Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən çərşənbə sayımızda)
Abelyar öz məhəbbəti
naminə hələ də düşmənləri ilə
inadkarlıqla mübahisə aparırdı. Son mərhələdə Romaya səfər etdi,
orada öz təlimlərinə yeretinlik (dinsizlik)
damğası vuran hökmdən şikayət etdi. Onun "Üçlük" ("Trinity") barədəki
təlimi kilsə tərəfindən məhkum edilmişdi.
Lakin şikayəti də heç bir fayda vermədi,
artıq o, yorulmuşdu. Xəstə Abelyar
Burqundiyadakı monastırda öldü.
Eloiza onun meyitini özünün başçı
olduğu Parakletdəki qadın monastırında dəfn edilməsini
xahiş etdi.
Axı Abelyar Parakletin əsasını qoyan idi
və onun cəsədi də öz son
sığınacağını orada tapdı. 20 il sonra elə sevgilisinin öldüyü bir
yaşda Eloiza da həyatdan getdi və məşuqunun
yanında da dəfn edildi.
Belə deyirlər ki, nə vaxtsa o cür şirin anlara
daldığı məşuqəsi olan bu qızı, Abelyar
uyuduğu dar sərdabədə öz yanında dəfn
olunmağa gələndə salamlamaq üçün öz
tabe olan əllərini yenidən yuxarı
qaldırmışdı. Əlbəttə, məhəbbət
heç də əlləri öz zəfərini qoruyub saxlamaq
üçün vacib vasitə hesab etmir, çünki bu hissə
xidmət edənlər onun qaydalarına və prinsiplərinə
heç də tabe olmurlar. Bəhrəsiz,
qeyri-münbit torpaqdakı şirin su kimi o, insanların həyatının
içərisinə yayılır, hətta onun müəyyən
olunmamış formulu adamları daha dolğun azadlıq
üçün ilhama gətirir.
XIX əsrin
birinci onilliyində Napoleonun imperatriçəsi Jozefina
Abelyarla Eloizanın məktublarını oxuduqda riqqətə
gəldi, onların tənhalıqda uyuması ilə
razılaşmayıb, cəsədlərinin gətirilib Parisin
məşhur Per-Laşez qəbiristanlığında dəfn
edilməsini istədi. Lakin bu arzu onun özünün
ölümündən iki il sonra, 1817-ci
ildə həyata keçdi. Həmin qəbiristanlığa
gələnlər bu məhəbbət divanələrinə
hörmət əlaməti olaraq, onların sərdabəsini
ziyarət edir, bu ölməz rəmzə təzim
qılırlar. Per-Laşez bu xoşbəxtlikləri
miqyasında bədbəxt olanlara uyumaq üçün yer
verməklə yanaşı, həm də onların
qövsü-qüzehi andıran şöhrətlərinə
də şərik oldu. Qəbri ziyarət
edən bir dostum adamların bu nakam sevgililərin hüznünə
görə göz yaşları axıtdıqlarının
şahidi olmuşdu.
Onların məhəbbətinin simvolları kimi
yazdıqları məktublar isə, Qütb ulduzunun məhəbbət
adlanan Göy qübbəsini işıqlandırmasına bənzəyir,
ölməzliyi ilə dünyanı dolaşmaqdan da yorulmur. Bu alov effekti verən sevgi
ifadələrinin sevinci və hüznü ilə tanış
olanlar, onların qəbirlərini ziyarət edənlərdən
heç də geri qalmırlar, bəlkə də, bu hisslər
sərgisinə heyranlıqla tamaşa etdikdən sonra məhəbbət
dünyasına daha yaxından tanış olmaqla, onun tədqiqatçılarına
çevrilirlər. Çünki bu tanışlıq, bu
sehrli dünya ilə ünsiyyət məhəbbət
qurbanlarının taleyinə biganə qalmaq istəməyən
adamlara çox şey verə bilir, onları real həyatdan
ayırıb, feyaların ömür sürdüyü bir aləmə
aparır..
