"Bu gün də
yaşayıram “
Bəzən uzun illər həyatımızda olan
insanı tanıdığımızı zənn edirik. Zövqlərini,
hirsini, kədərini, sevdiklərini, nifrət etdiklərini
bilirik və bunlara əsasən deyirik ki, vəssalam, artıq
bu şəxslə bağlı məni heç nə təəccübləndirə
bilməz, əlimin içi kimi tanıyıram. Sözə bax də, "əlimin içi kimi
tanıyıram" necə də böyük kəlmədir,
elə deyil? Hətta bu tanıma prosesi
qarşıdakını gözümüzdə adiləşdirir.
Çünki öyrənilən hər şey,
hər kəs xam halında qalmır, mütləq yer dəyişir.
Artıq hansı yönə olduğunu, arada
yaşanılan təcrübə müəyyən edir. Lakin elə bir məqam gəlir və
tanıdığımız zənn etdiyimiz insanın
içindən elə bir canlı çıxır ki, biz
yerimizdə quruyub qalırıq. Bu,
çaşğınlıqdan da ola bilər,
heyranlıqdan da... Deməli, 50 il eyni
yastığa baş qoyduqlarımız haqqında da "mən
onu tanıyıram" deməkdə tələsməməliyik.
Çünki zaman şərtləri dəyişdirir, şərtlər
isə insanları...
Bəzi şəhərlər də insanlar kimidir,
tanıdığını sandığın anda
tanımadığına şahid olursan. İstanbul bu
şəhərlərdəndir. Matryoşka
kimidir, açırsan içindən bir başqa mənzərə
çıxır. Baxırsan,
gördüklərinin əslində göründüyü
kimi olmadığını anlayırsan. Labrintləri,
qatları, tinləri, döngələri, hekayələri bitmək
bilmir. Ötən həftə yolum şəhərin
Dolapdərə səmtinə düşdü. Günorta saatları olmağına baxmayaraq, bir
ağırlıq hiss edilirdi keçdiyim küçələrdə.
Dolapdərə
canavarı, bəlalı bölgə
Dolapdərə uzun müddət İstanbulun təhlükəli
səmtlərindən olub. Bəzi seri qatillər
buradan çıxıb, bir çox cinayətlərə
"ev sahibliyi" edib. Emalatxanaların
çoxu buradadır. Narkotikin ən asan əldə
edildiyi yerlərdəndir buralar. Davası,
qırğını, qanı-qadası, hay-küyü əskik
olmaz. Hətta oğurlanan malların gecə
satışa çıxarıldığı bir bazarı
belə var. Qısacası, bura İstanbulun ən bəlalı
yerlərindən biri, bəlkə də birincisidir. Səmtə
bələd olanlar deyir ki, ətrafa nə qədər az baxsan, bəlaya bulaşma şansın o qədər
azdır. Dolapdərə ətrafındakı
Bülbül və Yenişəhər məhəllələri
də bölgənin ən sancılı yerlərindən
hesab edilir.
Bu cür məhəllələrin içindən
keçərkən uçuq, çürük, boyası
axmış, bir-birinə yamaq kimi evləri, iki-üç mərtəbəli
binaları seyr edərkən bir də görürsən
önünə böyük, ağappaq, xüsusi incəliklə
işlənmiş hər mənada möhtəşəm və
modern bir bina çıxır. Təbii ki, ilk olaraq insan duruxur, belə
bir yerdə bu cür binanın nə işi var, bura nə ola bilər?!
Bataqlıqda
"bəyaz gül"
Bura Arter muzeyidir. Əslində, hər mərtəbəsinə
yerləşdirdiyi mədəniyyəti, kültürü ilə
bir muzeydən qat-qat artıqdır.
Əzəməti, memarlığı, xidməti, ən
xırda detalları ilə uzun fikir mübadiləsinin,
düşüncənin və əməyin bəhrəsi
olduğu göz önündədir. Ətrada yaşayanlar, təmir-tikinti
işləri gedərkən hesab edirdi ki,bu
xarabalıqdan üç-dörd köynək uzaq olan bu məhəllənin
mərkəzində yerləşdiyinə görə, ərazi
muzeyin dizaynına uyğunlaşdırılacaq ya da içəridən
baxarkən görünən əldən düşmüş
mənzərənin önü qapadılacaq. Ancaq
düşünülən kimi olmur. Muzey memarları və
rəhbərliyi uçuq-sökük mənzərəyə
arxa çevirib, onu görməzlikdən gəlməyiblər,
əksinə, məhəlləyə baxan mənzərəni
tamamilə şüşədən ediblər, hətta
düz ortada bir kafe məhəlləyə açılan bir
qapı da istifadəyə veriblər, qarşıdakı
Yenişəhər məhəlləsini bütün
çılpaqlığı ilə muzeydən görmək
mümkündür. Hətta ziyarətdən
sonra oturub həmin evlərə xeyli baxdım. Qarmqarışıq duyğulara qapıldım.
