Aqil Abbasın 70 yaşı... və yeni
povesti
Aqil Abbas
"Ədalət" qəzetində yeni bir povestini dərc
etdirib: "Çay qırağında bitib, susuz qalan
ağacların sağlığına". Amma
mən istəyirəm söhbətə
yazıçının özündən başlayım.
Çünki aprelin 1-də onun 70 yaşı
tamam olur, bu fürsəti əldən buraxmaq istəmirəm,
həm də özü deyir ki, "mənə bir
yazıçı kimi sən yaxşı bələdsən,
ilk hekayəmdən son povestimə qədər nə
çıxıbsa, oxumusan".
Cavanlığından-tələbəlik illərindən
tanıdığım, dostluq etdiyim Aqil Abbas doğrudan da
aprelin 1-də -dünyanın yalan günündə Ağcabədidə
anadan olub.
Aprelin 1-i guya yalan, aldanıb-aldatmaq günü olsa da, bu 70 ildə
Aqilin həyatı, yazıçı və jurnalist
ömrü bütün yalanların üstündən xətt
çəkib. Aqil düz xətt boyunca
ağır addımlarla irəliyəyib, öz 70
yaşına doğru yüyürüb. Mənim
yaddaşıma Aqil Abbasla bağlı çox hadisələr
həkk olub, onları mən xatirəyə çevirmək
istəmirəm. Çünki mənim fikrimcə, xatirəni
o adam haqqında danışarlar ki, ya
özü bu dünyada yoxdu, ya da qocalıb, əldən
düşüb. Amma Aqil Abbasın, maşallah,
cavanlığındakı kimi indi də elə gur, qaynar
vaxtıdı. Yalan olmasın, indi hara
boylanıramsa, Aqil Abbası görürəm. Televiziya verilişlərində, nədən
danışır-danışsın, yaxşı
danışır. Məbuatda, nədən
yazırsa-yazsın, haqqı, ədaləti müdafiə edir,
bəzən kimlərisə sancır da. Milli Məclisdə
ən mühüm məsələlər müzakirə ediləndə
onun da çıxışını eşidirik. Yazıçılar Birliyində və
başqa-başqa ədəbi tədbirlər keçirilən
təşkilatlarda o da öz sözünü deyir. Və ən başlıcası, Qarabağdan söhbət
düşəndə mən Ağdamı, Şuşanı,
Ağcabədini, Qədiri, Rəmişi, Qarabağ müharibəsində
şəhid olan qəhrəmanlarımızı və bir də
Aqil Abbası xatırlayıram. Çünki Aqil Abbas
Qarabağla, onun keçmişi və indisi ilə ən
çox bağlı olan və mənim fikrimcə,
danışığından, o bölgəyə məxsus
koloritindən, yumorundan, "Segah" və "Qarabağ
şikəstəsi" üstündə köklənən
muğam sevgisindən bəlli olan bir adamdır. Bir insan
bütün Qarabağı öz varlığında
yaşada bilərmi: belə adamların sayı çoxdu və
Aqil Abbas da o adamların sırasında birincilərdəndir.
Aqil Abbas niyə yazıçı oldu? Mən belə
uşaq-muşaq sualını Aqilə də vermərəm,
özümə də. Dahi Füzulinin bir qəzəlində
deyilir ki:
"Əzəl
katibləri üşşaq
bəxtin
qarə yazmışlar"
Yəni Allahın katibləri aşiqlərin bəxtin
yazanda onlara bəxtsizlik taleyi bəxş ediblər. Aqil Abbasın
taleyini də Allah yazıb. Baxıb
görüb ki, bu cavan oğlanda istedad var, onun müşahidə
qabiliyyəti güclüdür, sırf həyatın
içindədir, tanıdığı, gördüyü
insanları bədii obrazlara çevirə bilir. Ona
görə də əzəl katiblərinə əmr verib ki,
bu xilqətə bir qələm verin, bir da ağ
kağız, yazsın-yaratsın.
Aqil Abbas əksər yazarlara məxsus tərzdə
yaradıcılığına şeirlə başlayıb,
onun şeirlərini mən də oxumuşam, davam etdirsəydi,
sizi inandırım ki, indi tanınmış bir şair
olardı. Amma Aqil Abbas şair yox, nasir və publisist oldu.
Özü də yüksək səviyyədə.
