Anar gerçəkliyi
Anar şəxsiyyətinə,
onun zəngin yaradıcılığına, çoxşaxəli fəaliyyətinə
hər zaman böyük rəğbət
bəsləmişəm. Sözsüz ki, Anar müəllimdən
gördüyüm diqqət
və qayğı da ona olan
rəğbətimi xeyli
artırıb. Mən Azərbaycan
Yazıçılar Birliyinin
sıravi üzvüyəm.
AYB üzvlüyü biletini gəlib Bakıdan götürməmişəm,
Anar bu bileti
mənə bölgədə
təqdim edib.
1998-ci ildə Xəlil
Rzanın xatirəsinə
həsr olunmuş tədbirdə məni səhnəyə çağırdı,
bileti verdi,
təbrik etdi və çıxışıma
şərait yaratdı.
İkinci qayğını isə bu yaxınlarda, daha doğrusu, pandemiya dövründə
görmüşəm. Anar telefon
nömrəmi hardansa götürmüş, mənə
zəng etmişdi.
Bəzi məsələlərdən
danışdıq, sonda
mənə dedi ki, Xəyal Rzaya de, Prezident təqaüdü üçün
siyahı tərtib olunanda səni mənim yadıma salsın.
Pandemiya ilə bağlı Bakıya gec-gec gedirdim. Günlərin bir günündə
mənə AYB-dən
zəng gəldi və bildirdilər ki, müvafiq sənədləri toplayıb
onlayn şəkildə
təqdim edim. Topladım və təqdim etdim, Anarın şəxsi təşəbbüsü
ilə Prezident təqaüdünə layiq
görüldüm. Sənədlərin tərtibi üçün
AYB-nin idarəetmə
strukturunda çalışanlar
da mənə qayğı göstərdilər.
Onu da deyim ki,
oğlum Faiq Hüseynbəyli məndən
çox-çox qabaq,
AYB-nin ən gənc üzvlərindən
biri kimi, Prezident təqaüdünün
təsis edildiyi ilk illərdə bu mükafata layiq görülüb.
AYB-nin ədəbi
orqanları həmişə
mənim yazılarıma
yaşıl işıq
yandırıb. "Azərbaycan"
jurnalında bir ildə bir neçə
dəfə yazım verilən vaxtlar olub. Bir müddət "Ulduz" hər sayında mənim məqalə, hekayə və şeirlərimi verib. Halbuki həmin vaxtlarda
bu jurnallarda yazı çap etdirmək arzusunda olanlar çox idi, elə şair
və yazıçı
var idi ki,
yazısı bu mətbu orqanlara gedib çıxmırdı.
"Qobustan" jurnalı bölgə folkloru ilə bağlı bütün yazılarıma yaşıl
işıq yandırırdı.
Hətta
qısqananlar da olurdu ki, Bilal
Alarlı ədəbi
orqanlarda niyə belə çox çap olunur?!
AYB-dən və
Anardan elə bir umacağım yoxdur. Amma bir arzum var: ədəbi
orqanların nəşri
dayanmasın! Mən doxsanıncı
illərdə bu orqanların necə böyük çətinliklə
nəşr edilməsinin
şahidi olmuşam.
AYB-nin və
onun ədəbi orqanlarının qorunub saxlanmasında Anarın xidmətləri danılmazdır.
Mən belə düşünürəm
ki, AYB üzvləri Anarı qorumağa borcludur, çünki Anar AYB-ni qoruyub
saxlayıb və saxlamaqda davam edir. Bu, aydın
bir reallıqdar və bu reallığı
gərək hamımız
layiqincə anlayaq.
Bura qədər
yazdıqlarım Anarın
ictimai fəaliyyəti
ilə bağlıdır. Onun ədəbi
fəaliyyətinə gəldikdə
isə, tərəddüdsüz
deyə bilərəm
ki, yaşlı, orta və gənc
ədəbi nəsillər
üçün Anar canlı klassikdir. Çağdaş yazıçılardan Anarın yaradıcılığı
daha çox araşdırılıb və
öyrənilib. Anar çağdaş
ədəbiyyat üçün
kimdir? Tədqiqatçı, publisist, kinossenarist,
dramaturq, folklor araşdırıcısı, yoxsa
adi yazıçı?
Anarın ədəbi-elmi-publisistik fəaliyyətini siyahı
şəklində bir
kitaba yığıb-yığışdırmaq
mümkün deyil.
"Min ilin Oğuz şeiri" adlı toplu tərtib edən, Dədə Qorqud dastanlarının motivləri əsasında
kinossenari yazan, dastanla, aşıq ədəbiyyatı ilə,
xüsusən Aşıq
Ələsgərlə bağlı
araşdırmalar aparan,
torpaq, su, od, yel mifoloji
görüşləri ilə
səsləşən "Torpaq. Dəniz. Od, Səma" mövzusunda
gəzişmələr edən,
sözünü birbaşa
demək çətin
olduqda yumora üz tutan, "Molla Nəsrəddin-66" kitabıyla
cəmiyyətin eybəcərliklərinə
işıq salan Anar ədəbiyyata dair bir institutun
görə biləcəyi
işlərə imza atıb. "Qobustan"ın mənəviyyatımıza
nur saçan səhifələrində etnoqrafiya,
folklor, arxeologiya, tarix, ədəbiyyat mövzusunda yazıların
yer alması böyük təşəbbüsün
əməli nəticəsidir.
