Qartal zirvədən enməsin
"XƏZƏR"
TV-NİN İSTEHSAL ETDİYİ "QARTAL
ZİRVƏDƏ" TAMMETRAJLI SƏNƏDLİ FİLM
HAQQINDA QEYDLƏR
Kəşfiyyat orqanlarının, güc
strukturlarının peşəkar fəaliyyəti ilə
bağlı müxtəlif janrlarda bədii filmlərin çəkilməsi
dünya kinosunda geniş yayılmış praktikadır. Bu mövzuda
saysız-hesabsız sənədli və bədii ədəbiyyat
nümunələri də nəşr olunub. Bizdə isə analoji mövzularda bədii filmlərin
və ədəbiyyatın sayı elə də çox deyil.
Güc strukturlarının fəaliyyəti haqqında sovet
dönəmində "İstintaq davam edir",
"İstintaq", "Doğma sahillər", "Arxadan
vurulan zərbə" və daha bir neçə film lentə
alınsa da, ümumilikdə milli kinoda bu mövzunun ənənəsi
zəifdir.
Müstəqilik illərində çəkilən
"Əlavə təsir" (rejissor Elxan Cəfərov),
"Tərsinə çevrilən dünya" (rejissor
Ənvər Əbluc) bədii filmləri isə arzuolunan bədii
keyfiyyətə, dramaturgiyaya malik deyil.
Söhbət
müasir dövrdən gedirsə, filmlə müqayisədə
serial sektoru bu sahədə bir neçə addım irəlidədir:
haqqında çox danışılan "Əqrəb
mövsümü", Daxili İşlər Nazirliyinin təşkilati
dəstəyi ilə reallaşan və peşəkar zabitlərin
məsləhətçisi olduğu "İfşa"
serialları...
Fəaliyyətləri daha çox pərdəarxasında
qalan güc strukturlarının gördüyü işləri
kinonun dilinə çevirmək eyni zamanda ideoloji təbliğat,
ideoloji təsir baxımından vacibdir. Ümumiyyətlə,
bu xətt dövlətin kino siyasətinin mühüm hissəsi
olmalıdır. Nümunə
üçün deyim ki, Hollivud kino sənayesi Federal Təhqiqat
Bürosu (FTB) ilə qarşılıqlı əməkdaşlıq
şəraitində işləyir. FTB-nin
Hollivud ilə işləyən, sənədli və bədii
filmlərin, serialların, teleşouların yaranmasında
iştirak edən xüsusi bölməsi fəaliyyət
göstərir. "Uoterqeyt. Ağ
evin dağılması", "Quzuların susması",
"Conni D"
filmləri bu qəbildəndir. FTB
kinoya marketinq aləti, özünün bədii
obrazını formalaşdırması kimi baxır və əlbəttə
ki, bu tip filmlər dövlətin bu sahədəki siyasətinin
təbliğatçısı rolunu oynayır. FTB-nin
ümumi qənaəti bundan ibarətdir: "Əgər biz
öz versiyamızı danışmasaq, hansısa səfehlər
onu bizim əvəzimizdən danışacaqlar". Maraqlı bir məqamı da deyim ki, FTB mütəxəssisləri
kinoprodüserlərə pulsuz məsləhətlər verir, hətta
öz fəaliyyətlərinin incəlikləri barədə
yazıçı və ssenaristlərə ustad dərsləri
keçirlər.
Ötən
il "Xəzər" televiziyasında istehsal olunmuş,
Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən
bəhs edən "Qartal zirvədə" tammetrajlı sənədli
filmi son illər bu sahədə
ekranlaşdırılmış azsaylı uğurlu işlərdəndir.
