Anar ucalığı, Anar mötəbərliyi
Xalq yazıçısı Anarın
80 illik yubileyində daxilimdən gələn səsi, səmimi duyğuların tərcümanı
olan fikirləri ifadə etdiyim kimi, indi, 85 illik yubileyində də Anar şəxsiyyətinə
dair, onun müdrikliyinə, həssaslığına,
zəngin mənəviyyatına
aid düşüncələrimi, gördüklərimi, yaşadıqlarımı,
qismən də olsa, qələmə almaq qərarına gəldim. Anar müəllimin yaradıcılığı,
şəxsiyyəti haqqında
dövlət xadimləri,
görkəmli ədəbiyyatşünas
alimlər, tənqidçilər,
söz və fikir adamları çox yüksək sözlər deyiblər, deyirlər, yazıblar və yazırlar. Nə qədər deyilsə və yazılsa da, bitməz ki! 25 ilə yaxın müddətdə əyani
tanıdığım Anar
obrazı haqqında deməyə, böyük
söz sahiblərinin yanında çəkinsəm
belə, mənim də sözüm var. Anar müəllim kimi böyük şəxsiyyəti tanımaq
üçün 25 il
çox olmasa da, az vaxt
da deyil.
Bakıdan çox-çox uzaqda kitablardan, televiziyadan gördüyüm, gənclik
illərimin sevilən
yazıçısı Anar. Sonra isə canlı-canlı tanıdığım
Anar. Onun əyləşdiyi mərtəbədən
maraqla iş prosesini izlədiyim Anar. Və indi...
Birliyin binasında bizdən bir mərtəbədə aşağıda,
yenə bütün müdriklik və əzəməti ilə əyləşən Yazıçı
və Sədr Anar... Xarakterindəki ağayanalığı ilə
daima seçilən, alicənab, xeyirxah, vətənpərvər, bağışlayan,
dəyərləndirən, bütöv, təmkinli,
humanist Anar...
Anar mənim
də zehnimə həkk olunan saysız və bir-birinə bənzəməyən
düşündürücü obrazlar yaratmış, əsərləri, filmləri
sadalamaqla bitməyən
əvəzolunmaz yazıçıdır,
ədəbi şəxsiyyətdir. Öz kökünə sadiq ziyalı, hər şeyi görən və qiymətləndirən,
özü isə tərifə sığmayan,
dəyişməyən, kübarlığın,
ziyalılığın, dürüstlüyün
zirvəsində dayanan
bir İnsan obrazıdır O.
Mənim düşüncələrimdə Anar ucalardan-ucada dayanan, bənzərsiz xarakteri və zəngin yaradıcılığı
ilə hər zaman seçilən,
60-cılar nəslinin, həm
də bugünkü, müasir ədəbiyyatımızın
yaradıcı şəxsiyyət
etalonu olmaqla yanaşı, Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının
yaddaşına çevrilmiş
parlaq imzadır.
Milli kimliyimizi
dönə-dönə bizə
tanıdan və sevdirən, çoxşaxəli
və zəngin yaradıcılığa malik
olan Anar illərlə çəkdiyi
zəhmətə qatlaşmadan
da xeyli rahat yaşaya bilərdi. Ancaq o, bütün qüvvəsini,
enerjisini, rahatlığını,
ən əsası isə, böyük istedadını Azərbaycan
yolunda, xalqımızın
tərəqqisi naminə
fədakarlıqla sərf
edərək mükəmməl
bir həyat yolu keçməkdədir.
Azərbaycan və dünya mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Anar ona kamil şəkildə bələd olmasın. Azərbaycan Yazıçılar Birliyində şahidi olduğum tədbirlərdə onun anidən möhtəşəm bir fikir bildirməsinə heyran olmamaq, şəxsən mənim aləmimdə, mümkünsüzdür. Bu 25 ilə yaxın müddətdə Anar müəllimi hər addımda mədəniyyətimizi, ədəbiyyatımızı ləyaqətlə təmsil edən, ədəbi mühitin mürəkkəb xarakterli nümayəndələri ilə dil tapan, öz şəxsi mənafeyini önə çəkmədən hər kəsi düşünən, vicdanının səsinə qulaq asaraq qərar verən bir şəxsiyyər kimi gördüm. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin üzdə olan və nisbətən arxa planda qalmış bir çox simalarını, vətənimizin az qala hər qarışını bizə sənətkarlıqla tanıdan, sevdirən Anarın əsərlərindən, çoxları kimi, mən də Azərbaycanımızın müxtəlif guşələrinə sevə-sevə xəyalən səyahət etmiş, onlara dəyər verməyi öyrənməyə çalışmışam. Belə dilbər və əziz guşələrdən olan Qarabağımızın işğalı uzun zamandan bəri hər birimizin yaralı yeri idi. Şanlı ordumuz, müzəffər Ali Baş Komandanımız bizə tükənməz Qarabağ Zəfərinin sevincini yaşadaraq, milli qürür hissimizi bizə qaytardı. İllər boyu Anar müəllimin bu 30 illik Qarabağ həsrətimizə son qoyulacağı, torpaqlarımızın işğaldan qurtulacağı barədə inamlı yazılarına, ümid dolu çıxışlarına çox şahidlik etmişəm. Və onun ən böyük arzusu bu gözəl günü görmək idi. Şükürlər olsun Böyük Yaradanımıza, xalqımıza bəxtiyarlıq yaşadan bu Zəfər gününü Anar müəllim gördü və onun təntənəsini, Şuşadakı möhtəşəm təbirlərin sevincini, qürurunu yaşadı. Bütün bunların şadlığını və iftixarını hələ uzun illər də yaşamasını diləyirəm.
Qarşılaşdığı bütün sınaqlardan alnıaçıq çıxan Anar müəllim indi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının Anarıdır, mötəbər şəxsiyyəti və sevimli yazıçısıdır.
Anar müəllim, Sizi bu gözəl yubileyiniz -
85 illiyiniz münasibətilə ürəkdən
təbrik edir, Sizə möhkəm
cansağlığı, xalqımız, vətənimiz və
hər birimiz üçün
çox dəyərli olan
fəaliyyətinizdə, misilsiz ədəbi
yaradıcılığınızda yeni uğurlar arzulayıram! Yaşayın,
yaradın, Allah millətimizə, Azərbaycanımıza
Sizi çox görməsin,
çöhrənizdəki nurlu təbəssüm
heç zaman əskik
olmasın!
Arzu MAHMUDLU
525-ci qəzet.- 2023.- 11 mart.- S.16.