Doxsanıncı illərə qədər Aqil Abbas
"Evləri köndələn yar", "Xoşbəxt",
"Batmanqılınc" povestlərini qələmə
aldı. Və öz yaşıdları arasında seçilə
bildi. Vurğunu olduğu Qədir Rüstəmovdan
bir povest ərsəyə gətirdi, gənclik
duyğularından ayrı bir povest qələmə aldı,
XVIII əsr Qarabağın tarixi-etnoqrafk mənzərəsini əks
etdirən povesti də maraqlı idi. Və
bir sıra hekayələr də yazdı, imzasını hekayəçi
kimi də təsdiqlədi. "Elm və həyat"
jurnalında, "Sovet kəndi" qəzetində bir publisist
kimi xeyli təcrübə qazandı. 90-cı
illərin əvvəllərində "Ədalət" qəzetinə
rəhbərlik etməyə başladı. "Ədalət" qəzeti həm məzmununa
görə, həm də qəzetçilik prinsiplərinə
görə müsəqillik dövrünün mahiyyətini
ifadə edən ilk qəzetlərdən biri oldu. Bu qəzet
sözün həqiqi mənasında Aqil Abbasın
özünə oxşayır, sözü həm ciddi, həm
də ironiya, yumor və satirik çalarlarla ifadə etmək
mənasında "Ədalət" indi də sevilən,
oxunan nəşrlərdən biridir. Aqilin "Köşə
yazıları" böyük Mirzə Cəlilin, "Molla Nəsrəddin"
jurnalı ənənələrinin davamı hesab oluna bilər,
Aqil Abbasın bir yazıçı kimi daha da
şöhrətlənməsi, öz geniş oxucu
auditoriyasını yaratması 2000-ci illərdən
başlayır. "Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz" povestini və "Dolu" romanı nəinki
Aqil Abbas yaradıcılığında, ümumən bizim
müasir nəsrdə ciddi uğurlar sırasındadır.
Povesti Qarabağ həqiqətini mükəmməl
bir süjet daxilində oxuculara aşılayır. "Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz" povesti Qarabağ müharibəsi
haqqında birtərəfli, səthi, yanlış təsəvvürləri
aradan qaldırır. O, "Qarabağı necə xilas
etmək olar" sualına cavab verərkən, igid bir sərkərdənin,
yaxud qəhrəman bir döyüşçünün həyat
yolunu deyil, müharibənin bütün
ağırlığını, dəhşətini yaşayan
bir insanın taleyini əks etdirməklə buna nail olur. Yəni demək istəyir ki, Qarabağı o zaman
xilas etmək olar ki, minlərlə, onminlərlə,
yüzminlərlə azərbaycanlının fikri Müəllim
kimi eyni hədəfə vursun.
Aqil
Abbasın "Dolu" romanına və bu əsər əsasında
çəkilən bədii filmə gəldikdə isə... Son iyirmi ildə Qarabağ mövzusuna həsr olunan ən
sanballı əsərlərdən biridir. Mən hörmətli
həmkarım Nizami Cəfərovun bu fikriylə razıyam ki:
"Dolu" ədəbiyyatımızın yeni
"Qarabağnamə"sidir. "Dolu"
romanı qədər həqiqətən dolu və əhatəli
əsər oxumamışam. Mənim zənnimcə, bu,
ilk növbədə, onunla bağlıdır ki, Aqil Abbas
ümumiyyətlə Qarabağ bölgəsinin ictimai-siyasi,
sosial, coğrafi mühitini çox gözəl bilir,
insanları yaxşı tanıyır".
Bəs
polkovniki kim öldürdü? Aqil
Abbasın "Allahı qatil edənlər" romanı da
var. Bu roman haqqında "525-ci qəzet"in 2015-ci il 15 may sayında bir yazı ilə
çıxış etmişəm. Ona görə
də qısaca deyim ki, romanda Aqil Abbas cəsarətlə
içimizdəki mənfi halları qabardır, qəhrəmanlıqla
antiqəhrəmanlığı qarşı-qarşıya
qoyur.
Mən Aqil Abbası dramaturq kimi heç təsəvvürümə
gətirməmişəm. Amma sən demə,
onun içində bir dramaturq da mürgüləyirmiş və
Aqil, Mirzə Cəlilin "Ölülər"
komediyasından ruhlanıb, özünün "Ölülər"ini
yazdı. Mirzə Cəlilin
"Ölülər" komediyasının süjetini,
oradakı məlum vaqiəni yeni variantda işləyən Aqil
Abbas müasir dövrün həqiqətlərini qələmə
alıb. Şeyx Nəsrullahın
"marşrutu" Xorasandan başlamışdı və bir
müsəlman kəndini seçmişdi ki, avam camaatın
başını piyləsin, onları cənnət və cəhənnəm
haqqında cəfəng xülyalarına inandırsın, hər
gecə bir azyaşlı qız uşağının gələcəyini
qaraltsın. Aqilin "Ölülər"ində
isə cənab Tasye Fransadan gəlib, çadır şəhərciyinə
yol alıb ki, ATƏT adından sadəlövh
qaçqınları inandırsın ki, Avropanın
güclü dövlətləri Azərbaycanın Qarabağ dərdinə
şərikdir. Mirzə Cəlilin
"Ölülər"ində olduğu kimi, cənab Tasye də
yalanlarının üstünün
açılacağını görüb qaçır.