Modern, dayanıqlı, işıqlı,
qüsursuz bir memarlıq abidəsinin içindən
beş-altı ballıq zəlzələ qədər canı
olan evlər seyr etmək də ayrı təzaddır.
Açıldığı gündən bəri muzeydə
məhəlləlilər üçün ödənişsiz
ziyarət var. Ətrafda yaşayan sakinlərə
"qonşu kart" verilib. Bununla onlar sərgiləri
ödənişsiz ziyarət edə bilir, kitab evində, kafedə
endirimlərdən yararlana, uşaqları təşkil edilən
kurslardan faydalanırlar.
Arter muzeyi "Koç Holding"in tərkibindədir. İstanbulda
belə bir muzeyin açılma fikri onlarla muzeyin
yaradılmasında əməyi və dəstəyi olan Ömər
M.Koça aiddir. 2005-ci ildə "Koç Holding"
kültür və sənətdə necə bir yol qət edəcəyinə
dair tərtib etdiyi strategiyada Arter Muzeyinin əsası qoyulur, hərəkət
planı hazırlanır və ilk olaraq Sadbərk Xanım
Muzeyinin Arxeoloji və İslam əsərləri
kolleksiyasına çağdaş sənətin daxil
olmasına qərar verilir. 2010-cu ildə
İstiklal Caddəsində "Meymenet Xanda" Arter Muzeyi
açılır. Müxtəlif sərgilərə ev sahibliyi edən muzeyə olduğu yer dar gəlməyə
başlayır. Hal belə olunca yeni yer
axtarışına çıxılır. Layihənin həyata keçməsi
üçün şəhərə çox uzaq olmayan ərazidə
bina qrafikləri hazırlanır. Ancaq
uyğun yer tapmaqda çətinliklər olur.
Sonra
Dolapdərədə səmtindəki "Koç Holding"ə
aid "Ford Servis" binasına qərar verilir. Ancaq mövcud binanı təmir etmək yerinə məşhur
bir memarın imzasını daşıyacaq, şəhərə
damğasını vuracaq memarlıq abidəsini ərsəyə
gətirmək üçün tender elan edir.
Qazanan isə İngiltərənin dünyada məşhur
olan memarlıq firması "Grimshaw Architect" olur. 2015-ci ildə
inşası başlayır. Bina 18 min
kvadratmetrlik qapalı əraziyə, 6 mərtəbədən
ibarət qalereyaya, terrasa, iki performans zalına sahibdir. "Sevgi Könül" auditoriyası mövcuddur.
Burada konsertlər, canlı performanslar, teatr,
film, rəqslər nümayiş etdirilir.
Arter sənətin bir çox yönünü geniş
kütləyə xüsusilə, gənclərə
hesablayıb.
Muzey qurularkən məqsəd bu olub; hər kəsin,
ən başda uşaqların və gənclərin sənətlə
sərbəst bir şəkildə məşğul
olacaqları bir mərkəzi yaratmaq. Muzeyi
24-yaşdan aşağı ziyarətçilər ödənişsiz
gəzə bilər. Əslində bu, tələbələr
və məktəblilər üçün əla fürsətdir.
Saat neçədir?
Hazırda başda Çingiz Çəkil olmaqla bir
çox yerli və xarici memar və rəssamların əsərləri
nümayiş etdirilir. Muzeyin iki mərtəbəsində
Ç.Çəkilə aid əsərlər sərgilənir.
Türkiyədə konseptual sənətin ilk sırasında
yer alan Çingiz Çəkil 1970-ci ildən
etibarən əsərlərində gündəlik istifadə
edilən əşyalardan yararlanıb. Hazır
nəsnələri götürüb üzərində
işləyərək dərin mənalı əsərlər
ərsəyə gətirib.
