Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova:

"...gördüm, dözdüm və heç zaman şikayətçi olmadım,

 

Çünki bütün bu çətinliklərin içində xoşbəxt bir ailə yaşayırdı..."

 

Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova: "...gördüm, dözdüm və  

Çox çətindir onlar haqqında yazmaq. Bu çətinliyi dilimizə şəhid kəlməsi həkk olunandan bəri hiss etmişəm. Bilirəm ki, yazmağa borcluyam, amma qarşılaşacağım söhbətlərdəki göz yaşlarını görmək və o yaşı silə bilməmək ağırdan da ağırdır. Şəhid haqqında ilk yazımı indiyədək xatırlayıram. Bir süjet hazırlamalı idim, amma bilmirdim necə başlayım. Vətən torpaqlarını itirdiyimiz vaxtlar idi, şəhidlər vardı, amma məğlub bir ölkə adı vardı üstümüzdə. Çox soyuq, yağışlı bir havada Şəhidlər xiyabanına endim. Nədənsə mənə elə gəlirdi ki, yazı ordadır, gedib götürüb gələcəyəm. Sıralanmış məzarların önündən keçib sonuncunun qarşısında dayandım. Yağış dənələri daşın üzərinə həkk olunan şəklin gözlərindən üzüaşağı bir cığır salmışdı, eynən göz yaşı kimi. Gördüyüm mənzərədən o qədər təsirləndim ki, həmin şəhid qəbri ilə söhbət etməyə başladım, ona təsəlli vermək istədim. Daş üzərində yazılan  ada belə, baxmadan o göz yaşını silərək xiyabandan uzaqlaşdım. Mətni da yazdım, süjeti də hazırladım, amma o göz yaşlarını hələ də unuda bilmirəm. Unuda bilmədiyimdən də, şəhid adına qarşı həssaslıqdan çox qorxuram.

1988-ci ildən bəri üzü bu yana şəhid verə-verə gəlməkdəyik. Böyük qələbə qazansaq da, bunu həzm edə bilməyənlər öz qara əməlindən hələ də qalmır. Üç gün öncə Vətən torpağı yenə iki şəhidini qoynuna aldı. Biz üzülsək də onların təsəllisi: "Təki Vətən sağ olsun" sözləri olub həmişə.  Şəhidlər heç zaman unudulmayacaq bir mövzu olaraq qalacaq bizlər üçün. Amma bu gün söhbəti onlardan elə-belədən salmadım.  Çünki xanımların özəl bayramı günündə oxucuların görüşünə I Qarabağ müharibəsinin iştirakçısı, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, "YAŞAT" Fondunun Himayəçilik  Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü Sevinc Orucova ilə birlikdə gəlmişik.

- Bilirəm, narahat dünyada heç də rahat deyilsiniz...

- Təbii ki, deyiləm, dünyanın özü kimi narahatam. Həm ana kimi, həm bu Vətənin bir vətəndaşı kimi dünyada baş verənlərə görə narahatam. Bunlar azmış kimi təbiətin doğma türk xalqına yaşatdığı dəhşətli faciənin nəticələrini gördükcə, ağrı-acımız artır. Yenə də bir ümid işığı tapmağa çalışırıq, çünki ən son ölən ümiddir.

- Gəlin tanış olaq...

- Sumqayıtda fəhlə ailəsində anadan olmuşam. Anam evdar xanlm olub. Ailədə biri məndən əvvəl, digəri sonra olmaqla iki qardaşın bir bacısıyam. Aramızda ali təhsil alan tək mən oldum, bəlkə də o düşüncə ilə ki, qız övladı üçün sənət daha vacibdir. Sumqayıt şəhər 23 saylı məktəbi və BDU-nun Hüquq fakültəsini bitirmişəm. Sumqayıq Texniki Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuşam. Sonra ailə həyatı qurmuşam...

- Ailə söhbətini Raquf Orucovla tanışlıqla davam edək...