"Uğurlu işdir" deyəndə hər
şeydən əvvəl filmin kinematoqrafik keyfiyyətlərini,
vizual, səs həllini nəzərdə tuturam. Çünki milli dokumentalistikada ən ciddi problemlərdən
biri müəllifin mövzuya təsviri yanaşma, adekvat
struktur tapa bilməməsidir. Nəticədə
müasir sənədli filmlərimizin dili, üslubu
kinoestetikaya xitab eləmir, daha çox sözdən,
danışan başlardan (müsahibələrdən) ibarət
olur. "Qartal zirvədə"
filmində müəlliflər (quruluşçu rejissor
Elgün Bayramlı, rejissor Aslan Qarayev, ssenari müəllifi
Elnura Nağıyeva) mövzuya doğru vizual yanaşma tapa
biliblər: ilk epizodlardan başlayaraq dinamik, gərgin
tempo-ritm, atmosfer diqqəti çəkir. Məxfi
xidmət orqanlarının fəaliyyətinin əks
olunduğu filmlərə xas təhlükə duyğusunu
aşılayan, həyəcan dolu ritm sonadək
qırılmır, təsvirlər təkcə informasiya
ötürmür, eyni zamanda estetik zövqlə qurulub. Kadrarxası mətni səsləndirən (Tural
Əzizov) səsin sərt xarakteri, nüfuzedici intonasiyası
vizual kontenti tamamlayır. Xüsusən,
DTX-nın Xüsusi təyinatlılarının
iştirakı ilə hadisə yerində peşəkarlıqla
çəkilmiş bədii səhnələrin keyfiyyəti
(operator Aslan Qarayev), uyğun seçilmiş detal planların
sürətli montajı süjeti triller səviyyəsinə
qaldırır, söz və təsvir orqanik şəkildə
sinxronlaşır. Kəşfiyyat fəaliyyəti
məqsədilə texnoloji avadanlıqlarla təchiz olunmuş
məkan görüntüləri, əməliyyat-axtarış
tədbirlərinin kritik fraqmentləri, düşmənin izlənilməsi
anları və bu kimi zəruri detallar atmosferin yaranmasında əhəmiyyətli
rol oynayır.
Beləliklə, yaradıcı heyət filmin əvvəlində
deyilən, Dövlət Təhlükəsizlik Xidmətinin
Xüsusi təyinatlı bölmələrinin "Operativ, qəfil
və peşəkarcasına... düşmən ən qısa
zamanda gözlənilməz hücumla və nə baş
verdiyini anlamadan zərərsizləşdirilməldir"
devizinin tonallığına uyğun ritm, montaj həlli
seçir.
Məlumdur ki, DTX məxfilik əsasında fəaliyyət
göstərən qurumdur. Ona görə ssenari
ictimaiyyətə açıqlana biləcək məhdud
saylı informasiyalar üzərində qurulub.
Əlçatan informasiyalar səliqəli
ardıcıllıqla nizamlanıb və tamaşaçı icazə
verilmiş sərhədlər daxilində DTX-nın
gördüyü əhəmiyyətli işin ancaq az bir hissəsiylə tanış olur. Bununla belə, təklif olunan məlumatlar qurumun
İkinci Qarabağ müharibəsində oynadığı
rol haqda bütöv təsəvvür yarada bilir. Birinci Qarabağ müharibəsindən sonra DTX tərəfindən
toplanmış ardıcıl və sistemli məlumatlar,
onların analizi ildırım sürətli əməliyyatların
keçirilməsində əhəmiyyətli gücə malik
idi. Düşmənin işğal etdiyi ərazilərdə
yaratdığı müdafiə rayonlarının əsas hədəfləri
məhz DTX-nın verdiyi koordinatlar əsasında məhv
edilib.
Filmdə DTX-nın fəaliyyətinin hərtərəfli,
geniş spektri əhatə etməsi konkret faktlarla deyilir və
göstərilir. 2016-cı ildə Ermənistan ordusunun istifadə elədiyi
psixoloji təsir mexanizmlərinin, sosial şəbəkələrdəki
fəaliyyətinin dərindən öyrənilməsi səbəbindən
artıq 44
günlük müharibədə əks-kəşfiyyat fəaliyyəti
tamamilə fərqli üslubda icra olunmağa başladı. Nəticədə
o baş verdi ki, Ermənistan tərəfi
hansı məlumatların həqiqət
olub-olmadığını müəyyənləşdirməkdə
çətinlik çəkirdi. Müharibə
dövründə efir məkanının bağlanması,
düşmənin məlumat toplamasının və məlumat
ötürmə sisteminin məhdulaşdırılması, əks
tərəfin internet şəbəkəsinin
çökdülürməsi, bank əməliyyatlarının
dayandırılması, onların məlumatı telefon zəngi
vasitəsilə ötürməyə məcbur edilməsi,
ordumuzun izləmələrinə mane olması qurumun
gördüyü mühüm xidmətlərdəndir.
Çoxsaylı kiberəməliyyatlar nəticəsində Ermənistana
məxsus 300-dən çox kamera nəzarətə
götürüldü, 3 mindən çox internet
ötrücüsü qurğusu sıradan
çıxarıldı, vergi, səhiyyə, xüsusi xidmət
oqranlarına aid məlumatlar ələ keçirildi.
