Bədii nəsrdə folklor
ənənələri: Kamran Əliyev
nümunəsi
AMEA-nın müxbir
üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və sözün geniş mənasında böyük insan Kamran İmran oğlu Əliyev istər yazılı və istərsə də şifahi xalq ədəbiyyatını
dərindən araşdıraraq
elm aləminə sanballı
əsərlər ərmağan
edib. K.Əliyevin yaradıcılığında
folklor iki mühüm cəhəti ilə yadda qalır. Birincisi, alim K.Əliyevin
folklor və folklor nəzəriyyəsi
ilə bağlı elmi düşüncələri,
ikinsi isə ədib, nasir K.Əliyevin bədii yaradıcılığında folklor ənənələrindən
istifadə.
Alimin araşdırma
və tədqiqatlarında,
məqalə və monoqrafiyalarında folklorun,
ədəbi tənqid
və ədəbiyyatşünaslığın
hərtərəfli araşdırılmasının
şahidi oluruq. Romantizm ədəbi
cərəyanının formalaşması
və inkişafında,
Hüseyn Cavid irsinin araşdırılıb
tədqiq və təbliğ olunmasında
alimin əvəzsiz xidmətləri olub.
O, şifahi və yazılı ədəbiyyat
üzrə tədqiqatlar
apararaq 15 monoqrafiya, 20
kitab, 200-dən artıq
elmi məqalə yazaraq elm aləminə sözün əsl mənasında ciddi və fundamental bir miras qoyub.
K.Əliyevin ədəbiyyat və folklor, ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi,
folklor və yazılı ədəbiyyat
istiqamətindəki araşdırmaları
ilə yanaşı, publisistik əsərləri
və hekayələri
də vardır ki, bütün bunlar onun həm
də bir nasir kimi müasir
ədəbi mühitə
daxil olduğunu sübut edir. Kamran müəllimin ədəbi-bədii
görüşlərini özündə
ehtiva edən "Dağlı məhəlləsi",
"Yalquzaq", "Qara
köpək", "Zəli",
"Bənövşə oyunu",
"Oğru pişik" və bu kimi digər
əsərləri dediklərimizin
bariz nümunəsidir.
Bu hekayələr real həyat həqiqətlərinə
yaxınlığı, dərin
lirizmi, psixologizmi və folklorla iç-içə olması
ilə seçilir.
K.Əliyevin geniş oxucu
kütləsinə təqdim
etdiyi hekayələri
folklor ənənələri
ilə müasir nəsrin vəhdətindən
doğub. Xalq ruhu,
xalqın istək və arzuları bu hekayələrin süjet xəttinin əsasını təşkil
edir.
Yazılı ədəbiyyatla şifahi
ədəbiyyatın qarşılıqlı
əlaqələrindən bəhs
edən Kamran Əliyev yazırdı:
"Şifahi və yazılı ədəbiyyatın
bir-biri ilə təması müxtəlif
dövrlərdə özünəməxsus
şəkildə təzahür
edir və müxtəlif istiqamətlərdə
özünü göstərir.
Bu təmas heç
vaxt formal əlamətlərə
əsaslanmır, əksinə
burada məzmun və məna yaxınlığı həmişə
üstünlük qazanır.
Şübhə yoxdur
ki, şifahi və yazılı ədəbiyyat nümunələrinin
bir-birinə yaxınlaşmasında
yazıçı və
şairlərə aid olan
subyektiv amillər də az
rol oynamır. Hər halda bu yaxınlaşmalar
mədəniyyətin inkişafının
təkan nöqtələrindən
hesab edilə bilər".
Bütün bunlar olduqca maraqlı alim müşahidələridir. Lakin bu da həqiqətdir ki, K.Əliyev yalnız müşahidə
edərək özünün
elmi-nəzəri mülahizələrini
irəli sürməyib,
yaratdığı hekayələrində
onun əməli (praktik) örnəklərini
də meydana qoyub.
