150 illik möhtəşəm
səhnə yolu
İncəsənətin, mədəniyyətin beşiyi
olan Azərbaycanımızın
teatr tarixi də ta qədimlərə
gedib çıxır. Öz mənbəyini
xalq teatrından, Meydan teatrından götürən Azərbaycan
teatrı tarixin bütün dövrlərində
incəsənətin əsas
qolu kimi inkişaf edərək bu günümüzə gəlib çatıb.
Professor İlham Rəhimli özünün milli teatrımızın tarixi
haqqındakı kitabında
yazır ki, Azərbaycanda ilk teatr binasının Şamaxıda
tikildiyi və orada tamaşa oynanıldığı barədə
"Kavkaz" qəzetinin
6 iyul 1858-ci il
sayında məlumat
var. Ondan əvvəl isə 1848-ci ildə Şuşada şəhər
klubunun olduğu və orada xeyriyyə
məqsədilə tamaşalar
göstərildiyi məlumdur.
Lakin hər iki faktla
bağlı əldə
dürüst məlumat,
afişa və ya tamaşaların kimlər tərəfindən
hazırlanması ilə
bağlı sənəd
olmadığından elmi
cəhətdən bunlara
əsaslanmaq olmur.
Ona görə
də Azərbaycan peşəkar milli teatr tarixinin yaranması 1873-cü ildən
götürülür. Həmin
ilin 10 martında (təzə tarixlə 22-də)
Novruz bayramı münasibəti ilə maarifpərvər ziyalı,
"Əkinçi" qəzetinin
redaktoru, naşiri, pedaqoq Həsən bəy Zərdabinin rəhbərliyi ilə Realni məktəbinin tələbələri Mirzə
Fətəlinin "Lənkəran
xanının vəziri"
komediyasını Nəciblər
klubunda ("Sobiraniya")
göstəriblər. Həmin tamaşada
rolları Əliyar Haşımov (Xan), Səməd (Mirzə Həbib), Nəcəf bəy Vəzirov (Ziba xanım), Əsgər bəy Adıgözəlov Gorani
(Teymur ağa) oynayıblar. Beləliklə, Azərbaycanda peşəkar
milli teatrımızın
əsası qoyulub.
Həbib
bəy Mahmudbəyovun
rəhbərlik etdiyi teatr icması, 1888
Daha sonra həmin heyət aprelin 17-də Zərdabinin
rəhbərliyi, N.Vəzirovun
təşəbbüsü ilə Axundzadənin "Hacı Qara" komediyasını oynayıb. Lakin bu iki tamaşadan sonra Bakıda bir müddət Azərbaycan dilində tamaşa oynanılmayıb.
Çünki Zərdabinin əsas
güc və qüvvətini "Əkinçi"
qəzetinə yönəltdiyi
bu dövrdə N.Vəzirovla Əsgər bəy Adıgözəlov
Peterburqa oxumağa gediblər.
1883-cü ildə Bakı
milyonçusu, xeyriyyətçi
Hacı Zeynalabdin Tağıyev öz taxıl anbarının özülü üzərində
teatr binası tikdirib. Həvəskarlar ilk dəfə 1884-cü ilin martın 9-da bu binada "Lənkəran xanının
vəziri" tamaşasını
oynayıblar. 1892-ci ildən başlayaraq, XIX əsrin sonuna kimi həvəskarlar tamaşalarını əsasən,
Tağıyevin teatrında
(İndiki Musiqili Teatrın binası) göstəriblər. Bakıdan
sonra Tiflis, İrəvan,
Aşqabad, Təbriz, Dərbənd, Şuşa,
Naxçıvan, Gəncə,
Şamaxı və digər Azərbaycan bölgələrində teatr
tamaşaları oynanılmağa
başlayıb.
Lakin teatrın
inkişaf yolu o qədər də asan başa gəlməyib. Hər yenilik kimi, teatr də mühitin
qatı müqavimətinə
uğrayıb, uzun zaman fasilələri, yer məhdudiyyətləri
ilə qarşılaşıb.
Bütün bunları
aradan qaldırmaq, aktyor və rejissorların həyat və yaradıcılıqlarını
qeyri-müəyyənlikdən xilas etmək üçün Azərbaycan
Xalq Cümhuriyyəti
Azərbaycan teatrını
dövlət təsisatı
kimi qeydiyyata götürüb və
1919-cu ilin 24 oktyabrında
"Hökumət teatrosu"nun
rəsmi açılışı
olub. Afişa və proqramlarda teatrın "Azərbaycan
Dövlət türk teatrosu", "Dövlət
teatrosu" adlandırıldığı
bu möhtəşəm
hadisə ölkədə
düz 4 günlük
bayrama çevrilib. Həmin gün, başda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının sədri
Nəsib bəy Yusifbəyli olmaqla, bütün hökumət
üzvləri də bu tədbirdə iştirak ediblər.
O gündən etibarən Azərbaycan teatrı önəmli inkişaf mərhələləri keçib
və nəticədə
səhnəmizin Cahangir
Zeynalov, Hüseyn Ərəblinski, Hüseynqulu
Sarabski, Hacağa Abbasov, Ülvi Rəcəb, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə, Əbülfət
Vəli, Rza Darablı, Səməd Mənsur, Mirmahmud Kazımovski, Mərziyə
Davudova, Panfiliya Tanailidi, Məmmədrza Şeyxzamanov, Ağasadıq
Gəraybəyli, Əliağa
Ağayev, Lütfəli
Abdullayev, Nəsibə
Zeynalova və sair bu kimi
istedadlı aktyorları
yetişib.
Azərbaycan teatrının inkişafında
Ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Onun incəsənətə,
xüsusən, teatra hədsiz sevgisi bu istiqamətdə görülən mühüm
işləri şərtləndirir.
Onun bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
2006-cı ildə Azərbaycanda
"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu
qəbul edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm
sənəd - "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam
imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı "Azərbaycan
teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramını
təsdiq edib.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb.
Son illərdə Azərbaycan teatrı mühüm inkişaf dövrünə qədəm qoyub. Teatrlarımızın binaları əsaslı şəkildə yenilənib, yaradıcı heyət hər cür təchizatla təmin olunub. İldə bir neçə dəfə ölkəmizdə teatr festivalları, konfranslar keçirilir, teatrlarımız müxtəlif dünya ölkələrində keçirilən beynəlxalq festivallarda uğurla təmsil olunur, bir-birindən maraqlı repertuarları ilə xarici ölkələrə qastrol səfərlərinə gedirlər. Sevindirici haldır ki, bu inkişaf təkcə dövlət teatrlarına deyil, həm də özəl teatrlara aiddir. Artıq iki ildir keçirilən Müstəqil teatrlar festivalı buna bariz nümunədir.
Bu il isə ölkə başçısı Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. İlk zamanlarda böyük müqavimətlərlə qarşılaşan bir sənətin 150 ildən sonra yubileyinin dövlət səviyyəsində qeyd olunması önəmli mədəni hadisə olmaqla yanaşı, işıqlı gələcəyə inam, etibardır.
Teatr xalqın mənəvi sərvətidir. Bu sərvətə ləyaqətlə sahib çıxanlar var olsun!
Bütün teatr ictimaiyyətini və teatrsevərləri bu möhtəşəm gün münasibətilə təbrik edirik!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 10 mart.- S.12.