"Qartal
zirvədə" filminin prodüseri "Xəzər"
TV-nin rəhbəri Murad Dadaşovdur və hiss olunur ki, filmin
keyfiyyətli alınmasından ötrü yaradıcı heyət
həvəslə çalışıb. Əməliyyatların
baş verdiyi ərazilərdə aparılan çəkilişlər,
DTX əməkdaşlarının peşəkar rəyi əsasında
və onların iştirakı ilə əməliyyatların
necə həyata keçirilməsini əks etdirən
quraşdırılımış təsvirlər bu qəhrəmanlıq
hekayəsində struktur zənginliyi yaradır. Hadrutda erməni təxribat qrupunun zərərsizləşdirilməsi
əməliyyatının başlanmasının, detalların
təsviri, yaxud Şuşada yerləşən qondarma rejimin təhlükəsizlik
xidmətinin binasından çəkilişlər, erməni tərəfinin
döyüş vaxtı çarəsizliyini və
narahatlığını göstərən sənədli
kadrlar filmin dinamikasını, dramatikliyini təmin edir.
DTX-nın müharibə dövründə həyata
keçirdiyi bir sıra əməliyyatlar, vətən
müharibəsindəki qəhrəmanlıqların bədii
kinoda təbliğ edilməsi üçün əlverişli
materialdır.
Belə əməliyyatlardan biri hərbçilərimizin
Cəbrayılda mühasirəyə düşməsi və
Xüsusi təyinatlıların onları mühasirədən
çıxarmasıdır. Filmdə DTX yetkililərinin
verdiyi məlumata əsasən, döyüşün ilk
günlərində Ermənistanın Gorusda yerləşən
birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik
Xidmətinin sərhəd qoşunları və Hadrut
diviziyası Azərbaycan hərbçilərini mühasirəyə
salmaq üçün plan qurmuşdu. Hətta
Ermənistan ordusunun komandanlığı siyasi rəhbərliyi
tam əmin etmişdi ki, plan sayəsində böyük qələbə
qazanacaqlar. Məhz DTX-nın fəaliyyəti
sayəsində onların planının qarşısı
alınmış və nəticədə düşmən
özü mühasirəyə düşmüşdü.
Yaxud
Hadrut azad olunandan sonra erməni hərbi rəhbərliyi ərazini
ələ keçirmək üçün xüsusi plan
hazırlanması qərarını vermişdi. Lakin plan həyata
keçirilməyə başlamazdan DTX tərəfindən
onun qarşısı alınmışdı. Və
erməni terrorçularının təmizlənmə əməliyyatı
zamanı 62 nəfər saxlanmışdı.
Digər
maraqlı hadisə Şuşa
işğaldan azad ediləndən sonra baş vermişdi. Xankəndi istiqamətində bir neçə dəfə
Şuşaya hücuma cəhd göstərilsə də, onun
qarşısı ordumuz tərəfindən alındı.
Xankəndində ermənilərin böyük
canlı qüvvəsi və texnikası yerləşsə də,
onların hücumlarının lokal xarakterli olması
DTX-nın diqqətini cəlb edir. Bəlli
olur ki, bu hücumlar kəşfiyyat xarakteri daşıyır,
onlar Şuşada atəş nöqtələrini, ordumuzun zəif
və güclü tərəflərini müəyyənləşdirmək
istəyirlər. Aparılan taktiki
gedişlər nətciəsində erməni ordusu mühasirəyə
alınaraq, darmadağın edildi.
DTX-nın fəaliyyət istiqamətlərindən biri
Ermənistan tərəfinin təbliğat metodlarının
ifşasıydı. Filmdə bu haqda da geniş
danışılır. Müharibə
dövründə məhv edilən erməni hərbçilərinin
üz-gözü ermənilər tərəfindən
tanınmaz hala salınaraq, onlara azərbaycanlı hərbçilərin
geyimləri geyindirilmiş, videoya çəkilərək təşviş
yaratmaq məqsədilə yayılmışdı. Və ya erməni tərəfi orduda say
azlığının qarşısını almaq
üçün 13-16 yaşlı uşaqları, eyni zamanda
narkotik istifadəçilərini döyüşlərə cəlb
edirdi.
Livan, İspaniya, Fransa, Belorus vətəndaşları
olan ermənilərin Qarabağda vuruşması, onlar haqda əldə
olunan sənədlər, terrorçuların həbs olunaraq
dindirilməsi də filmdə yer alıb.
Ermənistan
xüsusi xidmət orqanlarının millətçilik hisslərini
qızışdırmaq məqsədilə göstərdiyi fəaliyyətin
qarşısını almaqda da DTX-nın
rolu əvəzsizdir.
Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə
casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyevin
etirafları da filmdə əks olunub. Aydın Zəkiyev Azərbaycanın
ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi
zərərinə casusluq edərək, Ermənistan xüsusi
xidmət orqanı nümayəndələrinə ölkəmizə
qarşı düşmənçilik fəaliyyəti
aparmaqda köməklik göstərib və onun dövlətə
xəyanət etməsinə dair əsaslı şübhələr
müəyyənləşdirilib.
Filmin vizual stilistikasının uğurlu detallarından
biri DTX Xüsusi təyinatlılarının müasir texnoloji
cihazlarla təmin olunmuş, məğlubedilməz, əzəmətli
obrazının bir hərbçinin simasında
yaradılması və film boyu həmin obrazın
epizodlararası mərkəzi qəhrəman kimi istifadəsiydi. Bu obraz
döyüşkənliyi, düşmənə meydan
oxumanı, qorxmazlığı, vətəni müdafiəyə
çağırışı vurğulayır.
DTX əməkdaşlarının
üzlərinin göstərilməməsi, əvəzində
dinamik əl hərəkətlərinə və siluetlərinə
vurğular, səslərinin dəyişdirilməsi, məxfilik
hissi aşılayan yarıqaranlıq, soyuq geometrik interyerlərdə
müsahibələr, təhlükəni ifadə edən, həyəcanı
artıran silah və naturadakı səslər, ümumiyyətlə,
səs effektləri, sərt, amma minimal musiqi, kəskin rəng
kontrastları filmi daha da dramatikləşdirir.
Finalda deyildiyi kimi, bu sənədli filmdə qeyd olunan, açıqlanan hadisələr, DTX-nın Vətən müharibəsində, eləcə də savaşdan sonra həyata keçirdiyi yüzlərlə əməliyyatdan yalnız bir neçəsidir: "Vətən müharibəsi ilə bağlı DTX-nın arixivində elə məqamlar və sirli fəaliyyətlər var ki, həmin sənədlərin üzərində "Tam məxfi" qrifi, hələ uzun illər götürülməyəcək".
Filmin müəllifləri hərtərəfli araşdırma ilə DTX-nın ümumi obrazını yaratmağa çalışıblar.
Çəkilişlər Hadrutda, Zəngilanda, Xocalıda, Şuşada və digər rayonlarda aparılıb.
Filmin layihə rəhbəri İnqilab Məmmədov, müəllifi Rüstəm İbadov, montaj rejissoru Polad Elmanoğlu, səs rejissoru Atatürk Xıdırov, səs effektləri Rəhman Hacıyevindir.
Eyni mövzuda Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" İctimai Televiziya ilə birlikdə "Görünməyən qəhrəmanlar - DTX" qısametrajlı sənədli filmini çəkib. Bu film "Görünməyən qəhrəmanlar" silsiləsinə aiddir və hər film müxtəlif qoşun növlərinin zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi döyüş yolundan bəhs edir.
Burada da "Qartal zirvədə" sənədli
filmində söz edilən eyni hadisələrdən
danışılır. Müqayisə edildikdə, "Xəzər"
televiziyasının bədii məhsulunun daha effektli, təsirli
çəkildiyini deməliyəm. Məsələ ondadır
ki, "Görünməyən qəhrəmanlar" filmində
daha çox ümumi döyüş kadrlarından istifadə
olunub. Bundan başqa, yumşaq musiqi sərt təsvirlərlə
üst-üstə düşmür, başqa cür desək,
musiqi və vizual mətnin uyumsuzluğu hiss edilir. Üstəlik,ümumi
məlumatlar çoxdur, nəinki konkret informasiyalar.
Yaradıcı heyət materiala vizual yanaşma, təqdimat
tapmaqda çətinlik çəkiblər. Dramaturji
və təsvir həlli baxımından mümkün qədər
sadə yolla gedərək, sıradan bir televiziya filmi
alınıb. Əgər "Qartal zirvədə" filmində
müsahibələrin işlənməsinə kinoestetik
üslub xasdırsa, "Görünməyən qəhrəmanlar"ın
müsahibə epizodları standart televiziya
formatındadır. Filmin ssenari müəllifləri Bəhruz
Qədirov, Rasim İsmayılov, rejissoru Bəhruz Qədirov,
prodüseri Fariz Əhmədovdur.
Sevda SULTANOVA
525-ci qəzet.-
2023.- 11 mart.- S.14;15.