Bu məktublarda ifadə olunan odlu sözlər,
döyünən ürəklərin məhəbbətə həsr
olunmuş nəbzində öz öyrəndiklərini unudub, məşuq
rolunda daha böyük şöhrət tapan Pyer Abelyarın bu
cəsarətli cəhdinə görə böyük haqq
ödədiyi məlum olur. Sakit bir həyatı
yaşadığı halda, böyük elm adamı sayılan
bir adamın dərslərindən yalnız öyrənməyi
arzulayan Eloiza da onu yandırıb feniksə döndərən
qızğın bir məhəbbətlə qarşılaşır.
Lakin bu sevgi Abelyara olduğu kimi, ona da bədbəxtlik
tsikutası (zəhəri) qədəhini içdirdi və
uzun illər ərzində onu qəm dünyasında
yaşamağa məcbur etdi.
Eloizanın
Abelyara birinci nəktubu
Bu məktubu Eloiza öz Ağasına, atasına, ərinə,
qardaşına onun nökəri, arvadı, bacısı kimi
bütünlüklə özünün ehtiram bəslədiyi
və sevdiyi Abelyara öz itaətini ifadə etmək
üçün yazır.
Sənin dostuna təskinlik üçün
yazdığın məktub ondan bir neçə gün sonra mənim
əlimə düşdü. Yazılanı bilmək
üçün və əlimdəki həmin məktub bir məhəbbət
nişanəsi olduğundan məndə də ona maraq
oyandı. Çatdığım
azadlığa haqq qazandırmaq naminə, səndən gələn
hər şey üzərində mütləq imtiyaza malik
olmağıma görə qürur hissi duydum. Yaxşı tərbiyə qaydalarını pozmaq yolu
ilə heç də hərəkət etmək
üçün deyil, Abelyardan gələn xəbərləri
sadəcə eşitmək istədim. Lakin mənim
marağım necə də baha başa gəldi! Mən məktubun
bizim bədbəxtliyimizlə əlaqədar olan təfsilatlarla
və melanxoliya (depressiya, tibdə kədərli, məyus əhval-ruhiyyə
- tərcüməçi) ilə dolu olduğunu
gördükdə təəccübləndim! Mən
məktubda öz adıma yüz dəfələrlə rast gəldim.
Mən onları heç vaxt qorxu hiss etmədən görmədim,
axı bu adı daim bir sıra ağır bədbəxtliklər
müşayiət etmişdir. Mən həmçinin,
səni də bərabər qaydada bədbəxt gördüm.
Bu kədərli, lakin əziz olan xatirələr mənim
ürəyimi elə güclü döyünməyə məcbur
etdi ki, mən düşündüm ki, onlar sənin öz
dostuna, az da olsa ruhi rahatlıq vermək
üçündür, lakin belə qeyri-adilik həm də
bizim əzablarımızın və inqilabımızın
timsalı mənasını verir.