- Ən əvvəl onu deyim ki, təsadüf heç zaman özbaşına yaranmır və mən buna inanıram. Raqufgilin ailəsi Ağdam köçkünlərindən idi və yaşadığımız binada onun bibisi də qalırdı. Və təsadüf bizi belə qarşılaşdırdı. O zaman Raquf hərbçi idi, 25 yaşı olsa da, Murovda ağır əməliyyatlar keçirmişdi. Özü də bugünkü silahlarla yox, özünün kəşfiyyat alətləri, ağlı, düşüncəsi, cəsarəti ilə bu əməliyyatları həyata keçirərək "Murov qartalı" adını qazanmışdı. Beləcə, tanış olduq, mənə hər şeyi açıq danışdı. Dedi ki, hərbçi həyatı səyyar olur, həmişə bir yerdə qərar tutmur, çətinliyi çoxdur. Mən Raqufda ruh əkizimi gördüm, iki il nişanlı qaldıq, 1999-cu ildə ailə qurduq. İki oğlan övladımız oldu - Aqşin və Nihad.

- Amma hərbçi həyatı sizi qorxutmadı..

- Tez-tez qarşılaşdığım sualdır. Bilirsiz elə bir zaman idi ki, müharibədən sonra hamıda məğlubluq sindromu deyilən bir hiss vardı. Qaçqın və köçkünlər, çadır şəhərcikləri, pərakəndə ordu, cavabsız suallar, yəni böyük bir məchulluq illəri idi. Raqufgilin ailəsi də Ağdamdan didərgin düşmüşdü, anası, dayısı orada şəhid olmuşdu. Beşuşaqlı ailənin ilki idi Raquf və anasını itirəndə onun 18 yaşı olub. Bütün bu ağrı-acı yaşamış insan, üstəlik də intiqam hissi ilə günləri sayan bir hərbçi ilə ömür sürmək məni heç qorxutmadı. Hara gedirdisə, biz də onun yanında idik, yəni ailə yaşayışı üçün azacıq münasib olan yerdə Raqufla birlikdə olmuşuq. Ən gərgin, ən çətin yerimiz Murovun ətəyindəki kənddə olub. Hərbçi ailələri orada kirayədə qalırdıq. İşığın, içməli suyun, rabitənin olmadığı bir yer, odun peçi ilə yaşayışını təmin etmək, nigarançılıqla yaşamaq - bunların hamısını gördüm, dözdüm və heç zaman şikayətçi olmadım. Çünki bütün bu çətinliklərin içində xoşbəxt bir ailə yaşayırdı və Raqufun yolunu gözləyirdi. O isə həmişə qayıdardı, ən çətin kəşfiyyatdan belə... Ümumiyyətlə, qorxunu heç zaman özümə yaxın buraxmamışam. 17 illik ailə həyatımızda mənim yalnız bir qorxum olub - Raqufu itirmək. O yolu da artıq keçdim. Raqufa qədər həyatımı rahat yaşadım, onunla 17 il çox xoşbəxt ömür sürdüm. Və artıq onsuzluğu qəbul edə bilməsəm də, nə yazıq ki, yaşayıram. Onun məndə iki əmanəti var və onları qorumağa borcluyam.

- Çox çətindir... Lakin ondan danışaq...

