Əsas sual

Esse

 

Bəşərin qarşısındakı ən qədim sual-dillema hələ dilema olaraq qalır. O (insan), gec-tez öz mənşəyini yaxud əcdadını müəyyənləşdirərək belə bir suala cavab verməlidir: insanı Allah yaradıb, yoxsa bu başı qovğalı məxluq özünə bənzər heyvandan, məsələn, meymundan törəyib?

İlk baxışda sadə görünən bu sual bütün suallar içində ən mürəkkəbi insanın özü üçün ən əsası, ən başlıcasıdır. Bu suala birmənalı cavab verilməsə, yerdə qalan bütün sualların cavabı dəqiq ola bilməz, insan problemi heç vaxt düzgün həllini tapmaz.

Mütərəqqi dünyanın böyük bir qismi bu məsələni özü üçün çoxdan saf-çürük eləyərək həmin dillemanı uğurla keçib, yəni bəşəriyyətin bir nömrəli sualına bir mənalı cavab verib: Bizi Allah yaradıb! - Elə bu cavabdan sonra həmin millətlər (bəndələr) mənəvi-əxlaqi şkala yaradaraq Allah bəndələrinə yaraşan tərzdə yaşamağa, öz həyatlarını ona uyğun üsulla qurmağa, "özünə rəva bilmədiyini özgəsinə rəva bilmə" prinsipiylə davranmağa başlayıblar.

Bununla yanaşı, yer kürəsinin bəzi bölgələrində məskunlaşan adamların, davranışlarına, ümumi həyat tərzinə, başlıca motivlərinə, niyyət-məqsədlərinə diqqət yetirsəniz (təəssüf ki) görərsiniz ki, onlar bu sualın cavabını ya hələ bilmirlər, ya da... özlərini Allahın bəndələri hesab etmirlər. Bunun belə olduğunu sübuta yetirmək üçün uzağa getmək lazım deyil, Xocalı faciəsini törədən, körpə uşaqları, qadınları (hamilə qadınları), aciz qocaları qanına qəltan edən caniləri xatırlamaq kifayətdir.

Görünür, yer üzündə məskunlaşan "insan" adlı bu qəribə canlının, doğrudan da, iki başlanğıcı, iki mənbəyi var: Allah ...Meymun.

Qəribədir ki, insan bunların hansından törədiyini müəyyənləşdirərkən azad seçki qarşısında durur. O, bu suala öz davranışı əməlləri ilə cavab verir. Bu cavabı yalnız fərdin öz duyğusu, öz hissi, öz qanyaddaşı, qəlbinin səsi müəyyənləşdirə bilər, özü tam dəqiqliyi ilə.

Bəlkə xeyirlə şərin əbədi mübarizəsi Allahın yaratdığı meymundan törəyən insanların mübarizəsidir. Bəlkə bizim planetimizin  xüsusiyyəti məhz bu iki insan növünün sintezindən ibarətdir.

Bəlkə ... Amma bu "bəlkə " bizi qane edəcək cavab deyil. Bununla insanın qarşısında duran əbədi dilemmanı keçmək qeyri-mümkündür. "Bəlkə " şübhələrə bürünmüş götür-qoyun, sonsuz tərəddüdün heç yana çıxmayan dolaşıq cığırıdır.

İnsana dəqiq cavab lazımdır: onu Allah yaradıb, yoxsa... yoxsa o, onun özünə bənzər heyvandan törəyib?

Bu suala bir mənalı cavab veriləndən sonra (bunusa gec-tez hər bir bəşər övladı öz növbəsində etməlidir) insan öz varlığının mahiyyətini yer üzündəki vəzifəsini müəyyənləşdirib dərk edəcək: bütün həyatını, hərəkətini, hissini-duyğusunu, dilək-arzusunu, planını, məqsədini nəhayət, olumunu-ölümünü bir hava üstündə quracaq, bir yolun, öz yaradanına, bəzi hallarda əcdadlarına tərəf gedən yolun yolçusu olacaq.

Bax, onda o cavaba müvəfiq olaraq yerdə qalan bütün sualların cavabları da oz qanuni yerini tutacaq. Onda hər şey aydınlaşacaq, insanın məslək-əqidəsi müəyyənləşəcək: ya haqq, ya nahaq; ya sülh, ya müharibə; ya olum, ya ölüm; ya xeyir, ya şər...

Eyni zamanda həm nur, həm zülmət olmayan kimi, eyni zamanda həm Allahın bəndəsi, həm meymunun törəməsi, başqa sözlə, iki yolun yolçusu olmaq mümkün deyil. Ya , ya qara! Burada üçüncü rəng yoxdur.

O böyük dilemma xülya kimi yox, hamı tərəfindən həqiqətən keçilməsə, bu yollardan heç birini doğru-düzgün seçmək mümkün olmayacaq. Əsas suala səmim qəlbdən cavab verilməsə, o biri sualların cavabları saxta və aldadıcı olacaq: insan sağa getdiyini güman etdiyi halda sola gedəcək; dağa çıxdığını düşündüyü zaman dağdan enəcək...

 

İmir MƏMMƏDLİ

525-ci qəzet.- 2023.- 10 mart.- S.12.