Yaradıcılıq kredosu janr məhdudiyyəti
bilməyən Anar satira, yumor, fantastika, ən başlıcası, hekayə-povest-roman kimi təhkiyə ənənələrinə
öz üslubu ilə gəlmiş, arxaizmlə novatorluğun kontekstində çağdaş
oxucunu düşündürən
mövzulara müraciət
etmişdi. "Ötən
ilin son gecəsi",
"Ağ liman",
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərləri
əxlaqi-mənəvi dəyərlərin
novatorcasına təhlili
üzərində qurulub.
Anar yaradıcılığında novatorluq arxaik yaşam adətləri ilə mübarizə şəraitində təqdim
olunur. Bu mövzuların sifarişi
cəmiyyətdən, həyatdan
gəldiyi üçün
konkret məkana və konkret tarixə sığmır.
Qəti şəkildə demək
olar ki, Anar yaradıcılığı
folklordan əsaslı
şəkildə qidalanır. Anarın folklor
dünyagörüşü bu mövzuda kitab, məqalə və toplu tərtibi
səviyyəsində qalmır.
Onun yaradıcılığında folklor motivlərinin rolu böyükdür.
Anarın nəsrin ucalığında
dayanmasının mənbələrindən
biri onun şifahi xalq ədəbiyyatı ilə
bağlılığıdır. Anar folkloru yazılı
ədəbiyyata gətirir,
"Yaxşı padşahın
nağılı"nı
yazır, Molla Nəsrəddin (əslində
Cəlil Məmmədquluzadə)
ünvanına üz tutub satirik hekayələrə
müraciət edir. Obrazlar köhnəliyin qalığı
ilə yeniliyin təbliği üzərində
qurulur. Ötüb keçən, zamanını
başa vuran adətlərin çağdaş
insanların yaşamında
oynadığı mənfi
və müsbət rol zərgər dəqiqliyi ilə çözülür. Anar və
folklor mövzusunda araşdırmalarla kifayətlənməyən
tədqiqatçılar haqlı
olaraq onun yaradıcılığının mənəviyyatımıza təsir
imkanlarını da öyrənmişlər. Ədəbi dilimizin
ahəngdar ifadəsində
də Anarın nəsr əsərləri
əvəzsiz rol oynayır. Dialektlərdən, folklordan gələn
türkəsilli sözlərin
bir qismini ilk dəfə Anar öz əsərlərində
işlədib. Anarın tez-tez
müraciət etdiyi atalar sözü və məsəllər, əfsanələr, rəvayətlər,
lətifələr onun
əsərlərinə xüsusi
zənginlik gətirir.
Təkcə Dədə Qorqudla
bağlı bir neçə kitabı işıq üzü görüb. "Dədə Qorqud"
(1983, 1999), "Dədə Qorqud dünyası"
(1983), iki cilddə
"Kitabi Dədə
Qorqud ensiklopediyası"
(2000) həm də bir folklorşünas araşdırmalarının elmi
nəticələridir. Folklora münasibəti ssenarilərində
də yer alıb.
Anar yaradıcılığında
etik problemlərin qoyuluşu, folklor motivlərinə və mifik qaynaqlara müraciət, şifahi xalq ədəbiyyatından
gələn obrazların
yeni ampulada təqdimi, folklordan gələn dil xüsusiyyətləri ayrıca
araşdırılmağa layiq
mövzulardır.
Bu yazdıqlarım eyforiyadan
uzaq, sakit düşüncələrimin məhsuludur. Mən Anarın
titullarını saymıram,
çünki bu titullarsız da Anar ədəbiyyatımızın
bayraqdarı statusunu qazanıb və fəxrlə bu adı daşıyır.
14 mart Anarın doğum
günüdür, yaxın
günlərdə onun
85 yaşı tamam olacaq. O, ədəbiyyatımızın iki korifeyinin - Rəsul Rzanın və Nigar Rəfibəylinin
ailəsində dünyaya
göz açıb.
O valideynlər dünyadan
xoşbəxt köçürlər
ki, onların övladları təkcə
evinə-eşiyinə işıq
salmır, onda gözü olanların arzularını nura bələyir. Rəsul Rza "Oğlum Anara" şeirində deyir:
Könlüm sənsiz ağlar,
səninlə gülər,
Ata olmayanlar bunu nə bilər?
Tutub çarpayının yanından
səhər,
Ayağa durmağın yadıma düşdü.
Nigar Rəfibəylinin Anarla bağlı istəkləri
şeirlərini də
bəzəyir:
Dedilər, heyransan gülün ətrinə,
Gül qatdım şeirimin hər bir sətrinə.
Min cəfaya dözdüm sənin xətrinə,
Anarım, Anarım, gözəl Anarım!
Baharın ölkəmizə qədəm qoyduğu bir vaxtda dünyaya gəlişiylə bir evi, bir eli nurlandıran Anar ədəbiyyatımızın qaranlıq tarixi məqamlarda da işığı öləziməyən, yol göstərən mayakı oldu. Şeirin, sənətin məbədgahını - Azərbaycan Yazıçılar Birliyini qoruyub saxlaya bildi, nüfuzunu artırdı, yazıçılara dövlət qayğısı göstərilməsinə nail oldu.
Bu böyük
yazıçımızın builki yubileyi xalqımızın təntənə
ilə qeyd etdiyi
İlaxır çərşənbəyə düşür.
İlaxır çərşənbə türk
xalqlarının qədim Danatma mərasimindən
qidalanır, mifoloji kökləri dərindir.
Danatma mərasimi təbiətin
oyanışının el bayramı səviyyəsində
qarşılanması və qeyd
olunmasıdır. Bayramınız mübarək, Anar müəllim!
Bilal
ALARLI HÜSEYNOV
ADPU
Cəlilabad filialının müəllimi, filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 10 mart.- S.10.