- Ciddi, qorxmaz, dəyərlərə çox üstünlük verən bir insan idi. Bir baxışı yetərdi ki, hər kəs öz payını götürsün. Böyük oğlumuz artıq yeniyetmə idi, lakin birbaşa atasına zəng vurub nəsə soruşmağa arada olan pərdə imkan vermirdi. Onlar yalnız mənim vasitəmlə atalarına müraciət edə bilib. Ağdamda yaşayırdıq. Raqufun dostunun ona vacib sözü olub. Nə qədər zəng vurubsa, cavab almayıb, görünür imkanı olmayıb. Gəlib Aqşinə dedi ki, sən zəng vur, bəlkə atan sənin nömrəni açar. Aqşin dedi ki, mən indiyə qədər öz nömrəmdən atama zəng vurmamışam, bunu edə bilmərəm. Hərbçilər adətən, əsəbi, çılğın olur. Raquf hədsiz alicənab insan idi. Cəsarət, qorxmazlıq onunla bərabər doğulmuşdu. Anasının məzarı Çullu kəndində qalmışdı. Bir dəfə ona dedim ki, mən inanmıram sən ananın məzarını indiyə qədər ziyarət etməyəsən. Kəşfiyyatçılar tamam fərqli hərbçilərdir, onlar həmişə düşmənin arxasında olur, içinə sıza bilir. Hər hərbçi kəşfiyyatçı deyil. Raqufda kəşfiyyatçı fəhmi, analiz etməyi çox güclü idi. Və mənə dedi ki, getmədiyimi hardan bilirsən? Onunla iş barəsində əsla söhbətimiz ola bilməzdi. Nə isə soruşmağa cəhd etsəydim də, bilirdim ki, cavab gəlməyəcək. Bir komandir kimi, bir kəşfiyyatçı kimi onda bir tamlıq vardı.

- Yəqin ki, ailə daxilində fərqli olub...

- Bizim yaşayış tərzimiz Raqufa uyğun olub. Hərdən düşünürdüm ki, çox sərtdir, amma onu itirəndən sonra iki oğlan uşağı ilə tək qaldım. Biri yetkinlik dövründə idi, o biri 8 yaşında. O necə nizam qurmuşdusa, Raqufdan sonra heç bir əziyyət çəkmədim. Çünki hər şeyi sağlığında yerbəyer edə bilmişdi və yaratdığı hərbçi sərtliyi, hərbçi qaydaları uşaqları yetişdirməkdə mənə çox kömək oldu. Raqufun arzusu böyük oğlumuzun Diplomatiya Akademiyasına daxil olması idi. Bunu görməsə də, Aqşin atasının arzusunu yerinə yetirdi, hazırda magistr dərəcəsinə yiyələnir. Nihad atası ilə az vaxt keçirsə də, ona bənzərliyi daha çoxdur. Onun özünə qoyduyu hədlər, şərtlər var ki, heç vaxt onları keçə bilməz.  Kimliyindən asılı olmayaraq, ona təsir göstərə biməz. Ona görə də hara gedir-getsin, ondan arxayınam. Kiçik yaşlarından şahmata böyük həvəsi vardı. Binamızın arxasındakı şahmat klubunun  qarşısından keçəndə elə deyirdi ki, məni şahmata yazdır. Həvəsli olduğunu görüb, yazdırdım. Atası ona cürbəcür şahmat taxtası düzəltdirirdi. Artıq 8 yaşında yarışlarda qalib gəlməyə başladı və hər dəfəsində zəng vurub sevincini atası ilə bölüşərdi. Raquf şəhid olandan sonra o bütün şahmat taxtalarını yığışdırdı və bir daha onlara əlini də vurmadı. Yəqin kiçik də olsa, anlamışdı ki, həmişə sevincini bölüşdüyü insan artıq yoxdur və mən də ona heç bir təsir göstərməyə çalışmadım. Özüm Raqufdan çox şey öyrənə bildim, daha doğrusu o, bu 17 ildə mənə bir məktəb keçərək nə vaxtsa ola biləcək yoxluğuna alışdırmağı bacardı. Dərs keçə-keçə aramla anlatdı ki, nə vaxt, hansı şəraitdə özünü necə aparmalısan. Ən çox da mənə düşdüyüm vəziyyətdə özümü itirməməyi tövsiyə edirdi. Bizim heç vaxt ailədaxili mübahisələrimiz olmayıb. Bəzən inciyib gileyləndiyim o olurdu ki, qohum-əqrəbanın xeyirində, ailə şənliklərində həmişə tək olardım. Umu-küsüm bu üzdən idi. Bir də məzuniyyətə gələndə üç gündən artıq qala bilmirdi. Elə hey deyirdi ki, uşaqlara orda çətindir, görən necə oldular? Canı hərbi hissədə qalırdı. Elə ki zəng gəlirdi  geri qayıtsın, üzündəki sevinci görməmək mümkün deyildi. Biz mehribanlıqda, bir-birini anlamaqda, çətinliyə tab gətirməkdə, ailə bağlarına dəyər verməkdə nümunə ola biləcək və həsəd aparılacaq bir bütöv, bir tam idik.

