Qadın olmaq
esse
Düz səkkiz
ay əvvəl İstanbulda
olarkən başlamışdım
bu yazını, daha doğrusu qeydlər etmişdim. O gündən
bəri hər şey elə telefonun qeydlər bölməsində qalıb,
heç nəyə toxunmamışam... Nurcan da,
Yasemin də, əslən qazax olan Ruhina da
yüzlərlə eyni
taleyi yaşayan qadınlardan biridir. Onlar hələ ayaqları torpağı tanımamışdan
ərə verilən,
sahibliyi, hüquqları
valideynindən ərinə
keçən qadınlardır.
Yaşadığı yerdə
əri tərəfindən
şiddət görüb,
basqı altında yaşamağın mümkün
olmadığını biləndə,
baş götürüb
qardaş ölkəyə
gələn Ruhinanın
bir qızı var, həyat uğrunda mücadilə verən bu gənc
qadının qarşısına
nə yaxşı ki, yaxşı insanlar çıxıb. Onu yaşamaq üçün öz evinə alan
yaşlı xanım elə evində də işlə təmin edib. Hətta qızının təhsil
haqqını belə
ödəməklə bu
kimsəsiz tək qadına arxa, dayaq olub. Amma gəlin bir anlıq bunların əksini düşünək.., axı
uğrumuza pis insanlar da çıxır...
Yaseminin həyat yoldaşı olsa da, həyatla
demək olar ki, təkbaşına döyüşür. İlin 365 gününün bir saatını belə bir-biri ilə baş-başa qalmayan, dərdləşməyən,
hansısa bir bayramı birlikdə qutlamayan ayrı, müxtəlif dünyanın
adamları sanki məcburən bir yerdə yaşamağa məhkum edilmişlər.
Bir övlad dünyaya gətirən bu 25 yaşlı qadın, öz ömrünü çoxdan
başa vurduğunu söyləyir, indi övladım üçün
yaşayıram deyir...
Yazarın gözü də, fikri də daim
axtarışdadır. Qadınların ailədə, cəmiyyətdə,
eləcə də dünyadakı rolu nədən ibarətdir?
Nəyə görə
ailələrdə əsasən
oğlan uşağının
doğulması toy-bayrama
çevrilir, hətta
bəzi ailələrdə
doğuşlar ta oğlan uşağı olana qədər davam
etdirilir!.. Baxmayaraq ki, az qala hamımızın
əzbər bildiyi bir ayə var
müqəddəs kitabımız
olan Qurani-kərimdə:
"Allah dilədiyinə qız,
dilədiyinə oğlan
uşağı bəxş
edər. Kiminə həm oğlan, həm də qız uşağı verər, dilədiyini də sonsuz qoyar..."(Şura 49,50)
Nə qədər
desək də, yenə bəzi ailələrdə oğlanı
qız uşağından
üstün tutur və hətta hər addımda bunu uşaqların özünə də hiss
etdirməkdən belə
çəkinmirlər. Oğlansansa, deməli bir addım irəlidəsən,
üzünə bütün
qapılar açıqdır,
irad tutmazlar, qoruq-qaytaq eləməzlər,
sənə hər şey olar. Yox əgər qız doğulmusansa onda bir çox qadağalara hazır olmalısan... Elə haqqını birinci sənə həyat verən valideynlərin pozacaq, özü də guya səni
düşünərək... Azərbaycanda dövlət səviyyəsində
haqq etdiklərin onların vecinə gəlməz, birinci təhsil almaq hüququnu pozarlar.
Lap cəhalət dövründəki
kimi papaqla vuracaqlar, yıxılmadınsa
verəcəklər özündən
10-15 yaş böyük
birinə gedəcəksən!..
İllah
da bir azca
imkanlı yerdən ola damad..,
bəh-bəh, ta ananın gözünə
gecə də sevincindən yuxu getməz... Sənin arzuların, xəyallarınsa
ürəyindəcə boğulub
gedər!.. Bəs sonra.., ər evinə gedəndən sonra körpə canınla ailə qayğılarına
gücün çatmayanda,
çiyinlərin yorulanda
neyləyəcəksən... Səsini duyuracaq kimin var, qızcığaz?.. Əmin ol
ki, bu yenə
valideynlərin olmayacaq,
geri dönsən
"qızın ər
evindən meyiti çıxar" deyib ər evinə qaytaracaqlar...
