərbaycan
incəsənətində bir imicdir, bir möhürdür. Əsl
ziyalıdır. Bu gün Anarın
dünyanın bir çox ölkələrində, həm
müsəlman, həm də slavyan ölkələrində də
əsərləri çap olunur və maraqla oxunulur. Mən bir dəfə Tacikistanda belə bir hadisənin
şahidi oldum. Orda Anar müəllimin
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
kitabı çıxmışdı. Bir nəfər mənə
yaxınlaşdı, dedi sizin Anar çox maraqlı
yazıçıdır, onun kitabını oxudum. Çox gözəl əsərdir. Yəni Anar bu gün Türkiyədən tutmuş hər
yerdə tanınan bir şəxsiyyətdir, o bizim Çingiz
Aytmatovdur. Azərbaycan ədəbiyyatının,
sənətinin simvoludur. İndi bir də
görürsən, mən oxuyuram bəzi saytlarda, qəzetlərdə,
iddiası özündən böyük olan adamlar yazır ki,
Anar orda niyə çox oturub? Bunlara deyən
lazımdı ki, ay balam, sən oturmaq istəyirsən orda?
Qurultayda namizədliyini ver, gör səni
seçəcəklər?
Bu kişiyə səs veriblər, işləyir.
Özü də mən indi bu gün onun əvəzedicisi
adamı görmürəm. Şəxsən
mən görmürəm.
Bu adam nolsin ki, yaşı çoxdu,
amma onun saglamlıgı yol verir, tədbirlərdə olur, iraq
olsun, xəstə deyil axı, işləmək, yazmaq qabiliyyəti
güclüdür. Allah verdiyi ömrü
yaşayır. Və sən fəxr eləməlisən
ki, sənin belə bir oğlun var. Mən məsələn fəxr
edirəm ki, Azərbaycan xalqının Anar kimi oğlu var.
Yaşayır, yaradır, böyük bir kollektivin rəhbəridir.
Kənardan demək asandır, o qədər
adamlara əl tutur, kömək edir, çap elətdirir,
kömək elətdirir.
- Bilirəm.
Şahidiyəm.
- Bəli.
Maddi kömək elətdirir, prezident təqaüdünü,
mükafatları verir, nəyə imkanı var, onu edir. Hələ artıqlamasıyla edir. Hətta bu yaxında mətbuatda oxudum ki, Anar müəllim
deyir, bir əsər yazmışam, amma çap etdirməmişəm.
Soruşurlar niyə? Deyir,
imkan yoxdur. Deyirlər, necə imkan yoxdur,
siz elə Yazıçıların Birliyinin sədrisiniz.
Deyir ki, hələ mən indiyə qədər
AYB hesabına əsər çap etdirməmişəm.
Deyir, ya sponsor tapmalıyam, ya da öz imkanıma etdirməliyəm.
Dediyim odur ki, bu adam bu cür insandır. Əsərini çap etdirər də. Deyir ki, mənim əsərim böyük əsərdir,
onun yerinə bir on gəncin kitabını çap elədirə
bilərəm. Yəni belə bir qəlbi
olan insanın qədrini bilmirlər. Adama
deyən gərək, sən gəlib neyniyəcəksən
axı? Gendən baxan üçün
çox asan görünür, amma oranı idarə eləmək
çox çətindir. Hərənin
ağzından bir avaz gəlir. Biri deyir, ev
istəyirəm, biri deyir fəxri ad, daha nələr... Ay
balam, Anar ev tikən deyil e. Onun adına,
imzasına prezident, vitse-prezident Mehriban xanım hörmətlə
yanaşırlar. Anar o qədər ləyaqətli,
əxlaqlı adamdır ki, öz adını həmişə
qoruyur. Dəqiqədə müraciət də
eləmək olmur. Baxırlar ki, kiməsə
kömək edir, bunun ardıyca gedirlər üstünə.
Bu cür mümkün deyil, olmaz. Gərək insanlar bunu nəzərə alsınlar.
Birdən-birə hamının
könlünü görə bilmir.
- Məhəmməd
Hadinin bir sözü var, deyir kim
olduğumu göstərəcək ölümüm. Bizdə sağlığında dəyər verilmir.
- Əksinə, çalışırlar öldürələr. Elə sözlər deyirlər
ki, çox qeyti-etik,
tərbiyəsiz . Amma maşallah, səbrli
adamdı. Mən oxuyuram, onun yerinə əsəbləşirəm.
Şəxsən mən dözmərəm.
- Çingiz Aytmatovun adını çəkdiniz. Qırğızlar çox
dəyər verirdi Çingiz Aytmatova...
- Bəli.
Bizdə təəssüf ki, elə deyil. Çingiz Aytmatov qırğızların
böyük yazıçısıdır. Bəlkə
də, o situasiya Qırğızıstanda olmayıb, amma bizdə
bayaq dedium, səhv eləmirəmsə, Rəsul Rzanın "Rənglər"
şeirini Lenin mükafatına təqdim ediblərmiş. Təqdimat getməmiş, danos gedib yuxarıya.
Bizdə təəssüf ki, belədir. Vaxtilə Yazıçılar Birliyində çox
hadisələr olub, Anar bunun hamısının şahididir və
onların içində böyüyüb. Anarın
böyüklüyü bir də ondadır ki, bəzən ətraf
mühit adamı korlayır, adam elə onlara dönür,
çünki onların içindəsən axı, amma
bütün bunlara baxmayaraq Anar öz
böyüklüyünü, öz təmizliyini, özünəməxsusluğunu
qoruyub saxlayır.