Cəsarətlə, həm də mübaliğəsiz demək
olar ki, xalq bədii təfəkkür və düşüncəsi, folklor
motiv və janrlarından yerli-yerində
istifadə, həyat həqiqətləri, ailə-məişət
qayğıları, milli
və mənəvi dəyərlər Kamran Əliyev hekayələrinin
əsasını təşkil
edir. Onun yazdığı hekayələrin adları
belə bəzən folklordan gəlir. Məsələn, "Bənövşə oyunu" şifahi xalq ədəbiyyatında
geniş yayılan və bu gün
də oynanılan uşaq folklorudur. Digər bir hekayəsi olan "Şamama"nın adı folklordan gəlməsə də, onun bütün ruhu folklordur. "Şamama" hekayəsində "Novruz"
bayramının təsviri,
ilaxır çərşənbənin
qeyd edilməsi, qapı pusmaq, yumurta boyayıb xonça bəzəmək,
kənd ab-havası,
real həyat hadisələri,
xalqın adət-ənənələri
özünün bədii
ifadəsini tapıb.
Hekayədə elçilik,
xalqın milli-mənəvi
dəyərləri, gəlinin
başına yaylıq
salma, nişan,
toy adətləri də
əks olunub.
Xalqımızın milli bayramlarından olan Novruzun bütün incəliklərinə, xalqın
bu bayrama necə hazırlaşmasına,
adət-ənənələri yaşadaraq gələcək
nəsillərə çatdırılmasına
xüsusi önəm verən ədib yalnız xalqın yaşantılarını ədəbi
düşüncəyə daxil etmir (əslində
bunlar ədəbi düşüncədə və
xalqın yaddaşında
daşlaşıb), eyni
zamanda, xalq adət-ənənələri ilə
qəhramanının yaşam
tərzi, düşdüyü
vəziyyət arasında
bir əlaqə yaradıb.
Folklor motivlərindən olan qulaq falına çıxmaq, orada eşitdiyin ilk söz, bu sözün insanın gələcək
taleyində oynadığı
rol, şübhəsiz
ki, qapını pusan üçün
olduqca əhəmiyyətlidir.
Şamamanın da məhz axır çərşənbədə xalq inanclarına uyğun olaraq əmisigilin qapısını
pusanda eşitdiyi sözlər onun gələcək planlarının
üzərinə işıq
salır və o öz ideyalarının həyata keçməsi üçün tədbirli
olmağa çalışır.
Hekayədə oxuyuruq:
"Əmim arvadının
danışığını açıq-aydın" eşidirdim.
"A kişi, fil qulağında yatıbsan? Gözün kordu? Şamamanın vaxtıdı, bir azdan gördün ki, qapıların kəsdirdilər, Şamama
da cavan, yelbeyin bir uşaq,
odu haa, "hə" deyib, ya nişanlandı, ya da qoşulub
qaçdı. Günü sabah
elçi gedib bir yaylıq aparmalıyıq". Elə bu
sözləri eşidən
kimi Şamama evlərinə gəlib anasına deyir ki, əmimgil mənə elçi gələcək, mən nişanlanmaq istəmirəm.
Qulaq falı əsərin qəhrəmanı Şamamanın
gələcək planlarının
düzgün qurulmasında,
yəni qrup yoldaşını sevən
Şamamanın elçilərə
verdiyi "yox" cavabı tələbələrin
gələcək həyatlarında
da önəmli rol oynayır.
Göründüyü kimi, Kamran Əliyev
hekayələrində folklordan
hazır material kimi istifadə etməyib, xalq yaradıcılığının
bədii ədəbiyyatda
oynadığı əvəzsiz
rolu da gündəmə
gətirib.
Gülnar
İSMAYILOVA
AMEA Folklor İnstitutunun elmi işçisi
525-ci qəzet.- 2023.- 8 mart.- S.12.