Tanıdığımız və
tanımadığımız Hacı Məmmədov
Mən
Hacı Məmmədovu ilk və çox təəssüflər
olsun ki, son dəfə 42 il bundan əvvəl
- 1981-ci il aprelin 2-də filarmoniyada görmüşdüm. Həmin
gün buraya axışanlar konsertə yox, bir gün əvvəl
vəfat etmiş Xalq şairi Rəsul Rzaya con
ehtiramlarını bildirməyə, onunla vidalaşmağa gəlirdilər.
O vaxt Universitetin birinci kurs tələbəsi olan mən də
zalda əyləşib həzin, hüznlü melodiyaların
müşayiəti ilə mərhum şairin öz dilindən
səslənən
şeirlərinin lent yazısını dinləyə-dinləyə
kövrələnlər, bu itkinin acısını
yaşayanlar arasında idim. Qəfildən salonun səhnə
tərəfdəki qapısından Hacı müəllim
içəri daxil oldu və mən radio dalğalarında,
televiziyada ifalarını heyranlıqla dinlədiyim, mənim nəzərimdə
uzaq, əlçatmaz bir zirvədə dayanmış bu
böyük tarçının azca sarıya çalan
saçlarını, qeyri-adi dərəcədə
nüfuzedici baxışlarını, jestlərini canlı
olaraq ilk dəfə onda gördüm
(Yəqin onda heç kimin, heç
Hacı müəllimin özünün də ağlına gəlməzdi
ki, cəmi 128 gündən sonra onun üçün də elə
burada vida mərasimi təşkil olunacaq).
Ötən
42 il ərzində də Hacı müəllim mənim nəzərimdə
həyatı, şəxsiyyəti,
yaradıcılığı gümanlar, ehtimallar
ilğımına bürünərək lap 1001 gecə
nağıllarındakı kimi 1001 sual doğuran mifik bir obraz
kimi qaldı. Mən bu obrazı mif, nağıl sehrindən
arıtlayıb yerə endirmək, onu idealdan reala çevirmək
üçün 1001 yol əl atdım - onunla ünsiyyətdə
olanları, sənətinə mənim kimi vurğun
olanları sual atəşinə tutdum, haqqında yazılar
yazdım, amma sözün tam mənasında istədiyimə
nail ola bilmədim ki, bilmədim - heç kəs məni
inandıra bilmədi ki, o ürəyin, o barmaqların yiyəsi
hamıdan biri olub.
Əlbəttə, iş heç də onun sənətinə mənim
qeyri-adi vurğunluğumda deyil. Hamı etiraf
edir ki, Hacı müəllimin fitri istedadı olub. Fitri istedad isə Tanrının sevib-seçdiyi bəndəsinə
bəxşişidir. Əgər belədirsə,
bu məqama qovuşanlara ilahi olanla hansı formadasa təmas məqamına
yüksələn seçilmişlər kimi baxmaq daha
düzgün, məntiqi deyilmi? İndi özünüz
deyin - belə insanları hamıdan biri hesab etmək nə dərəcədə
doğrudur?
Nəhayət,
mən bu tilsimi qırmaqda onun ən yaxın ətrafından
- ailə üzvlərindən birinin deyəcəklərinin həlledici
ola biləcəyini düşünüb bu istiqamətdə də
axtarışlara başladım və sonda xoş bir təsadüf
nəticəsində Hacı müəllimim yaxın
dostlarından biri və onun ən yaxşı portretini çəkmiş
mərhum rəssam Hafiz Məmmədovun qızı Lətafət
Məmmədovanın köməyi ilə Hacı müəllimin
oğlu Tahir Məmmədovun telefonunu tapıb onunla ünsiyyət
qura bildim.
Yazı adamları, adətən, faktları bəzəyib
obrazlaşdırmağa, bədii biçimə salmağa
meyilli olurlar.
Amma bu dəfə mən, necə deyərlər, axına
qarşı gedəcəm, Tahir müəllimlə etdiyim
söhbətin hələ də başımdan
çıxmayan havasında Hacı Məmmədov
nağılını adi həyat hekayəsinə çevirməyə,
qeyri-adi Hacı Məmmədovu adiləşdirməyə
çalışacam. Xahiş edirəm ki, buna
görə məni qınamayasınız. Düşünürəm ki, indiki məqamda bu, ən
düzgün yoldur. Üstəlik, bu cür yanaşma mənə
Hacı müəllimlə bağlı bəzi müəmmaları
çözməkdə kömək elədi.
lll
Hacı Məmmədov 1920-ci ildə Şamaxı şəhərində
anadan olub və 9 yaşına kimi orada yaşayıb. Amma tar sevdası Bakıya -
əmisi Hüseyn kişinin yanına gələndən sonra
başlayıb. Bir gün əmisi ilə küçədə
gedərkən qəfildən musiqi alətləri
mağasının pəncərə tərəfdəki
vitrininə qoyulmuş tar görüb ayaq saxlayır və pəncərəyə
yaxınlaşıb heyranlıqla ona baxmağa başlayır.