Hərdənbir baxdığım bir
sosial proqram var, necə talelər gəlib keçib onun yaddaşından... Amma heç
beləsi olmamışdı,
adı bir yaxın adamın qətlində hallanan gənc qadın sonda dəhşətli etirafları ilə hələ uzun müddət yaddaşları
zəbt edəcək.
On dörd yaşında
ərə verilən,
nə uşaqlıq nə də gəncliyini yaşamayan bu bədbəxt qadın göz yaşlarına boğularaq
"məni heç vaxt, heç kim dinləməyib, fikir və düşüncələrim,
arzularım heç kimi maraqlandırmayıb"-dedi... Deməli əşya kimi rəftar ediblər onunla, həm cismi, həm ruhu istismar edilib
bütün mənalarda...
Bəli, bu dünyada qadın olmaq zor işdir, hər addımda mücadilə verməkdir. Evliliyin nə olduğunu anlamadan, ailənin bütün məsuliyyəti üstünə yüklənən QADIN!.. Sən kimsən, heç düşündünmü?.. Sən, dözülməz ağrıların birincisini- ən güclüsünü yaşayaraq dünyaya insan gətirən güclü yox, çox güclü bir varlıqsan. Özünü səndən güclü hesab edən neçə sərkərdə son nəticədə döyüşü sənə uduzub çıxdı... Bəlkə elə başına gələnlər sənin güclü olmağındandır, axı insan özünü tanıyanda başqa bir insana çevrilir... Bunun üçünsə sənə fürsət verilməli, şərait yaradılmalıdır...
Qadına ən böyük dəyəri elə "cənnəti anaların ayaqları altına sərən" dinimiz verib, sonra da ölkəmizdə dövlətin qadın siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyev. O, qadının cəmiyyətdəki rolunu və təsirini çox yüksək qiymətləndirərək , onu "bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrət" adlandırmaqla, "ucalıq, ülvilik məbədi, ismət, qeyrət, qüdrət rəmzi" hesab edirdi. Qadına böyük hörmət və qayğı ilə yanaşan bu dahi şəxsiyyət həm də onların qarşısında yeni inkişaf yolları açdı, müxtəlif dövlət orqanlarında məsul vəzifələrə gətirilməsində böyük etibar nümayiş etdirdi...
Xurafatın hökm sürdüyü, qadınların heç bir hüquqa malik olmadığı dövrü çoxdan keçmişik, artıq 21-ci əsrin beşdən birini də geridə qoymuşuq, amma yenə də dünyaya dar bir dəlikdən baxanlar var. Təəssüf ki, nə qədər maarifləndirmə aparsaq da, təbliğat işləri görülsə də yenə yeniyetmə qızlarla bağlı tabuları sındıra bilmirik. Əgər bircə ailədə belə erkən nigaha yol açılırsa demək həyəcan siqnalı çalınmalıdır.
Qadın,
adı kimi incə, sevimli bir varlıq... Qədim Çin fəlsəfəsinə görə
də qadın yer, kişi
isə səma enerjisinin daşıyıcısıdır.
Yerlə
Göyün birliyi, birlikdəliyi həyatın
davamlılığı, yaşamın
təminatıdır. Qadın-daşqını ram
edən dağ, dağları yuyub apara bilən seldir... Qadına münasibət, müraciət
əslində cəmiyyətin,
toplumun özünün
mədəni səviyyəsinin
açarıdır. Kökü
"katın" olan,
əsrlərlə formasını
dəyişərək "hatun", "xatun",
"qadın"a çevrilən,
özündə xanımlıq
ehtiva edən, bir kişiyə yar olan, yarısına
çevrilən ulu varlıq... Hər acının içindən
bir şəkər tapan, ailəsi, həyat yoldaşı, övladı üçün
min-bir əzaba qatlaşan fədakar qadın, niyə sənin əsl dəyərini verə bilmirik...
Deyl Kornegi: "Qadınların
üzündəki ifadə
üzərindəki geyimdən
daha çox uğur qazandırır " - deyirdi. Bəli,
qadın dünyanın sirli üzüdür, o güləndə
dünya da gülür... Qadın və kişi
birlikdə bir gücdür,
biri digərini tamamlayır, hər ikisi həyatın davam etməsi
səbəbidir, uçmaq və uçurmaq üçün
açılmış qoşa
qanaddır... Qəlb qəlbə, könül
könülə söykənəndə isə bu güc yenilməz olur. Deyirlər qadının çöhrəsi
ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının
necə olduğunu göstərir... Deyirlər...
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2023.- 8 mart.- S.16.