Mən bütün olanları təzədən qiymətləndirməyə
başladım və özümün səfil olmağıma
qədəm qoymağımı, bir kədər
yükünün təzyiqi ilə başa düşdüm. Zaman məsafəsinin
uzunluğu mənim yaralarımı sağaltmağa borclu
olduğu halda, ancaq sənin öz əlinlə
yazdıqlarını təsadüfən görməyim,
onların hamısının qərtməyini qoparmaqla, təzədən
qanaması üçün kifayət idi. Hətta
sənin yazdıqlarında ifadə olunan özünü
müdafiə naminə əzab çəkməyin də mənim
xatirəmə heç də ləkə sala bilməz. Qəddar əmim və təhqir olunmuş sevgilim
daim ağrı çəkən nəzərim
qarşısında dayanmalıdır. Mən
sənin bilik verdiyin düşmənlərini və
şöhrətinlə əlaqədar sənə
qarşı yönəlmiş paxıllığı
unutmayacağam. Mən heç vaxt sənin
haqq yolu ilə qazandığın nüfuzunun xırda hissələrə
parçalandığını unutmayacağam. Sənin
İlahinin haqqında traktatın ( "İlahiyyat"
kitabı və "Üçlük" barədə
Abelyarın təlimini nəzərdə tutur - tərcüməçi)
yandırılmağa məhkum edilmədimi? Səni
daim həbs cəzası ilə qorxutmadılarmı? Düşmənlərinin, sənin nəzərdə
tutduqlarından tam fərqli olan öz rəylərini sənin
üstünə yıxmalarına qarşı sən də
müdafiə olunmağında əbəs yerə
inadkarlıq göstərirsən. Əbəs
yerə sən onların rəylərini məhkum edirsən;
onların hamısı sənin haqq qazanmağın
üçün heç bir effekt vermədi, onlar sənin
yeretik (dinsiz) olmağın barədə qərara gəldilər.
Satqın rahibələr, sən onlara şərəf
göstərib, özünü qardaş
adlandırdığın halda, sənə qarşı necə
bir tufan qaldırdılar. Bizim bədbəxtliklərimizin
bu tarixi, həqiqətən olanlarla o qədər əlaqədardır
ki, ürəyimin qan axıtmasına səbəb olur. Mən göz yaşlarımı saxlaya bilmirəm,
onlar sənin məktubunun üzərinə tökülüb,
yarısını pozmuşdur. Sənin bu
məktubunu qısa müddətə də olsa, özümdə
saxlamaqdan məmnunluq duyacağam, lakin o, çox tezliklə məndən
geri alınacaqdır.
Etiraf etməliyəm ki, sənin məktubunu oxuyandan əvvəl ağlım xeyli yüngülləşmişdi. Yəqin ki, sevgililərin bədbəxtlikləri onlara gözlər vasitəsilə çatdırılır. Sənin məktubunu oxuyanda mən hiss edirəm ki, bütün olanlar təzələnir, mən kədərlərimi uzun müddət ifadə etmədiyimə görə özümü məzəmmət edirəm. Bu vaxt isə bizim düşmənlərimizin qəzəbi belə quduzcasına od saçır. Onlar sənin ləyaqətinə daim hücum edəcəklərini, hətta sən qəbirdə sığınacaq tapana qədər səni təqib edəcəklərini bəyan edirlər və güman ki, o vaxt hətta sənin külünə də rahat uyumağa imkan verməyəcəklər. Qoy mən sənin bədbəxtliklərin barədə daim düşünüm, qoy dərc edib bütün dünyaya onları agah edim, əgər bu mümkündürsə, sənin qiymətini bilməyən dövrün özünü də biabır edim (Eloizanın bu sözləri böyük Roma filosofu Tsitseronun Milonun müdafiəsinə həsr olunmuş nitqindəki məşhur "O tempera, o mores" - "Ar olsun bizim dövrümüzə və onun qaydalarına" sözlərini yada salır - tərcüməçi).
Təəssüf ki, mənim yaddaşım ötüb-keçən bədbəxtliklərin xatirələri ilə doludur. Mənim Abelyarımı nə vaxtsa göz yaşları axıtmadan xatırlaya bilməyəcəyəmmi? Onun əziz adını nə vaxtsa ah çəkmədən söyləyə bilməyəcəyəmmi? Yalvarıram sənə, məni necə bədbəxt şəraitə gətirib çıxardığına nəzər yetir. Əgər bu, sənsizlikdirsə, deməli, kədərli, əzab verən, heç bir rahatlıq imkanı olmayan bir şəraitdir. Onda sən qəddar olma, məni inkar etmə, səndən xahiş edirəm, yalnız sən bu azacıq yüngüllüyü mənə verə bilərsən. Qoy sədaqətlilik hesabına mən sənə aid olan hər şeydən hali olum. Mən hər şeyi, hətta uğurlu olmayanı belə biləcəyəm. Yəqin ki, səninlə birlikdə çəkdiyim ahlar məni az əzab çəkməyə sövq edəcəkdir. Çünki deyirlər ki, bütün dərdlər yarı bölünəndə xeyli yüngülləşir.