Uşağın açılmış
ağzını, qeyri-adi işıqla yanan gözlərini
görən əmisi başa düşür ki, bu dəqiqə
pulunu verib o tarı Hacı üçün almasa, bəlkə
də həyatında ən böyük günahlardan birini
etmiş olacaq. Ona görə də fikirləşmədən
tarı alıb Hacıya verir və ömrünün sonuna qədər
o, tardan ayrılmır (Mən burada mötərizə
açıb Hacı müəllimin ömrünün sonuna
kimi həmin tarda çalması ilə bağlı dövriyyəyə
buraxılmış və demək olar ki, hamı tərəfindən
təkrarlanan bir fikrə münasibət bildirməyə məcburam.
Mən də uşaq musiqi məktəbinin tar
sinfində oxumuşam, uşaq - tar münasibətləri ilə
bağlı illərin təcrübəsinə əsaslanan qənaətlərim
var. Elə buna görə də yuxarıdakı hökm mənə
həmişə şübhəli, müəmmalı təsir
bağışlayıb. Əvvala, ona görə ki, 9
yaşında uşaq heç vəchlə sonralar Hacı müəllimin
şedevrlər yaratdığı tarı qabaritlərinə
görə sinəsində saxlaya bilməzdi. İkincisi,
o mükəmməlikdəki tarın adi tar kimi musiqi alətləri
mağazasına qoyulub satılması da inandırıcı
görünmür. Düşünürəm
ki, bu səhv fikrin həqiqət cildində meydan sulaması
adicə bir vergül xətasının nəticəsidir.
"O (yəni Hacı Məmmədov) tardan
ayrılmadı" cümləsində "o" şəxs
əvəzliyindən sonra vergülün qoyulmaması şəxs
əvəzliyini işarə əvəzliyinə
çevirdiyinə görə Hacı müəllimin
ümumiyyətlə, tardan ayrılmaması, həmin o (yəni
əmisinin aldığı) tardan ayrılmaması kimi səhv
bir fikrin yazıdan-yazıya keçərək müəmmaya
çevrilməsinə səbəb olub. Mən
bu məsələni dəqiqləşdirmək
üçün bir neçə təcrübəli
tarçı ilə əlaqə saxladım və onlar da təsdiq
etdilər ki, ustadın ömrünün sonuna kimi əmisinin
aldığı tarda çalması absurddur. Bir vaxtlar
maestro Niyazinin təşəbbüsü ilə filarmoniyada
yaradılan və Hacı müəllimin rəhbərlik etdiyi
məktəb-studiyada məşğul olmuş tarçı
Ağasəlim Abdullayev hətta Hacı müəllimin əsas
tarının usta Sərxan tərəfəndən düzəldildiyini
də qeyd elədi).
lll
Kiçik
Hacı tar çalmağı qrammofon vallarında, toy şənliklərində,
radiodan eşidib yadda saxladığı melodiyaları məşq
edə-edə özü müstəqil öyrənib və cəmi
2 il ərzində ən mürəkkəb və çətin
musiqi alətlərimizdən olan tarı necə ram edibsə,
1931-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü
ilə yaradılan ilk xalq çalğı alətəri
orkestri ilə əməkdaşlığa cəlb olunub (Bəzi
mənbələrdə onun orkestrə işə qəbul
olunduğu göstərilir. Düşünürəm
ki, bu fikir də doğru deyil). 11
yaşlı uşağın adlı-sanlı, təcrübəli
tarçılarla ayaqlaşması, heç şübhəsiz
ki, onun fitri istedadına dəlalət edən ən tutarlı
faktlardan biridir.
lll
Bir gün orkestrin məşqinə tamaşa edən
Üzeyir Hacını görüb onun qabiliyyətini yoxlamaq
üçün solo ifasını dinləyir. İfa başa çatan
kimi üzünü orkestrin tarçılarına tutaraq deyir:
"Hazırlaşın, bu uşaq böyüyüb
hamımızı ötəcək və Azərbaycanın 1
nömrəli tarçısı olacaq".
lll
Orta məktəbdə oxuyanda Mikayıl Müşfiq
Hacı müəllimgilin sinifində ədəbiyyatdan dərs
deyirmiş. Hacı müəllim sonralar
xatırlayırmış ki, bir də görürdün sinfə
daxil olandan sonra oturub uzun müddət pəncərədən
çölə baxır, dərin fikrə dalır, sanki
sinifdə olduğunu, dərs deməyə gəldiyini unudurdu.