- Aprel döyüşləri və ya dörd günlük müharibə...

- Aprel döyüşləri atəşkəsdən sonrakı 25 il ərzində ilk şiddətli qarşıdurma oldu. Nə qədər ərazi azad oldu, dəyərli, hərəsi bir məktəb olan oğulları itirdik və elə buna görə də, döyüşlərin dayanmağını sakit qarşılaya bilmədik, səbrsizliklə qisasın alınacağı günü gözlədik. Aprel döyüşçüləri davamçılarının yolunu dörd il gözlədi, çünki onların açdığı cığır sıradan bir başlanğıc deyildi. İllərlə gözükölgəli, dili qısa olan bu xalq layiq olduğunu mütləq qazanmalı idi. Bizim həm soyumuza, həm kökümüzə, həm də gələcək nəsillərə mənəvi borcumuz vardı. Bizə əmanət edilən torpağı qanımız, canımız bahasına geri almaqla yanaşı, bu  yükü övladlarımızın çiyninə qoymağa haqqımız yox idi. Aprel şəhidlərinin hamısı özlərindən sonra bir irs qoyub getdi. Vətən Müharibəsi şəhidlərinin əksəriyyəti Aprel döyüşlərinin iştirakçısı olub və sonda bu igidlər dörd il yol gələn arzularına çataraq Azərbaycan adının üzərindəki ləkəni silə bildilər.

- Eşitdiyimə görə, hərbçi xanımları daxilən həssas olurlar...

- Çox vaxt deyirlər ki, yuxulara inanmaq lazım deyil, amma mənim yuxularım həmişə çin olub. Ən dəhşətli yuxularım Raqufun itkisi olardı. Ən dəhşətli qorxum da bu idi. Yatanda telefon həmişə başımın ucunda olurdu ki, zəng gələn kimi dərhal cavab verim. Günün sonunda zəng vurub ətraflı hər şeylə maraqlanardı. Raqufu itirəndən sonra telefon belə əhəmiyyətini itirdi mənim üçün. Mən 17 il bu xəbərin səksəkəsilə yaşasam da, hər əməliyyatdan sonra əmin idim ki, o, qayıdacaq və elə də olurdu. Yəni biz artıq ən çətin, ən ağır dövrü keçmişdik, uzağı gözlədiyimdən iki gün gec gələ bilərdi. Amma birdəfəlik qayıtmayacağını belə tez gözləmirdim. Gələn ay onu itirməyimizin yeddi ili tamam olur. Bu illərdə Raqufsuz yaşamaqla yanaşı, insanlara güvənməməyi də öyrəndim. Bizim bir acı həqiqətimiz bilirsiz nədir? Cəmiyyət güclü insanları sevir, zəifə fikir vermək istəmir. Bu, çox pis həqiqətdir. Raquflu illərimdə mən evi, uşaqları, ailəsi, mətbəxi, səliqə-səhmanı ilə məşğul olan bir xanım idim. Ondan sonra özümü tanımayacaq qədər dəyişdim. Etmərəm dediyim işləri gördüm, mənə ağır gələn yükün altına girməyi bacardım. İndi Raquf bir çətinliklə üz-üzə qalanda gəlir yuxularıma. Mənə dəstək verib həmişə yanımda olduğunu bildirmək üçün.

- Bu gün 8 Martdır...

- İstərdim ki, qadınların üzü həmişə gülsün, çünki bu gülüş yer üzünə sülh gətirər, dünya məhvərindən çıxmaz. Və bu gülüşlərin tam azad Qarabağ torpaqlarından heç zaman əskik olmamasını istərdim.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 8 mart.- S.8;9..