Və Aqilin pyesi də İskəndərin monoloqu ilə bitir:
"Siz bunların ayağının altında qurbanlar kəsməklə,
ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in tulaları
Qarabağı ermənilərdən alıb verəcəklər
sizə?"
Nəhayət, bu yazıda vaxt-vədə yetişdi, istəyirəm Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına..." adlı, hələlik sonuncu povestindən də söz açım. Aqil bu povesti Abdal-Gülablı Şakirin xatirəsinə həsr edib. Aqilin öz roman, povest və hekayələrində əksər hallarda onun qəhrəmanları özünün yaxşı tanıdığı insanlardır. Abdal-Gülablı Şakir də öz məzəsi, zarafatları və çaldığı qarmonu ilə birgə Aqilin povestinə gəlir. Aqil özündən - öz bədii təxəyyülündən heç bir uydurma obraz yaratmır, Abdal-Gülablı Şakiri necə varsa, eləcə təsvir edir. Amma təbii ki, Aqil Abbas qələmi ilə.
Povesti oxuyursan və ilk növbədə, onun üslubunu - deyim tərzini müəyyənləşdirmək istəyirsən. Şakirin hərəkətləri səndə gülüş doğurur, Qarabağda belə şux zarafatları, məzəsi ilə, həm də sözünün kəsəri ilə diqqəti cəlb edən adamlar çox olub. Şakir də onlardan biri və Aqil Abbasa məxsus olan yumor səriştəsi burada birə beş hərəkətdədir. Amma əsərdə gülüşlə yanaşı, faciə məqamları ilə də üz-üzə gəlirsən. Əsərdə təsvir olunan hadisələrin zamanı və məkanı səni doxsanıncı illərə çəkib aparır. Birinci Qarabağ müharibəsindəki ağır illər, qaçqınlıq, köçkünlük həyatı, kəndlərini tərk edib Bakıdakı yataqxanalara sığınan insanların keçirdiyi əzablar... Bütün bunlar indi arxada-ötən illərdə qalsa da, heç vaxt unudulmur. Povestdə biz Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Rəmiş, elə Aqil Abbasın özü ilə bağlı epizodlara da rast gəlirik. Təbii ki, olan əhvalatlardı.
Şakir obrazı ilə Aqil Abbas təkcə deyib-gülən, zarafatları ilə hamıya gülüş bəxş edən bir obraz - özü də naturadan gələn obraz yaratmayıb, həm də mükəmməl bir qarabağlı obrazı canlandırıb. Əsəri siz də oxuyun və görəcəksiniz ki, əsl qarabağlı necə olur. Şakir Bakıdakı, özünün olmayan evində - yataqxanada sıxılır, ürəyi həmişə Qarabağa doğru uçur və günlərin birində həyat yoldaşını da götürüb yola düşür Qarabağa. "Saa qurban olum, Qarabağ havası". Vaxtilə erməni Suren Şakirə öz minik maşınını vermişdi və Şakir həmişə o maşında erməni iyini hiss edir, sonda o maşını yandırır. Amma "Qarabağdan hələ erməni iyi gəlirdi. Gün gələcəkdi, məktəbdə qız üstə dalaşan oğlanlar heç üstündə dalaşdıqları qızları öpməmiş əsgər paltarı geyəcəkdilər, analarının müqəddəs bətnində mışıl-mışıl yatan balalar doğulacaqlı, özlərindən əvvəl doğulanlar kimi, analarının döşündən Vətən əməcəkdilər, sonra da böyüyüb kişi olacaqdılar və gedəcəkdilər Qarabağdan erməni iyini təmizləməyə". Əsər belə nikbin bir sonluqla bitir.
Aqil Abbas yetmiş yaşına çatır.
Yazıçı və əsl ziyalı kimi hələ
görəcəyi çox işlər, yazacağı
çox əsərlər var. Bu yolda ona uğurlar!
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2023.- 11 mart.- S.20.