Çəkil, əsərlərində dönəminin
sosial, siyasi, iqlimini müəyyənləşdirən modernləşmə,
şəhərləşmə, sferik, istifadə
kültür faktlarını tənqidi və yumoristik bir
üslubla ələ alır. Yerli və gündəlik
məsələləri mücərrəd formalarda bir araya gətirərək
ölüm, enerji, zaman və inanc kimi qavramlarla bağlı
düşünməyə vadar edir. Sənətçi əsərlərinin
önəmli bir bölümündə yer alan
saatlar, qəzetlər, təqvimlər vasitəsi ilə
gündəmi, gündəlik hadisələri və dönəmin
hakim düşüncə sistemlərini ortaya qoymaqla
qalmır, zamanın önəmini və nələrə qadir
olduğu haqda da fikirləşdirir. Saatlar
bölümündə 2000-ci illərin qəzetləri
asılıb. Manşetlərə göz atanda zamanın
necə su kimi axıb getdiyini, surətlə
yaşlandığını, keçmişdən kim bilir nə qədər
uzaqlaşdığını, ölümə Allah bilir nə
qədər yaxınlaşdığını hiss edirsən.
Sonra bəzi adlar sataşır gözünə, iri punktlarla
yekə başlıqlar yazan jurnalist və siyasətçilərin
bu gün hansı mərtəbə və mövqedə
dayandıqlarını görürsən, çərçivələnən
qəzetlərdən boylanan bir çox siyasətçinin,
aktyorun, sənətçinin aradan keçən 23 ilin
udduğu, yox etdiyi ilə üzləşirsən. Çəkilin "Saat neçədir"
bölümündə çox qaldım, lap çox.
Ruh olaraq, beyin olaraq, bədən olaraq özümü oradan
götürüb çıxa bilməyəcək qədər
çox...
Sənətçinin
əsərlərində xüsusilə, 1980-ci illərdən
sonra önə çıxan məzar və məbədgaha bənzəyən
abidələrlə birlikdə qurban, dua-cadu motivli ünsürlərlə, bir
yandan şiddət və qorxu yolu ilə təhdidkar cəmiyyəti
səhmana salmaq istəyərkən, bir yandan da insanlıq
üçün axan zamana eyham vuraraq bütün incikliyi və
ötəriliyi ilə həyata məna qatma ehtiyacına diqqət
çəkir.
Çingiz Çəkilin bu günə qədər
gerçəkləşən ən böyük sərgisi sənətçinin
"Güncə" adlı əsərinin təsiri ilə
"Bu gün də yaşayıram"
adlandırılıb. Çəkil bu əsəri
üçün dəftərə iki ay boyunca hər gün
yaşadığı tarixi işarələyib və "Bu
gün də yaşayıram" deyib. Dəftərin
son səhifəsində isə "Əsgərə gedirəm"
qeydi yer alır.
"Dönüş
yoxdur"
Muzeyin digər
mərtəbələrində yerli və xarici sənətçilərin
əsərləri ilə də tanış
olmaq mümkündür. Bəziləri var ki,
insanı valeh edir. Onlardan insanı iliklərinə
qədər titrədəni Leyla Tara Suyabatmaz və Murat Arif
Suyabatmazın "Paramparça" əsəridir. Üçüncü mərtəbədə
böyük bir salonda yerə sərilmiş 288 parçadan
ibarət qızılı rəngə boyanmış qəliblər
insanı dəhşətə gətirir. Əllər,
ayaqlar, döşlər, qollar, çiyinlər, başlar,
üzlər, alınlar və digər orqanlar
parçalanmış halda sərgilənir. Bu, indiyə qədər gördüyüm ən təsirli
əsərlərdəndir.
Conatan
Monkun "Qəribə cütlük", "Dəsmallarla
dünya", Maaria Uirkkalanın "Səhnə
arxası", Gabriela Vanganın "Heç tərəddüd
etmədən", Sai Hua Kuanın "Dönüş
yoxdur" əsərləri də önündən çəkilməkdə
çətinlik çəkdiyim əsərlərdən oldu.
Əslində, bir modern muzeydən ruh və duyğu
olaraq bu qədər təsirlənəcəyim ağlıma gəlməzdi. Çünki
insanı incidən keçmiş, qayğılandıran gələcəkdir.
Bu gün isə mövcuddur, var. Sabahı düşünmədən,
dünəndə qalmadan var. Deməli, məsələ modern
çağda deyil, önəmli olan
yaşadıqlarını istər dünəndə, istər
bu gündə, istərsə də gələcəkdə nə
qədər idrak etməyindir!
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 11 mart.- S.21.