Əzizim Anar!
Anar 85
Bu kiçik təbrik məktubunu yazarkən, özümdən asılı
olmayaraq, fikir məni uzaq illərə apardı: o zamanlara ki, sən
portfelini çiynindən
sallayıb, iş-gücə
tələsirdin, gənc
bir elmi işçi olan Zemfira da Vaqif-30-un tinindəki trolleybus dayanacağında
trolleybusa minib, Akademiyaya gedirdi; o zamanlara ki, hələ
Günel anadan olmamışdı, Tural da hələ məktəbə getmirdi;
o vaxtlara ki, mən də cavan bir aspirant, sonra da Nizami
İnstitutunun elmi işçisi idim.
Gənclik ehtirası və
bəzən də maksimalizmi ilə dünyanın işləri
barədə, ədəbiyyatımızın
keçmişi, çağdaş
dövrü və gələcəyi barədə
fikirlərimiz, Quruluşla,
Sistemlə bağlı
ancaq üç-dörd
nəfər bir-birimizə
deyə biləcəyimiz
söhbətlərimiz və
ən başlıcası
da, bədii (!) mübarizəmiz, şəxsi-qərəzliklə
yox, böhtançılıqla,
dedi-qoduyla, qeybətlə
yox, ortaya çıxarmağa çalışdığımız
(və çıxadığımız!)
əsərlər vasitəsiylə
mücadiləmiz, təzə
yazdıqlarımızı bir-birimizə verib, oxumağımız, sonra da ya ikilikdə,
ya da yığışıb
(Yusif Səmədoğlu,
Araz Dadaşzadə, Rəhman Bədəlov...)
fikir söyləməyimiz,
sizin bir tərəfi yarımzirzəmi
olan mənzilinizdəki
hərdən az qala səhərəcən
çəkən xudmani
məclislərimiz, mənim
dördüncü mərtəbədəki
birotaqlı mənzilimin
pəncərəsindən əlimizi
yelləyə-yelləyə üzbəüzdə yaşayan
Əkrəm Əylislini
salamlamağımız, hərdən
də gecələr Dənizkənarı bulvardakı
kafenin gözətçisi
İbad dayının
hüzuruna yollanmağımız
və bu arıq, balacaboy, çox da koloritli
"kölgə biznesmeninin"
bizim üçün
açdığı zəif
(həm də unudulmaz!) süfrənin arxasında oturmağımız
və s., və i.a. - bütün bunlar fikrimdə dolaşmağa başladı.
O zaman 85 rəqəmi bizim üçün olsa-olsa, yəqin ki, bədii fantastika rəqəmi ola bilərdi, ancaq reaktiv sürətlə
ötən vaxt, zaman bu gün
o rəqəmi fantastika
aləmindən çıxararaq,
reallaşdırıb və
sən bu real rəqəmi həm xalqımızın sevimli
yazıçısı, mütəfəkkiri,
həm görkəmli
və nüfuzlu ictimai xadim, həm də sadə və müdrik bir insan, böyük və gözəl bir ailə başçısı
kimi alnıaçıq,
üzüağ qarşılayırsan.
Mən sənin 60 illik yubileyinlə bağlı birinci esseni ("Qocalığa hələ
çox qalıb"-1),
15 ildən sonra sənin 75 illik yubileyinlə bağlı ikinci esseni ("Qocalığa hələ
çox qalıb"-2)
yazmışam, ancaq atalar üçdən deyib, ona görə
də mən bu dəfə bu kiçik təbrik məktubunu yazıb, artıq ənənəyə dönən
ardıcıllığı pozmayaraq, üçüncü
esseni ("Qocalığa
hələ çox qalıb"-3) yenə 15 ildən sonra
(yəni 75-dən 90-acan) sənin
90 illik yubileyini səninlə birlikdə bayram edəcəyimiz günlərdə yazacağam.
Fantastik
rəqəmdən real rəqəmə
çevrilmiş 85-in bir
daha mübarək olsun!
Bu real rəqəmlərin hələ
xeyli artması arzuları və atacağı da inamı ilə
ELÇİN.
10 mart 2023.
Bakı.
525-ci qəzet.- 2023.- 11 mart.- S.17.