- Anar
müəllimdə sizi ən çox çəkən
hansı xarakteridir?
- Təvazökarlığı.
Mən çox şahidi olmuşam. Onda olan təvazökarlıq indi kaş ki, bəzilərində
olaydı. Baxırsan ki, əlindən düz-əməlli yazı-pozu gəlməyən birisi
üç şeir yazıb, 2 povest, özünü dahi hesab
edir. Mən Anarı 1975-ci ildən
tanıyıram, 48 ildir. O həmişə sadə, təvazökar
olub. Heç elə bil ki, o əsərləri o
yazmayıb. Mənim yadımdadır, Anar "Şəhərin
yay günləri" pyesini yazmışdı, o vaxt teatrın yaxşı
vaxtlarıydı, böyük anşlaq oldu. Tamaşa
çox gözəl qarşılandı. Çünki
o dövrün real hadisələri çox açıq şəkildə təsvir
olunurdu pyesdə. Sonra "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" əsərinə
"Təhminə və Zaur" filmi çəkildi.
Sonra "Gün keçdi", "Otel otagı"... Hamısı şedevr əsərlərdir.
- Siz
"Şəhərin yay günləri"pyesini
xatırlatdınız. Yəqin ki, məlumatınız var, bu
əsərdən ötrü nə qədər danos
getmişdi yuxarıya...
- Bəli.
Təəssüf ki, elədir. O pyesdə
qələmə alınanlar hamısı institutlarda baş verən
hadisələr idi. Görünür, bu da
çoxunun xoşuna gəlmirdi. O vaxt Anardı, Rüstəm
İbrahimbəyovdu, onlar elə əsərlər
yazırdılar ki, həm cəsarətli, həm də
şedevr əsərlər idi. Məsələn, Rüstəm
İbrahimbəyovun ssenarisi əsasında çəkilən
"İstintaq" filmində rüşvət alanlar
ifşa olunurdu. Anar müəllim də
"Şəhərin yay günləri" əsərində
bir çox qaranlıqların üstünə işıq
salmışdı. Gerçəkliyi, həqiqəti
qələmə almışdı. Həqiqət
isə həmişə acı olur. O vaxt senzura vardı.
Yalandan deyirdilər guya hər şey
idealdır, amma bir yazıçı kimi Anar həqiqəti
deyirdi. Yaxşı
ki, rəhmətlik Heydər Əliyev belə əsərlərə
çox dəyər verirdi və dayaq olurdu. H.Əliyev şəxsən
özü gedib tamaşaya baxıb və Anar müəllim
buna görə Dövlət mükafatına layiq
görüldü.
Mən
Anarın şeirlərini oxudum, çox maraqlı şeirləri
var, dediyim odur ki, toplumda bu adam Azərbaycanın
yox, bu gün Türk dünyasının bir simvoludur. Mənim Anara həmişə böyük hörmət
və ehtiramım olub, bu gün də var, ehtiramla
yanaşmışam.
- Bildiyimə
görə Anar müəllim ssenari yazıb, orda sizin
üçün bir əsas rol var. Doğrudurmu?
- Doğrudur. Anar müəllim mənə dedi, iki ssenari yazmışam, sənin üçün orda xüsusi bir obraz var. Qeyd etdiyim kimi, Anar müəllim həm gözəl ssenarist, həm də rejissordu. Mən də oturub gözləməyə başladım. Xəbər çıxmadı. Bir gün soruşdum, Anar müəllim, noldu bəs? Dedi, ay Rasim, iki ssenarim Mədəniyyət Nazirliyindədi və iki ildi ki, heç bir cavab yoxdur. Çox təəssüf ki.. Bu məqamlar məni çox üzür. Axı Anar tasadüfi adam deyil. Ağır çəkili, öz ləyaqətini gözləyən şəxsiyyətdir. Ömür isə gedir.
-Anar müəllimlə bağlı bir xatirəniz varmı?
- Anar o qədər məlumatlı insandı ki, bir yerdə oturanda çox maraqlı söhbətlər edir. Tarixdən tutmuş hər şey. Heç harda yazılmayan, heç harda danışılmayan şeyləri danışır. Və ona görə bizim səfərlərimizdə həmişə hamı çalışırdı ki, ona qulaq assın, nəysə öyrənsinlər. Bizim bilmədiyimiz, bizim rastlaşmadığımız elə situasiyalarla rastlaşıb ki, o danışır, bizsə dinləyirdik, maraqlı insan kimi onu dinləmişik.
- Anar müəllimə nə arzulayardınız?
- Təbii birinci cansağlığı. Bu gün Anar müəllimin hər şeyi var- adı var sanı var, tarixdə adı var Azərbaycan ədəbiyyatında, incəsənətində, teatrında, kinosunda imzası var. Və arzu edirəm ki, bu lazımsız söhbətlərə əhəmiyyət verməsin, özündən muğayat olsun. Çünki o lazımdır. Allah onu qorusun.
- Anar müəllim haqqında ən son sözünüz? Yadınızdan çıxmadı nəyisə?
- Qalanını da inşallah doxsan illiyində deyəcəm.
Xalq
artisti Rasim BALAYEV ilə müsahibədən bir parça
Hazırladı: Südabə SƏRVİ
525-ci qəzet.- 2023.- 7 mart.- S.8-9;11