Şuşa qalası  

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə

 

Bir ocaq çatıldı, təməl qoyuldu -

İki yüz yetmiş il Şuşa sorağı..

Zirvədən-zirvəyə gedilən yoldu,

Pənahəli xanın qala bayrağı.

 

 

Burda hər qayanın, daşın yaddaşı,

Əzəmət hopubdur hər qarışına.

Cıdır düzündəki cıdır yarışı,

Qərq olub igidlər, ər alqışına...

 

 

Yaddaş yadırğadı ötdükcə zaman...

Haylar hiyləsini çəkdi bülövə.

Fürsət yetişəndə vermədi aman,

Qənim kəsildilər gəldiyi evə...

 

yaman ağırmış nisgili elin,

İllərdi dönmüşdü baharım qışa.

Min doqquz yüz doxsan ikinci ilin

Səkkiz may günündən dilim qısa...

 

 

 

Qırx dörd günlük savaş - özünə dönüş,

"Özünə dönəndə böyük olur türk"!

Şuşa uğrundakı şərəfli döyüş -

Qala bayrağımdan yağıya bir görk!..

 

 

 

"Şuşa İli"

 

 

Şanlı Şuşa - Zəfərimin haqq səsi,

Asimana bülənd olub şöləsi.

Fərəhimi zaman-zaman böləsi...

"Şuşa İli" -  "44 gün"lük  sorağım!

 

 

İlim - Şuşa, dilim - Şuşa - fəxarət!

Şəhidlərin nəğməsinə  nəqarət,

Qazilərin  qayəsində şərafət...

"Şuşa İli" -  qeyrət rəmzim, bayrağım!

 

Böz illərin  nisgil gözü nəm çəkdi,

Qarabağın sinəsinə qəm əkdi...

Xilaskarla üzüm ağdı, baş dikdi -

"Şuşa İli" - nur çohrəli torpağım.

 

 

Qala qamət biçilidi boyuna,

Göz istəyir yaraşığa boylana,

Könül istər  bu işığa boyana...

"Şuşa İli" - əsrlərə  çırağım!

 

 

 

Azərbaycan, "Şuşa ili"n mübarək!

Xarıbülbül gülümsəyir mələktək.

Vəcdə gəlib  illah da ki ruh, ürək!

"Şuşa İli" -  yağılara yarağım...  

 

 Ağrın ağrım, Türkiyə

 

 

Yer yerindən oynadı,

El yuxudan oyandı,

Qədərinə boyandı...

Ağrın ağrım, Türkiyə!

 

Zilə qalxdı zəlzələ,

Bülənd oldu ah, nalə.

Dar günündə  əl-ələ...   

Yandı bağrım, Türkiyə!

 

Neçə-neçə həyatı

Qəfil uddu yer qatı...

Bu bəlaya bayatı

Qoy çağırım, Türkiyə!

 

 

Tanrı türkü qorusun,

Ocaqları sönməsin...

Ucalıqdan enməsin

Al bayrağın, Türkiyə!

 

Arzulara diş qıcayan

 

 

Yerin-göyün bəlasını

Ağı etdi naləsinə,

Xilas üçün balasını

Ana sıxdı sinəsinə...

 

Fəqət fələk acımayan

Zəlzələylə edildi ram...

Arzulara diş qıcıyan

Fəryad, ahdan almaqda kam...

 

Uçqunlarda ölüm-itim,

Göz yaşları muncuq kimi...

Səs çəkir söz yetim-yetim,

Sığal görməz cocuq kimi...

 

 

Quzeyli-Güneyliyəm

 

 

Bu dağın o üzündə

Ayrılıq var izimdə.

Səsimin əks-sədası     

Ərdəbil... Təbrizimdə.       

 

Dilimə dil uzadan

Danışdı çox ucadan...

Dində ki qardaş idik,

Çıxardı tez yaddan...

 

Quzeyli-Güneyliyəm,

Bölünüb, gileyliyəm...

Bütövlük amalımda

Yurduma güvənliyəm!..

 

 

Kədərimi uddu qələm

 

 

Şuxluq qatıb dərdlərimə,

Sinəm üstə qoydum dəmə.

Xəbərim yox, daşıb demə...

Suluxlayıb qəm yanğısı.

 

Salxım-salxım qüssə barı

Dəyib, əyib budaqları...

Sovqat gəlib qor nübarı -

Köz bağrımın öz bəhrəsi...

 

Dörd yanımı tutdu ələm,

Körüklənib yandı sinəm.

Kədərimi uddu qələm,

Şirin oldu hər acısı...

 

Tapdıq ƏLİBƏYLİ

525-ci qəzet.- 2023.- 10 mart.- S.15.