Nəhayət, fikir, xəyal alımindən ayrılıb
üzünü bizə çevirir və bədahətən
şeir deyirdi... (Görəsən, tar haqqında ən
gözəl şeiri yazan şairin ağlına gələrdimi
ki, Azərbaycanın ustad tarçalanlarından biri
olacaq oğlan da bu sinifdə oturub?)
lll
İkinci Dünya müharibəsi başlayanda gənc
Hacı Məmmədovu da səfərbərliyə alırlar. Cəbhəyə yola
düşməzdən bir gün əvvəl Hacı filarmoniyada
təşkil olunan vida
konsertində çıxış edir. Respublikanın hərbi komissarı da zalda -
müğənni Yavər Kələntərlinin yanında əyləşibmiş.
Hacının ifasından təsirlınən
komissar onun kimliyi ilə maraqlanır. Yavər xanım
şifahi arayış verəndən sonra deyir: "Heç rəvamıdır
bu sehirli barmaqların sahibini cəbhəyə göndərirsiniz?"
Komissar başını aşağı
salıb dinmir. Amma səhər işə
çıxan kimi Hacı Məmmədova bron verilməsi barədə
əmr imzalayır və onun adını siyahıdan
çıxartdırır.
lll
Orta məktəbi bitirdikdən sonra Hacı Məmmədov
konservatoriyaya daxil olur. Amma birinci kursu bitirdikdən sonra sənədlərini
ordan götürüb Tibb İnstitutuna verir. Səbəb sevdiyi qızın valideynlərinin
öz övladlarını gələcəyin musiqiçisinə
vermək istəməmələri idi. Hacı
Məmmədov 1948-ci ildə İnstitutu bitirib həkim-cərrah
ixtisası üzrə diplom aldıqdan sonra sevdiyi qızla ailə
qurub arzusuna qovuşur.
lll
Gənc tarçınin konservatoriyanı buraxıb Tibb
institutuna daxil olması o dövrün bir çox nüfuzlu
musiqi xadimlərini narahat edir. Onlar qeyri-adi istedada
malik bu gənci bir tarçı kimi itirməkdən
ehtiyatlanırlar. İş o yerə
çatır ki, həmin avtoritetlərdən biri institutun
rektorundan yarızarafat-yarıciddi xahiş edir ki, orda Hacı
üçün dözülməz şərait yaradın -
qoy qayıdıb musiqi ilə məşğul olsun. Lakin rektor "O, qanuni yolla imtahan verib, tələbə
olub. Özü də çox yaxşı
oxuyur. Mənim buna haqqım yoxdur" - deyərək
bu avantüraya getmir.
lll
1948-ci ildə
Tibb İnstitutunu bitirəndən sonra Hacı Məmmədov təyinatla
Naxçıvanda həkim-cərrah kimi əmək fəaliyyətinə
başlayır, sonra Bakıya qayıdıb müxtəlif tibb
müəssisələrində cərrah, baş həkimin
müavini, baş həkim kimi çalışır. Paralel şəkildə filarmoniyada da fəaliyyətini
davam etdirir, xarici ölkələrdə qastrollarda olur,
özünün bir çox gözəl ifalarını lentə
yazdırır. 1970-ci ildə isə nəhayət
tibb sahəsini tərk edib ömrünün qalan hissəsini
musiqiyə həsr etmək qərarına gəlir.
lll
Hacı Məmmədov
qayğıkeş, lakin tələbkar ata, yumoru, zarafatı
sevən mehriban, gülərüz dost, lakin bir musiqiçi, sənətkar
kimi sözün yaxşı mənasında bir qədər təkəbbürlü,
maksimalist və güzəştə getməyən şəxs
olub. Onun öz həmkar dostları ilə münasibətlərinin
birmənalı olmaması barədə həqiqəti əks
etdirməyən şayiələr də çox güman ki,
xarakterinin bu tərəfi ilə bağlı olub. Əslində isə o, öz tarçı
dostlarının qiymətini çox yaxşı bilən,
onların uğurlarına sevinən geniş ürəkli bir
insan idi. Müasirlərindən Əhsən
Dadaşov və Səvər İbrahimov, yaşlı
tarçılardan isə Qurban Pirimovla səmimi münasibətləri
olub. Ud çalmağını yüksək qiymətləndirdiyi
Əhsən Dadaşov rəhmətə gedəndə hətta
göz yaşlarını saxlaya bilməyib, uşaq kimi
ağlayıb...
lll
Ustad tarzən
Qurban Pirimovla Hacı Məmmədovun dayısı yaxın
dost olublar. Növbəti görüşlərin birində
Hacı Məmmədovun dayısının dediyi "Qurban, sən
böyük tarçısan" sözlərinə ustad belə
reaksiya verib: "Hər şeyin qiymətini zaman verir. Amma mənim
təcrübəmə, fəhmimə inanırsansa, qoy deyim,
biləsən: "Sizin Hacı bax, orada (barmağını
yuxarı qaldıraraq) hamıdan yuxarıdadır".
(ardı var)
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2023.- 10 mart.- S.11.