Mənə de ki, hansı bir vasitə ilə sən mənim göz yaşlarıma aman verəcəksən. Qadının göz yaşları melanxoliya anında dayanır və aman bilməyən tövbəyə həsr olunur. Xoşbəxtlik nadir hallarda xeyirxah adamların ünvanını seçir (Horatsi də vaxtilə yazırdı ki, "Non est luna nitet vultu" - "Xoşbəxtlik heç də həmişə adama gülümsəmir" - məqalə müəllifi). Tale o qədər kordur ki, kütlə içərisində təkcə bir müdrik və igid adam vardırsa, o, heç də gözləməməlidir ki, tale onu başqalarından ayıracaqdır. Vaxtı ötürmədən mənə yaz və heç də möcüzə gözləmə, o, çox nadir hallarda baş verir və biz özümüz isə xoşbəxtliyin qayıdıb gəlməsini gözləmək xatirinə, bədbəxtliklərə daha çox adət etmişik. Mən səndən bir məktub alan kimi biləcəyəm ki, sən hələ də məni xatırlayırsan. Seneka (Qədim Roma filosofu - tərcüməçi) nəzərdə tuturdu ki, bu növ həzz üçün çox hissiyyatlı olmaq lazımdır. O, stoik olmasına baxmayaraq, bu növ həzlərə həssas idi, dostu Lutsilidən hər bir məktubu alanda o, təxəyyül edirdi ki, onunla söhbət etdikləri vaxtdakı sevinci yenə də hiss edir.
Otağımda sənin şəklin vardır. Mən heç vaxt dayanıb ona baxmadan, şəklin yanından keçmirəm. Və elə bil ki, sən hələ də mənimsən, gözlərimi ona nadir hallarda dikirəm. Məgər bu dilsiz şəkil məktubların ilhamlandıra biləcəyi həzzi verə bilərmi? Məktublar könülə malikdir, onlar danışa bilirlər, onlar ürəyin nəql etdiklərini ifadə etmək gücünə, ehtiraslarımızın bütün alovuna malikdir. Biz bir-birimizə yaza bilərik, belə günahsız həzz bizdən yan keçə bilməz. Qoy, yeganə bir xoşbəxtlik, hansısa laqeydlik hesabına bizi tərk etməsin və bu, yeganə şeydir ki, onun vasitəsi ilə düşmənlərimizin qəzəbi heç vaxt bizə görə sevinə bilməz. Sənin mənim ərim olduğunu oxuyacaq, sənsə mənim sənin arvadın olmağımın əlamətini görəcəksən. Bütün bədbəxtliklərimizin əksinə, sən öz məktubundan həzz ala bilərsən. Məktublar ilk dəfə mənim kimi bədbəxtlərin təskinliyi üçün icad edilmişdir. Səni görmək və sənə malik olmaq həzlərini itirsəm də, müəyyən ölçülərdə bu itkinin əvəzini sənin yazılarında tapmaqla məmnun olacağam, onlarda sənin ən müqəddəs fikirlərini oxuyacağam. Mən məktubları həmişə özümdə saxlayacaq, hər an onları öpəcəyəm. Mən beynimin diktələrindən daha çox ürəyimin diktələrini oxuyuram. Mənim indiyədək sevmədiyini desən, mən yaşaya bilmərəm. Dostunla melanxolik yazışmağında mənim bütün kədərlərimi oyatdın, həm də bu məktub sənin dəyişməyən sevginin bəzi nişanələrini göstərdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 8 mart.- S.14.